Tofiq Abdinin Kulisə son müsahibəsi: “Ölümdən və pislik etməkdən qorxuram"

Tofiq Abdinin Kulisə son müsahibəsi: “Ölümdən və pislik etməkdən qorxuram"
25 fevral 2014
# 15:32

Kulis.az şair, publisist Tofiq Abdinlə müsahibəni təqdim edir.

- Sentyabrın 1-də doğulmusunuz. Tofiq abi, sizi tanıyanlar bilir, qoy oxucular da bilsin. Bu il neçə yaşınız tamam oldu?

- Pasporta görə 72. Amma mənim tədqiqatlarıma görə 1943-cü ildə doğulmuşam. Valideynlərimin təvəllüdlərini, məndən əvvəl iki uşağın doğulduğunu, valideynlərimin Ərdəbildən köçüb gəldiyini və məndən sonra doğulan 8 uşağın arasındakı 3 il fərqi nəzərə alaraq, mənim doğum tariximin 1943-cü il olduğunu ehtimal edirəm. Mənim doğulduğum vaxt Cəlilabadda “Doğum haqqında şəhadətnamə” məsələsi olmayıb. Atamdan soruşublar ki, Tofiq nə vaxt doğulub, deyib müharibə vaxtı. Müharibə də 41-45-ci illər arasında baş verib. Amma nədənsə mənə 1941-ci ili yazıblar. Amma 43-cü ildə doğulmağım daha ağlabatandır. Çünki Krım döyüşündə iştirak edən əmim, mənə öz komandirinin adını qoyub. Mənim düşüncəmə və araşdırmama görə 43-cü il daha dəqiqdir. Məndən əvvəl doğulan bacılarım, anamın ehtiyatsızlığı ucbatından dünyasını dəyişib.

Amma sentyabrın 1-də doğulmağım məsələsini konkret olaraq özüm uydurmuşam. Komsomola keçməli idim. Sentyabrın 1-i bizi komsomolun birinci katibi Sayılovun yanına gətirdilər. O sənədimə baxıb sual verdi ki, sənədində doğum günün yazılmayıb. Dedim ki, sentyabrın 1-də doğulmuşam. Amma bu tarix düzgün deyil. Ümumiyyətlə doğum günümü bilmirəm. Bilsəm vaxtında valideynlərimdən soruşardım. Sonuncu olaraq nənəmin səsini yaza bildim. Mən atam Məhərrəmi və onun atası Səmədin adını bilirəm. Ordan o tərəfə heç bir məlumatım yoxdur.

- Amma Ərdəbildən köçüb gəlməyiniz dəqiqdir, elə deyilmi?

- Atamgil Ərdəbildən köçüb Cəlilabadın Eşşəkçi kəndinə gəliblər. Kəndin indiki adı Zəhmətabaddır. Ümumiyyətlə ad sarıdan bəxtim gətirməyib. Mən Pakrovka kəndində məktəbə getmişəm. Orda aclıq olduğuna görə atam bizi də götürüb Salyan rayonu Qırmızıkənd kəndinə, əmimin yanına köçüb. O kəndin də köhnə adı Xarabakənddir. Mən Xarabakənd yazanda məndən inciyirlər. Amma o kəndin lap qədim adı Zincibaşı, sonra isə Xarabakənddir. Qırmızıkənd adı sonradan qoyulub.

- Geriyə baxanda nə hiss edirsiniz? Necə yaşadınız?

- Kaş mənim geriyə baxmaq imkanım olmayaydı, kaş doğulmayaydım. Geriyə baxmaq mənə nə sevinc, nə kədər verir. Mənim üçün ən böyük cinayətkar atam və anamdır. Kaş məni dünyaya gətirməzdilər.

- Bu 70 yaşın fəlsəfəsidir?

- Yox, qətiyyən. Mən 35 yaşımda da, 50 yaşımda da belə düşünmüşəm. Mənə elə gəlirdi ki, 35 yaşımda ölməliyəm. Mənim təbiətimdə mənfi enerji çoxdur.

- Amma kənardan elə görünmürsünüz. Geyiminiz, görünüşünüz həyat dolu insan təsiri bağışlayır.

- Təbii, bu elə də hiss olunmur. Amma saydıqlarınız da bəlkə də ölüm qorxusundan yaranan şeylərdir. Pislik etməkdən qorxuram. Geriyə baxanda heç nə hiss etmirəm.

Mənsiz də dünyanın işi keçərmiş,

Əcəba, dünyaya mən niyə gəldim?

Bir gün mən də unudulub gedəcəm. Biz kimləri unutmamışıq? İsa İsmayılzadə kimi bir şair, yalnız onun dostlarının yadına düşür. Ancaq yubileylərində xatırlanır. İsa İsmayılzadənin bir şeiri var; “Bir də bu dünyaya qayıtmağım var”. Amma bunlar hamısı poeziyadır.

Anarın Kulis.az-da çap olunan müsahibəsində belə bir yer var: “Mənə dünya şöhrətli yazıçı deyəndə ətim tökülür.” Əgər Anar bunu deyibsə, doğurdan da dahidir. Çünki Azərbaycanda heç kəs, heç bir yazıçı bunu etiraf edə bilmir. Məni Salyanda tanımırlar, dünyada tanısalar nə olacaq? Heç gopa basmaq lazım deyil. Dünyada Azərbaycan adlı yer tanınmır. Bizim şairlərimiz lap gedib moltanı dilində çap olunsun. Özünü tərifləyənlər yalan deyir. Bizim publisistlərdən biri o vaxt Zeynəb Xanlarova Türkiyəyə gedib gələndən sonra yazmışdı ki, Zeynəb xanım Türkiyəni fəth etdi. Amma necə fəth eləmişdi ki, biz 93-cü ildə o qastrola gələndə biletlərini sata bilmədik? Bizdə yalan məlumatlar, şişirtmələr çoxdur. Rəfiq Zəka deyirdi ki, mənə Türkiyənin Xalq Şairi adı veriblər. Belə şeylər kiçik çevrənin oyunlarıdır. Mən “Rəsul Rza”, “Şahmar Ələkbərzadə” mükafatları almışam. Amma bunların mahiyyəti nədir? Bir Xalq Şairi adı vardı, amma sizin nəsil onu elə hala saldı ki, daha onu da ciddiyə almırlar.

- Siz ədəbiyyatda bütöv nəsilləri görmüsünüz. Sizcə hansı ədəbi nəsil daha çox şişirdildi, qabağa çəkildi?

- 60-dan, 80-ə qədər olan ədəbi nəsil çox şişirdildi. İnsafən orda haqlı olaraq şişirdilən imzalar var. Ədəbiyyat 60-80-ci illərdə ədəbiyyat intibah dövrü keçdi. Tək bizdə yox, bütün dünyada baş verdi bu proses. Xeyli gözəl müəlliflər yetişdi. Amma heyf ki, biz Nizamidə, Füzulidə ilişib qalmışıq. Ədəbiyyat lazım olduğu qədər öyrədilmir.

- Siz Rəsul Rza ilə işləmisiniz, o dövrdə baş verənlərdən az-çox xəbərdarsınız. Rəsul Rza və Səməd Vurğun arasında bir çəkişmə, problem var idimi?

- Mən Rəsul Rza ilə az, cəmi 2-3 il işləmişəm, amma ondan sonra bütün ömrüm Rəsul Rza ailəsi ilə bağlıdır. Rəsul Rza lağa qoyulanda mən “Gələcəyin böyük şairi” adlı yazı yazmışam. “Rənglər” silsiləsi ilə bağlı yazım var.

Gülrux Əlibəyovanın Rəsul Rza haqqında kitabında “Rənglər” silsiləsini müdafiə edən üç adamdan sitat var. Taufer, İlya Selvinski və Tofiq Abdin. Məni bir az da fəhlə olduğum üçün ora qoşmuşdular. Amma Rəsul Rza ilə Səməd Vurğun arasında heç bir münaqişə görməmişəm. Rəsul Rzanın yaradıcılığında da onunla bağlı bir misra yoxdur. Mən onun yaradıcılığına bələdəm, belə şeyə rast gəlməmişəm. Səməd Vurğun çox tez ölüb. Rəsul Rzanın əsas yaradıcılığı isə 1960-cı ildən sonra başlayıb. O illərə qədər Səməd Vuruğunun istedadı üstələyir. Səməd Vurğun bütün dövrlərdə böyük şairdir. Amma onların arasında Anarla Əkrəm kimi, Afaq xanımla Anar kimi münaqişə olmayıb.

- Ümumiyyətlə ədəbiyyat qovğalarının ədəbiyyata faydası varmı?

- İndiyə qədər görməmişəm ki, Əkrəm Anara pis yazıçı desin. Pis şair deyə bilər, amma pis yazıçı deməz. Ümumiyyətlə onların problemi ədəbiyyat deyil. Rəsul Rza çox maraqlı adam idi. Kitabımda da bu barədə yazmışam. Azərbaycan ədəbiyyatında Cəfər Cəfərov, Rəsul Rza tamam başqa adam idi. Onları intelligent ədəbiyyat nümayəndələri idi.

- Bəs bizim ədəbiyyatda dissidentlər var idimi?

- Bu barədə dəfələrlə danışıblar, yazıblar. Bizdə Sinyavski, Kuznetsov yox idi. Bizdə 60-cı illərdə nəyin xətrinə olduğunu bilmirəm, amma dissident detallara şərait yaratdılar. Bütövlükdə dissident nümunələr yox idi. Məsələn mən 1969-cu ildə “Adlerdə bir körpü var” əsərini yazdım. Deyirlər əsər bütövlükdə azərbaycanlı oğlanla erməni qızın sevgisindəndir, amma elə deyil. Mən iki gəncin yaşadıqları şəhərə və özlərinə sığmadıqlarını qələmə almışam. Onlar ətrafdan o qədər qorxurlar ki, azad ola bilmirlər. Amma bunu mən deyirəm, ədəbi tənqid yazmayıb. Dissidentlik danışıqda var idi, amma ədəbiyyatda yox idi. Mənim 69-da yazdığım povestlər 90-cı illərdə çap olundu. Mənim “Atamı sevmək istəyirəm” şeirinə görə başım çox ağrıdı, axırda Əkrəm Əylisli onu çap elədi. Bizdə konkret olaraq Brodskilər yox idi. Məsələn mənim “Atama məktublar” poemamda belə bir yer var: “Burda adlar yox, familiyalar işləyir”. Mən şişirtmənin əleyhinəyəm. Nə var onu yazıram. Bədi əsərlərimdə də sənədli faktlar daha çoxdur.

- Qulu Ağsəs yazır ki, “Adlerdə bir körpü var” əsərinin qəhrəmanı olan Oğlan bəlkə də müəllifin özü idi?

- Əlbəttə. Orda başqa adam yoxdur. O əsər 80 faiz yaşanmışlardır.

- Qulu Ağsəs onu da yazıb ki, bu əsər mənə tam aydındır. Amma aydın olmayan bir məsələdi: povestdəki Oğlanla Qızın neçə aylıq yuxusuz gecələrindən, heç olmasa bir nişanə qalıb, ya yox?...

- Qız Ermənistana ərə getdi. Ərə gedəndən sonra da qaçıb gəlirdi mənim yanıma. Evimə gətirirdim, amma yaxına buraxmırdı.

O vaxt Azərbaycan tənqidi 3-5 adamın ətrafında fırlanırdı. 1969-cu ildə mən o əsəri yazanda bəlkə Anar müəllim “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni yazmamışdı. Amma neyləmək olar ki, mən çap oluna bilmədim. Qədir Rüstəmov haqqında yazdığım yazını Anar müəllim güclə xilas elədi. Məmməd İsmayıl “İşıq” nəşriyyatının direktoru olanda bir əməkdaşı var idi. Mənim Qara Qarayev haqqında yazdığım yazını, kitaba salmadı. Zeynəb Xanlarovanı tənqid etdiyim üçün təhdid olunmuşam. Amma bunlar detallardır.

- Deyirsiniz ki, Rəsul Rza haqqında yazılarınız var, sağlığında münasibətiniz olub. Anar Yazıçılar Birliyinin sədri olandan sonra o yazıların sizə bir faydası oldu?

- Zərərindən başqa faydası yoxdur. Anar müəllim düşünə bilər ki, Rəsul Rzanın yaradıcılığından yazmaq Tofiq Abdinin publisist kimi, şair kimi vəzifəsidir. Ümumiyyətlə mənim həyatdakı yolumu Rəsul Rza ailəsi bəlirləyib. İlk yazımı Anar çap edib, sonra Rəsul Rza məni “Ensiklopediya”ya aparıb. Daha sonra Anarın dəvəti ilə “Qobustan” jurnalına şöbə müdiri getmişəm.

- Anar bunları Rəsul Rzaya görə edib?

- Rəsul Rza məni aparmışdı yanına. İsa İsmayılzadə mənim yazımı ona vermişdi, o da məni axtarıb maraqlanmışdı. Getdim yanına, sərt söhbətimiz oldu. Amma məndən xoşu gəldi. Rəsul Rzanın mənə simpatiyası olmasını Anar bilirdi. Ələkbər Salahzadə, İsa İsmayılzadə onların evinə gedib-gəlirdi. Ancaq mən getmirdim. Azad adam idim. İşləyirdim və çox yaxşı yaşayırdım.

- Həm Anarla, həm də Anarla razılaşmayan gənc nəsillə isti münasibətləriniz var. Bu, Anarı qıcıqlandırırmı?

- Mən Anarı sevdiyim üçün gənclərin yanında, gəncləri sevdiyim üçünsə Anarın yanında hörmətdən düşürəm. Elnur Astanbəyli, Rasim Qaraca, Qan Turalı buna görə məni bəyənmirlər. Hər iki tərəfdən mənim taleyim birtəhərdir. Elnur Astanbəyli mənə yaxşı baxmaz, çünki mən Rəşad Məcidin qəzetində çap olunuram. Anarın xoşuna gəlmirdi ki, mən “Ədalət” qəzetində çap olunuram.

Amma həqiqəti, demokratiyanı sevməyi mənə Anar öyrədib. Anar öyrədib mənə sevmədiyin adamları çap etməyi. “Qobustan” ayrı məktəb idi. Amma indi yenidən Anarı ora qoysan, heç nə dəyişməz. Anar müəllim idarə rəhbəridir. Mənimlə işləmək istəməyib, Ələkbərlə işləmək istəyib. Mən heç vaxt onun üzünə bozarmamışam. Görünür alın yazımda “Qobustan”dan çıxıb getmək var imiş.

- Yazıçı dövlətdən nə isə gözləməlidirmi?

- Yazıçı o vaxt dövlətdən nə isə gözləməz ki, ikinci sənəti olsun. Amma bizim heç birimizin ikinci sənəti yoxdur. Türkiyədə yazıçıların çoxunun ikinci sənəti olub. Bizdə ədəbiyyatla dolanmaq Sovetdən gəlirdi. Mən Azərbaycanda ilk dəfə qonorarsız yazı məsələsini qaldırdım. Amma səhv elədim.

O vaxt Taleh Həmidin buraxdığı qəzetə 100 dollar pul vermişdim. Əlavə gəlirim vardı, maşınım vardı, taksi kimi istifadə edirdim. Normal yaşayırdım.

Mənə evi Anar müəllim alıb. O dövrdə üç ayın içində ev almaq, böyük iş idi. Anar müəllim birbaşa “Qobustan”ın əliylə mənə ev aldı. Yazıçılar Birliyindən 70 ildə gördüyüm budur. “Əməkdar mədəniyyət işçisi” adını da mənə Rəşad Məcid alıb. Rəşad Məcid təşəbbüs qaldırdı, Afaq Məsud da təqdimat yazdı. Mədəniyyət Nazirliyindən Vaqif Bəhmənli çağırdı və konvertdə 500 manat pul verdi. Bir-iki nəfər də çıxış etdi.

- Gözlədiyiniz diqqət varmı?

- Yeganə gözlədiyim şey prezident təqaüdüdür. O olsa mən qəzetlərdə yazmağa məcbur olmaram. Güman ki, bu təqaüdü də mənə verməyəcəklər. Məni görsələr deyəcəklər ki, bu cavan uşaqdır. Xalq şairi, xalq yazıçısı adı isə perspektivdə görünmür. Bizdə bəla odur ki, publisistikanı ədəbiyyat kimi qəbul eləmirlər. Bizdə o qədər yaxşı publisistlər var ki. Əflatun Amaşovun çevrəsi AYB-dən daha şanslıdır. Türkiyədə və Rusiyada publisistika birinci yerdədir.

Mənim qabağıma həmişə yaxşı adamlar çıxıb. Mən səkkiz uşaqlı, traxtorçu Məhərrəm kişinin oğluyam. Nəslimizdən Bakıya gələn ilk adamam. Amma yaxşı adamlar sarıdan bəxtim gətirib.

# 3384 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #