Berlində mələk göründü VİDEO

Berlində mələk göründü VİDEO
5 oktyabr 2013
# 07:30

Kulis.Az “Baxılası 50 film” layihəsində Vim Vendersin “Berlin üzərində səma” filmini təqdim edir.

Vim Venders (1945)- alman kinosunun simalarından, ən poetik rejissorlarından biri, fotoqraf, ssenarist, Sarbonna universitetinin fəxri doktoru və 1996-cı ildən Avropa Kinoakademiyasının prezidentdir.

Nüfuzlu kinofestivalların mükafatçısı olan rejissorun filmlərində humanizm, əxlaqi xətt, lirizm güclüdür.

Böyük şəhərlərdə itirilmiş insanları, həyatın mahiyyətini araşdıran rejissorun ən vacib filmlərindən biri “Berlin üzərində səma”nı (1987) təqdim edirik.

Məzmun: İki mələk Damiel və Kassel göydən Berlinə enirlər. Ölümsüzlüyə məhkum olan mələklər insanların qəlbindən keçən gizli istəklərini oxuyur, onlara həsəd aparırlar. Mələklərin vaxt anlayışı, fiziki hissi yoxdur, onların yalnız ruhu və fikirləri var. Sonda mələklərdən biri Damiel akrobat Mariona aşıq olur və adi insan həyatını seçir...

Film ilk 90 dəqiqəyə kimi ağ-qaradır. Tamaşaçı dünyaya mələklərin gözləri ilə baxır. Onların nəzərində isə dünya ağ-qara və onun müxtəlif çalarları ilə görünür. Damiel insan olmağı seçəndən sonra əhvalat rəngli formata keçir.

Novator kinodili ilə insanın tənhalığını, yorğunluğunu, anlaşıla bilməməsinin doğuran səbəbləri göstərən film hər şeydən əvvəl Vendersin insanlığa sevgi aktıdır. Lap əvvəldə quş uçuşu səviyyəsində çəkilmiş Berlinin mənzərəsi həm də dünyanın ümumi təsviridir. Bu rakursdan çəkiliş metafizik, fanilik, tənhalıq hissi aşılayır. Kamera rəvan şəkildə müxtəlif mənzillərin sakinlərinə, metro sərnişinlərinə, küçədəki piyadalara tuşlanır, biz mələklərin vasitəsilə onların qəlblərindəki daxili monoloqunu-qayğılarını, arzularını dinləyirik. Və sürətlə bir-birini əvəz edən bu daxili monoloq şüur axını effekti yaradır.

İfadə vasitəsi kimi həm də simvollardan istifadə əhvalatı bütövləşdirir. Venders ssenarini Avstriyalı yazıçı Peter Handke ilə birlikdə yazıb. Rejissorun sözlərinə görə filmin ideyası Rayner Mariya Rilkenin şeirlərindən, alman və isveçrəli rəssam Paul Kleenin tablolarından, alman filosofu Valter Benyaminin əsərlərindən gəlib.

Filmlə bağlı Vendersin məqaləsindən bir parçanı təqdim edirik:

“Mən qarşısında “Necə yaşamalı?” sualı dayanan insanlar haqda film çəkmək istəmişəm. Əgər mənim əhvalatımın proloqu olsaydı, o təxminən belə başlayardı: Tamamilə məyus olan Tanrı qərara alır ki, dünyadan üz döndərsin. Amma onunla razılaşmayan bəzi mələklər insanın tərəfinə keçərək, ona daha bir şans verilməsini dedi.

Qəzəblənmiş Tanrı mələkləri yer üzündəki ən dəhşətli məkana Berlinə yolladı. Bu, bizim İkinci Dünya Müharibəsi adlandırdığımız dövrdə baş verdi. O vaxtdan mələklər şahid, müşahidəçi olmağa məhkumdular və insanların davranışlarına təsir edə, hadisələrin gedişatına qarışa bilmirlər. Onlar gücsüzdürlər, nəyəsə toxunmadan yalnız müşahidə edə bilirlər. İllər onlar üçün dözülməz keçir. Monoton ritm. İnsanları müşahidə etsələr də, hər şeyi qavramaq gücündə deyillər. Məsələn, onlar rəngləri, qoxu və dadı anlaya bilmirlər.

İnsan hissləri onlara maraqlı, amma əlçatmazdır. Bu mələklər təbiətcə sülhsevər, xeyirxahdılar, qorxu, qisqanc, həsəd və ya nifrət kimi hisslər onlara yaddır. Zaman keçdikcə mələklər insan kimi hiss etmədikləri üçün təəssüflənirlər: Suyu, odu, əllə tuta biləcəyi əşyaları, insanın toxunuşunu və ya öpüşünü. Bütün bunlar onlardan yan ötür”.

Film haqda bir neçə qeyd: Venders onu üç rejissora-Yasudziro Odzuya, Fransua Trüffo və Andrey Tarkovskiyə həsr edib.

1998-ci ildə Bred Silberlinq bu ekran əsərinin “Mələklər şəhəri” adlı remeykini çəkib.

Filmə burdan baxa bilərsiz.

Con Fordun "Dilican" filmi.

İnqmar Berqmanın "Persona" filmi.

# 5637 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #