Xəlil Rzanın gözləri

Xəlil Rzanın gözləri
30 sentyabr 2013
# 11:31

Bir dəfə yazmışdım ki, Azərbaycan ədəbiyyatı tarixini beynində gəzdirmək cəhənnəm əzabıdır. Fikrimdə qalıram, bəli məhz ədəbiyyat tarixini. Ayrı-ayrı müstəmləkələrin, hökmdarların, müharibələrin dövründə yaşamış Azərbaycan yazıçılarının qüssəli həyatını.

Tərslikdən mənim bəxtimə hər il bu tarixi qədim dövrdən bu günə qədər yenidən izləmək düşüb. Hər il gözlərimin qabağında Nəsimi yenidən soyulur, Müşfiq yenidən güllələnir, Cavid bir daha sürgün olunur. Hər dəfə on birinci əsrlə on ikinci əsrin qovşağında yaşamış Xaqani sadəlövh bir inamla deyir:

Biz ədl sarayıykən zülm ilə bərbad olduq,

Zalımlar olan qəsrə gör neyləyəcək dövran.

Hər dəfə iyirminci əsrlə iyirmi birinci əsrin qovşağında yaşamış mən bu sətirləri oxuyub Xaqaniyə də, özümə də, aramızdakı bütün şairlərə də acıyıram.

Hər dəfə orta əsrlərə “çatanda” Füzuli gileylənir: “Salam verdim, rüşvət deyildir deyə almadılar”. On doqquzuncu əsrdə Mirzə Şəfi eyni yorğun səslə Mirzə Fətəlidən soruşur: “Fətəli, sən də riyakarmı olmaq istəyirsən?” İyirminci əsrdə sağkən ölüm xəbəri yayılmış Hadi üsyan edir:

Mən bir diriyəm, etdi məni dəfn təsadüf,

Zində görünən bir sürü mövtalar içində.

Hər dəfə Səməd Vurğunu nənəsi, Müşfiqi analığı, Seyid Əzimi babası, Axundovu anasının əmisi saxlayır. Və mən həyatı əvvəlcə yaxşı gətirənlərə də sevinə bilmirəm, çünki bu “kinonun” sonunu bilirəm.

Nə Axundovun ictimai həyatının yaxşı alınmasına sevinirəm, nə Vaqifin xalq arasından çıxıb eşıkağası vəzifəsinə yüksəlməsinə, nə Natəvanın atasının Qasım bəy Zakirə kənd bağışlamasına, nə Ələsgərin uzun ömrünə, nə Mirzə Cəlilin uğurlarına. Çünki bilirəm, əvəzində Axundovun şəxsi həyatı alınmayacaq, on bir övladını itirəcək və mən də hər dəfə on bir övlad itirmiş bir atanın acısını təsəvvür etməyə çalışacam. Vaqif oğluyla birlikdə asılacaq, Zakirin sakit həyatı pozulacaq, Ələsgərin uzun ömrünün sonu kədərli olacaq, Mirzə Cəlilin həyatına peşmanlıq nöqtə qoyacaq.

Axundovla Mirzə Şəfi axırda eyni qəbiristanlıqda uyuyacaq, Sabir öz müəllimi Seyid Əzimlə eyni taleyi yaşayacaq, nikbin Vaqif bədbin Vidadiylə sonda eyni fikrə gələcəklər.

Hər il ədəbiyyat tarixini yekunlaşdırıb son mərhələyə gələndə nədənsə Xəlil Rzanın Moskvadan həbsxanadan qayıtdıqdan sonra televiziyadakı son çıxışını xatırlayıram. Onun böyümüş gözləri yadıma düşür. O çıxışı kənddə televiziyadan izləyəndə çox fikirləşmişdim, görəsən, onun gözlərini bu qədər dərinləşdirən nədir, qorxumu, peşmanlıqmı, təəssüfmü?! İndi anlayıram, əslində, o vaxt Xəlil Rzanın baxışlarına Azərbaycan ədəbiyyatı tarixi yazılmışdı. Qədim dövrdən özünə qədər olan bütün Azərbaycan yazıçılarının taleyi. Ayrı-ayrı müstəmləkələrin, hökmdarların, müharibələrin dövründə yaşamış qələm adamlarının eyni məğlubiyyəti.

Təxminən belə.

# 3189 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #