Məşədi Rəsulun yeddi mücrü qızılı kimə qismət oldu? - HƏYAT HEKAYƏSİ

Məşədi Rəsulun yeddi mücrü qızılı kimə qismət oldu? - HƏYAT HEKAYƏSİ
7 sentyabr 2013
# 08:00

Məşədi Zərgər Rəsul neft Bakısının ən varlı-karlı, ən sayılıb-seçilən kişilərindən olub. Gününü bahalı daş-qaşların, brilyantların əhatəsində keçirən Rəsul kişinin həyatı düz 1937-ci ilə kimi xüsusi zövqlə işlədiyi, can verdiyi qiymətli əşyalar kimi bahalı, parıltılı və gözoxşayan olub. Amma çərxi-fələyin tərsinə dövran elədiyi, Bakının neft qoxusuna həm də barıt iyinin qarışdığı zaman yetişəndə məşhur zərgərin də həyatında dəhşətli, faciəli hadisələr baş verdi...

Onun Sibirə sürgün edilməsinin isə maraqlı tarixçəsi var. Ailə başçısının qəfil həbsindən sonra onun arvad-uşağının da növrağı alt-üst oldu, aləm bir-birinə qarışdı.

Minlərlə günahsız insanlardan biri kimi o da 37-ci illərin qovğasından sağ-salamat qurtara bilmədi. Sərvəti tar-mar edilən zərgərin dəmir barmaqlıqlar arxasına düşməsinin tarixçəsi maraqlı olduğu qədər də acınacaqlıdır.

Məşədi Zərgər Rəsul əl tutduğu, çörək verdiyi bir insanın xəyanətinə qurban getdi. Belə ki, zərgərin evinə tez-tez gəlib-gedənlərdən biri də Əhməd adlı kasıb arabaçı, hambal imiş. Haqqın-ədalətin olmadığı bir zamanda etmədiyi cinayəti hambal Əhmədin boynuna qoymaq istəyirdilər. Üç gün arabaçı Əhmədi qorotdelin zirzəmisində hədələyir, huşunu itirənədək döyür, istədikləri cavabı almaq istəyirdilər. Bu da kar etmədikdə onun arvadını və yeniyetmə qızını ÇK-nın zirzəmisinə gətirir və onların qazamata atılacağını bildirirdilər. Əzizlərini bu əzablardan qurtarmaq naminə ÇK ilə əməkdaşlıq etməyə razılıq verən həmin arabaçının hədəfə götürdüyü adam bir başqası deyil, elə zərgərin özü olur.

Rəsulun arvad-uşağına naməhrəm sayılmayan Əhməd üç ay öncə Məşədi zərgər Rəsulun yeddi qutu fransız brilyant daş-qaş alması barədə ÇK-nın əməkdaşı Sərkisova danışır. Milyonların sahibi olan Məşədinin sonuncu alış-verişi digərləri ilə müqayisədə daha böyük imiş. Hambalın dediklərindən belə məlum olur ki, Məşədinin arabada evinə gətirdiyi yeddi qutunun hər birinin içərisində dörd yüz ədəd müxtəlif karatlı brilyant daş varmış. İndiyə qədər pisliyini görmədiyi arabaçıdan ona bundan sonra da zərər gəlməyəcəyini düşünən zərgər qutuları gətirən adamları yola salandan sonra Əhməd kişiyə də bir xeyli pay-püş verib evinə göndərir.

Hamını yola salan Məşədi əvvəlcə sinədolusu nəfəs alıb, bir qədər rahatlandıqdan sonra isə qolunu çırmalayıb brilyant daşlarla dolu olan qutuları mülkün müxtəlif yerlərində gizlədir. Altı qutunu ən çox güvəndiyi yerlərdə gizlədən zərgər nə qədər çalışsa da, yeddinci, daha bahalı daşlarla dolu qutuya evdə münasib bir yer tapa bilmir. Bir qədər düşünüb-daşınandan sonra əlindəki qutunu həyətdəki qızılgül kollarının dibində basdırmağa qərar verir. O, elə ay işığındaca qızılgül kolunun dibini bir qədər qazıb yeddinci qutunun üstünü yumşaq torpaqla örtür və faytona oturaraq bağa, ailəsinin arxasınca yollanır. Elə həmin gecə əyalını şəhərə gətirən zərgər bərk yorulduğu üçün evə çatan kimi yatağa uzanır və sonuncu alış-verişi barədə ailə üzvlərindən heç birinə məlumat vermir. Üç ay sonra yatmazdan əvvəl həyətə çıxan evin xanımı dörd nəfərin hasardan aşmaq istədiyini görür.

- Ay oğul, qapı açıqdır, neyçün hasardan aşırsız? – deyib, gələnlərə yol göstərir. Hər şey də bu dörd nəfərin gəlişi ilə baş verir. Meşin paltarlılar mənzil sahiblərini bir otağa dolduraraq otaqları axtarmağa, yorğan-döşəkləri yırtmağa, döşəməni sökməyə girişirlər. Gecəyarısı Məşədi zərgər Rəsulun əllərinə qandal keçirərək özləri ilə aparırlar.

Zərgər Rəsulun mülkündə gizlətdiyi qutuları tapmaq ÇK əməkdaşları üçün bir o qədər də çətin olmur. Zərgərin evinin ən etibarlı yerində gizlətdiyi altı qutu qızıl bir neçə dəqiqədən sonra hökumət işçilərinin əlinə keçir. Əhməddən zərgərin yeddi qutu fransız brilyantı aldığını öyrənən orqan işçiləri axırıncı qutunu tapa bilmədiklərinə görə əvvəlcə bərk əl-ayağa düşürlər. Amma nə qədər çalışsalar da, həyətdəki qızılgül kolunun dibində gizlədilmiş yeddinci qutunu tapa bilmirlər. Bundan sonra onlar həmin daş-qaşın yerini Məşədi zərgər Rəsulun özündən öyrənməyə qərar verirlər. Bu məqsədlə düz üç gün Məşədiyə ən ağlagəlməz, müxtəlif abırsız işgəncələr verirlər. Amma zərgər Rəsul dözür, onları öz sirrindən agah etmir. İşgəncələrin kar aşmadığını görən orqan işçiləri axırda zərgərin həyat yoldaşını da həbs edirlər.

Ərinin yeddi qutu brilyant aldığını bilən evin xanımının həqiqətən də yeddinci qutunun harada gizlədilməsindən xəbəri olmur. Buna görə də orqan işçilərinin bu cəhdləri də boşa çıxır.

Məşədi zərgər Rəsulun həyat hekayəsi bununla da yekunlaşmır. Adı dövrünün bir çox adlı-sanlı, tanınmış adamları kimi "qara siyahı"ya düşən zərgər barədə bir neçə gün sonra hökm çıxarılır. Məhkəmənin qərarı ilə ona on beş il həbs qərarı oxunur və Sibirə sürgün edilir. Tale elə gətirir ki, həbs edildiyi gündən sonra Məşədi bir dəfə də olsun ailə üzvləri ilə görüşə bilmir. Buna görə də o, həyətdəki qızılgül kolunun dibində gizlətdiyi bir qutu brilyant daş-qaş barədə heç kəsə bircə kəlmə də demir. Həmin sərvətdən xəbərsiz olan zərgər ailəsini isə daha ağır, daha acınacaqlı günlər gözləyir. Ailə başçısının həbsindən sonra Məşədiyə məxsus olan bütün mal-mülk müsadirə edilir. Hətta həmin altı qutu brilyantdan əlavə Məşədinin mülkündən, həyətdəki quş damından daha bir pud qızıl tapılır. Bunlara baxmayaraq, zərgərin ailəsi çox acınacaqlı illər yaşamaq zorunda qalır. Həmin bir qutu brilyant daşın sirri isə çox sonralar açılır. Müharibədən sonra Məşədinin mülkünə köçən Bakı şəhər KP şöbə müdirlərindən biri təsadüf nəticəsində qızılgül kolunun dibində gizlədilmiş qutunu tapır və NKVD də çalışan dostuna xəbər verir. Qutunun sonrakı aqibəti barədə məlumat verilməsə də, həmin brilyantlardan yoxsulluq içərisində yaşayan Məşədi zərgər Rəsulun ailəsinə bircə daş da çatmadığı məlumdur...

# 3207 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #