Zəmanəmizin Sizifi

Zəmanəmizin Sizifi
20 noyabr 2013
# 13:12

Rüfət Əhmədzadə

(pritça)

O, özünə inanır. Çünki inanmaqdan başqa çarəsi, çıxış yolu yoxdur. İnanmalıdır! İnamısızlıq onu məhv edə bilər. Təkcə həyatının yox, bütün arzu və ideyalarının üstündən xətt çəkər bir anda. Daha doğrusu, üstündən daş keçər. Bax, həmin o yumru qaya parçası. Bircə anlıq tərəddüd etsə, büdrəsə, ya da ləngisə, nə bilim, bir əlini çəkib xayalarını qaşısa...

Bu qaya parçası onları onun özündən qabaq qaşıyacaq. Həm də əbədiyyən! Əzib keçəcək üstündən. Ruhu da vücudu ilə birlikdə xurt-xəşil olacaq. Gələcəyə ümidlər, keçmişdən ibrətlər, övladlarına verdiyi vədlər, dostlarına içdiyi andlar...

Hamısı puç olar birdən. O, zirvəyə gedən bu yolda adi toza çevrilər. Amma olmaz! O, buna imkan verməz. Heç biz də. Bəs biz necə edək? Kim girər o daşın altına? Kimin cəsarəti var? Biz özümüzə suallar verdiyimiz anda, bizim əzabkeş qəhrəman öz tale hökmü ilə mübarizə aparır. O, üstünə gələn o qaya parçasını yuxarı itələmək üçün bütün qüvvəsini səfərbər edib. Bəli, o, qəhrəmandır. O, zəmanəmizin Sizifidir!

Belə mübariz adamlar yüz ildə, min ildə bir dünyaya gəlir. Qədrini bilmək lazımdır. Ətrafında sıx birləşmək. Amma birləşmək üçün də bizdə cəsarət yoxdur. Ya da bizi o qəhrəmanın arxasında toplayacaq bir əlamət... Axı, ondan da qabaqda başqa Siziflər var... Onlar da yuxarı daş qaldırmağa çalışırlar. Və onların ətrafında daha çox insan var. Amma qabaqdakı insanlar arasında artıq hərc-mərclik başlayıb. Zirvə yaxınlaşdıqca, insanların ədavəti daha da çulğaşır, bir-birinə qarşı daha da amansız olurlar. Kimiləri zirvəyə çatandan sonra, kimiləri də zirvəyə çathaçatda dığırlanırlar üzüaşağı.

İnsanlar daşlardan daha çox gəlir. Və daha tez dığırlanıb-süpürlənirlər... Aha, deyəsən, ətrafda başqa Sizif qalmayıb. Bütün nəzərlər dikilib tək və əvəzedilməz Sizifə. O, həm də məğlub edilməzdir. Saçlarını ağardıb bu yolda... Ömrünü sərf edib. Bizim Sizif insanların ona baxdığını hiss edir. Və daşın arxasında büzüşmüş qamətini dikəldir, başını qolunun altından çıxarıb bizə -xalqa tərəf dönür.

Üzündə təbəssüm var. Süni təbəssümdür. Ya da məğrur təbəssüm. Ən azından, bizim Sizif öz təbəssümündə əzablarını gizlədir. Biz belə anlayırıq. Bizə gülümsəyən əzabkeş insan çöhrəsi həmişə xoş gəlir. Səmimi əzab çəkən kəslərdən isə qaçarıq. Sizif gülümsünür, biz yaxınlaşırıq... Budur, Sizifin ətrafında xeyli insan toplaşıb. Və Sizif nəfəsini dərərək, öz şanlı, tarixi nitqinə başlayır: – Əziz xalqım! Bu gün mən sizə, mənim canımdan dəyərli xalqıma görə bu ağır qaya parçasının altına girmişəm. Və bu qaya parçasını yuxarı – öz yerinə aparmaq, öz yerinə oturtmaq əzmindəyəm. Axı niyə, mənim əzizlərim? Mənim bu yaşımda nəyimə lazımdır axı? Əlbəttə ki, sizə lazımdır, mənim gözəl xalqım! Mən bu əzaba, məşəqqətə sizə görə dözürəm. Elə bu dəqiqə çəkilərəm kənara, bu ağır qaya parçası sizin üstünüzə gələr...

Amma yox! Mən sizin – qəhrəman insanların köməyi ilə bu daşı yuxarı qaldıracağam. Mən sizi zirvəyə aparacağam! Mən... Sizinlə birlikdə! Zirvədə bizi gözəl hava, parlaq Günəş, durnagözlü bulaqlar, çəmənliklər, ceyran-cüyür gözləyir... Səadətimiz zirvədədir! Mən dayanmayacam, usanmayacam, yorulmayacam! Zirvəni fəth etmək istəyən mənimlə gəlsin!

Zəmanəmizin Sizifi eyni təbəssümlə üzünü çevirir, qaya parçasına çiyni ilə xəfif təkan verir. Elə bu andaca biz – xalqın fədakar və sadəlövh insanları ona tərəf şığıyırıq. Hərəmiz bu yumru qaya parçasının bir tərəfinə söykənirik. Var gücümüzlə itələyirik. Artıq Sizifə o qədər güc düşmür. İndi onun süni təbəssümü getdikcə təbii olur. Axı, ağrı da yoxdur. Getdikcə, daha içdən gülümsəməyə başlayır. Çünki artıq daşı bizim Sizif yox, sizifsevərlər itələyir yuxarı. Bu dik yoxuşda birgə - xalq olaraq addımlayırıq. Sizif isə bizim liderimizdir.

Bizi qaya parçasının altına verərək, özü arxada gəlsə də... Üzündən təbəssüm əskik olmur, amma bu təbəssüm, get-gedə təkəbbürə qarışır. Olsun... Biz liderləri belə sevərik! Yoxsa, bundan qabaqkılar... Sadəlövh, səmimi, ürəyində nə varsa onu deyən. Əsl lider, əsl Sizif sirli olmalıdır. O, hansısa məsələyə başını yırğalayıb bic-bic güləndə, bu gülüşdə insanların hərəsi bir cavab tapmalıdır. Hamı baş sındırmalı, gecə-gündüz ancaq bu barədə düşünməlidir. Nə isə...

Artıq zirvə yaxındadır. Biz çatırıq. Arxamızda yeni insanlar da peyda olub. Sizifin qohumları, dostları, yerliləri... Onlar da bizim liderlə birlikdə addımlayır, Böyük Sizifin vacib göstərişlərini biz sadə insanlara çatdırırlar. Göstərişlər icra olunmalıdır. Çünki Böyük Sizif belə buyurur!

Hə... Az qalıb. Bir az da.. Cəmi bir-iki addım.... Bu nədir, zirvədə başqaları da var. Haydı, irəli... Onları da zirvədən aşağı salırıq... Budur! Möhtəşəm qəhrəmanımız biz zirvəyə çatanda yanımıza gəlir, daşın arxasına keçərək, bir əli ilə təkan verir... Daş da, Sizif də zirvədədir artıq. Hətta Sizifin qohumları da... Bəs biz? Nə baş verir? Bu nədir? Hara itələyirsən? Vurma, özüm düşürəm... Vaxsey! Niyə ordan daş atırsan, ay oğ...

Biz daha Siziflərə inanmırıq!

# 3094 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #