Dulusçunun sevgisi

Dulusçunun sevgisi
6 sentyabr 2013
# 10:52

Kulis.az Fransız yazıçısı Pyer Qamarranın (1919- 2009) “Dulusçunun sevgisi” hekayəsini təqdim edir.

Tərcümə etdi: Kənan Hacı

Külək düzənlikdə var gücü ilə əsir, kom-kom xəzəlləri şırımlara, xəndəklərə tullayırdı. Təpələrdə ucalan akasiyaların budaqlarındakı sırğalar dörd bir yana səpələnmişdi. Dumanlı havada qarğalar qarıldaşaraq uçuşur, sanki payızın gəlişini xəbər verirdilər. Bataqlıqların lilli suları qəfildən qopan güclü küləkdən qırçın-qırçın olmuşdu. Tüstü burum-burum burularaq boz səmada əriyib yox olurdu. Gedib üzüm kollarının quru budaqlarından tapıb gətirmək lazımdır, gərək qalanmış tonqalı sönməyə qoymayaydın. Bir azdan axşam da düşəcəkdi. Mal-heyvan indi tövlədə şirin-şirin kövşək vurur. İtlər də, pişiklər də daldalanmaq üçün isti-künc bucaq axtarır. Evlərdə hamı bir yerə yığışmış, intizarla şam yeməyini gözləyir. Əyir-üyrü, düyünlü, qurumuş tənək çırpıları yarıqaranlıq mətbəxdə çataçatla alovlanır; alovun uzun dilləri evin tirinin üstünə atılmış atmalara qədər ucalır.

Mən indi sənə dulusçu Vidalın başına gəlmiş əhvalatı –onun məhəbbət macərasını danışacağam. Onun evi ordadır- palıd meşəsinin qurtaracağındakı təpələrin qoynunda. Pəncərədən boylanıb baxsan, həmin evi sən də görə bilərsən. Ora kəndin içindən keçən, ilan kimi qıvrıla-qıvrıla çəmənliklərin və küləşli-bəlimli çöllərin döşünə qədər qalxan yolla getmək lazımdır. Təpənin başına çatmazdan əvvəl sənin qarşına palıd ağaclarının arası ilə Vidalın evinə qədər uzanan köhnə bir yol çıxır. Bu həyəti axıra kimi keçib getsən, dulusçunun ocağını, taxta damını, fasadını boya-boy yaşıl üzüm budaqları dırmaşmış uzun, alçaq evini görərsən.

İsti yay axşamlarının birində, bürkülü bir havada Vidal həmin bu həyətdə dayandı. Meh o qədər zəif əsirdi ki, ağacların yarpaqlarını, otları güclə tərpədirdi. Çiynində ərzaq çantası və əsgər şineli olan Vidal uzun bir yol gəlmişdi. Gecə yarısına yaxın artıq kəndə yetişmişdi. Kənd yatmışdı və yəqin ki, pəncərələri bağlı evlərdə hamı indi şirin yuxudaydı. Meydandakı çinar ağaclarının altında mirvari kimi parlayan damlalarını ətrafa səpən fəvvarənin tanış səsini o dəqiqə tanıdı. O, təkcə fəvvarə ilə bağlı duyğuları deyil, əvvəllər bu skamyalardan birində oturduğunu, gözlərini yumaraq, fəvvarənin suyunun şəlalə kimi daşın üstünə necə çırpıldığını, qısası-ilk uşaqlıq xatirəsini də yenidən duydu, yaşadı. O vaxtlar mirvari dənələrini sayan, qolbaqları, bilərzikləri qollarına təkrar-təkrar bağlayan qadın əllərini uşaq təsəvvüründə canlandırmağa çalışdı.

Heç nə dəyişməmişdi. Dörd tərəfi yonulmuş qranitlə götürülmüş çarhovuzun ətrafında, bir-birinə dolaşmış çinar ağaclarının budaqları altında həmişəki kimi heç nə ilə müqayisə olunmayan bir sərinlik yayılırdı. Evə tez çatmaq üçün burnunun ucu göynəməsinə baxmayaraq Vidal bir neçə anlığa doğma kəndinin xoş ətri ilə sinə dolusu nəfəs almaq fikrilə bir neçə anlığa fəvvarənin lap yaxınlığında oturdu. Meydanın ətrafında süd kimi ay işığı evlərin sakitcə, səssiz-səmirsiz dayanıb ona baxan fasadını işıqlandırmışdı. Vidal kilsənin sütunlu darvazasını, məktəbi, bələdiyyə idarəsini, köşkləri, madmuazel Qalinin ədviyyat dükanını, Felisyenin ət dükanını və tütün satılan köşkü – hər şeyi, hər şeyi tanıdı. Hər şey öz yerində idi. Gecə havasında cirə, nanə, şüyüd və əncir qoxusu bir-birinə qarışmışdı. O, şehli, gül-çiçəkli doğma torpağın ətrini də duydu. Vidal xüsusi bir nəşə ilə doğma yerlərin havasını ciyərlərinə çəkdi, sinədolusu nəfəs aldı.

Bu saat, bu dəqiqə Vidalın burada olduğunu, əsirlikdən qayıdıb gəldiyini və öz evinə tərəf irəlilədiyini, süd kimi ay işığına qərq olmuş yolda uzunqıç kölgəsinin qəribə şəkildə görünməsini heç kim ağlına belə gətirməzdi. Əgər birisi onun ayaq səslərini eşitsəydi və baxıb onu tanısaydı, o dəqiqə haraylayıb deyərdi: “Bu tərəfdən gəl, Vidal, yol gəlibsən, susuzsan, bir az dayan, nəfəsini dər...” Ancaq heç kim onun ayaq səslərini eşitmədi, heç kim onu çağırmadı və dulusçu Vidal təpələrdən keçib gedən yoluna davam etdi. O, zəmilərin vaxtından əvvəl biçildiyini də gördü. Kollarda adda-budda yerlərdə şipşirin üzüm qalmışdı. Təpəyə qaxldıqca torpağın ətri artırdı. Bu, həqiqətən onun doğma evinin tikildiyi, qohum-əqraba torpağının nə vaxtsa Vidalların yandırıb qab qayırdıqları sarı gilin qoxusu idi.

Düzünü desək, Vidal Moris artıq əsl dulusçu deyildi, yalnız əkin-biçinlə məşğul olurdu. Əgər hərdənbir dulusçuluğa əl qatırdısa, bu da şəxsi marağından və xəyalında düşündüyü yeni qablar qayırmaq xülyasına düşməsindən irəli gəlirdi. Dulusçuluq sənəti əslinə qalsa, hələ otuzuncu illərdə öz ömrünü uşaqlarına tapşırmış atası Vidal Andreylə qurtarmışdı. Ailənin işləri uzun müddət yaxşı getmədi. Sadə kənd sənətkarı iri fabriklə rəqabət aparmaq iqtidarında deyildi. Buna baxmayaraq Vidallara ailəsinin düzəltdiyi küpələr, səhənglər və bardaqlar ölkədə məşhurlaşmışdı. Ancaq hazırlanmış məhsulların heç kim tərəfindən alınmadığı bir vaxtda təkcə şöhrətlə ailəni dolandırmaq da olmurdu. Qoca öləndə isə övladlarını xirtdəyəcən borc içində qoyub getmişdi. Həyətyanı torpaq da uzun müddət becərilməmiş qalmışdı. Moris ordudan gələndə dulusçuluq işini birdəfəlik dayandırdı və cütün dəstəyindən tutub Vidallar ailəsinin bu günə qədər xam qalan torpağını becərməyə girişdi. Könülsüz idi, çünki ürəyi elə gilin yanında qalmışdı. Elə hey görərdin ki, gildən balaca-balaca insan fiqurları düzəldib onları yaxşıca rəngləyir, ya otaqda divarlardan asır ya da kərpic sobanın üstündə yan-yana düzərdi. Amma yenə də bu balaca insan fiqurları ilə ailənin çörəyini qazanmaq mümkün olmurdu.

Vidal Moris dəzgahı dayandırdı. Onun özündən kiçik iki bacısı vardı, onların tərbiyəsi və bütün qayğısı Vidalın çiyinlərinə düşürdü. Anası çox qoçaq arvad idi, ancaq xəstəlik onu əldən salmışdı. Yazıq arvad, müharibə başlamamışdan bir az qabaq dünyasını dəyişdi. Moris arada imkan tapıb evləndi və onun arvadı öz anasıyla gəlib dulusçular ailəsində yaşamağa başladı. Camaat həmişə “dulusçu” deyəndə Morisi və onun ata-babadan qalma evini nəzərdə tuturdu, çünki artıq işləməyən, yox olub gedən sənətin köhnə adı Vidallar ailəsinə ləqəb olmuşdu.

Vidal Morisin arvadının adı Odet idi. Morisə ərə gəlməmişdən qabaq anası ilə birlikdə kəndin lap girəcəyində olurdu. Hər ikisi onun-bunun torpağında işləyib çörək qazanırdılar. Odet əndamlı, qarabuğdayı, gözəl-göyçək bir qız idi. Onun ağzı püstə, dili badam içi kimiydi. İri, qonur gözləri vardı. Uzun kirpiklərinin hərəsi bir ox olub cavan oğlanların ürəyini dağlayırdı. Hamı onun ciddi qız olduğunu bilirdi.

Moris ona kənddə olan toylarda və adətən gənclərin yığışdığı mərasim şənliklərində rast gəlmişdi. Ordudan qayıdıb gələndən sonra onları tez-tez bir yerdə görürdülər. Az keçmədi ki, dulusçu Morisin qarabuğdayı Odetə vurulması haqda söhbət dildən-dilə, ağızdan-ağıza düşdü.

Bir gün axşamtərəfi, qonşu kəndlərin birindən qayıdanda Moris ürəyini qıza açdığını və qızın da ona gəlməyə razı olduğunu anasına bildirdi. Qızın bircə arzusu vardı: Vidalın evinə köçəndə anasını da özüylə aparsın, axı yaşlı arvadı dərə-təpədə yerləşən bir evdə tək qoymaq da olmazdı.

- Hə, deməli, mənə düz deyiblər,- Vidalın anası dedi, - axırı ki, bu Odet səni qurduğu tələyə saldı, eləmi?

- Xeyr, xeyr, heç də elə deyil,- oğul etiraz etdi.

- Necə istəyirsən, elə də elə. İndi bu evdə kişi sənsən, ancaq mən sənə başqa bir qız almaq arzusundaydım. Sən aldığın qızın isə heç nəyi yoxdur, bir həsirdir, bir məmmədnəsir. Mən qızın cehiz gətirməsi arzusunda da deyiləm, biz özümüz də kasıb yaşayırıq, amma...

Görəsən bu xeyirxah qadının arzusu nə idi? O, gələcək gəlinini əslinə qalsa, heç nə üçün qınamırdı. Kənd camaatının dedi-qodusu, daldada rixşəndlə gülməsi qızın ad-sanına toxuna bilərdi. Əslində isə Morisin anası oğluna varlı-karlı bir qız almaq arzusu ilə yaşamışdı, çünki azacıq kömək Vidallar güzəranını yaxşılaşdıra bilərdi. Həyətyanı sahəni becərmək üçün ailəyə yeni maşın, kübrə və toxumluq dən də almaq lazım idi.

Oğul inadcıllıq etdi, dediyindən dönmədi. Evdə iş bacaran adam da lazımdır. Odet qoçaq idi. Qızın anasının da işdə əlindən inni-cinni qurtarmazdı. Vidalın anası başqa bəhanələr gətirməyə çalışırdı.

- Bu qədər arvadın bir evdə olması heç bir xeyir verməz. Yaxşı, deyək ki, sən deyən oldu, bəs bacıların? Onlar Odetlə, onun anası ilə yola gedəcəklərmi?

Doğrudan da qıza nişan taxıldığını eşidəndə kənddə, camaat arasında az dedi-qodu gəzmədi. İndi kuzəçi Vidal arvadlar evinə komandanlıq edəcəkdi. Bu işin axırı necə olacaqdı? Doğrudur, Vidalın böyük bacısı uzaq kəndlərdən olan bir oğlana nişanlanmışdı. Az keçməyəcəkdi ki, o, Vidallar ailəsindən gedəcəkdi. O birisi də vaxtı çatanda böyük bacısı kimi gedəcəkdi. Onlara cehiz vermək lazım gələcəkdi. Əlbəttə, kuzəçi Vidal hallı-karlı bir ailədən evlənsəydi, belə bir böyük ailədə onun köməyi işləri asanlaşdırardı. Ailələr həmişə bir-birinə biçin işində, taxılı döyməkdə və üzüm yığmaqda kömək edərdilər.

Toy günü təyin edildi. Odet anası ilə gəlib Potyelər ailəsində məskən saldı və sakit həyat tərzi başlandı. Kənddən kənarda, təpənin döşündə yerləşən evdə Odetin darıxacağını, xiffət çəkəcəyini düşünənlər yanılırdılar. Əksinə, Vidalın sevincinin həddi-hüdudu yox idi və özü də gördü ki, arvadı böyük, geniş evdə yaşadığına görə xoşbəxtdir. O, iki otaqlı, üstü uçulub-tökülən, içərisində iki-üç sınıq-salxaq mebeli olan bir daxmadan çıxıb qədimi güzgülərlə, çarpayılarla, qab-qacaqla və Vidalın atasından qalma stulların, yataq otaqlarının adamın üzünə gülən ağ örtüklərlə dolu bir evə düşmüşdü. Bu, Odetin anası üçün də bir sevinc, xoşbəxtlik idi. Odet də, anası da burada, Morisin ailəsindəki ailə üzvlərilə mehriban dolanmaq üçün əllərindən gələni edirdilər.

Bir neçə il sakit, davasız-şavasız keçdi. Vidallar evi yavaş-yavaş evə oxşamağa, dirçəlməyə başladı. Bol gəlmiş məhsul elə Odetin gəlişinin birinci ilində qoca Vidalın qoyub getdiyi borcları qaytarmaq üçün imkan yaratdı. Morisin hələ də əkilib-becərilməmiş torpaq sahəsinin qalan hissəsini sürmək üçün bir cüt, iki də öküz aldı. Danışıldığı kimi, Morisin böyük bacısı ərə getdi və qız doğma evindən on kilometr aralı olan bir kəndə gəlin köçdü. Onlar toy günü iki günlüyə həmin kəndə getdilər. Bu əhvalat min doqquz yüz otuz yeddinci il, yayın sonlarında, taxıl yığımının qurtardığı bir vaxtda baş vermişdi.

Odetin bir oğlan uşağı oldu. Uşaq qalmadı. Bu, Moris üçün böyük bir dərd oldu. O, əkinçilik peşəsini sevirdi və həmişə düşünürdü ki, gözəl ev quracaq, uşaqlar böyüyəcək, onun köməyinə çatacaqlar. O, cavan evlənmişdi və ümid edirdi ki, hələ özü qocalmamış uşaqları böyüyüb yekə kişi olacaqlar. Vidalın anası da dərd içində qovrulurdu. Xeyirxah qadın ölüm saatının artıq gəlib çatdığını hiss edirdi. Doğrudan da belə oldu. Morisin anası otuz səkkizinci ilin qışında həyatdan köçdü. Evdə hər şey dəyişildi. Hər şey gözlənilmədiyi kimi oldu və ilk anlar Moris özü də bunu hiss etmədi. Odet evdə ailə başçısı oldu. Şübhəsiz ki, onun buna ixtiyarı çatırdı, ancaq anası həmişə evin alqı-satqı işlərində, hər hansı bir yeni tədbirin həyata keçirilməsində qızına mütləq öz fikrini bildirirdi. Vidalın ikinci bacısı, çox cavan olmasına baxmayaraq, bütün bunları tez bir zamanda hiss etdi. Morisi tez dilə tutmaq olurdu. İkinci qız isə anasına oxşayırdı, tutduğunu buraxmaz, dediyini inadla yerinə yetirməyə çalışardı. Moris evdə olmayanda arada qısa, qanqaraldan mübahisələr olurdu. Arvadların üçü də nəfəsləri kəsilənə qədər bir-birilə deyişir, Vidal astanada görünən kimi isə hər kəs öz yerinə otururdı. O, qadınlar arasında kök salmış bu dərin hikkəni hiss edir, ancaq narahatçılığını büruzə vermir, daha doğrusu, üzə vurmurdu. Ölkədə böyük çaxnaşma gedirdi. Vidal da ayaqqabılarını yağlayıb təmizlədi və yola düşüb getdi. O, bir ildən artıq olardı ki, xəbəri olmadığı arvadının yanına, doğma evinə yenidən qovuşmaq üçün kəndi tələsik keçib, isti və gözəl yay axşamlarının birində qayıdıb gəlirdi.

***

Vidal yola düşdüyü yayın son, sərin mehin əsdiyi günü heç vaxt unutmamışdı. Həmin il tənəklərdə üzüm salxımları elə sıx idi ki, bol məhsul olacağı əvvəlcədən gözlənilirdi, salxımlar yavaş-yavaş allanırdı. Həmin il almalar da yaxşı gətirmişdi, barlı budaqlar yerə dəyirdi.

Böyük əzab-əziyyətlə işləri təzəcə sahmana düşən evi, bol məhsulunu ailəyə ilk dəfə vəd edən məhsuldar torpaq sahəsini, arvadını qoyub getməli –bütün bunlardan istər-istəməz ayrılmalı idi Vidal. Ona elə gəlirdi ki, evindən-eşiyindən bir neçə həftəliyə, bəlkə də bir neçə aylığa ayrılır. O, evdə olmadığı müddətdə qoyub getdiyi bu üç qadın evin bütün qəhrini çəkəcəklər, hər işin öhdəsindən gələcəklər.

Vidal yola düşdüyü gün dan sökülməmiş yerindən qalxmışdı. O, həyətə düşmüş, həyət-bacanı gəzmiş, tikililəri, ev-eşiyi yoxlamışdı. Bir çəngə qara yonca yonub dovşanlara vermişdi, toyuqlara dən səpmişdi. Vidallar ailəsinin dulusçuluqla məşğul olduqları emalatxanaya baş çəkmişdi. Dəzgah atılıb bir küncdə qalmışdı. Köhnə alət saz idi, ancaq bir az künc tərəfə qoyulmuşdu ki, dülgərlik işləri ilə məşğul olmaq üçün yer bir az da genişlənsin, dəzgah əl-ayağa dolaşmasın. Vidal dəzgaha və bir yığın dəmir-dümürə yaxınlaşdı, alətlərin üstünü bürümüş nazik toz qatını əlilə sildi.

O, əvvəllər də bazar günlərində hərdənbir ora gələr, kiçik külqabılar, insan fiqurları, güldanlar düzəldərək əylənərdi. Adi hallarda isə dəzgaha baxanda ürəyi qubar edir, onu məyusluq bürüyürdü. O, Vidallar ailəsinin nəsilbənəsil bu günə qədər gəlib çıxan, indisə tamamilə fəaliyyətini dayandıran bu sənətinə daha heyfsilənmirdi. Bu, keçmişdə qalmış geriliyin ucbatından bir tikə çörək naminə naəlaclıqdan qazanılmş bir peşə idi. Vidalın tay-tuşlarının ataları nə bilim, bulkaçı, dülgər idilər, bununku isə dulusçu. Həyat öz işindədir, işləri istədiyi səmtə əyə bilir, heç nə edə bilməzsən. Ancaq Vidal yola düşəcəyi günün səhəri bu dulusçu dəzgahına və alətlərə tamamilə yeni gözlə baxdı. Dulusçuluq necə də gözəl sənət idi! Sarı gili xüsusi yerlərdən gətirirsən, əlində övkələyib xəmir kimi yoğurursan, sığallayırsan, yumşaldırsan və o da sənin əlində güldanın boyuna, boşqabın içinə, insan fiquruna yaxud da başqa bir əşyaya çevrilir.

Uzaq keçmişdə Vidallar nəslində dulusçuluqla məşğul olanların səsi Moris Vidalın qulaqlarına gəlir, keçib getmiş illər, unudulmuş və vaxtilə eşitdiyi söhbətləri təzələyirdi.

Ev hələ şirin yuxuda idi. Üfüq insanın qəlbini oxşayan rayihəli, xoş bir sərinliklə sökülməyə başlayırdı. Fikir-xəyal içində olan bu adamı ətrafın sakitliyi öz qoynuna almışdı. Quşlar oyanırdılar.

***

Vidal evə tərəf gedəndə həyət-baca süd kimi ay işığına qərq olmuşdu. Çınqıl daşlardan hörülmüş evin divarları, torpağı, hər şey, hər şey elə bil ay işığından tikilmiş gen və yaraşıqlı bürüncəyə bürünmüşdü. Bağın kənarlarındakı yasəmən kolları, əncir ağacları əsən mehdən yırğalanırdılar. Bu yay axşamında Vidalın qarşısındakı ev sanki qar və süd rəngilə ustalıqla boyanmış, nağıllardakı saraylara oxşayırdı. Havada ağacların xoş ətri bir-birinə qarışmışdı.

Vidal ayaq saxladı, çiynindəki əsgər çantasını cəld hərəkətlə düzəltdi. Dodaqlarında təbəssüm oynadı.

Tənhalığın, intizarın, ac-susuz keçirdiyi günlərin, neçə vaxtdan bəri keçib gəldiyi yolların yorğunluğunun, çiynində gəzdirdiyi çantanı birdəfəlik atacağı anın sonu artıq gəlib çatmışdı. Gözlərinin qabağında canlanan əsgərlərin dəstə-dəstə oda-alova qarşı yürüməsi, hərbi düşərgələr, aclıq, şaxtalı günlər, yaxınlığında partlayan bombalar, hər şey bu evin qarşısında onun yaddaşından silinib yox olurdu.

Oh, Vidal, Vidal! Sənin evin süd kimi ay işığına qərq olmuşdu, sən isə ətirli və qəlb oxşayan havada sakitcə dayanıb bu evə diqqətlə baxırdın. Ağır üzüm salxımları aşağısından haça vurulmuş çardaqdan sallanırdı. Salxımlar o qədər sıx idi ki, evin bağlı qapısı görünmürdü. Ev susurdu, sanki lal olmuşdu. İçəridə isə hamı şirin yuxuda idi. İnsanlar da, heyvanlar da – hər şey, hər şey uyuyurdu. Vidalın Almaniyanın lap qurtaracağından, odun-alovun içindən qayıdıb gəldiyindən və bu dəqiqə evinə-eşiyinə salam vermək üçün astanada dayandığından heç kimin xəbəri yox idi. Heç it də hürmürdü. Yəqin o indi yaxınlıqdakı meşədə kol-kosların arasında sülənir.

Haradasa uzaqda bayquş uladı. Vidal çevrilərək keçib gəldiyi yola tərəf baxdı. Uzaqda, üfüqlə yerin kəsişdiyi nöqtədə Ay süzürdü. Moris dərindən nəfəs aldı. Vidal çevrilib keçib gəldiyi yola tərəf baxdı. Uzaqda, yerlə üfüqün kəsişdiyi yerdə dağların döşündəki buludların arasında ay üzürdü. Moris dərindən nəfəs aldı, sinəsi qabardı və sonra qapiya tərəf addımladı. Əvvəlcə həyətin ortasında dayanıb çağırmaq istədi: “Ey, evdəkilər! Ay ev! Gəlmişəm, mənəm! Morisəm!” Bu vaxt üzüm kollarının altındakı pəncərə açıq olsaydı, yəqin ki, Odet başını çıxarıb çiynində çantası, ayaqlarında çəkmələri, sinəsində orden və medalları olan əsgərin kölgəsini görən kimi qışqırardı: “Bu, sənsən? İlahi! Axır ki, gəlib çıxdın!”

Ancaq Vidal evə daha yaxın gəlmək, atasının vaxtından qalmış köhnə, kələ-kötür qapısına, çətinliklə salınmış siyirməsinə, qıfıla əl ilə toxunub yoxlamaq və yalnız bundan sonra haraylayıb evdəkiləri çağırmaq fikrinə düşdü. Bəli, yalnız bu vaxt ilan kimi dırmaşıb evin hər tərəfini qoynuna alan yaşıl üzüm kolunun içərisindən, insanı məst edən ətirli, rayihəli havada pəncərələr taybatay, bütün genişliyilə açılardı!

İki addım da atsaydı, qapıya çatacaqdı. İndi evlə onun arasında yalnız iki daş pillə qalırdı. Böyüyüb boya-başa çatdığı doğma evinin, ətrafındakı quru otların ətri ona tanış idi. Uzaqda bayquş sanki Vidala onun azadlığını, asudəliyini daha da dərindən hiss elətdirirmiş kimi bərkdən ulayır, aləmə səs salırdı.

O, qapını döydü. Qapının arxasında döşəməsinə qırmızı dördkünc, nahamar daş plitələr döşənmiş geniş dəhliz vardı. O, qapını bir də döydü və yalnız bundan sonra səslədi:

- Odet! Odet! Mənəm, gəlmişəm! Morisəm!

O, qulağını qapıya söykədi. Səs-səmir yox idi. İçəridə nə bir xışıltı, nə bir şıqqıltı – heç nə... elə bil burada adam yaşamırdı. Deməli evdə heç kim yox idi. Ancaq Vidal qapını döyür, çağırırdı. Qapıda gumbuldayan yumruğu və boğuq səsi gecənin sakitliyində ətrafa yayılırdı. Nəhayət, o, dayandı və keçib gəldiyi ucusz-bucaqsız vadiyə nəzər saldı. Yarpaqların yüngül xışıltısı və cırcıramaların səsindən başqa heç nə eşidilmirdi.

Vidal çiynindəki əsgər çantasını yerə qoydu və astanadakı daşın üstündə oturdu. Arvadından aldığı axırıncı məktubunda ona yazmışdılar ki, demək olar işlər yaxşıdır və hər şey öz qaydasıyla gedir. Ancaq o vaxtdan da xeyli, düz bir ildən çox vaxt keçir. Onda hələ kiçik bacısı ərə getməmişdi. Qırx ikinci ildə yem qıtlığı olduğundan öküzləri də satmışdılar. Həmin il kübrə də tapa bilməmişdilər və üzümlər də korluq çəkmişdi. O vaxt kim korluq çəkməmişdi ki? Buna baxmayaraq, torpağın əsas hissəsini əkib-becərmişdilər, arvadların üçü də bu işdə çalışmışdı.

Vidal yenə səslədi, çağırdı, ancaq onda heç bir şübhə-filan qalmamışdı. O, evin qapısına tərəf qaçdı və qapının qulpundan tutub itələdi. Qapı sözə baxmadı, açılmadı ki, açılmadı. Belə olduqda o, ata-baba qaydasıyla açarın gizli saxlanıldığı yeri xatırlamağa başladı. Yadına düşdü. Həmin yer həyətdəki su quyusunun kənarındakı kərpic qalağının içində düzəldilmiş deşik idi, açarı həmişə ora qoyardılar. Quyu isə bağın girəcəyində, sol tərəfdə idi. Həmin yer daş idi, adam boyu qalxmış yaşıl otlar, gicitkan və tikanlı kol-kos bu gizli yeri öz qoynunda gizlətmişdi. Açarların üçü də yerində idi. Evin, tövlənin və dən saxlanan damın açarını toz basmışdı.

Vidal hər şeyi dərindən fikirləşməyə, götür-qoy etməyə başladı. Hə, yaxşı, əgər arvadların heç birisi evdə yoxdursa, evi belə qoyub gediblərsə, deməli, nəsə bir şey olubdur. Deyək ki, bacısı ərə gedib. Odet də kəndlərinə köçüb? Nə üçün? Açarların üstündə əmələ gələn qırmızımtıl pas evin həftələrlə, bəlkə də aylarla bağlı qaldığını xəbər verirdi. Bəlkə burda yaşamaq bir müddət təhlükəli olub? Almanlardan qorxub qaçıblar? Bəlkə partizanlardan? Şübhə yox idi, mütləq nəsə bir səbəb vardı. O, hər şeyi öyrənəcəkdi.

Evə girdi. Çoxdandı ki, burda adam yaşamadığını hər şey açıq-aydın deyirdi. Ətrafdakı toz-torpaq, künc-bucaqda əmələ gələn kif, içərinin nəmli və soyuq havası, Allah bilir, nə vaxtdan bəri çəkilib külqabıda qalmış siqaret kötüyü, içəridəki səliqəsizlik, evin başlı-başına qoyulub tərk edilməsi... Vidal əvvəlcə evdə oğurluq baş verdiyini fikirləşdi, ancaq yox. Vidalların qədimi, köhnə mebellərinin hamısı öz yerində idi. Mələfələr, dəstərxan şkafda, öz yerində idi. Mələfələrin, yorğanüzülərin azadlığı da nəzərə çardı. Yaxşı, deyək ki, bacısı da ərə gedib və öz payını cehizinə qoşub aparıb?..

O, öz otağına qalxdı. Yer yığışdırılmamışdı. Köhnə, deşik-deşik olmuş mələfə döşəyin üstündə atılıb qalmışdı. Vidal, içərisində əvvəllər səliqə ilə paltar saxlanan şkafın siyirmələrini birbəbir açdı. Divar şkafında palto, şalvar və yağmurluqlar asılqanlarda saxlanardı. Toyunda geydiyi kostyumu şkafın qapısı açılan kimi onun gözünə dəydi, şalvarları, ayaqqabıları da yerində idi. Bircə Odetin şeylərindən heç biri yerində deyildi. Nə yubkalar, nə donlar, nə də başına saldığı tül örtüklər. Siyirməli şkafın üstündəki oyuncaqlar da yoxa çıxmışdı. Toy günü çəkdirdikləri və çarpayının yuxarı tərəfindən divara vurulmuş şəkil də yerində yox idi. O şəkli döşəmədə, toz-torpağın içində gördü. Şəklin haşiyəsinin şüşəsi qırıq-qırıq olmuşdu.

O, mətbəxə endi, pəncərələri açdı. Gecənin sərin, təmiz havası içəri doldu. Dan sökülürdü. Vidal atasının vaxtından qalma köhnə stola dirsəkləndi. Daş kimi quruyub qalmışdı, Günəşin qızılı telləri yavaş-yavaş qarşıdakı təpələrin ardından qalxırdı. O, kəndə enmək fikrindən yayındı. Vidal çıxılmaz vəziyyətdə öz-özünə deyirdi: “Mənim də ağlım çaşıb ey... Elə bir qorxulu şey yoxdur yəqin ki...” Qayıdıb gəlməsi münasibətilə bu saat qonşuların yığışıb bura tökülüşəcəyini və istehzalı təbəssümlə ona: - Eh, yazıq Vidal, səninki gətirmədi! – deyəcəklərini eşitməkdən ehtiyat edirdi.

***

Bəli, hər şey məhz belə idi. Qəsəbənin elə birinci evindəcə həqiqət ona məlum oldu. Bu evin adamları (onlara hamı Düplanın uşaqları deyərdilər) ha istədilər bu ağır xəbəri verməsinlər, ha köks ötürüb ah-uf elədilər, ha təəssüflə başlarını buladılar, yenə də özləri demişkən, olmadı ki, olmadı... Bəli, bu evin adamlarının da orda – odun-alovun içində bir oğlanları qalmışdı, hələ gözlər yoldaydı, gözləyirdilər. Ata Vidalı səmimi dost kimi ö yanında oturtdu və dedi:

- Hələ dilinə bir şey vurmamısan? Heç kimə xəbər vermədən gecə gəlibsən? Deməli, kəndimizdən müharibəyə gedənlərdən birinci qayıdıb gələn sənsən. Bəs Tuluzda qatardan düşəndə səni təntənəli surətdə qarşılamadılar?

Vidal dedi ki, o, doğma kənd-kəsəyə, evə daha tez gəlmək istəyirmiş. O, qatardan düşən kimi yoldan keçən bir yük maşınına minmiş və kəndin yuxarısından keçən yola qədər həmin maşında gəlmişdir, ordan isə evə qədər piyada... Doğma evi, ailəni görməyə bərk tələsirmiş.

Ata Düplan başını aşağı saldı, nəzərlərini Vidaldan yayındırmaq üçün arpa qəhvəsilə dolu fincana tərəf baxmağa başladı. Sonra ehtiyatla, aram-aram, astadan danışmağa başladı. Kənddə hamı Vidalın evində işlərin heç də yaxşı getmədiyini tez bir zamanda başa düşmüşdü. Moris əsgərliyə gedən gündən Odet və anası özlərini evdə ağa kimi aparıblar. Evin ağır işlərini görmək üçün bir nəfər kişi xeylağını qulluqçu kimi götürüb saxlamaq lazım gəlib və əvvəlcə bir nəfər cavan oğlanı götürüb saxlayıblar. Həmin cavan oğlan nədənsə tez çıxıb getməli olub, onun yerinə yaşlı bir kişini götürüblər. Elə həmin gündən də kənddə-kəsəkdə, ara-bərədə, harda gəldi söz-söhbət gəzməyə başlayıb. Ana, əlbəttə, öz qızının tərəfini saxlayır, onu həmişə təmizə çıxarmaq istəyirdi. İkinci qızın, Vidalın bacısının isə evdə qalması artıq mümkün deyildi. Onun da çoxdan idi ki, yaxın kəndlərin birində nişanlısı vardı. Ancaq onu faşistlər əsir kimi tutub aparmışdılar. Oğlan əsirlikdən qaçıb qurtarmış və qırx üçün əvvəllərin onlar evlənmişdilər. Beləliklə, bacı dulusçu evindən getmişdi. Vidal onların toyları barədə heç nə bilmirdi. Heç kim ona xəbər verməmişdi. Arvadının axırıncı məktubunda da bu barədə heç nə yazılmamışdı. Bu haqda bacısı ona yazmışdımı? O, bunu xatırlamırdı. Bəlkə də yazmışdı, ancaq o, heç nə almamışdı. Əvvəl zavodda işləmiş, sonra isə onu bir fermaya göndərmişdilər və ordan da yenə başqa bir zavoda... Qısası, bir ildən artıq müddətdə onun doğma ev-eşiyindən xəbəri olmamışdı.

- Ye, ye, utanma, Vidal,- qoca Düplan kətan parçaya səliqəylə bükülüb saxlanmış qaxac donuz budunu Vidalın qabağına itələdi.

– Biz bunu oğlumuza saxlamışdıq, sənə qismət oldu. Fərqi yoxdur, sən də bizim oğlumuz...

Vidal bu xeyirxah insana qulaq asa-asa çox cəld yeyirdi. Bir neçə parç şərab içəndən sonra bayaqdan bəri kəlmə kəsməyən Vidalın dili də açıldı. Hə, deməli, Vidalın ikinci bacısı da evdən gedib. Odet, onun anası və aşnası ilə evdə tək qalırlar. Evdə qalıb-qalmamaları barədə heç kim onlarla mübahisə etməyib. Abır-həyaya bax! Ata Düplan sözə başladı:

- Sənə yox, Moris, onlara ayıb olsun ki, belə hərəkət eləyiblər. Sən odun-alovun içində əzab çəkəndə Odet başqa birisini yanına salmışdı. Dəfələrlə ürəyimi boşaltmaq üçün onların yanına getmək, abırlarını ətəklərinə bükmək istəmişəm, ancaq yenə özümü saxlamışam. Axı mənim bu işlərə qarışmağa haqqım çatmır, özün ki, bilirsən. Ancaq əslinə baxanda bu, elə mənim işimdir. Mən səni tanıyıram, səni. Sənin necə böyüdüyünü görmüşəm, yazıq atanı tanıyıram. Nəhayət, özün bilirsən də, hər kəsin öz dərdi var, bala. Bizim də dərdimiz az deyil. Bəli, onlara ayıb olsun. Onlar bunu başa düşməliydilər və camaat içində gərək belə iş tutmayaydılar. Nəhayət, bu, həm də əsgər ailəsiydi. Vidal başını yellədi:

- Olacağa çarə yoxdur. Mən tək deyiləm. Belə işlər çoxlarının başına gəlib.

- Yox, bu, özünə haqq qazandırmaq olmadı. Yaxşı bax, gör onlar sənin üçün gəlişin üçün nə hazırlayıblar. Gör nə əməldən çıxıblar!

- Bəs evdən nə üçün gediblər?

- Sənin böyük bacın bir dəfə öz ərilə gəlmişdi. Onların dərsini verdim. Onlar isə heç kimə heç nə demədilər. Ancaq bu Alfons ki, var, çox alçaq adamdır. Tüfeylinin birisidir. Sənin dirrik yerini əkib-becərsəydi, yenə dərd yarı idi... Dedim ki, sənin böyük bacın onların yanına getmişdi. Bilmirəm onlara nə dedi, nə demədi, onlar da bu hadisədən bir ay sonra bir neçə çamadanı avtobusa qoyub yola düşdülər. Deyirlər ki, Tuluza gediblər. Daha heç bir xəbərim yoxdur. Bu haqda camaatla kəlmə də kəsmək istəmirəm. Çox şey deyirlər, bilirsən də, elin ağzını bağlamaq olmaz. Pis danışanlar da var. Görürsən də, sənə bundan artıq heç nə deyə bilmərəm. Evin yerindədir, torpağına isə bir bel də vuran olmayıb...

Vidal başını əllərilə tutub səssiz-səmirsiz ağlayırdı. Qoca Düplan isə Vidala baxır, hirsindən yanıb-yaxıldığından bığlarını gəmirirdi. O, yumruqlarının ikisini də düyünləmiş, stolun üstündə, qarşısındakı boşqabın sağında və solunda bərk-bərk sıxmışdı. Arvadı isə səssiz-səmirsiz ocağın başında oturmuşdu; ocağın üstündəki qazan poqqultu ilə qaynayırdı.

***

Beləliklə, kuzəçi Vidal qayıdıb kimsəsiz evinə gəldi. Bəli, ev kimsəsiz, onun özü də tək-tənha idi. Həyətdə canlı adında heç nə yox idi... Heç it də qalmamışdı. Yalnız ətrafdan uçub gələn sağsağanlar, bayquşlardan başqa ayrı quş da gözə dəymirdi. Düplanlar ailəsi əvvəllər Morisi gözdən qoymurdular ki, əlindən bir xata çıxar. Onlar Vidalın gəlməsini onun bacılarına xəbər verdilər, onları tez-tez evlərinə çağırdılar, süfrədə oturdub çörək kəsdilər. Vidal deyəsən bir az sakitləşdi. Göz yaşları sovuşub getdi. O, işə başladı. Bağın hasarını hörüb ucaltdı, yeri bellədi, əkiləcək yerlərin çayırlarını, otunu yığıb təmizlədi.

Tanışlarla hal-əhval tutanda Vidal kədərlə gülümsəyirdi, ancaq daxilən özünü rahat hiss edirdi. Başına gələn əhvalatla barışdığını üz-gözündən, hərəkətlərindən sezmək olurdu. O, həyətdə gəzişdiyi vaxtlar öz aləmində nəyisə götür-qoy edir, dayanıb bir anlığa təbiətin mənzərəsini seyrə dalırdı. Düplanlar ona bir it, dovşançılığı bərpa etmək üçün bir-iki dovşan və bir dənə də toyuq vermişdilər. Düplanların oğlu da əsgərlikdən qayıdıb gəldi, indi qoca Düplanın artıq vaxtı çox olurdu və hərdənbir gəlib Vidala qulaq yoldaşlığı eləyirdi.

Bacıların ikisi də ərləri ilə gəlmişdilər. Bacılar bütün olub-keçənləri necə olmuşdusa, eləcə də danışdılar, ancaq Vidalın qulağına heç nə girmirdi. Onun arvadı başqası ilə çıxıb getmişdi, daha bundan artıq nə ola bilərdi? Vidal özünə uyğun adam seçməmişdi. Anasının sözlərini indi xatırlayırdı. Odetin yüngülxasiyyət olduğunu deyəndə anası haqlı imiş.

- Heç nə itirməmisən, bala, - qoca Düplan ona ürək-dirək verirdi. – Hələ cavansan, şükür, dolanışığın da pis deyil. Ev də ki, olduğu kimi yerindədir. Torpağın da var. Yenə evlənərsən...

Vidal isə belə sözlər eşidəndə çiyinlərini çəkərdi, onun nə haqda düşündüyünü heç kəs bilməzdi. O, demək olar ki, kənd içinə çıxmırdı. Qoca həftədə üç dəfə vadiyə tərəf uzanıb gedən yolun kənarındakı taxta köşkə bir buxanka çörək qoyardı. Vidal gəlib çörəyi götürürdü, yağ, duz və ona lazım olan hər şeyi isə Düplanın arvadı alıb gətirirdi. Vidal az keçmədi ki, böyük həvəslə dirrik yerini əkib-becərməyə başladı. Düplanlar ona bir cüt öküz verdilər, qoca Düplan özü köməyə gəldi.

- Əhsən, Moris, bax belə ha! – qoca deyirdi. – Bir ildən sonra yenə hər şey öz qaydasına düşəcək. Onda daha tək qalmaq fikrini başından atarsan, bu dəfə öz tayını taparsan. Əvvəlcə vəziyyəti qaydasına salmalısan və bundan sonra da boşanmaq məsələsini tələb edərsən.

Ata Düplan Vidalın tez-tez emalatxanaya girib işlədiyini görürdü, ancaq bu, onu heç də təəccübləndirmirdi. Ata-baba sənəti yenə oğlanı özünə cəlb etmişdi.

Bazar günlərinin birində qoca Düplan kuzəçinin evinə qalxdı və onu çağırıb qapını döymədən emalatxanaya keçdi. Vidalın gillə işlədiyini görəndə o, təəccübləndi. Qoca irəli yeridi. Vidal alçaq pəncərələrdən birinin qarşısında dayanmışdı və arxası qocaya tərəf idi. Xeyirxah qoca Vidala yaxınlaşanda bu dəfə Vidal təəccübləndi və bədəni ilə hazırladığı işin qarşısını kəsdi, sanki yeni işini qocadan gizlədirdi. Qoca buna diqqət yetirmədi.

- Görürəm məşğulsan. Yenə bizə nə hazırlayırsan?

- Boş şeydir, - Vidal pıçıldadı.

- Adam başıdır, görürəm, yenə də özünü heykəltəraşlığa həsr etmək fikrindəsən...

Sonra xeyirxah qoca ona deyilmiş sözləri zarafat kimi qəbul etmişdi, çünki o, doğrudan da düzəldilmiş qadın fiqurunun sifətini görmüşdü. Şübhə ediləcək bir şey yox idi. Vidalın indiyə kimi doğma vadinin gillərində axtardığı xəyalında gəzdirdiyi qadın, onu atıb gedən, ona xəyanət edən Odet idi.

Qoca Düplan bilmədi ki, nə desin, Vidalın arxasınca çölə çıxdı.

O, həmişəki kimi yenə də öz Odetini sevirdi. Bədbəxt Vidal... Kimsəsiz otaqlarda Odetin kölgəsini gəzirdi. Mətbəxdə, otaqlarda, üzüm kollarının tutqun kölgəliyində, Günəş bu evdən çıxıb gedən qadının qollarını qızılı şüalara qərq etmişdi. Bağın girəcəyində, cökə ağaclarının altında həmin qadının yumru sifəti Vidalın gözləri qarşısında peyda olurdu. Qaranlıq gecələrdə qadının sifəti Ay kimi işıq saçıb evi işıqlandırırdı. Onun gur hörükləri çiyinlərindən aşıb topuqlarına düşərdi. Vidal əllərini ona sarı uzadardı. O, bu hörükləri açar, qarışdırar, qadının üz-gözünə yayardı. Yox olmuş qadının çiyinləri Vidalın barmaqları arasında titrəyərdi. Sonra kölgə qadının bədənini başdan-ayağa öz ağuşunda gizlədər, dulusçunun əllərində heç nə qalmazdı. Gecənin qaranlığından, xəyaldan başqa heç nə...

Vidal onu həmişəki məhəbbətlə sevirdi, ancaq bu haqda heç kimə heç nə demirdi. Hətta qoca Düplana da. O, təmkinini qoruyub saxlayır, sanki izzəti-nəfsi yaralanmayıbmış kimi həyət-bacada sakitcə işiylə məşğul olurdu. Yorğunluq da Vidalın şirin xəyallarına mane ola bilmirdi. Ancaq bu xəyallar Vidala mənəvi əzab verirdi. Hər dəfə gecə düşəndə Vidal öz bədbəxtliyini yenidən yaşamalı olurdu.

“Boşayarsan, - qonşu deyirdi, - öz tayını alarsan, vəssalam”. Vidal isə cavab vermirdi. Ürəyində isə deyirdi: “Bu evdə bir qadın vardı, mən onu unutmamışam və heç vaxt unutmayacağam!..”

Bir gün axşam Vidal qızdırma içində yana-yana emalatxanaya getdi. Bu dəfə məlum qadının xəyalı onun gözləri qarşısından getməyəcək, həmişəlik olaraq qalacaqdı.

Əvvəlcədən hazırladığı gildən bir hissəni əlinə götürüb yumruladı və bununla da qəlbinə rahatlıq çökdü. Odetin sifəti onun gözləri qarşısında canlandı.

Başı yenə işə qarışmışdı, əllərini görmək olmurdu. Qadının boynu, çiyinləri artıq hazır idi, sonra saçlar, gur saçlar öz yerini tutdu, ancaq sifət cizgiləri hələ aydın deyildi. Az keçmədi ki, bu heçlikdə baş və büst hazır oldu. Vidal bütün varlığı ilə xəyalına hakim kəsilmiş qadının bütün cizgilərini canlandırmağa çalışırdı. Büstün ağız hissəsindəki cizgilər üzərində xeyli işləməli oldu. Elə olurdu ki, əl saxlayıb işinə kənardan baxırdı, sonra yenə yaxınlaşıb işini davam etdirirdi.

Həmin bazar günü ata Düplan Vidalı emalatxanada görəndə sən demə, həmin büstü emalatxanaya gətiribmiş. Hər şeydən qabaq, o, bu büstü öz otağına qoymaq arzusu ilə yaşayırdı. Vidal büstü çarpayısının yuxarı tərəfində yerləşdirdi. Büstün incə zövqlə işlənmiş profili qaranlıq gecənin fonunda çox aydın görünürdü. Bu, onun arvadı idi. O, yenə bu evə qayıtmışdı. Vidalla birlikdə yaşayırdı.

Axşam düşdü. Ağacların tutqun kölgəsi büstün üstünə düşürdü. Böyrünü yerə verib dirsəklənmiş Vidal qarşısındakı məhəbbətinin heykəlinə acgözlüklə tamaşa edirdi. Təbii gilin rəngi gecənin, yarıçılpaq insan bədəninin rənginə oxşayırdı. Sanki bu qızılı rəngli dərinin altından qan damarları işləyirdi. Büst vəcdə gəlmişdi, titrəyirdi.

Budur, unudulmuş, köhnə sənət məhəbbətlə döyünən ürəyin harayına yetişmişdi. Onun ulu babaları heç yatıb yuxularında da görməzdilər ki, bir gün gələcək, bu sənət onların oğlanlarından birinə sevinc və kədər gətirəcək. Babaların əlində adi, sadə kuzəyə çevrilən gildən indi gözəl, sevimli bir qadının surəti canlanırdı. Gil öz məhəbbətinə sadiq qalmış bir bədbəxtin köməyinə çatmışdı.

Vidal bəzən özündən asılı olmayaraq, sanki bu yuxunumu, əyləncənimi, özündən kənara qovmaq üçün diksinirdi: “Oh! Mən lap dəli olmuşam. Kənddə camaat mənim haqqımda nə düşünəcək? Yəqin deyəcəklər ki, bunun ağlı qaçıb. Məgər qoca Düplan belə deməkdə haqlı deyildi? Biri gedibsə, burda mənimlə yaşamaq üçün bir başqası tapılacaq...”

Başqası? Hardadır o? Görəsən indi o, nə edir? O, hətta Vidalla görüşüb vəziyyəti sahmana salmaq, boşnanmaq barədə söhbət salmaq fikrində də olmayıb. Bunsuz ki, olmazdı...

Bu fikirlərlə yaşaya-yaşaya başını əlləri arasına alıb hönkür-hönkür ağlayardı.

“Mən onu necə də sevirdim, İlahi!” – deyə düşünürdü.

Qoca Düplandan başqa heç kim Vidalın hazırladığı büstü görməmişdi. Bilmirəm, Vidal həmin büstü indiyə qədər saxlayıb ya yox. Bu, eynilə Odetin özüydü; saçlar, dodaqlar, baxışlar eynilə həminki idi.

Palıd meşəsinin arxasında, təpənin yuxarısında indi də duran evə bir diqqət elə. Həmin evi bu gün də dulusçular evi kimi tanıyırlar, o evdə neçə-neçə dulusçu nəsli ömür sürüb, neçə-neçə dulusçu sarı gili əlində övkələyib ondan istədiyi şəkli alıb. Kəndin bütün evlərində dulusçuların düzəltdikləri kuzəyə, su parçına rast gəlmək olar. Amma heç kəsin ağlına gəlməzdi ki, bu dulusçulardan kimsə qəlbini, bütün varlığını gildən düzəldilmiş bir büstə bağlayacaq. Çünki sən özün də görmüsən ki, bu gil büstdə döyünən ürək Vidalın öz ürəyidir, onun məhəbbətinin aram-aram, səbrlə çırpınmasıdır.

***

Sakit yay axşamları təpələri yenə ağuşuna almışdı, yenə bədirlənmiş Ay təpələrin üstündə süzürdü. Hardasa, meşənin dərinliyində bayquş yenə səsini başına atmışdı. Səhərə yaxın külək qalxdı. Moris səhərə kimi kirpiklərini yummamış, məhəbbətinin təcəssümü olan bu büstə tamaşa eləmişdi. Gecənin şairanə pıçıltısı, quşların şirin nəğməsi açıq pəncərələrdən otağa dolurdu. Qarğıdalılar bir-birinə toxunub səslənəndə adama elə gəlirdi ki, orda kimsə gəzir. Vidal özündən asılı olmayaraq səs gələn tərəfə diqqətlə qulaq asdı. Küləyin səsindən başqa heç nə eşitmədi.

Həyətdəki qaranlıq yavaş-yavaş əriyib yox olurdu. Qaranlığın arxasından həyətin hasarı və kəndə gedən yol bütün aydınlığı ilə görünürdü.

Evdə tənha ömür sürən Vidalın gözləri yuxusuzluqdan yumulurdu. O, bütün gecəni işləmişdi. Odetin büstünün qarşısında xəyala dalmışdı. Bu, daxilən keçirdiyi gərgin vəziyyətin və yorğunluğun nəticəsi idi. Bir azdan o, gözlərini yumaraq üzüqoylu çarpayısına düşdü və dərin yuxuya getdi.

Külək qarğıdalı sahəsində səslənir, az qalırdı ki, hasarı yerindən oynatsın. Yox, bu, küləyin səsi deyildi. Kəndin aşağısına gedən yolla kimsə irəliləyirdi.

Yatağından qalxan Vidal pəncəyərə tərəf atıldı və yola diqqətlə nəzər saldı. Odetin canlı sifətini gördü. Gil canlanmışdı! Yox, bu, nə yuxu idi, nə də xəyal. Həqiqətən bir nəfər qadın yolla evə tərəf irəliləyirdi. Odet həyətin daş döşənmiş tərəfində ayaq üstə dayanıb diqqətlə pəncərə qarşısında daşa dönmüş Morisə tamaşa edirdi.

- Oh! Axır ki, gəlib çıxdın! – Moris alçaqdan dilləndi, - bu da sən...

- Moris pəncərənin qarşısından çəkilib evə qalxan pilləkana tərəf atıldı.

Odeti qolları arasına alıb möhkəm-möhkəm qucdu, indi onun ürəyi ilə yanaşı başqa bir ürək də döyünürdü. Moris heç nə soruşmadı. O, Vidalın sadiq qəlbinin səsini eşidib qayıtmışdı.

Bax, həmin ev yenə də yerindədir, akasiya və palıd meşəsinin yuxarısındakı təpənin üstündə. Bu ev kuzəçi Vidalın və onun ilk məhəbbətinin evidir.

# 2521 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
#
#
# # #