İt-pişiyi sevmək

İt-pişiyi sevmək
5 avqust 2013
# 07:30

Səhər Əhməd yazır

Hamı filosof ola bilməz, amma hər kəsin öz fəlsəfəsi olmalıdır. Mən dəb, ya da qeyri-ənənəvilik xatirinə, ya da elə-belə darıxdığından fikirlərini tez-tez dəyişən adamları anlamıram. Xoşladıqlarımı həmişə xoşlayır, xoşlamadıqlarımı heç vaxt xoşlamıram.

Gözəl bir ağacla yaraşıqlı bir binanın elə də fərqi yoxdur mənimçün. Bəlkə bir az mübaliğə oldu, amma dəqiq deyə bilərəm ki, ömrümdə bir ağac da əkməmişəm, dibçək güllərinə qulluq etməyi belə bacarmıram, bilmirəm onları mənim tənbəlliyim, yəni susuzluq məhv eləyir, yoxsa saymazlığım, yəni sevgisizlik.

Çiçəklərin, otların, heyvanların dilindən anlamıram. Düzünə qalarsa, bütün bunlar haqqında düşünməyə vaxt sərf edə bilmirəm, mənimçün doğma bir sifətin cizgiləri altında get-gedə qocalan uşaq ruhunu sezmək, onun yaşıl xatirəsini qoruyub-saxlamaq daha önəmlidi.

Evdə məndən başqa hamı heyvanları sevir, uşaqlar həyətdə saxlamaq üçün müxtəlif heyvan növləri tələb edirlər. İt, pisik, dovşan, göyərçin, hətta tısbağa. Uzun tərəddüddən sonra beş-altı il öncə bir siam pişiyinə razılıq verdim. Qızım pişiyi ilk dəfə qucağına alanda minnətdarlıqla mənə baxdı:

-Deməli, sən də pişikləri sevirsən.

-Yox, dedim, - sadəcə olaraq, siçanlara daha çox nifrət edirəm.

Bilirəm, bu yerdə heyvan sevgisindən moizə etmək üçün sizə yaxşi pas vermiş oldum. Amma nə deyirsiniz, deyin, mənə çatmır, dünyada sevgiyə, mərhəmətə möhtac bu qədər insan varkən it-pişiyi necə sevmək olar.

Belə bir şeirim var:

Nə baharı sevdim,

nə çiçəyi,

nə göy üzünü,

Mən adamları sevdim,

birini baharın yerinə,

birini çiçəyin,

birini göy üzünün…

“Lənət olsun içimdəki insan sevgisinə”- deməyəcəyəm. İçimdəki insan sevgisini çox sevirəm. Adamlar mənimçün oxuyub bitirmədiyim kitab kimidir, oxumağa vaxtım və həvəsim olmayanda isə mən onları uydururam.

Yaxşı bər tale uydururam onlarçün, gözəl bir xasiyyət . Və xoşbəxt bir həyat diləyirəm onlara. Vaqif Bayatlı demiş: “ Gül düzəldirəm adamlardan”.

Mənə qalarsa, bu dünyada təkcə Allahı deyil, elə adamları da bir az uydurmaq lazımdır. Axı bu lənətə gəlmiş dünyada uydurmalar həqiqət də ola bilərdi...

# 2703 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #