Ağsu aşırımındakı “QAZ 21”li “QAİ” işçisi

Ağsu aşırımındakı “QAZ 21”li “QAİ” işçisi
12 sentyabr 2013
# 08:00

Bir az əvvəldən başlayacam. Uşaqlığımdan. Ağsu aşırımının yaxınlığından. Şamaxı dairəsinin yanından. Yaşadığım Zərdab rayonundan Bakıya bu yolla gəlməkdən qorxurdum, təhlükəsinə görə. Amma susurdum mükafat alacağıma görə...

Orda, o dairəyə yaxın süd rəngli "QAZ 21" dayanırdı həmişə. Sovet milisinin formasında bir nəfər dururdu yanında. Əlində yol hərəkətini tənzimləyən qara-ağ rəngli çubuqla.

Qəribə olanı bu idi ki, hamı onu görəndə siqnal verib, gülümsəyib keçirdi.


Bizim ailə də hamı kimi idi. Gülməklə arası olmayan atam da onu görəndə gülümsəyirdi. Ordan keçməyimizdə məni sevindirən iki səbəbdən biri idi atamın gülümsəməyi idi. Deyirdi ki, yaxşı oğlandı bu. Bir dəfə atam bir onmanatlıq verdi ona. Bu hərəkətinə görə sual dolu baxışlarıma reaksiyası belə oldu atamın: "Pulu məndə qalmışdı keçən dəfə!"

O milislə birgə mənə də verəcəyi vardı atamın. Çünki Ağsu aşırımıyla Bakıya gəlməyin yolu mənə verilən o "rüşvətdən" keçirdi bir az da...

Bir dostum yadıma saldı onu, İntizam dayını. Keçmiş avtomobil müfəttişini...

Qocalıb dedi, çox qocalıb, amma ordadı, həmişəki yerində... Dostumun səsində təəssüf də vardı, rəhm də. Xoş xatirələri əks etdirəm gülümsəməsi "ondan mütləq yazacam" qənaətinə gətirdi məni...

Bu günlərdə yolum ordan düşmüşdü. Rəngi solmuş "QAZ 21" də orda idi. Qoca İntizam dayı da...O qədər yaxşı geyinməmişdi, hiss olunurdu ki, dolanışıq əvvəlki illərdəki kimi deyil...

İnsanda nə dəyişir-dəyişsin, gülüşü və baxışı dəyişməz... Amma bu adama münasibət də dəyişməz qalıb... Artıq əynində forması olmasa, maşını köhnəlsə belə... Hamı onun yanından keçir, siqnal verir, əl sirkələyib salamlaşır və gülümsəyir...

Bəlkə də İntizam dayı yeganə milisidir ki, əli sükan tutan hər kəs onu görəndə gülümsəyib keçir...

Maşından enib onunla salamlaşdım. Qəribə gəldi bu münasibət. Amma üzə vurmadı. Atamın adını deyən kimi xatırladı. Özünü də, vəzifəsini də. İllər öncə atamın onun haqqında dediyi sözü o da atam haqda dedi: "Yaxşı oğlandı!" Ayaqüstü də olsa söhbətləşdik:

- Neçə yaşınız var?

- 72 olub.

- Dəyişməmisiz...

- Yox, qızım, qocalmışam, məni aldatma (gülümsəyir).

- Sizi görüb gülümsəyir insanlar. Səbəbi nədi?

- Bilmirəm. Yəqin xətirlərinə dəyməməyim.

- Dəyməmiş olmazsız..

- Vallah o qədər ciddi şey elədiyim gəlmir ağlıma.
- Heç "prava" yazmamısız?

- Olub. Qoy oturmuşam məni işə salma (gülümsəyir).

- Deyirsiz, adam incitməmişəm, ona görə dedim.

- Olanda olub. Mən üzüyola adam olmuşam. Hər şeyə qane olan. Adamları yola vermək lazımdır ki, səni görəndə yan keçməsinlər. Axı həmişə cavan olmur adam.

- Yola verdikləriniz neynirdi sizə?

- Dolanırdıq.

- O vaxt necə dolanırdız?

- Camaat dolandırırdı bizi...

- Bəs indi?

- Elə indi də....

İstədim şəklini çəkim. Əvvəl yox dedi, sonra razılaşdı. "Qoy qalsın qızım bir də gördün"... dalını gətirmədi, gülümsədi. Mən də şəkil çəkə-çəkə, gülümsədim, "düz deyirsən" dedim. Məşhur şeirdən bir misra düşdü yadıma: "Bir də gördün fotodu insan"...

Hər kəs foto olacaq, hər birimiz. Mən unudulmayan foto olmaq istərdim. İnsan yaddaşının fotosu...

Mənə atam danışdı ilk dəfə...mən oğluma dedim...oğlum da kiməsə danışacaq, İntizam dayıdan, o yerdən keçəndə... Yəqin, dostuma da ilk dəfə kimsə danışıb... o da kimlərəsə danışıb... Hələ danışacağıq da... İnsan yaddaşının fotosundan... Hər kəslə acılı-şirinli, balaca da ola bir xatirəsi olan İntizam dayıdan...

Onun şəkilini çəkəndə düşündüm ki, bəlkə də mən ilk dəfə insan yaddaşının çəkdiyi fotonun fotosunu çəkdim....

# 5694 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
#
#
# # #