Ölsəm bağışla

 

 

 

Payıza təslim olmaq


Payızdır, təklənib dəniz,
dalğa-dalğa qəzəbini çırpır sahilə,
harayına yetişən yox,
rəngi qaralıb hirsindən...
dəniz öz kimsəsizliyinə ağı deyir elə bil...
ulduzların yarpaq tökümü başlayıb,
adamlar dənizi atıb
payıza köçüb,
mən payıza təslim olmaq istəmirəm...

hələ əllərim saçlarının ətrini unutmayıb,
hələ ağ gün sevdasında qaralıram
bu soyuq Günəşin altda,
hələ gözlərin kibrit çəkməyib qorxularına,
Günəş kölgəyə çevrilir,
kölgə ölçür sənsizliyin boyunu,
mən payıza təslim olmaq istəmirəm...

bax, beləcə, şər qarışdı,
axşam düşdü dənizə,
bir də baxdım, payızın soyuq nəfəsi kürəyimi üşüdür....

 

***

 

İndi nifrət edirəm

Bütün uzaqlara,

yollar uzandıqca

mən azalıram,

bir də görəcəksən,

eləcə yoxam,

yoxam, ay zalım balası...

 

ümid

bir gedişlik xırda pul kimidi,

uzaqlara apara bilmir adamı,

çeynənmiş saqqız kimi

dadı qaçır arzuların,

gəlmə daha,

qoy öldüyüm yerdə ölüm,

ölüm, ay zalım balası...

 

Ölsəm, bağışla

 

Dəm vermə gözün yaşına,

Bir az duz qat yas aşına.

Çevir məni öz başına,

Mən sənsiz ölsəm, bağışla.

 

Yırğalama boş beşiyi,

Yenə də yolumdan keçir

Taleyin qara pişiyi,

Mən sənsiz ölsəm, bağışla.

 

Gözləmə, umud olarsan,

Ağlama, bulud olarsan.

Ötən gündə yaşayarsan,

Mən sənsiz ölsəm, bağışla...

LENT

23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018