Məşhurların yuxuları

Məşhurların yuxuları
8 noyabr 2013
# 08:30

Psixoanaliz elminin atası sayılan Ziqmund Freydin araşdırmalarına görə yuxuda arzular, qorxular, komplekslər kimi gizlinlər toplanır. Əgər belədirsə, yuxudan maraqlı əsər varmı dünyada? Bunu bir də əsər yaradanlar özləri bilər.

Yaradıcı məşhurlardan necə yuxular gördüyünü soruşduq: “İctimai motivli, kosmik, apokaliptik, fantosmaqorik yuxular görmüsünüzmü?” Beləliklə məşhurlar yuxularını Kulis.aza danışırlar…

Yazıçı Əkrəm Əylisli:

“Yuxu insan həyatına aiddir, onu həyatdan ayırmaq olmaz. Həm də çox mürəkkəb psixoloji məsələdir. Yaddaşında olan bir məsələ hansısa formada, hansısa motivdə yuxuya keçir. Məsələn, partiya iclaslarını yuxuda görə bilərsən, amma daha dərin qatda, başqa iştirakçı və söhbətlərlə. Bu çox böyük mövzudu.

Yuxu dərin, çoxqatlı bir şeydi. Yuxuda deyilən bir söz bir neçə məna verə bilər. Bədii əsər də belə olmalıdı. O düzdür ki, mənim qəhrəmanlarım çox yuxu görürlər. Məsələn, “Billur külqabının nağılı” əsərində də şəhərdə yaşayıb yazar olmaq istəyən adam yuxusunda kəndinə qayıdır.

Ümumiyyətlə, mən yuxuda tez-tez kəndimizi görürəm. Məncə, şəhərə gələn bütün kənd uşaqları yuxuda kəndi görür. Şəhər adamları nə görür deyə bilmərəm, amma kənd uşaqları kəndi görür. Emosional yaddaşın əsas hissəsi uşaqlıqda həkk olunur. Yəni nə yaddaşa güclü emosional təsir edirsə o yuxu üçün leytmotiv olur. Cavanlıqda çox tez-tez yuxuda uçurdum”.

Yazıçı Aqil Abbas:

“Təxminən 9-10 yaşımda olanda bir yuxu görmüşdüm. O zaman biz, Ağcabədidən Ağdama köçmüşdük. Şənbə-bazar günləri balaca qardaşımla əmimgilə, babamın mülkünə qalmağa gedirdik. Bir gecə də orada qalanda dəhşətli bir yuxu gördüm. Gördüm ki, Ağdama atom bombası düşüb, mən də yanan şəhərin içindən yalnız bacım Simanı çıxara bilirəm. 30 il sonra Ağdama bomba düşəndə mən bu yuxunu xatırladım. Mən bunu yuxuda görmüşdüm, dedim.

Amma yuxuda Ağdamın qayıtdığını da görmüşəm. Çox görmüşəm.

1976-77-ci illərdə çox cavan bir xalam oğlu rəhmətə getdi. Ondan da əvvəl dayım ölmüşdü. Yuxuda bunları görürəm. Deyirəm ki, bəs axı siz ölmüsünüz, əllərini dişləyirəm, görürəm ki, qışqırmırlar. Bilirəm ki, ölüdürlər. Soruşuram ki, darıxmırsınız? Mənə deyirlər ki, budur ey Könül də gəlib, niyə darıxaq. Könül qardaşım idi, adı Kamil idi, ona Könül deyirdilər Ağdamda. O yuxudan az keçmədi ki, mənim Kamil qardaşım qəzada öldü. Belə çin çıxan yuxularım olub.

Bir dəfə də çox maraqlandığım futbol matçını izləyə bilmirdim- matçı pullu kanala keçirmişdilər. Acığımdan yatdım. Favorit komandama bir heç-heçə lazım idi. Matçın hesabını yuxuda atam mənə dedi: “Köpək oğlu, nə özünü öldürürsən, hesab heç-heçədir”. Ayılandan sonra hesabın doğrudan heç-heçə olduğunu bildim....

Yuxu çox mürəkkəb məsələdi, onu indiyə kimi açan olmayıb. Açan da olmayacaq. “Qiyamət günü” adlı əsərim yuxudan bəhs edir”.

Şair Səlim Babullaoğlu:

“Demək olar hər gün yuxu görürəm. Özü də bir yox, bəlkə onlarla. Əksəriyyəti ya tam, ya da fraqmentlərlə yadımda qalır. Və bu artıq 10-12 ildir ki, belədir. O yuxuların arasında sirliləri, işarə verənləri, çin yuxular çoxdur…

10 il əvvəl təxminən belə bir yuxu görmüşdüm; təkadamlıq kameradaydım. Diyircəkli, öz oxu ətrafında dönə bilən kresloda oturub başımı əllərimin arasına almışdım. Bir az irəli əyilmiş vəziyyətdə fırlanırdım kresloda. Diyircəklərin cırıltısı indi də qulağımda səslənir. Kameranın divarları çay daşlarından hörülmüşdü. Dairəviydi kamera. Hündür tavana doğru sahə azalırdı, sanki məscid minarəsinə içəridən oturub baxırdın. Şaqqaşaqla kamera qapısı açıldı, nəzarətçi içəri girib dedi ki, sizi görməyə gələn var, qalxın. Heç kimi görmək istəmirəm, dedim. Bu zaman daha bir nəfər də içəri girdi, hərəsi bir qolumdan tutub dar yarıqaranlıq həbsxana dəhlizi ilə məni apardılar. Bir az zorla, bir az sürüyərək görüş otağına gətirdilər.

Dəmir torların arasından qardaşımı gördüm. Salam verdi. Dedim ki, nahaq gəlmisən. Gülümsündü. Dedi ki, atayla-ana da gəlib. Bir az aralıda durub narahatlıqla söhbət edən atamı və rəhmətlik anamı gördüm.

– Sənə demişdim ki, atagili gətirmə bura. Gərək videoçəkiliş eləyib aparıb göstərəydin. Ananın məni burda görməsini heç istəmirəm - hirslə dilləndim, sonra da geri çevrilib gözətçilərin məni kameraya aparmasını istədim.

Onlar təkrar məni geri aparanda başqa kameraların dəhlizə baxan qapıları arxasından müxtəlif inilti və qışqırıq səslərinin gəldiyini eşitdim. Təkrar otağıma girdim. Həbsxana qapısı şaqqaşaqla bağlandı. Eyni kresloya oturub təkrar başımı əllərimin arasına aldım və başıaşağı, nəzərlərim yerə dikili vəziyyətdə fırlanmağa başladım.

Bir müddət sonra başımı qaldırıb həbsxana divarlarına nəzər salanda onların əvvəlki kimi çay daşlarından deyil, kitablardan hörüldüyünü gördüm. Kitabların üz qabıqlarını: hətta bir çox adları oxuya da bilmişdim. Qəfil külək qopdu, vıyıltıdan qulaq tutulurdu. Divarlar titrəməyə, kitablar üstümə uçmağa başladı. Həbsxananın qübbəyə oxşar tavanı uçdu, arxasından günəş işığından güclü amma daha ağımtıl işıq, nur içəri düşdü, başımdan düz ürəyimə doğru məni vurdu, özümdən getdim…”

Yazıçı Seymur Baycan:

“Yuxularım maraqlı olur, amma yadımda qalmır”.

Kinoşünas Ayaz Salayev:

“Bir yuxu var, bir neçə dəfə görmüşəm... Amma qoyun qalsın, danışmayım. İntim yuxudur”.

Şair Aqşin Yenisey:

“Mənim ictimai motivli yuxularım olmur. Olsa-olsa yuxuda yaxınlarımı görürəm. Ümumiyyətlə, mən ona görə yatıram ki, bütün bunlardan uzaqlaşam və elə ictimai motivli yuxular görmək də istəmirəm. Pis yuxu görəndə səhər saat 5-də oyanıb o yuxunun acığına oyaq qalıram. Yuxuya inanmıram və ona inanan adamları xəstə hesab edirəm.

Hərçənd, bir neçə şeirim olub ki, onu yuxuda görmüşəm. Yəni, o şeir məni yuxudan ayıldıb, durub onu yazmışam. Məsələn, “Çıxıb gedəcəyəm Praqaya” şeirini yuxuda görmüşəm. Köşə yazımı da yuxuda gördüyüm olur. Amma bunlar parapsixologiya ilə bağlı deyil. Sadəcə, gündüz fikirlərlə məşğul olan beyin oyaq qalır. Gün boyu fikirləşdiyini yatanda yuxuda davam edirsən. Vəssalam”.

Kinoşünas Aydın Dadaşov:

“Bilirsən, qızım, biz ictimai motivi yalnız yuxuda görə bilərik”

Kinorejissor Əli İsa Cabbarov:

“Yuxuda görmüşəm ki, bir məmura rüşvət verirəm, o isə almır. Nə qədər cəhd elədim, almadı. Əksinə, mənə dedi ki, nə danışırsız, bu qanunsuzdur”.

Şair Murad Köhnəqala:

“Yuxuda qara, iri bir it görürəm. Guya biz bu iti saxlayırıq. Və bir gün bu it mənim sevgilimə xəyanət etdiyimi görür. Sonra mən sevgilimlə fotoalboma baxanda qəflətən mənim üstümə tullanıb məni boğmağa başlayır. Sevgilim onu məndən ayıranda mən də fürsət tapıb düşünürəm ki, bəlkə ona dişləməməsi üçün buruntaq alım? Daha sonra ağlıma gəlir ki, o mənim xəyanətimi görüb - gərək iti zəhərləyib öldürəm. Bax belə bir dəhşətli yuxu görmüşəm”.

Şairə Sevinc Elsevər:

“Yuxuda tez-tez qiyamət gününü görürəm. Günəş partlayır, göydən od yağır… Bir dəfə də gördüm ki, günəş sönür. Adamlar qışqırmağa başlayırlar: Qiyamət! Qiyamət!

Dəhşətli qorxu keçirdim. Bir də təsəlli var idi ki, təkcə sən ölmürsən, məhv olmursan!

Bəzən yuxularım çin çıxır. Yuxu görürəm... Amma hadisə baş verəndən sonra başa düşürəm ki, mən bunu görmüşdüm. Filan simvol, filan işarə vardı... Bu çox qəribədi... Bəzi yuxular var ki, artıq onları öyrənmişəm. Məsələn, əgər mən yuxuda polis görürəmsə, bu çox pis bir şey olacaq, deməkdi... Anamı, ya qayınanamı kədərli gördümsə, bu, evimizdə kimsə xəstələnəcək deməkdi....

Belə yuxular iki səbəbdən doğur; qorxulardan və arzulardan... Bu Freydin fikridi...

Həyat yoldaşım Elsevər mənə Mamoy kişi deyir. Mamoy kişi Vaqif Səmədoğlunun qəhrəmanlarından biridi. Deməli, bu Mamoy kişinin yuxusu həmişə çin çıxır. Nə görür, danışır, baş verir. Axırda adamlar növbəylə oyaq qalıb Mamoy kişini yatmağa qoymurlar ki, yuxu görməsin, pis-pis yuxuları çin çıxmasın…

Öz yuxularını yaxşı-yaxşı öyrənən adam məncə həyatına təsir edə bilər və özünü başa düşər, nə istədiyini anlayar. On-on bir yaşlarında yuxuda İsa peyğəmbəri görmüşəm, mənə xaç verib. Çox təəccüblənmiş, qorxmuşdum...

Mitinqləri də yuxumda çox görmüşəm. Onuncu sinifdə oxuyanda sinif yoldaşım Məhəmmədə qoşulub Etibar Məmmədovun mitinqinə getmişdim. Məhəmmədin atası müsavatçı idi. Dərsdən qaçıb getmişdik... Bunun üstündə məktəbdə bizi o ki, var danladılar. Sonra tez-tez yuxuma mitinq girirdi...

Bir də mən 1 may paradını görürəm yuxuda... Əllərimizdə bayraqlar, şarlar... Bu, çox xoşbəxt yuxudu... Mən uşaqlıqda parada xalamla gedirdim, dəhşətli dərəcədə dərin təəssürat buraxıb məndə...”

Kinotənqidçi Sevda Sultanova:

“Bir dəfə yuxuda görmüşəm ki, Fellini gölün ortasında kamera qurub film çəkir. Qara bir fonda isə yazılıb - azadlıq həbsdə, diktatura azadlıqdadır”.

Bir də 11 sentyabr hadisəsini bir neçə gün əvvəl yuxuda görmüşəm”.

Yazıçı Şərif Ağayar:

“Ümumiyyətlə, yuxuya münasibətdə məni kifayət qədər dindar saymaq olar. Onun bir möcüzə olduğuna və Tanrı ilə bağlılığına inanıram. Bu barədə Freydin fikirləri ilə də tanışam. Ancaq daha çox Qurandakı izahat mənə ağıllı görünür. Rəbbim az şey öyrətdi! Öz gördüyüm yuxular da bu ehkamı təsdiq etməkdədir...

Məsələn bu yaxınlarda "Bethoveni anlamaq" filminə baxdım. Çox təsirləndim. Hətta sarsıldım deyə bilərəm... Həmin gecə paralel dünyalar düşdü yuxuma. Oyananda, azı yarım saat həyəcandan titrədim. Üstündən nə qədər keçsə də hələ də bu yuxunun təsirindəyəm. Yuxunu anlada bilmərəm. Yəni o hisslər heç vaxt ifadəyə gəlməz. Bu konuda acizəm.

Mən ölümləri, həyatımdakı yenilikləri, bir çox hadisələri əvvəlcədən dəfələrlə yuxuda görmüşəm. Amma bu sonuncudan çox qorxdum. Hətta mənə elə gəldi ki, artıq bu dünyada yaşaya-yaşaya paralel dünyanı da görəcək və hiss edəcəm. Bu əlbəttə ki, bir insan kimi mənim sonum olardı. Şükür ki, hələ belə bir şey yoxdur.

Adama yüngüllük gətirən yuxular da olur. Ancaq çox vaxt mənim yuxularımın janrı da həyatım kimi dramatikdir”.

Rejissor Namiq Ağayev:

“1990-1991-ci illərdə yuxuda gördüm ki, qastroldayıq, vahiməli bir oteldə qalırıq. Kollektiv vahiməyə dözməyib tez-tələsik qaçaraq otel qapısında onları gözləyən vaqonlara minir. Mənə qulaq asan yoxdur, arxalarıyca gedirəm.

Birdən adamları vaqonlara mindirən qadının bic-bic iş yoldaşına baxdığını görürəm. Başa düşürəm ki, uşaqlar ölümə gedirlər. O zaman axırıncı minəcək olan ən zəhləm gedən qızın alnından öpürəm və geri qayıdıb dəhlizlə addımlayır və gedərkən vahimənin baxışlarının kürəyimə belə dikildiyini hiss edirəm – düşünürəm ki, qayda belədir: vahimədən qaçmaq yox, kökünə getmək lazımdır.

Bax, belə bir unudulmaz yuxum olub”.

Kinossenarist İntiqam Hacılı:

“Son yuxularımda özümü yolda görürəm. Elə hey yol gedirəm, amma bu yolda başıma müxtəlif hadisələr gəlir.

Bir dəfə də özümü meşədə gördüm. Çox rahat bir yuxu idi. O mənada ki, elə bilirdim heyvanam-daha facebooka daxil olmayacam, haqsızlıqlar barədə düşünməyəcəm, dostların xəyanəti vecimə olmayacaq. Yuxudan ayılanda gördüm yox, insanam və heyvanlıq əldən çıxıb...”

Teatr rejissoru Tural Vaqifoğlu:

“Praqada idim. Bir balaca soyuqlamışdım. Qaldığımız yer mansard olsa da çox qəşəng mənzil idi. Həmin evin pəncərəsi başqa mansarda açılırdı və Praqanın qəşəng qırmızı damları görünürdü. Üzbəüz bina çox yaxın idi...

Xülasə, yatmışdım... Bir də elə bil pəncərənin açılmasının səsinə oyanmışam.

Və görürəm ki üzbəüzdəki damdan kimsə baxır pəncərəyə.... O kimsə itlə idi... Qara, doberman cinsindən iri bir it... Boynunda xaltası da var. O, damın üstü ilə bizim qaldığımız mansarda doğru gəlir...

O kimsə çox hündür idi. Köhnə monaxlar kimi geyinmişdi. Üzü görünmürdü. Elə bil üz olan yer qara boşluq idi. Yadımdadır ki, çox qorxmuşdum. Və qorxudan səsimi çıxara bilmirdim. Qışqırırdım guya, amma səs çıxmırdı.

O adam gəlib düz mənim çarpayımın yanında dayandı. Doberman da yanında.

Yuxarıdan mənə baxırdı, itin sifəti çox yaxın idi. Onun nəfəsini, istisini belə hiss edirdim. İt mənə baxanda mən buz kimi soyuq bir hiss keçirtdim....

Elə həmin məqamda oyandım. Bir neçə dəqiqə o qorxu məndən çıxmadı. Mən anlaya bilmirdim, reallıq var, ya yoxdur. Hansı reallıqdır, hansı yuxudur...”

Yazıçı Mirmehdi Ağaoğlu:

“Bəzən gecə boyu bir-birindən maraqlı yuxular görsəm də ayılan kimi yadımdan çıxır. Ancaq iki yuxu var ki, onlar heç vaxt yadımdan çıxmır.

Birincini ilk dəfə 5 yaşım olanda görmüşəm. Yuxu nağıl kimidi, yüyrəkdi, sehirlidi, həyatın heç bir qaydaları orda qorunmur, tutalım yuxuda eyni anda beş qitədə ola bilirsən. Necə? Bunu ifadə eləmək qəlizdi.

Həmin yuxuda görmüşdüm ki, alabaş avtobusla nəsə qəribə, əsrarəngiz, yamyaşıl, rəngarəng güllərin açdığı güllük-gülüstanlıq bir yerdən keçirəm. Özü də bu gülüstan yalnız məndən sol tərəfdədi, sanki tablodu. Anidən səhnə dəyişir. Qaçış meydançası kimi bir yerdi. Və mən uzaqdan səslər eşidirəm. Elə bil bir sürü kərgədan çaparaq gəlir. Çox qəribə heyvanlardırlar. Amma bilmirəm, onlar məni qovur, yoxsa yanımdan ötəcəklər. Bircə onu bilirəm ki, finiş xətti kimi bir yerdi, ip çəkilib. Amma bu ip aşıq sapındandı. Və mənə elə gəlir ki, bu kərgədanlar ipi qıra bilməyəcəklər. Beləcə kərgədanların lərzə salan ayaq səslərinə yuxudan ayılıram. Bu yuxunu dəfələrlə görmüşəm və eyni həyəcanı yaşamışam. Hətta qorxmuşam. Yəqin nə vaxtsa çin olacaq.

İkinci yuxumu isə İraq müharibəsi ərəfəsində görmüşəm. Elə o ərəfələr idi. Yuxuda gördüm ki, İraq müharibəsi kimi bir müharibədi. Hadisələr kənddə, babamgilin ocağında baş verir. Qəfildən bomba düşür. Mən təndirin başına qaçıram və görürəm ki, balaca bacım cansız vəziyyətdə yerdə uzanıb. Dəhşətə gəlirəm, ağlaya-ağlaya onun cəsədini qucağıma alıram. Başımı qaldırıb göyə baxıram. Təyyarələr uçuşur...

Ardı?... Yuxudan ağlaya-ağlaya ayıldım. Bir neçə saniyə elə bildim doğurdan da bunlar baş verib”.

# 6907 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #