İti belə öldürdülər - ORXAN KAMALIN HEKAYƏSİ

Kulis.Az Elnarə Ağaoğlunun tərcüməsində Orxan Kamalın  "Küçük" hekayəsini təqdim edir.

 

Şəhərin əsas prospektindəki zərgər dükanlarından birinin səkisi qarşısında bir köpək balası qabaq ayaqlarının üstündə uzanıb sızıldanır, arada başını o yan bu yana çevirib ətrafına toplaşan məhəllə uşaqlarına baxırdı.

 

Köpək balasının iki arxa ayağını bir az əvvəl dəmir təkərli bir yük arabası əzmişdi. Oynaqlardan aşağı qaxaca dönmüş, ayaqları yalnız bir dəriylə bağlı qalmış, sallanırdı. Əzilmiş hissə boyu qan axırdı. Arabir boynunu bükür, səsini yüksəldərək bir şey demək istəyir, səsi ağırlaşır, yüksəlir, sonra yavaşıyıb kəsilirdi.

 

Ətrafına toplaşan məhəllə uşaqları isə yaramaz və kobuddular... Tatara bənzəyən, yastıburun oğlanın əlində bir dəyənək var idi. Şaqqıldaqlı paltarının kürəyindəki cırıq-söküyündən əti görünürdü. Yanında paslı bir həlqə tutmuş çox arıq bir oğlana: “Ağlıyır ha!”- dedi.

 

Arıq oğlan başını yellətdi.

 

-Ala, ver əlindəkini...

 

Tatara oxşayan oğlanın əlindən dəyənəyi aldı.

 

- Neniyəssən?

 

Arıq oğlan cavab vermədi.

 

Keçirtdiyi ağrını-acını insanlara heç cür başa sala bilməyən köpək balasının əzilmiş, qanlı ətini dümsüklədi. Köpək balasının bədəni birdən dəhəştli bir ağrı keçirtdi və yanıqlı-yanıqlı bağırdı. Başda arıq oğlan, bütün uşaqlar sevinclə qışqırdılar.

 

- Ala, bi dəfə də dümsüklə...

 

Dəyənəklə bir daha dümsüklədilər, sonra yenə, yenə.... Köpək balası hər dəfə elə müdhiş, elə gözlənilməz səslər çıxartdı ki, sanki bütün qüdrətini bu fövqaladə səylərlə itirdi... İt çarəsiz bir təslimiyyətlə yan yatan, bağlanmış gözləri, ağrı hiss edən, amma inləməyə halı olmayan sükutu ilə əvvəlcə uşaqların, sonra onları əhatələyən daha böyüklərin, lap böyüklərin kefini qaçırtdı.

 

Tatara oxşayan oğlan: “Ay ibnə.. Heç bağırmır da.”

 

Qısa bığlı bir nəfər: “Ayağından bas yoxla!”- dedi.

 

Qısa, göy şalvarının dizi iri qara parçayla yamanmış, böyürdən qarğaya oxşayan başqa bir oğlan atasının geydiyi köhnə, sarı ayaqqabısıyla köpəyin əzilmiş arxa ayaqlarını basdaladı. Özündən getmiş, daha doğrusu ölmüşə bənzəyən köpək balası ondan gözlənilməyən yeni bir həmləylə şahlanaraq vəhşi bir səs çıxartdı...

 

Köpəyin ətrafında duran uşaqlar, onları əhatələyən böyüklər, lap böyüklər birdən qorxub çəkindilər. Sonra köpəyin qabaq ayaqları arasında saxladığı başıyla təpəsi üstə qəribə çevrilişini görən kimi qorxulacaq bir şey olmadığını başa düşərək təkrar toplaşdılar və sevinc qışqırıqları yüksəldi.

 

Böyüklərdən biri: “ Afərin, sənə“ –dedi.

 

“Afərin”i qazanan qarğasifət oğlan yumruqlarını sinəsinə vuraraq qürurla dilləndi:

 

-Ura, bunu bu qəhrəman edibe. Necədi?

 

Bütün uşaqlar qarğasifət oğlana qısqanclıqla baxdılar. Daha yeni bir şey tapıb “afərin” qazanmaq üçün düşünməyə başladılar.

 

Köpək balasının ölümü yaxınlaşırdı. Tatara oxşayan, yastıburun oğlanın ala gözləri birdən bərələ qaldı, parıldamağa başladı... Qarşıdakı səkinin üstündə sökülmüş bir döşəmə daşı var idi. Qaçdı, daşı yerindən zorla qaldıraraq köpək balasına tərəf gəlirdi ki, “Hambal Məmməd bəy” hardansa çıxdı. Tatara oxşayan oğlanın niyyətini başa düşdü və qolundan yapışdı:

 

-Vay, vay, vay.. Yazıq.

 

Tatara oxşayan oğlan müvazinətini itirdi, döşəmə daşı yerə düşdü. Oğlan bunu məğlubiyyət saydığından hirslə ona qışqırdı:

 

- Sənə nə, oğlun zadındı, nə qarışırsan?

 

Hamı qəhqəhəylə güldü. Oğlan lap sırtıqlaşdı.

 

- Əcəb edib atıram... Atanın köpəyi deyil ki..

 

- Yazıqdı, günahdı, oğlum.

 

“Hambal Məmməd bəy” danışdıqca yastıburun oğlan yumruqlarını belinə dayayıb ona elə əzəmətlə baxırdı ki...

 

- Sən hambal adamsan, bizə ağıl öyrədəsi deyilsən, odur ki, get yükünü daşı.

 

Hamı qarnını tutub gülürdü...

 

Qulaqlarına qədər keçmiş solğun boz rəngli şlyapası, balaqları dizinə qədər çırmanmış qara şalvarı, yalın ayaqlarıyla “Hambal Məmməd bəy”i qıçı boyda uşağın qabağında təlxəyə bənzədən qarnı tox tacirlər o biri uşaqları da onun üstünə qaldırdılar. İş məcrasından çıxmışdı. “Ehey”lərə, qarpız qabıqları, ovuc – ovuc toza tutulan “Hambal Məmməd bəy” çaşıb qalmışdı. Sağa-sola vurnuxduqda başına daş ilişdirdilər, geri dönmək istəyəndə alnından yediyi yekə bir qarpız qabığı onu lap özündən çıxartdı.

 

Getdikcə adamlar çoxalırdı... Günün altındakı bu qələbəlik elə hey gülür, özlərini daha bərkdən gülməyə vadar edirdilər.

 

Bu dəm qarğasifət oğlanın biləyi “Hambal Məmməd bəy”in əlinə keçdi. O biri uşaqların “ana-bacı” söyüşlərindən də hirslənərək oğlanı sillələməyə başladı. Oğlanın bağırtısıyla ətrafdakıların qışqırığına bir polis, iki gözətçi qaçaraq gəldilər. Dükançıların da köməkliyi ilə qarğasifət oğlanı “Hambal Məmməd bəy”in əlindən aldılar. Günahı “bir uşağı küçənin ortasında sillələmək ”- olan adam polis bölməsinə aparıldı.

 

Küçüyə gəlincə... O özündən getmişdi. Kiçicik başı qabaq ayaqları üstünə düşmüş, kənarlarında yaşlar qurumuş, yumulu gözlərilə səssiz yatır, arada ağzı açılsa da heç bir səs çıxarmadan qapanırdı.

 

Bir azdan qoca zibilyığan günəşin altında büsbütün qurumuşa bənzəyən və dünyasından razı olmadığını bəlli edən bezmiş halıyla heyvanının başını çəkərək gəldi. Arabanı küçüyün yanında saxladı. Adət etdiyi kürək hərəkətilə iti yerdən qaldırdı, arabaya atdı, sonra yenə o yorucu, hər şeydən bezmiş halıyla heyvanının başını çəkərək uzaqlaşdı.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017