Azərbaycanlının tamaşaçı mədəniyyəti

Azərbaycanlının tamaşaçı mədəniyyəti
14 oktyabr 2013
# 07:15

Vudi Allenin “Jasmin” filmindən qeydlər

Eleqant, cazibədar Jasminin günlərin birində bəxt qapısı bağlanır. Varlı əri iflasa uğrayır, həbsxanada özünü asır. Jasmin qlamur, parıltılı həyatdan qəfil boşluğun və heçliyin içinə düşür. Kolleci yarımçıq buraxıb tələsik ərə getdiyinə peşmanlıq keçirir. O, hər şeyi sıfırdan başlamaq niyyətindədir. Amma həmişə həyatın zahiri parıltısını sevən Jasmin yenə də görməli olduğu həqiqətdən yan ötür.

Allenin bu tragikomik personajı bir az da azərbaycanlı tamaşaçıya oxşayr...

***

Azərbaycanda dünya standartlarına uyğun alış-veriş mərkəzləri bundan sonra da tikiləcək.

Azərbaycanlı 4-5 mərtəbəli ticarət mərkəzlərindən alış-veriş edəcək.

Məsələn, “Chanel”-dən jaket, “Fendi”-dən çanta, “Prada”-dan ayaqqabı, “Christian Dior”dan ətir alacaq.

Böyük binanı ayaqdan salandan sonra xudmani kafelərdən birində yumşaq oturacaqda yerini rahatlayıb ayağını ayağının üstünə aşıracaq.

Snob görkəm alıb, amerikan qəhvəsi sifariş verəcək.

Sonra yuxarı mərtəbədə yerləşən kitab dükanında gəzişəcək, belletristikadan tutmuş ən ağır fəlsəfi əsərlərə kimi müxtəlif kitabları vərəqləyəcək.

Məsələn, Sartrın “Sözlər”ini alacaq.

Bəlkə də ingiliscə “Möhtəşəm Qetsbi”ni.

Bir sözlə, çox şeyi mənimsəyəcək.

Amma onun tamaşaçı mədəniyyəti hələ uzun illər olmayacaq.

Azərbaycanlı fərqinə varmır ki, kinoteatrda seansa nəinki on, heç beş, bir dəqiqə belə gecikmək olmaz.

Hələ üstəlik, bu, məsələn, hansısa kütləvi yox, intellektual kinonun ustalarından biri Vudi Allenin filmidirsə.

Və ustadların filmlərindən ilk dəqiqələri qaçırmaq ona yarımçıq baxmısan deməkdir.

O, düşünmür ki, vaxtsız gəlişi ilə başqa tamaşaçıları qıcıqlandırır, narahat edir.

Azərbaycanlı dərk eləmir ki, filmə baxmaq susmaq zamanıdır.

Onun vecinə də deyil ki, ucadan danışmaqla, hırıldamaqla digər tamaşaçıların diqqətini yayındıra bilər.

Azərbaycanlı tamaşaçı hələ də dərk eləməyib ki, kiçik yaşlı uşaqları, dəxilsiz, onların yaşına-başına uyğun olmayan filmlərə aparmaq olmaz.

Üstəlik də axşam saatlarında...

Azərbaycanlı tamaşaçı seans zamanı hələ də mobil telefonunu söndürmür.

Və ümumiyyətlə, o, kinoteatra necə bir filmə gəldiyinin fərqində deyil. O, hələ bilmir, ona nə lazımdır: psixoloji dram, komediya, fantastika, dəhşət yoxsa melodram.

***

Aha, bu da filmin finalı. Skamyada tək-tənha oturan, reallığa yox, məchulluğa baxan Jasmin davranışları ilə artıq hamını təngə gətirib. O, öz-özünə nəsə çərənləyir. Gerçəklik isə ondan çox uzaqdadır.

# 3029 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #