Əyyub Qiyas: “Polad Ələmdarın üzərində 300 seriya qurmaq doğru deyil”-MÜSAHİBƏ

Əyyub Qiyas: “Polad Ələmdarın üzərində 300 seriya qurmaq doğru deyil”-MÜSAHİBƏ
26 avqust 2013
# 12:00

Kulis.Azın suallarını yazıçı, kinosenarist Əyyub Qiyas cavablandırır. Əyyub Qiyas "Susmuş vicdan", "Tək olanda qorxma", "Sevginin göz yaşları", "Sonuncu fəsil", "Köpək bürcü" seriallarının ssenari müəllifidir. Söhbətimiz də Azərbaycanda çəkilən seriallar mövzusundadır.

- İstərdik ki, sizin teleserial sahəsindəki fəaliyyətinizdən danışaq. Necə oldu ki, ssenarist kimi fəaliyyətə başladınız? Yəni serial üçün ssenari yazmaq ideyasını siz verdiniz, yoxsa sizi dəvət etdilər?

- Mən İncəsənət Universitetinin aktyorluğunda, daha sonra teatrşünaslığında oxuyanda, 1985-1990-cı illərdə bir-birinin ardınca iki filmə çəkildim. Bunlardan biri Oleq Səfərəliyevin “Murad sad” adlı filmi, daha doğrusu diplom işi idi. Oleq Səfərəliyev hazırda “Mosfilm”də çalışır və Azərbaycanın adını ucaldan rejissorlardan biridir. Eyni zamanda kinooperator Bağır Rəfiyevin də diplom işi idi və mən o zaman birinci kursda oxuyurdum. Daha sonra tanınmış rejissorlarımızdan Cəmil Quliyevin ilk bədii filmində, Ümumittifaq televiziyasının sifarişi ilə çəkilmiş “Cansıxıcı əhvalat” filmində Elçin roluna çəkildim. Mənim kinoya marağım burdan başladı. Həm Oleq Səfərəliyevlə, həm də Cəmil Quliyevlə münasibətlərimiz yarandı. Mən ilk ssenarimi Cəmil müəllimə təqdim elədim və Cəmil müəllim bəyənmədi. Dedi ki, sən yaza bilirsən, amma ssenari belə yazılmır. Ondan sonra ssenarilər oxumağa, dramaturgiyanı dərindən öyrənməyə başladım. Kino işində əsas olan dramaturgiyanı dərindən bilməkdir. Mənim də təhsilim teatrla, dramaturgiya ilə bağlı olduğu üçün sırf bu sahədə təhsil alırdım.

1991-ci ildə Ramiz Fətəliyevin məsləhəti ilə sənədlərimi ali ssenari kurslarına verdim və 2 il qiyabi təhsil aldım. Peşəkar ssenarist kimi təhsilimi tamamlasam da, bu işlə uzun müddət məşğul olmadım. Kinostudiya dağıldı, kinoya maraq öldü və film sənayesi geriləməyə başladı. Bu səbəblərdən mən ssenarist kimi fəaliyyət göstərmədim. Amma bədii yaradıcılıqla məşğul olurdum. Bu müddətdə boş dayanmadım, romanlar, ssenarilər yazdım. Amma yazdıqlarım sandıq ədəbiyyatı kimi qaldı. Çünki bilirdim ki, yazdıqlarım çəkilməyəcək. Həmin illərdə kinomuza çox böyük zərbə dəydi. Peşəkarlar bu sahədən uzaqlaşdı və böyük boşluq yarandı. Bu boşluqda isə prodüser filmləri çəkilirdi və onlar ictimai maraq daşımırdı. İşıqçı yerində olmadısa, gözəl musiqi yazılmadısa deməli film alınmır. Çünki film kollektiv işidir.

2010-cu ildən seriallar çəkilməyə başlandı, kino sahəsində islahatlar başlandı, Azərbaycan kinosunun 10 illik inkişaf planı ilə bağlı sərəncam verildi. Bütün bunlar kinoya yeni nəfəs verdi. “Nizami” kinoteatrı təmir olundu, indi bura Avropa kinoteatrlarından geri qalmır. Bütün bunlardan sonra yoldaşlar məni axtarıb tapdılar və birlikdə işləməyi təklif etdilər. İlk təklif mənim tələbə yoldaşım Elçin Cahangirlidən gəldi. “Susmuş vicdan” serialını Firudin Məhərrəmli ilə paralel işləyirdik. Büdcəsi az olsa da, çox maraqlı bir serial idi və Xəzər TV-də nümayiş etdirildi. Daha sonra Elçin Cahangirli ilə “Sevginin göz yaşları” serialında birlikdə işlədik, ilk 12 seriyanın ssenarisini mən yazdım. Hazırda qələm dostumuz Vüsal Nuru bu işi davam etdirir. Uğurlar arzulayıram ona. Daha sonra Space TV-dən Vaqif Mustafayev məni dəvət etdi, “Tək olanda qorxma” serialının çəkilişlərinə başladıq. 8-9 seriyası nümayiş olundu və sezon finalına gəlib çıxdıq. Yeni sezonun başlamasına az qalıb. Güman edirəm ki, bu film reytinq yığa biləcək və ən azı iki sezon efirdə olacaq.

Bu yaxınlarda “Pərvanələrin rəqsi” serialı və “Aktrisa” filmi ilə yaddaqalan rejissor, mənim tələbə yoldaşım Rövşən İsaxdan “Sonuncu fəsil” adlı yeni seriala ssenari müəllifi kimi dəvət almışam. Artıq 15 seriya hazırdır. İnanıram ki, çox yaxşı bir iş olacaq. Çünki mən Rövşənin gücünə, istedadına, gördüyü işə inanıram. Eyni zamanda komandaya inanıram. Bəri başdan deyim ki, bu serialın tamaşaçılar arasında “bomba kimi partlayacağına” əminəm.

- Azərbaycanda çox seriallarda peşəkarlar işləyib. Tanınmış rejissorlar, xalq artistləri, sevilən aktyor və aktrisalar serialda yadda qala bilməyib. Əksinə tamaşaçının, kinotənqidçilərin lağ hədəfinə çevrilib. Seriallarımızın alınmamağının günahı kimdədir? Ssenari müəllifində, rejissorda, yoxsa aktyorlarda? Niyə bizdə bu iş alınmır?

- Seriallarımızın lağ hədəfinə çevrilməsinin, alınmamağının çox böyük səbəbləri var. Kino-dramaturgiya işi ssenari ilə başlayır. Birinci növbədə yaxşı ssenari olmalıdır. Hollivudda prodüserlər konkret ssenaristlərlə işləyir. Hollivud təzə nəfəs, təzə ideya axtarır. Bizdə prodüser məktəbi yoxdur. Bu işə barmaqarası baxılır. Bir müsahibəmdə demişəm, təkrar edirəm. Ssenarini, serial ssenarisini hər adam yaza bilməz. Bir adam yaxşı roman, povest, hekayə yaza bilər. Amma ssenari yazmaq ayrı bir işdir. Burda bilavasitə dramaturgiyanı bilməli, tamaşaçıya işləməyi bacarmalısan. Serial gündəlik həyatın şərtlərində çəkilməlidir. Tamaşaçının istəyi nəzərə alınmalıdır. Serialların 70 faiz tamaşaçısı qadındır, buna görə qadınların istəyini nəzərə almaq lazımdır. 70 yaşlı nənədən, 12 yaşlı qızcığaza qədər maraq dairəsi təmin olunmalıdır. İlk növbədə ssenari müəllifləri ilə işi düzgün görmək lazımdır.

- Rejissorlarla münasibət necədir?

- Şəxsən mən özüm rastlaşmışam. Rejissor ssenari müəllifindən tələb edir ki, yola ver. Hər şeyin başında maliyyə dayanır. Kino çəkmək üçün maliyyə lazımdır. Asan yolu tutmaqla, personajları bir məkana yığmaqla, yorucu dialoqlar üzərində serial çəkmək olmaz.

- Belə olanda yəqin ssenarist çox əziyyət çəkir...

- Əksinə, onu yazmaq asandır. Rejissora lazımdır ki, efiri doldursun. İkinci bir problem var. Sən yaxşı yaza bilirsən, bir neçə seriya yazırsan və səni aldadırlar. Maddi maraq itir və işi yarıda qoyub gedirsən. İmzasına hörmət edən müəllif “yola vermir”. Bizim qələm dostlarımız arasında həmrəylik yoxdur. Rejissor beş müəlliflə işləyir və hamısını da yarı yolda qoyur. Altıncı müəllifə deyəndə ki, bu rejissor səni də aldadacaq, inanmır və rejissorun təklifini qəbul edir. İlk iki seriyanın pulunu alır, işə başlayır və 10 seriyadan sonra görür ki, pul verilmir. Bizdə belə hallar çoxdur. Çünki hamı serial çəkmək istəyir.

Artıq televiziya rəhbərləri böyük bir senzura yaradırlar.

Televiziyalar, rejissorlar, ssenaristlər brendləşir. Brend olmayanlarla əməkdaşlığa meyl azdır. Artıq rejissorlardan yaxşı çəkmək tələb olunur. Bir çox seriallar doğurdan da gülüş hədəfidir.

İnsan obrazı görmək mümkün olmur. Hamı yüksək ideyalardan danışır, amma ortalıqda iş yoxdur. Mənə sual vermişdilər ki, ədəbiyyata necə tərif verərsiniz? Cavab vermişdim ki, ədəbiyyat haqqında böyük sözlər deyənlər çox olub, amma onların heç biri böyük ədəbiyyat yarada bilməyib. Məsələn, Markes ədəbiyyat haqqında nə desin ki? Markesin ədəbiyyatı göz qabağındadır. Onun ədəbiyyatdan danışmağına ehtiyac yoxdur, o ədəbiyyat yaradır.

- Başqa seriallardan danışdıq, bəs sizin ssenarinizə çəkilən seriallar nə dərəcədə alındı? Ümumiyyətlə alındımı?

- Alınanı da oldu, alınmayanı da oldu. Bəzən bir seriya alındı, üç seriya alınmadı. Məni şəxsən ssenarilərimə çəkilən seriallar qane etmir. Müəyyən maneələrlə qarşılaşırıq. Əvvəldə dediyim səbəblər imkan vermir. Yaradıcı iş elədir ki, gərək tam köklənəsən və yazı masasının arxasında oturasan. Siz də yaradıcılıqla məşğulsunuz və bunun nə demək olduğunu bilirsiniz. Əlavə informasiya ilə yüklənəndə serial üçün vaxt qalmır. Bütün bunlar süni problemlərdir. Kanaldan kanala, münasibətdən münasibətə fərq var. Elə kanal var ki, onunla işləməkdən zövq alırsan. Elə kanal var ki, ora ayaq atdığına peşman olursan. Kanal, prodüser öz öhdəliyini yerinə yetirməlidir.

- Maliyyə ilə bağlı problemlərin olduğunu deyirsiz, amma dövlət bu işə maliyyə ayırır axı...

- Dövlət maliyyə ayırmağa başlayandan sonra işlər nisbətən qaydasında gedir. Bəzən dövlət ayıran pul da yerinə çatmır, problem yaranır. Çünki dövlət ssenaristə yox, kanala pul verir. Bizdə bu işə barmaqarası münasibət var. Nədənsə prodüser mərkəzləri ilə işləmirlər. Güclü prodüserlər lazımdır. Çünki dövlət həmişə pul ayırmayacaq. Heç kəs öz pulunu havaya sovurmaq istəməz. Bu pulların hesabı televiziyalardan, prodüserlərdən soruşulacaq. Heç kəs deyə bilməz ki, mənim işim yaxşıdır. Ortalıqda “şillə vuran” iş yoxdur. Kiminsə işi nisbətən yaxşı ola bilər, amma tam yaxşı iş yoxdur. Kredit götürüb serial çəkənlər, evini, maşınını satıb serial çəkənlər, müflis olanlar var. Bizim “Çarx film” “Hörümçək toru” adlı serial çəkib. Serial “ Space TV” də, Cənub TV-də yayımlandı. İndi Yevlaxdakı TV-dən istəyiblər. Bunu prodakşn öz hesabına çəkib. Pis də alınmayıb. Amma pul olsa daha ciddi və daha yaxşı çəkmək olardı.

- Ssenari bazarında vəziyyət necədir? Qiymətlər, keyfiyyət necə tənzimlənir? Peşəkarlar hansı qiymətə işləyir?

- Serial bazarında məndən başqa peşəkar tanımıram (gülür) Ümumiyyətlə tanınmış müəllif yoxdur bu sahədə. Gənclərdən Vüsal Nuru çox əziyyət çəkir. Onun qədər əziyyət çəkən olmasa, heç kəs onun qarşısında dayana bilməyəcək. Çox istedadlı gəncdir. Məncə Vüsal meydanda qalacaq. Orta məktəbdə inşa yaza bilməyən, ərizə yaza bilməyən ssenari yazır. Bir də görürsən ki, bir serialın rejissoru da, prodüsseri də, ssenari müəllifi, baş rol ifaçısı eyni adam olur. Bu görülən işə hörmıtsizlikdir. Bu şöhrətpərəstlikdir. Belə ola bilməz. Yaxşı mətn olmalıdır. Barmaqarası münasibət ortalıqdakı işi korlayır. Bu dövlətin puluna hörmətsizlikdir. Prodüser mərkəzləri birinci növbədə təhsili fikirləşməlidir. Biz “Çarx film” olaraq buna önəm veririk. Mütəxəssis yetişdirməyə yatırım qoyulmalıdır. Gənclər xarici ölkələrə, serial setlərinə göndərilməlidir. Peşəkar ssenaristlər, peşəkar rejissorlar yetişməlidir.

“Çarx film” studiyası bədii və sənədli filmlər üçün ssenari kursları təşkil edib. İki smestrdən ibarət olan kurslar peşəkar ssenaristlər tərəfindən bir il müddətində aparılacaq. Kursu bitirənlərə 5 pilləli sertifikat veriləcək, fərqlənən ssenarilər müsabiqələrə təqdim olunacaq, studiyanın bazasında ekranlaşdırılması üçün şərait yaradılacaq. Təhsil müddətində kursun tələbələri “Çarx film” studiyasının kino və televiziya layihələrində yaxından iştirak etmək imkanı qazanacaqlar. Bu layihə gənclərin yetişməsinə şərait yaradacaq. Bizə təhsil lazımdır. Təhsil olmadan mümkün deyil. Biz bu yaşımızda da öyrənirik. İran, Türkiyə, Rusiya kino məktəblərindən öyrənmək lazımdır. Gəncləri o ölkələrə göndərmək lazımdır. İstedadlı gəncləri, yaza bilən gəncləri təcrübə üçün xarici ölkələrə göndərməliyik. Bizim bacarıqlı, istedadlı gənclərimiz var ki, onlara pul ayırmaq lazımdır.

- İradlar bildirəndə deyirlər ki, bizdə serial ənənəsi yoxdur, ona görə də yaxşı işlər mümkün deyil. Siz necə düşünürsünüz?

- Bəhanə axtarmaq asandır. Bu həm bəhanədir, həm həqiqətdir. Məsələn Rövşən İsax “Pərvanələrin rəqsi”nə qədər serial çəkməmişdi, bu onun ilk işi idi. Kifayət qədər sevilən bir seriala çevrildi. Amma rejissor var ki, beş serial çəkib, heç nə alınmayıb. Bütün bu fikirlər bəhanədir. Göz dəyməsin, bizim işlərimiz çox yaxşıdır. Hətta serial müəllifləri bizə qibtə edir. Rövşən İsax bu işdə uğur qazana bilir. Serial səmimiyyət, gündəlik həyatı müşahidə tələb edir. Rövşənin serialı bu baryeri aşdı, səmimiyyəti təqdim etməyi bacardı. Səmimi, təbii aktyor yadda qalır. Serialda hər epizod yadda qalmalıdır. Son nəticədə aktyor tamaşaçı ilə üz-üzə qalır. Aktyor son nöqtəni qoymalı, tamaşaçını maraqlandırmalıdır.

- Türkiyədə “Kurtlar vadisi Pusu”, “Öyle bir keçer zaman ki”, “Muhteşem yüzyıl” kimi seriallar var. “Muhteşem yüzyıl” tarixdən, “Kurtlar vadisi” dərin dövlətdən, “Öyle bir keçer zaman ki” isə gündəlik məişət, sevgi hekayəsi ilə siyasi prosesləri də mövzu edə bilib. Siyasi, tarixi mövzuda serialların çəkilməsinə necə baxırsız?

- Başlayaq “Öyle bir keçer zaman ki” serialından. Bu serial bədii əsər əsasında çəkilib və çox gözəl mövzusu var. Bu ailə məişət dramıdır. Siyasət bir cizgidir. “Kurtlar vadisi” siyasi, ideyaya xidmət edən serialdır. Mən ilk 97 seriyalı serialı yüksək qiymətləndirirəm. “Pusu” çox siyasiləşdi, obrazlar şişirdildi. Məncə təkcə Poladın üstündə 300 seriya qurmaq doğru deyil. Bu, dünyada qəbul olunmur.

“Muhteşem yüzyıl” yeni başlayanda tarixi əks etdirirdi. Serialın bazası güclüdür. Amma Sultan Süleymanın səfərləri, igidlikləri diqqət çəkmədi. Ssenaristlər də daha çox saray intriqalarını, Xürrəm Sultanın saraydakı yeniliklərini yazmağa başladı. Bu serialın kostyumlarını dəyişib müasir bir seriala çevirmək mümkündür. Artıq tarix dördüncü planda qalıb. Serialın siyasi tərəfi olmamalıdır. Siyasi film çəkmək olar. Tarixi mövzuda film çəkmək olar, amma serial tələblərinə əməl etmədən reytinq yığmaq mümkünsüzdür.

- Tanınmış yazıçıların əsərləri əsasında serialların çəkilməsi ideyasını necə qiymətləndirirsiniz? Bu təcrübədən Türkiyədə yararlanmağa başlayıblar.

- Mən dəfələrlə bu mesajı vermişəm. Artıq bir neçə rejissor bu barədə fikirləşir. Mən Əli Kərimin “Pillələr” romanından yaxşı bir serial ssenarisi yaza bilərəm. Əlibala Hacızadənin “İtkin gəlin” əsərindən çox yaxşı serial çəkmək olar. Düzdü, Lütfü müəllim çəkmişdi, amma bu, alınmadı. İlyas Əfəndiyevin əsərlərindən çəkmək olar. Sadəcə buna tələb olmalıdır. Bu əsərlər qalıb bir tərəfdə, hər kəs öz hekayəsini sifariş verir. İnsan öz taleyini başqasından daha yaxşı qələmə ala bilməz. Özünü qəhrəman edən müəllifin əsəri süni olacaq. Çünki hamı özünü öz hekayəsinin müsbət qəhrəmanı kimi görür.

# 2126 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
#
#
# # #