İslam, musiqi, Seyid Əzim ARAŞDIRMA

İslam, musiqi, Seyid Əzim ARAŞDIRMA
5 noyabr 2013
# 15:04

Bəlkə də, sufizmin heç bir istiqaməti musiqi və rəqs qədər mübahisə obyekti olmamışdır. Öncə onu qeyd edək ki, incəsənətin bir qolu olan musiqi sufilər üçün Allaha yaxınlaşma vasitələrindən biridir. Lakin musiqi və ümumiyyətlə, incəsənət sahələri heç də bütün sufi təriqətləri tərəfindən məqbul hesab olunmur. Onların bir qismi incəsənəti və o cümlədən, musiqini Yaradanın mahiyyətinə vara bilmək, maddi aləmin fövqünə qalxmaq, zəmanənin çətinliklərinə sinə gərmək üsullarından biri kimi dəyərləndirdiyi halda, digərləri insanların dini dəyərləri və inanclarına təhqir kimi qəbul edirdilər. İkincilər daha çox ortodoksal İslamın təsirində olanlar idi.

İslamda rəssamlıq, heykəltəraşlıq və s. incəsənət növlərinə olduğu kimi, musiqiyə də birtərəfli münasibət bəslənilməmişdir. Ortodoksal İslamın musiqiyə münasibətini aydınlaşdırmaq üçün tədqiqatçılar ilk növbədə Qurana müraciət edirlər. Burada isə musiqiylə və ya onun qadağasıyla bağlı konkret hər hansı bir ayə yoxdur. Belə olduğu təqdirdə Peyğəmbərdən (s.) gətirilən hədislərə və onların İslam alimləri tərəfindən şərhlərinə müraciət etmək lazım gəlir. Burada da din alimlərinin fikri haçalanır: radikal islamçılar musiqinin haram buyurulduğu fikrini dəstəklədikləri halda, digərləri onu, sadəcə olaraq, məkruh, yəni bəyənilməyən əməl hesab edirlər – başqa sözlə, musiqinin tamamilə qadağan olunmadığı, yalnız müəyyən dövrlərdə mövcud olan ümumi siyasi-ideoloji mühitin tələblərindən irəli gələrək müvəqqəti məhdudlaşdırıldığı fikrini irəli sürürlər.

İslam dünyagörüşündə musiqinin qadağan olunduğu fikrini qəbul etməyənlər azan, Quran oxunması kimi bəzi dini ayinlərin həyata keçirilməsi zamanı musiqi elementi olan avazdan istifadə olunduğunu əsas gətirirlər. Musiqi sufilər üçün həm də ona görə müqəddəs hesab olunur ki, səsdən ibarətdir, səs isə Allahdandır. Çünki O, kainatı yaradarkən “Ol!” dedi, dünya sözdən, səsdən yarandı. İslam peyğəmbərinə gələn vəhylər də səs formasında idi; Quran yazıya alınmadan öncə Haqqın elçisinə gəldiyi şəkildə – şifahi olaraq yaddaşlara həkk edilmiş, müəyyən bir müddət ötdükdən sonra yazıya alınmışdır. İnsanın ana bətnindəykən eşitdiyi ilk səs – ürəyin ritmi də musiqinin ilkin formasıdır. Quranda bildirilir ki, qiyamət günü sur çalınacaq, ölülər bu surun səsinə diriləcəklər. Deməli, musiqi və səs diriltmək, oyatmaq qabiliyyətinə malikdir. Sufilər musiqiyə mənəvi oyanış, ruhun dirilməsi üçün müraciət edirlər.

Əksər sufi mərkəzlərində zikrlər və sufi şeirləri həmişə musiqi ilə, ekstaz halını ifadə edən bədənin qeyri-ixtiyari tərpənməsi ilə müşayiət olunur ki, bu mahnı və rəqslər də ərəbcədən tərcümədə “eşitmək, dinləmək” mənalarını verən “səma” sözü ilə ifadə edilir. Sufi məclislərində musiqi ifa olunarkən önəmli olan onun ifası deyil, dinlənməsi, necə qavranması idi.

Klassik sufilər deyirdilər ki, Allahı görmək istəyirsənsə, gözlərini tik; çünki baxışlar maddi aləmin nemətlərindən yayınıb batinə yönəldiyi zaman Yaradanı qəlb gözü ilə görmək, qəlb qulağı ilə dinləmək bəndəyə Onu eşitmək, Ona yaxınlaşmaq imkanı verər. “Çünki Allah zaman və məkan dışındadır, kosmik təbəqələrin fövqündədir və bir kimsəyə görünməz. Allahı yalnız eşitmək mümkündür.”(A. Talıbzadə) Sufilərə görə, “səma” – Haqdan gələn və insanları Haqqa çağıran bir ismarıcdır, onu yalnız təmiz qəlblə dinləyən məqsədinə çatar.

Təsəvvüf ədəbiyyatının yaradıcıları poetik nümunələri qələmə alarkən musiqinin bu İlahidən gəlmə xüsusiyyətlərini unutmur, onu şeirlərində dönə-dönə tərənnüm edir, musiqi məclislərini təsvir edərək müxtəlif alətlərə simvolik anlam verir və onları müqəddəsləşdirirdilər.

S. Ə. Şirvani də bir neçə şeirində bu mövzuya toxunmuş, musiqini və musiqi alətlərini müqəddəs nemət kimi təqdim etmişdir. Onun bu mövzuda ən gözəl əsəri “Guş qıl...” adı ilə tanınan məşhur müxəmməsidir. Seyid Əzimin tədqiqatçıları bu müxəmməsi, əsasən, İslam zehniyyətinə, musiqinin qadağan olunduğunu iddia edən ruhanilərə qarşı etiraz forması, bəzən isə nikbin əhval-ruhiyyənin ifadəsi kimi dəyərləndirmiş, şeirdəki təsəvvüf qatını diqqətdən kənarda qoymuşlar.

Guş qıl ey ki, bilirsən özüvi vaqifi-kar,

Agəh ol gör ki, nədir naleyi-ney, nəğmeyi-tar,

Nədir ol xüşk olan çubdə bu naleyi-zar –

Ki, sədasından onun qarət olur səbrü qərar,

Açma sən pərdəni, hər pərdədə var yüz əsrar.

Bu misralarda şair özünü hər şeydən məlumatlı hesab edənlərə müraciətlə musiqi dinləməyə, neyin naləsindəki, tarın nəğməsindəki sirlərə bələd olmağa çağırır, “agah ol gör ki, o quru ağacdakı ah-nalə nədir?” deyə sual edir. Farsca “qamış” anlamına gələn ney qamışdan hazırlanmış, üfürülərək çalınan musiqi alətidir. Təsəvvüfdə neylə bağlı belə rəvayət olunur: ney bir zamanlar öz vətəni olan qamışlıqda həmvətənləri ilə birgə yaşamaqdaydı. Onu kəsirlər, bişib yetişsin, içi boşalsın deyə gübrə yığınının içərisinə qoyurlar, qamış qaranlıq və çirkin yerdə qalır. Nə zülmlər çəksə də, səbir edir; nəticədə içi boşalır, rəngi sapsarı saralır. Onu olduğu yerdən çıxarıb üzərində dəliklər açırlar, ağız hissəsindən üfürdükcə ürəkləri yandıran bir səslə fəryada başlayır.

Neyin bu fəryadı onun əsl vətəni olan qamışlıqdan ayrılmasından qaynaqlanır. O öz nəğmələri ilə keçmiş günlərin gözəlliyini tərənnüm etməkdədir. “Qamış içi boşalmadan, yəni fəna halını, yoxluq, heçlik məqamını əldə etmədən keçmişin ruhani nəfəslərini hayqıra bilməz. Ney səsi eşqin harayıdır.” (E. Cebecioğlu) Seyid Əzim bu bənddə neyin həmin o ürəkparçalayan naləsindən bəhs edir, onunla bağlı rəvayətə işarə edir.

Müxəmməsdəki “Huş ilə guş edə hər kimsə, gedər huşindən” misrası da maraq doğurur. Sufi musiqisindən bəhs edərkən ilk öncə səsdən başlamaq lazımdır. İlk sufi nəzəriyyəçiləri insan səsinin güclü emosiyalar yaratmaq qabiliyyətinə malik olduğunu söyləyirdilər. Lakin burada dinləyicinin dinləmə qabiliyyəti də mütləq nəzərə alınmalıdır, yəni İlahi hikmətlərə açar olan gözəl musiqi istisnasız olaraq hər kəsin ruhunu yerindən oynadacaq qüdrətə malik deyil. Odur ki, sufilər “səma”nı kütlə qarşısında ifa etməyin əleyhinə idilər. “Səma”nı ifa edənlər də, dinləyənlər də hal əhli olmalı, musiqidəki hikməti anlamağı bacarmalı idilər. Məşhur bir ərəb kəlamında deyildiyi kimi, musiqinin qavranılması məkan, zaman və ixvan prinsipinə əsaslanmalıdır, yəni onun harada, nə zaman və kim tərəfindən ifa olunması və dinlənilməsi vacib şərtlərdəndir. Belə ki, “səma”nın düzgün ifası zamanı sufi vəcd (ekstaz) halına düşür. Bu, elə bir ruh halıdır ki, bu zaman insan şüurundan, özünüdərkdən, özünün yer üzərindəki varlığından uzaqlaşaraq xoşbəxtlik məqamına çatır. Vəcd itirmək mərhələsindən sonra gəlir, yalnız özünü şüurlu, fiziki varlıq olaraq itirən, unudan insan bu ruh halına çata bilər. Fiziki iztirablar nəticəsində özündə “mən”ini öldürə bilən insan sanki yenidən doğulur. Dəfələrlə səma ifaçılarının rəqsini izləmiş təsəvvüf tədqiqatçıları iddia edirlər ki, vəcd elə bir ruh halıdır ki, əgər imitasiya deyil, həqiqi vəcddirsə, onda bu hala çatmış insanı vursan belə, hiss etməz. “Səma” ifaçıları və ya dinləyiciləri arasında vəcdə gələrək huşunu itirən, hətta dünyasını dəyişən insanlar olmuşdur. Seyid Əzimin yuxarıdakı misrasında da musiqini lazımi ədəbi ilə dinləyərək huşunu itirməkdən bəhs edilir. Belə ki, sadəcə olaraq zövq almaq xətrinə oxunan və dinlənilən musiqi huşu başdan aparmaq qüdrətində deyil. Təbii ki, bu fikrə alternativ olaraq qeyd etmək olar ki, Seyid Əzim musiqinin insanlara sirayətedici qüvvəsini artırmaq məqsədilə bu fikri mübaliğə olaraq işlətmişdir. Lakin fikrin davamında müəllif deyir ki, can qulağından qəflət pambığını çəksən, gizli sirlərə sən də yetişərsən. Müxəmməsin digər bəndlərinə də nəzər salındığı zaman onun məzmununun təsəvvüf musiqisindən bəhs etdiyinin şahidi oluruq.

Fəhm qıl, gör ki, nədir çəngü dəfü bərbətü ud,

Nədir onlarda bu ahəngü bu ləhnü, bu sürud,

Arif ol, rəmz bil, ey mahəsəli-qeybü şühud,

Ud hər ləhzə gəlib şurə deyər: ya məbud,

Tar hər ləhzə gəlib vəcdə deyər: ya səttar.

Bu bənddə şeirin rəmzlər üzərində qurulduğunu müəllif özü açıq-aydın bəyan edir, dinləyicini arif olmağa, rəmzləri anlamağa çağırır: musiqi alətlərinin öz nəğmələri ilə məbuda – Yaradana müraciət etdiklərini, onu tərənnüm etdiklərini yazır.

Müxəmməsdə Seyid Əzim müğənninin nəfəsini dini rəvayətə görə, öz nəfəsi ilə ölüləri diriltməyə qabil olan İsa peyğəmbərin nəfəsinə bərabər tutur; şairə görə, musiqi insanın ölmüş ruhunu yenidən diriltməyə qadirdir. Şair müğənni səsini “ləhni-Davud” adlandırır. Dini rəvayətə görə, Davud peyğəmbərin səsi elə gözəl imiş ki, o oxuyanda hətta heyvanlar və quşlar da heyran qalırmış.

S. Ə. Şirvaninin musiqi ilə bağlı ən gözəl əsəri “Guş qıl...” müxəmməsi olsa da, şairin musiqiyə münasibəti yalnız bu şeirlə məhdudlaşmır. Müxtəlif janrlı şeirlərində o, musiqini ehtiramla yad edir, bəzən aşiqin iztirabını musiqi alətlərinin, xüsusilə, neyin yanıqlı səsi ilə müqayisə edir. Qəzəllərindən birində şair belə deyir:

Can verəndə oxuyun nəğməni Quran əvəzi,

Qəbrim üstündə verin ruhuma meydən xeyrat.

İlk baxışdan bu sətirlər Seyid Əzimin dövrü və zəmanəsi üçün kifayət qədər cəsarətli çıxışdır. Lakin bəzən bir beytin və ya bəndin mənasını bütün şeiri oxumadan anlamaq mümkün olmur. Bu qəzəl bütövlükdə təsəvvüf ruhunda yazılıb. Məsələn, şeirin ilk beytində belə bir fikir var ki, vüsal gecəsində o yar mənə bir cam hədiyyə etsə, Qədir gecəsindəki yüz min ehsandan daha üstün olar. Burada şairin arzusunda olduğu eşq camıdır; beytdə ilkin məclisdə paylanmış şərabdan – İlahi hikmətlərin açarından bəhs edilir. Yuxarıdakı beytdə isə şair əyləncə naminə oxunan nəğməni nəzərdə tuta bilməzdi. Çünki elə həmin beytin ardınca yazır:

Seyyida, sən get oxu sidq ilə Quran, ki mənim

Əzbərim mimi-Məhəmməddi, şüarım salavat.

Şair bu beytlə Quranı və İslamı gözəl bildiyinə işarə edir. Odur ki, qəbri üstündə Quran deyil, daha təsirli vasitə olan musiqi oxunmasını istəyir. Anlaşılması çətindir, lakin təsəvvüf baxımından izah olunduğu zaman hər şey çox sadədir. Sufilər Allaha ruhən qovuşmaq yolunda vəcdi vacib saydıqlarına görə ona nail olmaq üçün vasitə arayırdılar, bu baxımdan musiqi onlar üçün böyük tapıntı oldu. Sufilər musiqini hətta Quran oxunmasından belə təsirli vasitə hesab edirdilər. Bu, ortodoksal İslam tərəfindən qətiyyətlə qəbul edilməyən bir yenilik-bidət hesab olunsa da, onlar bunu əsaslandırmağa çalışırdılar.

“Sufizm və sufi ədəbiyyatı” əsərində Y. Bertels Qəzalinin “Kimiya-yi səadət” əsərinə istinad edərək o dövrdə sufilərin musiqi dinlənilməyini Quran oxunmasından daha üstün tutma səbəblərini izah etməyə çalışır. Səbəblərdən biri budur ki, Quranın mətnində eşqlə bağlı ayələr yoxdur, halbuki məhz eşq mövzusu dinləyicini vəcdə gətirmək gücünə daha çox malikdir.

İkincisi, Quranı tez-tez mütaliə edən müsəlmanlar üçün onun mətnində yeni, onların ruhuna təsir edə biləcək bir şey yox idi. Üçüncü səbəb nəğmənin və musiqi ritminin insan qəlbini daha çox riqqətə gətirməsidir, Quran isə avazla oxunsa da, onu musiqi və ya alətlərlə müşayiət etmək olmaz. Başqa sözlə, Quranın mütaliəsi sufilərə görə, sadəcə olaraq, bir ibadət növü, musiqi dinləmək isə zövqün intəhasızlığından doğan vəcd halına nail olmaq yolunda bir vasitə idi. Necə ki, qəzəllərindən birində şair bülbülə müraciətlə deyir ki, qədəhi öz nəğmələrinlə sən mədh elə, mənim təranələrim qədəhə layiq deyil.

# 4290 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #