Sevgili itir, rəfiqə sevgili olur

Sevgili itir, rəfiqə sevgili olur
11 noyabr 2013
# 08:30

Kulis.Az “Baxılası 50 film” layihəsində Mikelancelo Antonioninin “Macəra” filmini təqdim edir.

İtalyan Mikelancelo Antonioni (1912-2007) müəllif kinosunun klassiklərindən, yeni kino dilinin yaradıcılarından biridir.

Onun əsas mövzuları, ekzistensial, ünsiyyət problemləri, tənhalıq, daxili boşluq, ruhi yorğunluq, ölgünlükdür.

O, kinodakı ənənəvi musiqi şərhlərinin əleyhinə idi. Rejissorun fikrincə, musiqi tamaşaçının fikrini yayındırır, manipulyasiya edir və gördüyünü düzgün qiymətləndirməkdə ona mane olur.

Aktyorlar onun fikrini ifadə etmək üçün sadəcə vasitə, başqa cür desək “müqəvva” idi. Onun personajları əsasən orta təbəqənin nümayəndələridir. Çünki, aşağı təbəqənin timsalında rejissorun qaldırdığı problemlər sosial-maddi səbəblərə bağlanacağından əhəmiyyətini itirə bilərdi.

Rejissor dialoqlardan az, pauzalardan çox yararlanır. İnsanın daxili vəziyyətini, ünsiyyət çətinliyini, boşluğu göstərmək üçün ləng kamera hərəkətindən, montaj həllindən, boş məkanlardan, pauzalardan istifadə edir. Antonioninin yozumundakı biganə şəhər mühiti, yarıboş interyerlər nüfuzedici, plastikdir. Onun personajları dünya, ətrafları ilə ünsiyyət qura, öz təyinatlarını anlaya bilmirlər.

Rejissorun filmləri çox hallarda anlaşılmazlıqla qarşılanır.

O, filmləri haqda deyir: “Onlar çox dəqiqdi və heç nə haqdadılar”.

Bu gün sizə onun “Özgələşmə trilogiyası”na daxil olan (“Gecə”, “Alatoranlıq”) “Macəra” dramını təqdim edəcəyik.

Məzmun: Məşhur diplomatın qızı Anna dostları ilə dəniz səyahətinə çıxır. Səfər zamanı Anna müəmmalı şəkildə yoxa çıxır. Dostlarının onu axtarşı cəhdləri nəticəsiz qalır. Qəfil itkinin həyəcanı, Annanın taleyi haqda cürbəcür fərziyyələr yerini tədricən sevgi əhvalatına verir. İtkin düşən qadının sevgilisi Sandro ilə onun rəfiqəsi Klaudiya arasında məhrəm bağ yaranır. Beləcə, Klaudiya rəfiqəsinin yerini tutur. Sonra hadisənin gedişatında Klaudiya sevgilisini oteldə fahişə ilə görür. Filmin sonunda isə o, seçim etməlidir.

Əhvalatda əsas motiv Annanın müəmmalı şəkildə yoxa çıxması deyil. Onun axtarışı zamanı personajlar arasında yaranan münasibət, onların daxili vəziyyətidir. Dərin rakurslar, dəqiq qurulmuş mizan səhnələrinin köməyi ilə rejissor ekzistensial durumu ifadə edir Bu səfər zamanı onlar arasındakı yadlaşma ortaya çıxır. Və səssizlik, hər mimika, jest, baxış personajların psixoloji portretini yaradır.

Klaudiya ilə Sandronun münasibəti heç nədən başlayır və heç nə ilə də bitir.

Filmdə dramaturgiyanın qanunları (zavyazka, kulminasiya, razvyazka) pozulub. Məsələn, müəllif Anna ilə nə baş verdiyini izah eləmir. O, bu suallara cavab vermir: necə olur ki, Anna gərgin, üzüntülü axtarışdan sonra dostları tərəfindən birdən unudulur? Anna hara yoxa çıxır: boğuldumu, intihar etdimi, yoxsa qaçaqmalçılarla getdi?

Əvvəldə rəfiqəsinin yoxa çıxmasına görə kədərlənən Klaudiya sonradan onun geri dönməsini istəmir.

Rejissor hisslərdən, təhtəlşüurdan material kimi istifadə edərək dərin film yaradır.

Antonioni ekranda baş verənləri reallığa uyğunlaşdırmaq üçün Annanın axtarış səhnəsini bir saata kimi çəkib.

Umberto Ekonun fikrincə, süjetin inkişafındakı səbəb nəticə əlaqələri rejissora qəhrəmanların psixologiyasını araşdırmaq bahasına gəlir: “Macəra” müasir sənətin etalonudur, çünki saysız interpretasiyalara açıqdır.

Fransız filosofu Rolan Bart “Macəra”nı “acıq film” adlandırır: ”Burda “razvyazka” yoxdur və bir süjetin sonluğu nəsə yeni bir şeyə çevrilir”.

“Macəra” Avropa “art-house” kinosunun mühüm təməl daşlarından biri sayılır. Təsadüfi deyil ki, bu gün dünya kinosunda “art-house” kinosunun onlarla nümayəndəsi məhz bu üsluba istinad edir.

Antonioni yaradıcılığında bir qayda olaraq janrların ümumi qəbul olunmuş sərhədlərini aşıb və süjetin qurulmasına köhnəlmiş yanaşmanı pozub. Məsələn o, ekzistensial dramları detektiv, triller və ya “roud movi” ilə maskalayır. “Macəra”da mistik, detektiv elementlər var.

Annanın müəmmalı şəkildə itməsi, sonrakı taleyi haqda naməlumluluq əhvalatın mistik qatıdır.

Bəzi kino mütəxəssislərinin fikrincə, rejissor alman filosofu və sosioloqu Georq Zimmelin “Macəra” əsərindən təsirlənib. Filmin ümumi strukturu, fabula gedişləri bu əsərdə əksini tapıb.

Film Kann festivalında xüsusi priz alıb.

Antonionin yaradıcılığı haqda məşhur rejissorların fikirləri

Andrey Tarkovski: “Alatoranlıq”da ilk baxışda heç bir hərəkət yoxdur. Və bu onun dəqiq əlamətidir ki, “hərəkət” əslində baş verir”

Andrey Zvyagintsev: “20 il əvvəl “Macəra” nı izləyəndə kinoya bütün baxışım dəyişdi”.

Lars fon Trier: “Gecə” özünün təkrarsız atmosferi ilə özünəməxsus, dahiyanə filmdir”.

Con Karpenter: “Fotoböyütmə” əla filmdir və film-müəmmanın gözəl nümunəsidir. Mən bu əsərə heyranam”.

Martin Skorseze: “Antonioni “Peşəsi reportyordur” filmi ilə gündəlik həyatın nəsə son dərəcə dözülməz ağrısını verməyi bacarıb. O, bura mistik qat da əlavə edib. Nəticədə küləkdən, dözülməz istidən toxunmuş, bu dünyaya etinasız olan, işığı və zamanı kor edən dram alınıb”.

Filmə burdan baxa bilərsiz.

Pol Tomas Andersonun “Maqnoliya” filmi

Yasudziro Odzunun “Tokio əhvalatı” filmi.

Vim Vendersin “Berlin üzərində səma ” filmi.

Con Fordun "Dilican" filmi.

İnqmar Berqmanın "Persona" filmi.

Jan Renuarın “Oyun qaydaları” filmi.

# 5184 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #