Görkəmli muğam ustası: “Ağaxan Abdullayev məni yamsılayır”

Kulis.az Xalq artisti, mərhum xanəndə Hacıbaba Hüseynovun “Dünya” jurnalının 1993-cü il 2-ci sayında dərc olunmuş müsahibəsini təqdim edir.

 

Hacıbaba Hüseynov: - 15 yaşım olanda 16 yazdırıblar, əlim işdə-gücdə olsun. O qədər qara günlər görmüşəm ki. Kirpiyimlə od götürmüşəm...

 

“Oxuyur Hacıbaba Hüseynov”, adım radiodan elan olunanda uşaq kimi sevinmişəm. Səsim çatan yerəcən yüyürmüşəm...

 

Onlar (adlarını ona görə çəkmirəm ki, qulaqları kar olmasın yaxşı səs eşidəndə) muğamatı yox eləmək istəyirdilər...

 

- Siz oxuyanda adam səsinizə qoşulub çox-çox uzaqlara – öz daxili aləminə baş vurub qayıdır. Düşünürsən ki, insan dünyaya gələli özünə doğru uzun-uzadı yol keçir. “Dəsmalı güllü balam” – bu, ömrümüzün hansı anıdır?

 

- Bu, qəlbinizə yapışmış sualdır. Amma səsimin rəngini duymuram. Nə bilim, bəlkə də... Səsimdə sızıltı var, yanğı var. Bu, nədən əmələ gəlib? Başqa vaxt olsaydı, bunu deməzdim, indi deyirəm: mən uşaq vaxtlarımda nohə-mərsiyə demişəm. Böyük mərsiyəxanların dizinin dibini kəsdirmişəm. Az-çox nəsə öyrənmişəm, götürmüşəm. Onların səsindəki yanğı, sızıltı ruhuma hopub. Başqa tərəfdən Füzuli, Seyid Əzim Şirvani, Əliağa Vahid şeiriyyətinə könlüm qonub. Bu şairlərin qəribliyini duymağa çalışmışam. Məsələn, Füzuli niyə belə yazıb? Bu suala cavab tapan müğənni elə-belə ürəksiz oxuya bilməz. Ürək olan yerdə yanğı var, qubar var. Bəlkə elə siz dediyiniz rəng də bunlardır.

 

- “Oxuma, tar...”, bu tarixi ədalətsizliyin qanında-canında nə dayanırdı? Tarı susdurmaq muğamatı nizəyə sancdırmaq deyildimi?

 

- Allah Üzeyir bəyə rəhmət eləsin! Gördü ki, muğamat əldən gedir, Füzulinin ətəyindən tutdu, “Leyli və Məcnun”a musiqi ömrü verdi. Bu əsər yazılmasaydı, onlar (adlarını çəkmək istəmirəm) muğamatın evini yıxacaqdılar. “Oxuma tar, sevmir səni proletar” deyirdilər. Mustafa Quliyev var idi, Süleyman Rüstəm də bu işə qarışmışdı. Sonradan səhvini başa düşdü, kitablarından birində yazdı ki, “oxu, tar”...

 

Muğamat oxuduğum üçün başım o qədər qal çəkib ki... Bir oxuyan var, elə bu binada yaşayır, deyib ki, elə eləyəcəm ki, Hacıbaba bir daha muğamat oxumasın. Bu yerdə yadıma bir məsəl düşdü, baş ağrısı olsa da deyəcəyəm. Teymur bir gün Molla Nəsrəddini çağırıb deyir: “Mənim bir uzunqulağım var, apar saxla, ondan muğayat ol. Əgər gəlib desən ki, uzunqulaq ölüb, səni də öldürəcəyəm”. Aradan xeyli vaxt keçir, uzunqulaq yıxılıb ölür. Molla Nəsrəddin gəlib məsum-məsum başını salır aşağı. Teymur soruşur ki, necəsən? Cavab verir ki, belə də. Soruşur ki, bəs uzunqulaq necədir? Deyir birtəhərdir, ayaqlarını uzadıb, gözləri baxır, yemir, içmir. Teymur codlaşır: “Birdəfəlik de ki, ölüb də”. Molla Nəsrəddinin çiynindən ağır yük götürülür. Bunu sən dedin, mən demədim, cavabını verir.

 

Belələri çoxdur. Elə vəziyyət yaratmağa çalışırlar ki, mən özüm muğamatdan əl çəkim. Nəticədə nəyə nail oluruq? Heç nəyə. Bir-birimizi məhv edirik. Ancaq bir olan həqiqət var ki, Azərbaycan musiqisi ləkə götürmür. Pul naminə muğamata zərbə vururdular, elə indi də vururlar. Məni məcburiyyət qarşısında qoyurdular: yeddi dəqiqə muğamat, üç dəqiqə təsnif oxu.

 

- Muğamatın sirri nədir? Bəlkə elə bu, insanı özünə, qəlb evinə aparan bir məqamdır?

 

- Əslinə qalanda muğamat sözü yoxdur. Nəyə görə? Muğ atəşpərəstlərə deyirlər. Ensiklopediyada yazılıb: “Muğamat, yəni muğamların cəmi”. Yox! Bu, qondarma sözdür. Mən İranda olarkən Lətif adlı birisi – Tehran otelində işləyirdi – dedi adam olun. Dedim, adam deyiləm mən? Dedi, gəlmişəm bura, de görüm, məğam nədir? Dedim, Lətif, ölsən də deməyəcəyəm! Amma indi deyirəm, muğam yoxdur, məğam var. Klassik şairlər, iranlılar buna “məğam” deyirlər, ərəblər “məkam”. Mən muğamata bir az da geniş gözlə baxmağın tərəfdarıyam. Mənə elə gəlir ki, dünyanın hər yerində, istər Avropada, istər Şərqdə, hər millətin soykökündə öz muğamı var. Məsələn, nədir simfoniya? Dəstgah deyilmi? Elə götürək “Şur”u, yaxşı xanəndə, yaxşı dinləyici olsa, iki saat çəkər. Rəngləri, təsnifləri, guşələri çoxdur.

 

- Hər müğənni öz səsinin sahibidir, öz səsiylə mövcuddur. Bəs bu yamsılanlara nə ad verək?

 

- Hər xanəndə öz ürəyində olanı oxumalıdır, artıq heç nəyə qadir deyil. Ağaxan Abdullayev məni yamsılayır, bütün lentlərimi yığıb öyrənir. Mən oxumağa necə başlayıramsa, o da elə başlayır. Əgər mən mənəmsə, Hacıbabayamsa, onda Ağaxan kimdir? O, bir müğənni kimi mövcuddurmu? Müğənninin xoşbəxtliyi ondadır ki, oxuya-oxuya özünü dinləyir, öz varlığını hiss edir. Mən Alim Qasımovu güclü müğənni hesab edirəm. Heç mənim tələbəm də olmayıb. Ağaxan Abdullayevin sinfində oxuyurdu. Tez-tez gəlib dərsimdə otururdu, başını salırdı aşağı. Bir gün dedim oxu mənim üçün. Bir “Segah” oxudu ki, ağlım çıxdı başımdan, quruyub qaldım yerimdə. İstedad belə şeydir. İstər-istəməz adamı sehrləyir.

 

- Deyiləsi başqa sözünüz varmı?

 

- Var. Bir gün öz səsimin arxasına düşüb gedəcəyəm. Hara? Niyə? Bax, bunu deyə bilməyəcəyəm...

 

Söhbətləşdi: Böyükkişi

LENT

16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018