Müəllimlik dərsi

Müəllimlik dərsi
30 oktyabr 2013
# 11:20

Mən müəllim ailəsində dünyaya göz açmışam. Bir vaxtlar elə özüm də bu yolu davam etdirmək arzusunda idim. Amma bu sevdaya düşməyimə səbəb müəllim ailəsində doğulmağım deyil. Bu peşəni mənə sevdirən müəllimlərim olub. Müəllim olmaq da yəqin ki, bir qismət işidir; bu peşə isə mənim qismətimdə olmayıb.

Mən hər zaman müəllimliyi müəyyən mənada peyğəmbərliklə bir səviyyədə görmüşəm. Çünki bunların hər ikisinin missiyası, demək olar ki, eyni olub. Peyğəmbərlər də öz dövrlərinin müəllimləri olublar bir mənada - insanlığa “həqiqətdən” dərs veriblər. Çünki onlar bəşər övladına müəllimlik edərək “ibtidai sinifdən” ta ki “ali məktəbə” qədər əziyyətlərini çəkiblər. Bu yolda öz tələbələrinin hər nazını çəkib, bircə dəfə belə “uf” deməyiblər. Elə müəllimlər də başqa bir mənada öz dövrlərinin peyğəmbərlik missiyasını yerinə yetirib, peyğəmbərlərin varisləri olublar. Təbii ki, bu varisliyi haqqıyla müəllim adına layiq olanlara şamil etmək lazımdı.

İndi dünyasını dəyişmiş müəllimlərimin yoxluğu məni daha çox təsirləndirir. Onlara sağlığında layiqincə dəyər vermədiyimə görə bəzən çox peşman oluram. Amma sonrakı peşmançılıq heç vaxt fayda vermir. Bir şeylə təsəlli tapıram: yaxşı ki, qismətimdə belə müəllimlərin tələbəsi olmaq, onları görmək, tanımaq varmış. Bəzən də fikirləşirəm ki, kaş tələbəlik illərini bir daha yaşaya biləydim.

Tarixi vərəqləyəndə görürsən ki, hər dövrdə layiqli müəllimlər olub. Bu müəllimlər missiyalarını layiqincə yerinə yetiriblər. Amma ömürlərinin sonu hər zaman tələbələrinin gözünü yaşlı qoyub. Azmı olub belə müəllimlər keçmişimizdə?! Nəsiminin müəllimi olmuş Fəzlullahı xatırlayaq. Sizə doğrudanmı adi gəlir öz tələbəsinin gözü qarşısında tikə-tikə olmaq? Görəsən, indi hansı tələbə müəlliminin ayrılığına “canımdan can ayrılır” sözü ilə nalə edər?..

Elə filmindən gördüyümüz kimi, Nəsimi edama məhkum edilir deyə, tələbələri onu qorumaq üçün həyatlarını təhlükə altına ataraq, yalandan özlərini Nəsimi adlandırıb dar ağacına doğru gedirlər. Görəsən, hazırda elə tələbə varmı ki, öz ömrünü qurban vermək bahasına müəlliminin həyatını qorumağa çalışa?

Yaxud Şəmsin tələbəsi olmuş, ondan “həqiqət dərsini almış” Rumini xatırlayaq. Müəlliminin yoxluğuna görə “Şəms Divanı” yazmış, Şəmsdən hər hansı bir xəbər verən kəsə canını verəcəyini söz vermiş, “r” hərfini əyri yazıb, “Şəms də “r”-nı belə yazardı” demişdi. Görəsən, indi elə tələbə varmı ki, öz müəlliminin xatirəsini əziz tutmaq üçün ömrünün sonuna kimi “r hərfini əyri yazsın?

“Dəli Kür” filmini xatırlayırsınız yəqin. Elə o filmdə Qori Müəllimlər Seminariyasında tələbələrin sevgisini qazanmış Kipianini də xatırlayarsınız. Bir əl hərəkəti ilə dərsdəki hörmətsizliklə barışa bilməyən tələbələrinin səs-küyünü yatıran o müəllimi. Görəsən, müasir dünyamızda hansı tələbələr müəllimlərini qorumaq üçün canlı divar yaratmışdır?..

Tələbələr, adətən, tez-tez dərslərə gecikərlər. Amma tələbənin heç vaxt gecikmədiyi bir dərs var. Bu, müəlliminin verdiyi sonuncu dərsdi. Hər zaman dərsinə gecikdiyi müəlliminin son dərsinə gecikməyi heç vaxt özünə bağışlamaz tələbə. Hər dəfə tələbənin nazını çəkib, onu saatlarla gözləyən müəllim yalnız sonuncu dərsində tələbələrini gözlədər. Bu gözlətmək əslində müəllimin tələbələrinin ayrılığına dözməməyidir, bəlkə də. Bu sonuncu dərsin adı isə ölümdü.

əsl müəllim tələbəsinə ölümü ilə də dərs verər, öz sonuncu missiyasını da tamamlayar və arxayın tərk edər tələbələrini...

P.S. Bu yazını bitirərkən yaxınlıqdakı məsciddən səmanı bürüyən azan səsi mənə Şəmsin sevimli tələbəsi Ruminin bir cümləsini xatırlatdı. Rumi deyir ki, insan doğularkən onun azanı oxunur, amma namazı qılınmır. İnsan ölərkən isə namazı qılınır, amma azanı oxunmur. Çünki insanın doğularkən verilən azanı onun ölərkən qılınan namazı üçündür.

P.P.S. Ruminin müəllimi olmuş Şəms isə deyir ki, biz öləndən sonra məzarımızı axtarmayın. Çünki məzarımız bizi sevən tələbələrimizin qəlbindədir.

# 3711 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #