Atatürkü ağladan quş

Atatürkü ağladan quş
13 noyabr 2013
# 11:58

Kulis.Az Ayşe Armanın nəsli tükənməkdə olan durnaları xilas edən Ferdi Akarsu ilə müsahibəni təqdim edir.

- Ferdi Akarsu kimdir?

- Mən bioloqam. Amma orintoloq kimi təcrübə keçmişəm. Günümüzdə mənim kimilərə “təbiət araşdırmaçısı” deyirlər. Uzun müddət “Təbiət” dərgisində çalışmışam. “Atlas” dərgisinin yazarıyam. Çoxlu sayda elmi məqaləm və durna haqqında kitablarım var. Hal-hazırda milli və beynəlxalq qurumlara vəhşi həyat, təbiət araşdırmaları, ekoloji prinsiplər və ekoturizm mövzusunda müşavirlik edirəm. Türkiyə və Yaxın Şərqdə Dünya Durna Federasiyasının təmsilçisiyəm. TRT kanalında sənədli filmlər çəkirik.

- Durna necə bir quşdur?

- Çox şəxsiyyətli.

- Hansı xüsusiyyətləri var?

- Saymaqla bitməz. Görünüşü gözəldi, səsi gözəldi. Bir də sevgilisi üçün bir rəqs etməyi var ki... İnanılmazdı! Bunu mütləq görmək lazımdı, bir rəqs bu qədərmi estetik ola bilər? Təbiətdə sevgilisi üçün rəqs edən başqa bir quş yoxdu. Bu, bir ayin kimidi.

- Başqa nə xüsusiyyətləri var?

- Balalarını yanlarında aparırlar. Ana, ata, iki bala. Parkda gəzişən bir ailə kimidirlər.

- Necə də gözəldi! Durnanın ölkəmizdə tarixi hara gedib çıxır?

- Göbeliktəpədə tapılan 14 min illik daşların üzərindən durna motivləri var. Eynilə Çatalhöyükdə də e.ə 5700 və 7500-ci illərə aid məlumatlar var.

- Durnanın bizim mədəniyyətimizdə yeri nədən ibarətdir?

- Divan ədəbiyyatından, xalq ədəbiyyatına, xalq musiqisindən pop musiqisinə qədər hər yerdə durna motivləri var. Nağıllarda, romanlarda da var. Təbii ki, rəqsdə də var: “Durna barı”, “Durna səmahı.” Ələvi-Bektaşi mədəniyyətində Həzrəti Əlinin səsini, özünü və mənəviyyatını əks etdirdiyinə inanırlar. Durna bir çox şeyi simvolizə edir: gözəlliyi, qürbəti, ayrılığı, bərəkəti, vəfanı...

- Bəs yaxşı “telli durna” nədi?

- O da durna növüdü. Amma fərqli növdü. “Telli durna” gözünün üstündəki teli ilə xarakterizə olunub. Çox gözəl olduğu üçün də gəlinlərin bəzədilməsində bu tükdən istifadə olunub.

- Durna həqiqətən sevirmi?

- Əlbəttə. İndiki zamanın sevgilərinə baxanda “həqiqı eşqi” demək olar ki, onlar yaşadır. Üstəlik bu sevgi 3 il-filan deyil, ömürlük davam edir. Yaz aylarında sadəcə dişisi deyil, erkəyi də sevgilisi üçün rəqs edir. Həm də hər səhər. Mənə təsir edən hərəkətlərindən biri də balalarını birlikdə böyütmələridi. Durnalarda feodalizmdən əsər-əlamət yoxdu, demokratikdirlər. Çoxalma müddəti bitdikdən sonra minlərlə kilometrlik yolu da birlikdə gedirlər. Qışda böyük qruplar arasında belə öz yoldaşlarından ayrılmırlar. Yaz gələndə isə yenidən yuvalarına qayıdırlar. Münasibətlər yenidən alovlanır və yenidən sevgi rəqslərinə başlayırlar. Sevgi deyə bir şey varsa o da budur!

- Öz yoldaşına kömək edən başqa bir quş növü varmı?

- Xeyr, beləsi yoxdur.

- Düzdür ki, yoldaşı öləndə intihar edir?

- Bu, xalq inancıdı. Bu barədə elmi məlumat yoxdur. Amma hələ ki, yoxdur. Bunun üstündə işləyirəm.


- Özündən yaşlı bir quşa göldən qurbağa tutub onu bəsləyəcək qədər vicdanlı quşdurmu?

- Bu cür şeylər də var. Sözün düzü, bunlar xalq arasında gəzən söhbətlərdi. Amma hər halda xalqın da bildiyi nəsə var.

- Atatürkü ağladan bir quş olduğunu deyirlər, doğrudurmu?

- Doğrudur. Safiyə Ayla “Durnalar, uçun!” adlı əsərini Atatürkə oxuyur və o da əsəri dinləyib ağlayır.

- İndi də gələk əsas məsələyə. Türkiyədə durnaların vəziyyəti necədir? Neçə durnamız qalıb?

- Çox pisdi vəziyyət. Sadəcə 12 cüt çoxala bilən durnamız qalıb. Söhbət nəsil tükənməsindən gedir.

- Yaxşı bəs niyə belə oldu? Durna niyə yox olur?

- İşin maraqlı tərəfi də budu. İnsanın mədəni inkişafı Mesopotomiya və Anadoludan başlayıb dünyaya yayıldı. Amma insanlar təbiətə uyğunlaşmaq əvəzinə təbiəti özlərinə uyğunlaşdırmağı, öz ehtiyaclarına uyğun tərzdə şəkilləndirməyə çalışdılar. Elə bu keçid dönəmində bir çox canlının nəsli tükəndi. Qalanları isə insanla birlikdə təkamül edərək həyatda qala bildilər. Bu təkamül nəticəsində durna insan əməyinə möhtac şəklə düşdü. Hal-hazırda sürətlə azalan kənd əhalisi, yəni kənddən şəhərə köç insanların deyil, durnaların da başına bəla oldu.

- Böyük şəhərlərə köç durnanın nəslinin kəsilməsinə səbəb olur?

- Bəli. Əslində əsas məsələ insanların niyə köç etmələridir. Hakim mədəniyyətlər tərəfindən kənd həyatının bayağı bir şeymiş kimi göstərilməsi: xoşbəxtliyin mənasının şəhərdə olmasını vurğulamaqları çox təəssüf ki, bu cür bir fikir yaratdı. Digər tərəfdən də şəhər həyatında insanın təbiətlə bağlılığının birbaşa olmamağı münasibətin dəyişməsinə gətirib çıxardı. Bütün yuxarıda sadaladığım səbəblərin nəticəsində kənd təsərrüfatında müasir sənaye-texniki mexanizmlərin tətbiqi, o cümlədən su ərazilərinin qurudulması durnanın nəslinin kəsilməsinə gətirib çıxartdı.

- Siz nə etmək niyyətindəsiniz? Durnanın yox olmamağı üçün nə etməyi məsləhət görürsüz?

- Məqsədimiz durnalara olan bu münasibəti dəyişməkdir. Çünki durna yalnız bir quş, bir mahnı, bir rəsm əsəri deyil. Durna həyatın özüdür. Biz də durnaların yaşadıqları məkanlardakı problemləri həll etmək üçün bu məsələlərə dair sənədli filmlər çəkirik və müxtəlif maarifləndirici proyektlər üzərində çalışırıq.

- İnsanlar bəzən qarşı tərəfdəkini “beyinsiz” adlandırmaq məqsədilə “quş beyin” ifadəsindən istifadə edirlər. Quşlara “beyinsiz” demək səhvdirmi?

- Hissiyyatları çox güclüdü. Hətta balalarını böyütmək, köç istiqamətini yaddaşda saxlamaq baxımından güclü ağıla malikdirlər. Deyək ki, yulaf tarlasında qidalanırlar. Birdən tülkü gəldi. Bu vaxt ailə əvvəl qaçmağa başlayır. Çünki balalar 9 həftəlik olana qədər uça bilmirlər. Tülkü onların arxasınca gəlməyə davam edərsə onda ana ilə ata onlara yerə yatmağa işarə edirlər. Ana bir tərəfə, ata da digər tərəfə qaçaraq tülkünün fikrini yayındırır və balalarından uzaqlaşdırır. Tülkü də əliboş qayıdır. Belə məntiqi olan bir canlıya “beyinsiz” demək çox gülüncdür təbii ki.

# 3595 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #