Unuda bilmədiyim qadın

Unuda bilmədiyim qadın
10 sentyabr 2013
# 11:57

Sevda Sultanova yazır...

Bakı

O qadınla bir neçə il əvvəl çox ucuz kafelərdən birində rastlaşmışdım. Və o vaxtdan da yaddaşımda möhkəmlənib. İllər keçsə də, onu tez-tez xatırlayıram. Hətta deyə bilərəm ki, mənim üçün bir növ kult fiqurdur. Bəzi mətnlərimdə onun obrazı var.

Cürbəcür xörək qoxularının yayıldığı, siqaret tüstüsünün duman yaratdığı yeməkxananın sağ tərəfində, qapının ağzındakı masalardan birində oturmuşdu. Yumağa oxşayırdı, başına bağladığı yaylıqdan üzü yaxşı görünmürdü. Şorba içirdi. Qarı o qədər balaca idi ki, ayaqları da döşəməyə çatmırdı. Yeməyinə elə aludə olmuşdu ki, sanki burda ondan başqa kimsə yoxuydu.

Qadının həyatı, kimliyi haqda beynimə cürbəcür fikirlər gəlirdi: Yəqin kimsəsi yoxdur, ya da uşaqları onu çölə atıb. Küçələrdə yaşayır. Təqaüdünü də uşaqları yeyir. Yeməkxana sahibinin ona rəhmi gəlib, hər gün yemək qalıqlarından bir boşqab verir...

İndiyədək elə bilirəm ki, o qarı məhz bu ucuz yeməkxanada ac qarnını doldurmaq üçün

Van Qoqun kədərli tablolarından düşüb gəlmişdi.

Amsterdam

Dostlarla bütün gecəni Amsterdamın küçələrini əldən saldıq. Yorulmuşduq. Səhər açılanda otelə qayıtmaq üçün tramvaya mindik.

Tramvayda qaradərili, orta yaşlı, xoş bir qadın diqqətimi çəkdi.

Üzündən yorğunluq yağırdı, qayğılı görünürdü. Tramvaya minəndə gözucu donuq nəzərlərlə bizə baxdı. Sonra yenə gözlərini önünə dikdi. Ayaqlarının yanında sellofan torba vardı. Qara rəngli uzunboğaz corabı süzülmüşdü.

Təxmin etməyə çalışıram. Bəlkə də mühacirdir. Ölkədə qanunsuz yaşayır və işləyir. İndi yəqin ki, gecə növbəsindən qayıdır. Yox, ya da səhər növbəsinə gedir. Yuxusuzdur. Gecəni yaxşı yatmayıb. Uşaqları da var. Əri onu tərk edib. Ya da əri var, o da işləyir, qazancları çox deyil. Mühacirlər üçün dünyanın hər yerində çətindir.

Ona yaxınlaşıb “siz gözəlsiz, amma heyif ki, həyat zibildir” demək istəyirəm.

Bu dəm tramvaydan enirik.

Bielefeld

Perrondayam. Qatarların cədvəlini səhv salmışam. Kimdən soruşa biləcəyimi dəqiqləşdirmək üçün ətrafdakı insanlara nəzər salıram.

Diqqətimi nağıllardakı nurani qocalara bənzəyən, 65-70 yaşlarında bir alman çəkir.

Ona yaxınlaşıram. Qatarın keçib-keçmədiyini soruşuram. Qoca karıxır, o da qatarın cədvəlini dəqiq bilmir. Başını yellədir, təəssüflənir, mənə görə narahat olur. “Gəlin, dispetçerin yanına gedək” deyir. Təşəkkür edirəm, “narahat olmayın, özüm gedərəm” deyirəm.

O, məni müşayiət etməkdə israrlıdır. Mən isə onun qatarını ötürəcəyindən rahatsız oluram. Burdan başqa şəhərlərə qatarlar sıx-sıx işləmir. Ötürdünsə orda gecələməli olacaqsan.

Qoca dispetçerə məsələni anlatdıqdan, onun mənə yardım edəcəyindən əmin olandan sonra rahatca ayrılır.

O nurani alman qocanı da tez-tez xatırlayıram.

Yəqin ki, tək yaşayır. Qocalar kimi o da tənhalığın əziyyətini çəkir və ünsiyyət ehtiyacı var. Arvadı ölüb, bəlkə də əksinədir. Ola bilsin, heç evlənməyib. Uşaqları varsa, onu nadir hallarda yoluxur. Uşaqlığı ikinci dünya müharibəsinə düşüb. Bəlkə də atası faşist olub. Ya da əksinə.

...Üstündən bir neçə il keçib. Bəlkə daha həyatda yoxdur. Ağlıma sızan bu fikirdən qanım qaralır.

# 3897 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #