Davam edən “bağ mövsümü”

Kənan Hacı yazır...

 

Zənn edirəm, Rəhim Əliyevi tanıtmağa ehtiyac yoxdur. Tənqidçi və yazıçı kimi onu ədəbi camedə hamı tanıyır. Məni onunla 5-6 il bundan öncə şair Kəramət tanış etmişdi, elə o vaxtdan Rəhim müəllimlə ünsiyyətimiz yarandı və indi sözünə-söhbətinə həmişə ehtiyac duyduğum adamlardan biri, bəlkə də birincisi Rəhim müəllimdir.

 

O, şəxsiyyəti və yaradıcı ömürlüyü bütün şəffaflığı ilə görünən insandır. Onun özünün ədəbi kriteriyaları, həyat prinsipləri var və bu kriteriyalar, prinsiplər zəngin həyat təcrübəsinin məhsuludur. Rəhim müəllimdən çox şey öyrənmək olar, həyatsevərliyi də, ədəbiyyata vicdanlı yanaşmanı da, hətta yeyib-içmək mədəniyyətini də!

 

Bir neçə dəfə Rəhim müəllimdən müsahibə götürmək istəmişəm. Hər dəfə bizi Gürgandakı bağına çağıranda bu fikir beynimdən keçib. Həmin bağ söhbətləri ayrı aləmdir, müsahibə çərçivəsinə heç cür sığmayan bu söhbətləri biz həyat mühazirəsi kimi dinləyirik, arada mübahisə də yaranır, söz sözü çəkir, söhbət şaxələndikcə şaxələnir.

 

O, həyat akademikidi. Som görüşümüzdə nələrdən danışmadı, ilahi... Monqoloidlərdən tutmuş Pişəvəri hökumətinə, sünni-şiə ixtilaflarından Pəhləvi hökumətinə, Cəfər Cabbarlıdan Seymur Baycana qədər fərqli mövzularda gəzişə-gəzişə həyat və ədəbiyyat haqqında qənaətlərini bizimlə bölüşdü.

 

Rəhim müəllimin çox maraqlı qənaətləri var. O, deyir ki, yazıçı mifini tənqidçi yaradır, bəzən layiq olmadığı halda belə tənqidçi onun haqqında oxucuda yanlış təsəvvür yaradır. Yazıçı isə düşünür ki, sən onun haqqında yazmağa borclusan. Belə təkəbbürlü yazıçıların mifini sadəlövh tənqidçi yaradır. Tənqid sadəlövhlükdü, tənqidçi sadəlövh adamdır, təmiz adamdır.

 

Biz klassikləri ancaq əsərlərindən tanıyırıq, onları şəxsən tanımaq şansını doğulandan itirmişik. Amma biz öz müasirlərimizi tanımaq şansını da çox vaxt əldən buraxırıq. Rəhim müəllim bizim müasirimizdi, “Ədəbiyyat nəzəriyyəsi”ni yazmış alimdi, roman və hekayələri ilə də yaxşı yazıçı olduğunu sübut etmiş usta qələm sahibidi. Söhbətimizdə çox vacib bir məqama toxundu, dedi ki, siz hər gün yazmalısınız, yaza-yaza yazıçı olmaq olur, yazmayan adamdan heç vaxt yazıçı olmur. Hər gün oxumaq və yazmaq vərdişini özünüzə aşılayın. Bu, yazıçı üçün mütləq vacibdir. Elə yazar var, çox gözəl danışır, ədəbiyyatı mükəmməl bilir, amma baxırsan ki, heç nə yaza bilmir. Hər gün oxumaq və yazmaq yazıçını həmişə formada saxlayır. Əgər canında bu azar varsa, sənin yazmaqdan başqa çıxış yolun yoxdur. Yazmaqdan qorxan adama istedad da kömək edə bilmir.

 

Ədəbi tənqiddə “əl əli yuyar, əl də üzü” prinsipi baş alıb gedir. Amma Rəhim müəllim heç vaxt bu prinsiplə yazılar yazmayıb. Onun demək olar ki, əksər ədəbi-tənqidi yazılarını oxumuşam. 70-80-ci illər “Ədəbiyyat qəzeti”ndə çalışdığı dövrdə yazdığı yazılarının böyük əksəriyyəti “Taleyin sözü” kitabında yer alır. Asif Ata haqqında yazdığı  “Tənqidçinin tragik özünütənqidi” yazısında belə bir məqam var:

 

“O zamanlar tənqid tam müstəqil ədəbi peşə deyildi: tənqidçi istədiyi yazıçı, əsər, hadisə haqqında yaza bilməzdi, çünki Yazıçılar İttifaqı nazirliyinin nəzdində olan ədəbi orqanlar bu yazıları çap etməzdi.

 

Asif Əfəndiyev belə bir vaxtda Moskva mühitindən Bakıya gəldi və bizim tənqid stereotiplərini dağıdan essevari jurnal məqalələri ilə çıxış etməyə başladı. Tənqidçinin hünəri ondaydı ki, Yazıçılar İttifaqı nazirliyinin və onun şöbələri olan redaksiyaların sifarişi ilə yox, özü üçün yazırdı.

 

Asif Əfəndiyev fenomeni məhz buna nail olmaq təşəbbüsü kimi həqiqi ədəbi inqilab idi; o, ədəbi nüfuzları rədd edir, tənqid və ifşa edir və bütün bunların əvəzində öz yaradıcılıq fərdiyyətini və ədəbiyyata məxsusi baxışını ədəbi fikrin ən mərkəzi yerində, ən uca bir mövqeyə qoymağa çalışırdı. Bu, onun ədəbi və əxlaqi idealı idi. Çünki ideal tənqidçi obyektivlik, müstəqillik, qərəzsizlik mücəssəməsidir, həqiqətşünas və dəyərşünasdır. Asif belə bir tənqidçi əxlaqının məcnunu idi”. (Rəhim Əliyev, “Taleyin sözü” kitabından, səh. 66)

 

Rəhim müəllimin yazısından geniş sitat gətirməyim təsadüfi deyil. Onu tanıyandan bəri görmüşəm ki, bu adam ədəbi tənqidə, sözə kişilik qanunları prizmasından, əxlaqi prinsiplərdən yanaşır. Asif Ata haqqında yazdığı fikirləri onun özünə də şamil etmək olar. Hər tənqidçi Rəhim müəllimin təbirilə desək, həqiqətşünas ola bilmir. Amma mən tanıdığım Rəhim Əliyev həqiqəti heç vaxt, heç bir halda şəxsi münasibətlərə qurban verməz.

 

Rəhim müəllim Seymur Baycanın “Quqark” romanı haqqında geniş bir yazı yazıb, “Yazı” jurnalında çap etdirib. Deyir ki, “Quqark” müharibə haqqında ən yaxşı əsərdir və fikirlərini də əsaslandırır. Söhbət edə-edə arada qalxıb süfrəyə nəsə gətirir. Axşam düşdükcə havanın soyuğu artır, Rəhim müəllim üşüdüyümü görüb evdən öz qalın gödəkçəsini mənə verir: “Bunu gey, yorğan kimidi, isti saxlayır”. Özü isə buranın iqliminə öyrəşib, zərrəcə üşümür.

 

Rəhim müəllim Bakı kəndlərinin təbiətinə vurğundur, axı özü də Abşeron torpağının yetirməsidir. Nəsranilərdən söz düşəndə dedim ki, Buzovnada Nəsrani pirinin qalıqları hələ də qalıb. Rəhim müəllim dedi ki, bir gün gedək, o abidəyə baxaq. O abidələr xristianlığın qalıqlarıdır və çox qiymətlidir.

 

Rəhim müəllimlə hər görüş yaddaqalan olur. Payız çoxdan gəlsə də Rəhim müəllimin “bağ mövsümü” hələ də davam edir.

 

Şəhərə xoş ovqatla qayıtdıq.

LENT

23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018