Ovçu bilsəydi oğlu onun tüfəngini...

Ovçu bilsəydi oğlu onun tüfəngini...
16 avqust 2013
# 12:39

Kulis.Az Kənan Hacının “Tülkü ovu” hekayəsini təqdim edir.

Gecə yarıdan keçsə də hələ yolda idilər. Yol boyu o qədər danışmışdılar ki, daha söz tapmırdılar. Ətrafda təkərlərin qıjıltısından və mühərrikin uğultusundan qeyri səs yox idi.

- Dayı, ay dayı...

Böyrünə baxdı. Dayısı yatmışdı. Bir də səslədi:

- Dayı, ay day-day...

Dayısının eşitmədiyini görüb əyləci qəfil basıb buraxdı. Maşın yırğalanan kimi dayısı gözlərini açdı.

- Əəə, noolub? Qaç-qovdu?

- Neynim, yol xarabdı.

- Yol xarab deyil eee, mənim başım xarabdı ki, səni özümə şofer elədim. Sən ki, şüşə kimi yolda maşını belə sürürsən, o dağda-daşda bizi həlak edərsən.

- Sən qorxma, dayı. Bərk sürmərəm. Dayı, istiyirəm...

- A bala, adamı nə qədər başa salarlar? Evdən çıxdıqmı, daha mən sənin dayın deyiləm, müdürünəm. Bildin?

- Başa düşdüm. Səncə, o qabaqda işıldayan tülkü gözüdü, ya çaqqal?

Piriyev dikəldi və o səmtə diqqətlə baxdı.

- Çaqqaldı. Tülkü olsaydı, bu qədər key-key işığa baxmazdı, ötüb keçərdi.

- Bu tülkü - çaqqalın gözü işıqda niyə parıldayır axı...

- Nə bilim, a bala. İşıqda itin də, pişiyin də gözü parıldayır. Yəqin göz alması işıqlıdı.

Bir müddət keçdi. Dayısının mürgülədiyini görüb maşını yenə “səksəndirdi”. Dayısı oyanan kimi yenə onu sorğu-suala tutdu:

- Dayı, niyə bic tülkü deyirlər, bic qoyun demirlər?

- A bala, sən məni deyəsən dolamısan. Tülkü tülküdü, qoyun da qoyun. Qanmaz adama gic qoyun deyirlər. Çünki tülküdə olan hiyləgərlik qoyunda olmur.

- Dayı, indiyəcən vurduğun tülküləri yığsaydın, xəzi min dənə olardı?

- Çoox...

- İndi dərzilər tülkü dərisindən ötrü sinov gedirlər. Deyirəm, yaxşı dəri olsaydı, uşaqlara bir yaxşı palto tikdirərdim.

Piriyev dinmədi. Deyəsən, yuxusu qaçmışdı. Yadına cavanlığı düşdü. Əsgərlikdən gələndən sonra ovçuluqla məşğul olurdu. Bir dəfə kənddən xeyli aralıda onun tələsinə bir tülkü düşmüşdü. Tələ tülkünün qabaq qıçlarını qırmışdı. Çırpınmaqdan heyi kəsilmiş tülkü onu görüb sinsimişdi. Heyvanın boz tüklü sinəsi al qana qərq olmuş, gözlərindən alt çənəsinə doğru qaramtıl zolaq uzanmışdı. Açıq ağzından qırmızı dili bayıra çıxmışdı. O, tələyə yaxınlaşanda tülkü dartınmış və bu vaxt onun gözlərindən yaş gilələnmişdi.

Piriyev vəhşi heyvanın ağlamağını ilk dəfə onda gördü, amma soyuqqanlılığını əldən verməyib üzünü çevirdi və ikinci tələni qurdu.

Bu vaxt gözlənilməz hadisə baş verdi, tülkü arxadan onun üstünə atılıb dişlərini bədəninə keçirdi. O, diksinib geri atıldıqda bir ayağı yenicə qurduğu tələyə keçdi. Bir yandan tələnin yayı yöndəmsiz tərəfdəydi, o biri yandan da tülkü dişlərini onun budunda kilidləyib ömrünü bağışlamışdı. Nə ayağını çıxara bilirdi nə də tülkünün çənəsini aralaya bilirdi. Kənd uzaq, güman yeri yox...

Piriyev ov bıçağıyla budundan asıla qalmış tülkünün çənəsini ayırmağını, tüfəngin lüləsi ilə tələnin yayını aşağı basmağını, ayağını bura-bura tələdən çıxarmağını, tüfəngini söykənəcək edib o yolu birayaq - birayaq qayıtmağını və sonra da üç ay xəstəxanada yatdığı o qış fəslini yada salanda bədənindən gizilti keçdi, sinəsini ovuşdura-ovuşdura ufuldadı.

- Dayı, bu tülkülər sənə neynib axı?

Dayısının dinmədiyini görüb onun böyrünü dümsüklədi:

- Day-day, tülküyə bax, ağzındakı nədi görəsən?

Dayısı səksənən kimi oldu. Əlini oturacağın arxasına aparıb tüfəngi çıxartdı. Sonra qatarı tapıb tüfəngi doldura-doldura: - İndi baxarıq nədi, sən işığı üstünə sal, - dedi.

İşıq tülkünün üstünə düşən kimi Piriyevin tüfəngi açıldı. Amma görünür, güllə tülküyə deyil, ağzındakı toyuğa dəymişdi. Tülkü ağzındakı toyuğu atıb qaranlığa təpildi.

Piriyev qışqırdı:

- Əəə, demədim ki, işığı üstünə sal!

Sürücü maşının sürətini azaltdı. Piriyev bir qədər sakit səslə soruşdu:

- Necooldu bu?

- Nə, dayı? Tülkü ya toyuq?

- Canına azzar! Tülkünü deyirəm. Sür dalınca!

Maşın hərlənib şossedən çıxdı və onun qaranlığı qılınc kimi doğrayan işığı düzənliyə tuşlandı. Xeyli sonra uzaqdan tülkünün gözləri parıldayanda dayısı istehzayla: - İndi bildin tülkünün gözü niyə parıldayır? Oğuldu indi qaçsın əlimdən. Sür dalınca, - deyib tüfəngini pəncərədən bayıra uzatdı.

- Dayı, arxa, xəndəyə düşərik birdən.

- Sür, qorxma. Buralarda xəndək olmur.

Maşın yovşan kollarını əzib keçərək bir anda özünü tülküyə yetirdi. Tülkü işığın qabağına düşüb vız ata-ata gah sağa, gah da sola yönəlir, canını qurtarmaq üçün var gücüylə qaçırdı. Piriyevin səsi maşının nəriltisinə qarışmışdı: “Soldan götür. Geri qaytar. Qaz ver...”

Arabir atılan güllələrin səsi tülküyə çatdıqca o, akrobatik sıçrayışlar edib istiqamətini dəyişir, şələ quyruğunu arxasınca fırlanğıc kimi yelləyirdi.

Piriyevin patronu azaldıqca hirsi-hikkəsi artırdı. “Heç nə yox, indi bacıoğlu kəndə çatan kimi deyəcək ki, dayım bir qatar patronla bir tülkünü vura bilmədi. Onda gəl bu camaatın lağlağısından qurtar görüm necə qurtarırsan”. Ürəyində tülküyə ölüm hökmü kəsdi. Patrondaşa baxdı, cəmi iki patronu qalırdı. Başını pəncərədən çıxarıb nişan aldı. Güllə açılan kimi tülkü bir neçə dəfə mayallaq aşdı. Dayı- bacıoğlu sevinclə baxışdılar. Namiq əyləci basıb: - Ovun qanlı, - dedi və sükanı hərlədi. Piriyev hələ də tüstüləyən lüləni üfürürdü. Maşınla bir neçə dəfə dövrə vurub tülkünü tapmadıqda bu dəfə təəccüblə baxışdılar.

- Yıxılmadı?

- Yıxıldı.

- Bə necooldu?

Namiq çiynini çəkdi. Piriyev maşından düşüb ətrafı gözdən keçirdi, tülkü gözə dəymirdi. Baxışlarını torpaqda açılmış deşiyə zilləyib sürücüsünü yanına çağırdı:

- Bunu görürsən?

- Hə.

- Nədi bu?

- Siçan yuvası.

- Sənin o boş başındı siçan yuvası. Bu, tülkü lağımıdı. O bizi aldadıb, girib bu lağıma. Hardan çıxıb qaçacaq, Allah bilir. İndi bildin niyə bic tülkü deyirlər buna?

Qayıdıb maşına minən kimi Namiq dedi:

- Dayı, bəlkə daha qovmayaq...

- Sür!

- Maşın sınır axı...

- İstəyir lap dağılsın, sür!

- Dayı...

- Dayı yox, qoduq! Yoldaş Piriyev. Düş yerə.

Namiqi yerə düşürüb özü sükan arxasına keçdi. Maşını cövlana gətirib tülkünün yuvası ətrafında bir neçə dövrə vurduqdan sonra Namiqin tuşunda saxladı.

- Əəə, yadında qaldı?

- Nə?

- Zəhrimar! Tülkünün yeri. Sabah tapa biləcəksən?

Namiq yenə çiyinlərini çəkdi. Piriyev maşından düşüb: - Gəl sür zibilini gedək, - dedi və öz yerinə keçdi. Namiq sükanı fırladıb kəndə doğru istiqamət götürdü. Piriyev xeyli susandan sonra sükutu yenə özü pozdu:

- O tülkü bəlkə də lağımdadı. “Lapatka” olsaydı, qazıb çıxarmaq olardı.

Namiq dinmədi. Piriyev davam etdi:

- Əə, bə bu çölün ortasında maşın batıb-eləsə, sənə “lapatka” lazım olmayacaq?

Namiqin cavab vermədiyini görüb qəzəblə qışqırdı:

- Saxla!

Namiq qarşıda yarğan olduğunu zənn edib qəfil əyləci basdı. Piriyev alnı yüngülcə qabaq şüşəyə dəydi.

- Səni mənə calayanın atabaatasına lənət! – Bir az gözləyib əlavə elədi: - Əə, nə gözünü döyürsən? Sür dəə...

Bir saatdan sonra Piriyev evində oturmuşdu. Arvadının gətirdiyi mürəbbəni qaşıqlayıb çayla ötürürdü. Namiqi qapının ağzında görən kimi soruşdu:

- Nooldu? Tapdın?

Piriyev arvadının “hara gedirsən?” sualına cavab vermədən Namiqin dalınca çıxdı və maşına mindi.

Heç biri dinmirdi. Yalnız şossedən düzənliyə doğru dönəndə Namiq sükutu pozdu:

- Dayı, bu ölkədə sənin tanımadığın yer var?

- Demək olar, yox.

- Bax, indiyəcən bizim bu düzdən neçə dəfə keçmisən?

- Eh, sən də söz danışdın. Min dəfə, milyon dəfə.

- Dayı, milyona çıxma da.

- A bala, hesabla da. Ta uşaq vaxtından bu düzdəyəm. Qabaqlar elə olub ki, gündə beş-altı dəfə ayaqlamışam bu düzü. Elə bu axşam gör neçə dəfə ayağını başa çevirdik.

Piriyevi fikrində dağı arana, aranı dağa daşımağa başladı. Yenə Namiqin səsi eşidildi:

- Dayı, görürsən?

- Nəyi?

- Odur ee, qabaqda beş-altı siçandı nədi, bir yerə toplaşıb.

Piriyev yerində qurcuxdu. O səmtə diqqətlə baxdı və birdən çığırdı:

-Ə, yavaş sür, bunlar tülkü balalarıdı, - deyib əlini tüfəngə atdı.

Artıq hava ağarırdı. Alatoranda maşının işığı düzənliyi zəif işıqlandırırdı. Elə bil maşından tülkü balalarının üstünə qədər iki boz cığır düşmüşdü.

- Dayı, elə bil nəyisə yeyir bunlar.

Dayısının dinmədiyini görüb maşını lap yaxına sürdü. Maşın yaxınlaşdıqca tülkü balaları yovşanlığa doğru qaçışdılar, yalnız biri qaçmadı. Bu, balaca, çox zəif bir tülküciyəz idi, maşına məhəl qoymadan böyrü üstə uzanmış tülkünün çirkli və boş əmcəklərini dartışdırırdı.

- Dayı, axşam qovduğumuzdu eee deyəsən... Ölüb.

Hər ikisi maşından düşdü. Tülküciyəz mırıltıya oxşar səs çıxardı və sonra yenidən çirkli əmcəkləri sovurdu.

Piriyev əlindəki tüfəngə baxa-baxa qalmışdı. Səhərin ayazı Namiqi üşütdüyündən o, büzüşüb yumaq kimi olmuşdu.

...Maşın şosseyə çıxıb kəndə sarı gedirdi. Piriyev əliylə əks tərəfi göstərəndə Namiq təəccübləndi.

- Sür rayona. Polis İdarəsinə sür, - dedi.

Polis müfəttişinin sual dolu baxışlarını görüb: - Daha qocalmışam, gərəyim deyil, - dedi, silahını və silahın sənədini onun stolun üstünə qoydu. Silahını təhvil verəndən sonra Namiq dayısını evinə çatdırdı. Ərinin pəjmürdə halını görən arvad Namiqi yanladı:

- Buna noolub?

Namiq dayısı arvadının qulağına pıçıldadı:

- Top-tüfəngini polisə təhvil verdi ki, day qocalmışam...

Piriyevin oğlu dəhlizdə göründü. Deyəsən Namiqin nə dediyini eşitmişdi. Pıqqıldayıb güldü və ağzını Namiqin qulağına tutub: - Ə, mən onun qırmalarını çıxarıb yerinə duz doldurmuşdum ey, - dedi.

# 2219 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #