Məleykə Əsədova: “Gecələr toyda idim, səhərlər universitetdə” MÜSAHİBƏ

Məleykə Əsədova: “Gecələr toyda idim, səhərlər universitetdə” MÜSAHİBƏ
18 sentyabr 2013
# 07:30

Məleykə Əsədova. “Google”dan axtarışa verəndə adı cürbəcür qalmaqallı xəbərlərlə hallanan aktrisa. Xalq artisti. Həyatına istehza edən Jalədən (“Yad qızı”), Talesiz Əfsanədən (“İtkin gəlin”), Dövlət bəyi seçən Gültəkinə (“Aydın”), sevgisi və hikkəsi bir-birinə qarışan Mariya Tüdoradək (“Qadın məhəbbəti”) “böyüyən” qadınlar. Bu obrazların yanına avtomatik olaraq biri də qoşulur: Azəricə danışan Barbi gəlinciyi. Görüşürük. Gözləri Barbi kimi donuq deyil, əksinə, dərin və doludur. Söhbətə başlayırıq. Lənət şeytana, nə gəlinciyi? Gəlinciyin içi boş olsun gərək. Amma onunla söhbət içdən təsir bağışlayır. Söhbəti səhifəyə köçürürəm. Müsahibin səsi ilə ikinci dəfə təkbətək qalıram. Yazdıqca müsahibə formatından vaz keçirəm – ona ən yaraşanı monoloqdur- səmimiyyətini də, pafosunu da, təhkiyə tərzini də ən yaxşı monoloq ifadə edə bilər.

“Qızım, bir az sakit ol”

...Neftçala rayonunda doğulub böyümüşəm. Ağ bir uşaq olmuşam. Universitet vaxtı zarafatla deyirdilər ki, ağ qızsan, yəqin balıq yeməkdəndi, yoxsa Neftçala qızları qara olur... Mən deyirdim ki, Kür qırağındanam mən, ona görə... Anamın əsli Zaqataladandır. Uşaqlıq illərim... (susur) Çox xoşbəxt idim. Sevgi içində bir ailəmiz var idi, hər kəsin bir-birinə hörməti var idi. Ailədə dörd qız böyüyürdük. Anam təmizkar bir qadın idi, evimizdə həmişə bir təmizlik var idi. Anam bizim üçün qəşəng paltarlar tikirdi. Ailədə üçüncü övlad idim, məndən böyük iki bacım vardı. Arzulayıblar ki, oğlan övladı olsun, amma mən doğulmuşam. Sarışın, ağbəniz, qıvrımsaçlı qız olmuşam. Atam baxıb və məni mələyə bənzədib. Adımı da Məleykə qoyub. Ayağım düşərli olub. Evin sevimlisi olmuşam.

Xəyalpərəst, dəcəl bir qız idim. Bütün günü mahnı oxuyur, monoloq deyir, şer oxuyurdum. Bir dəfə də atamın bizə qışqırdığını eşitməmişdim. Bir baxışı bəs idi ki, nə demək istədiyini anlayaq. Yalnız televizorda xəbərlərə, futbola baxanda deyirdi ki, qızım, bir az sakit ol. Mütaliəni çox sevirdim. Elə indi də elədi (Sonuncu dəfə Patrik Züskindin “Ətriyyatçı” romanını oxumuşam)...

Evdə, yatdığım yerdə süjetli xalçamız var idi-çiyni tüfəngli ovçu, meşə, göl, körpü, ceyran, qurbağalar təsvir olunmuşdu. O mənzərəyə baxıb qonşu uşaqlara 7-8 müxtəlif nağıl uydurub danışmışdım. Üçüncü sinifdə dünya uşaq ədəbiyyatından nağılları, əsərləri artıq oxuyub bitirmişdim. Özümü o nağıl qəhrəmanlarının yerinə qoyurdum. Dördüncü sinifdə “Cinayət və cəza” “Baskervillərin iti” əsərlərini artıq oxumuşdum.

Uşaqlıqda “canlı kukla” kimi ləqəbim var idi, məktəb illərində arıq eybəcərləşmiş, arıq, qıvrımsaç qız idim. Ən sevdiyim iş mütaliə idi. 6-cı sinifdə oxuyurdum və “Aydın” da Gültəkini, “Müsibəti-Fəxrəddin”də Səadət xanımı məşq edirdim. Sonra Allahın işinə bax ki, mənim peşəkar səhnədə də ilk rolum Gültəkin oldu. Mən Gültəkini elə sevirdim, onun taleyinə elə yanırdım ki...

İnşalarda yazırdım ki, aktrisa olacam. Neftçalada xalq teatrı yox idi, musiqi məktəbinə - pianoya, rəqsə, vokala gedirdim. “Bahar” xalq çalğı alətləri ansamblına, “Kür” instrumental ansamblına gedirdim.

Atam incəsənət Universitetinə girməyimi istəmirdi. Şərt var idi ki, incəsənət alınmasa, hüquqa sənəd verəcəyəm. Amma elə sənəd verdiyim il İncəsənət İnstitutuna qəbul oldum. Amma hər şey birdən dəyişdi. 17 yaşımda atamı itirdim. Və ağırlığın nə olduğunu anladım...

Rayon avtobusları

Ailəni atam saxlayırdı. 4 bacı idik, qardaşım yox idi. Universitetə yenicə qəbul olunmuşdum, uşaq idim. Hətta atamın yas mərasimi ilk gördüyüm yas mərasimi idi. Anam “yarımaklad” uşaq həkimi işləyirdi. Düzdü, mən başqaları kimi universitet zamanı əyləncəyə, kinoteatra gedə bilmədim. Özümü toparladım. Ayaqda olmağı öz qarşıma məqsəd qoydum.

Universiteti oxuyub bitirməli və ailəyə kömək üçün pul qazanmalı idim. Rayonda mədəniyyət evində işləyə-işləyə toylarda oxumağa başladım. İnstitutda oxuya-oxuya işlədim. Özümə ev tutdum. Yataqxanada qalmadım. Qohumlarımız var idi, ansamblları vardı, toylara gedirdilər. Xahiş etdim, məni də ansambla götürdülər.

Universitetdən çıxıb rayona yola düşürdüm, Axşamlar, rayonlarda qız toylarında oxuyurdum, hətta bəzən toy səhərə qədər davam edirdi. Səhər tezdən rayondan Bakıya- universitetə gəlirdim. Çəkdiyim əziyyəti kimsəyə bildirmirdim... . Məktəbi bitirəndən sonra da bir il rayonda Mədəniyyət evində işlədim. Həm də toylarda oxuyurdum. Pul toplayıb, şəhərə qayıtdım, İçərişəhər tərəfdə ev aldım. Özüm öz həyatımı ağılla düşünərək qurdum...

Tək mən deyiləm, belə qadınlar çoxdur. Mən hansı iş olursa olsun, işləməyə pis baxmıram. Hamı oxuyub həkim, jurnalist, hüquqşünas olmaz ki? Hər kəs nəyisə yaxşı bacarmalıdır. Ən azı ev işlərini yaxşı bilmək olar. Əgər vəziyyətin çətindirsə, bacardığın bir işi görə bilərsən.

Tanıdığım bir həkim vardı, vəziyyəti pis idi. Mən onun gecələr paltar yuyub qurutduğunu və bununla pul qazandığını bilirdim. O qadın ayaqda durmaq, uşağını oxutmaq üçün bunu edirdi. Belə xanımlara çox böyük hörmətim var. Əgər şikəst deyilsənsə, bir işlə özünü saxlaya bilərsən. Hətta şikəstlər var, ayaq barmağı ilə şəkil çəkir. Mənim tələbə rəfiqəm var idi, yol qəzasına düşdü, ayaqlarını itirdi. O xanım gözəl xalçalar toxumaq öyrəndi. İndi işləmək üçün onlarla imkan var...

Ən azı ev işləri var. Qadın bunu bilməlidi. Qadının gözəlliyi təmizlikdi. Evini təmiz saxlamaq. Pul qazanmaq eyib deyil. Oğurluq etmək, yalan danışmaq ayıbdı.

Ağ piar - Qara piar

Niyə? 24 ildir ki, eyni şöhrəti saxlayıram, ona görə. Məndən yazsalar gündəmdə qalacaqlar ona görə. Bir jurnalist ki, qalmaqalla gündəmdə olmaq istəyir, mən onu qəbul etmirəm. Mənasız danışırlar. Guya mən Şuşanın işğal tarixini bilmirəm? Mən həmin gün ora Qəbələdən, bayramdan gəlirdim. Heydər Əliyevin doğum gününü qeyd edirik. Hətta verilişə gecikmişdim. Mən demək istəyirdim ki, əgər o, olsa idi, Şuşa da işğal olunmayacaqdı. Özü də 8-də Şuşadan insanlar çıxarılıb. Ermənilər Şuşaya 12-də giriblər.

...Bir adama söz atmamışam. Amma mənim varlığım onları yandırır. Burnumdan başqa bir əməliyyat etməmişəm. Allah verən gözəllikdir.

Gərək qəlbini kirlətməyəsən ki, surətin də gözəl qalsın. Namaz qılmıram, amma allahlayam həmişə. Məni incidəni, mənə pislik edəni məhkəməyə vermirəm. Allaha tapşırıram. Ən böyük məhkəmə Allahdır. Kim yaxşılıq edirsə Allah onları qorusun.

İstədiyiniz adamda istədiyiniz qədər qüsur tapmaq olar. Yaxşılığı da görmək lazımdır. Mən qara rəngdə də gözəllik görürəm. Hər şeyin yaxşısını allah bilir. Bu dünya əbədi deyil. Ömür çox qısadır. Amma o dünya əbədidir. Allah hər şeyi görür. Mən ki, qalmaqalla yadda qalmamışam. Adamlara qaynayıb qarışmıram. Saxtalıq yalan görəndə qaçıram. İnanın Allaha ki, heç kimlə işim yoxdu, başımı aşağı salıb taleyimi yaşayıram.

Aqafya

Qoqolun “Evlənmə” əsərində Aqafya Tixonovnanı oynadım. Bu vaxtadək dramatik aktrisa kimi tanınmışdım. Amma komediyanı da çox həvəslə oynadım. Mən komediyaya çox ciddi janr kimi yanaşıram. Qoqolun “Evlənmə”si klassikadır. Oynadım və bu tamaşa bəyənildi - tamaşa “Zirvə” mükafatına layiq görüldü.

“Misir gecələri” kimi çətin bir tamaşada oynadım. Birinci hissədə Züleyxa, ikinci hissədə Kleopatranı. Bilirsiniz, bu aktyor üçün çətindir. Tez bir zamanda başqalaşa bilməlisən. Bu çətinliyi üzərimə götürdüm. Mən həmişə çətinliyə qaçıram.

Həm də yalandan oynaya bilmirəm. O obrazı öz içimdə tapmalıyam. Həmişə də içdən oynayıram. Özümə yüz yox, yüz əlli faiz əminəm. Allahıma mənə bu istedadı verdiyi üçün şükür oxuyuram. Mən gözəl şey görəndə sevinirəm. Tanıdığım hər kəsin uğurlarına sevinirəm.

Əfsanə yaşasın

...Sənətimə, çox hörmət edirəm. Məni tamaşaçılara Əfsanə, Gültəkin sevdirib. İnanıram ki, bizdə də yaxşı seriallar çəkiləcək. Bizim sənət kollektiv sənətdir. Tək Məleykə ilə serial olmaz. Aktyor truppası, rejissor, operator güclü olmalıdı. Tanışlıqla film çəkmək olmaz. Mən seriallarımızın irəli gedəcəyinə inanıram. Seriallara pul ayrılır. İlk addımlardı, öyrənəcəklər. İlk vaxtlarda türk seriallarına da baxan yox idi.

Mənin istədiyim kimi ssenari olsa mən də çəkiləcəm. Mən görünmək xatirinə çəkilmək istəmirəm. Kinoya əvvəllər çox çağırırdılar. Müxtəlif səbəbdən getməmişdim. İndi düzünü deyim ki, çağırmırlar. Həm qızıma da çox vaxt ayırmaq istəyirəm. Onu sevgi içində böyütməliyəm...

# 6975 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #