Onun ürəyinin başındakı qara ləkə

Onun ürəyinin başındakı qara ləkə
7 oktyabr 2013
# 07:45

Müharibə miniatürləri - XIV

Qarabağda atanın bacısına “mama” deyirlər. Cəbrayılın lap burnun qabağında bir kənd vardı-Həsənqaydı, mamam o kəndə gəlin köçmüşdü. Kənd Cəbrayılın özü kimi dağlıq idi. Evin biri bu dağın ətəyində, o biri iki dağın arasında, digəri onlardan birinin yamacında tikilmişdi. Belə evlər bir-birinə elə də yaxın deyildi, birinin həyətindən o birini görmək olmazdı. Heç bizim kənddəki kimi toyuq-cücələrinin də bir-birinə qarışmaq ehtimalı yox idi. Sıra dağların arasından böyük bir çaylaq uzanıb gedirdi. Yayda qonşular görüşmək üçün həmin çaylaqda çınqıl daşlarının üstündə oturub söhbətləşərdilər. Amma deyirdilər başqa fəsillərdə o çaylağa enmək heç mümkün deyil, çünki yağıntının hamısı o çaylaqla axıb arana tərəf, yəni bizim kəndlərə gedir və ordan da Araza qarışır.

Yayda isə mən orda gur, dərin bulaqlar görmüşdüm ancaq. Xüsusən də həmin çaylağın yuxarısına tərəf gedib dörd dağ arasına çatan yerdə bir dərin bulaq vardı ki, kənd camaatı içməli suyu o bulaqdan səhənglə daşıyırdı. Bulaq o qədər dərin idi ki, içinə girib səhəngi özümüz girdiyimiz yerdən deyil, bulağın baş tərəfindən dimdik tutmaqla, əyməyə ehtiyac yox idi, doldurub çiyinlərimizdə evə gətirirdik.

Bu kəndin camaatı da bax elə bu bulağın suyu qədər saf, təmənnasız, mehriban idilər. Çox da işlək camaat idi. Bütün günü o daş-qayanın içində çalışırdılar, qumsallıqda torpaqdan alınan məhsulu alardılar, təbii ki, öz ehtiyaclarını ödəyəcək qədər. Çünki qumsallıqda hansısa təsərrüfat yetişdirmək mümkün deyildi. Mal-qara saxlayır, bostan-tərəvəz özlərinə yetəcək qədər əkib becərirdilər.

Hamısının yanaqları qıpqırmızı olardı, sarışındılar. O dağlarda həmişə gülüş sədaları əks-səda verərdi, çox şən camaat idilər.

Mamamın qayınatası ilə qayınanası kolxozun toyuq fermasında işləyirdilər. Mamam da düşdüyü ailəyə elə uyğunlaşmışdı ki, həm fermada çalışır, həm ailəyə-uşağa baxır, həm də ev-eşiyin səliqə-səhmanı ilə məşğul olurdu. Bütün günü bir dağın yamacında yerləşən evlərindən o biri dağın ətəyində yerləşən ferma arasında hərəkətdə idi bu ailə. Bu zəhmətdən də çox məmnun görünürdülər.

Nəfəs yollarımda problem olduğundan həkim mənə dağ havası məsləhət görmüşdü və hər yay papam məni aparıb mamamın yanında, o dağlarda qoyardı. O dağlarda mamamla, onun mehriban ailəsi, zəhmətkeş, şən, səmimi Həsənqaydı camaatı ilə çox şirin uşaqlıq xatirələrim var. Nəfəs yollarımdakı problem elə oraların havası, o bulaqların suyu ilə süzülüb getdi.

Bakıda mamamın əvvəlcə qayınatası, bir neçə il sonra qayınatası nəfəs yolları xəstəliyindən dünyalarını dəyişdilər. Mənə hərdən elə gəlir ki, onlar boğuldular Bakıda.

Hərdən düşünürəm ki, indi Həsənqaydı kəndi özü boğulur, havası çatmır, keçmiş günlərinin həsrəti ilə yanmaqdan səhraya çevrilib.

Mamamsa cavan yaşında bir gecə yatdı və oyanmadı, sadəcə oyanmadı. Onu yuyan qadın mamamın ürəyinin tuşundan kürəyində göy-qara qarışıq yumruq boyda bir ləkə olduğunu dedi.

# 2659 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #