“Biz bədbin yox nikbin filmlər istəyirik” MÜSAHİBƏ

 “Biz bədbin yox nikbin filmlər istəyirik” MÜSAHİBƏ
31 iyul 2013
# 14:49

Avqustun 2-i, milli kino günü ərəfəsində Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxovla görüşüb kino ilə bağlı bizi maraqlandıran suallara cavablar aldıq.

- Yusif müəllim, Mədəniyyət və Turizm Nazirliyinin kino siyasətinin əsas prinsipləri nədən ibarətdir?

- Əvvəlcə ordan başlamaq lazımdır ki, bizim kino çox böyük problemlər qarşısında qalıb. Son 10-15 ilin əsas problemi kadr problemidir. Düşüncə səviyyəsi biçilmiş otdan yuxarı olmayan, özünü kinematoqrafçı adlandıranlarımız çoxdur. Onlar kinonun bu gününü və sabahını müəyyən etmək iqtidarında deyillər. Kinoya yeni düşüncəli adamlar, təzə ideyalar lazımdır. Kinoya yeni nəfəs, yeni qan gətirmək üçün görülən və görüləcək işlər var. Biz Azərbaycan kinosunu dünya kinosu ilə ayaqlaşa biləcək bir sənət kimi görmək istəyiriksə, gərək kinoya gəncləri cəlb edək. Kinonun gələcəyi onlarla bağlıdır. Bu o demək deyil ki, ağsaqqal sənətkarlara film verilməməlidir. Praktika da bunu göstərir ki, belə deyil. Amma gənclər kinoya cəlb olunur. Bunun üçün çox iş görülür. Mən 40 ildir kinoda işləyirəm, Azərbaycan kinosunda heç vaxt bu qədər gənc kinoya cəlb olunmayıb. Son vaxtlarda elə olub ki, illik büdcənin yarıdan çoxu debüt filmlərə sərf olunub. Elə bu il də belədir. Asif Rüstəmov ilk tammetrajlı filmini çəkir. Altı gənc rejissor “Motivlər” filmini çəkir. “Sirr” adlı tammetrajı filmi gənc rejissorlar Elməddin və Xəyyam çəkiblər. Məqsəd istedadları açmaq, onlara yeni filmlər həvalə etmək, imkanlar yaratmaqdır.

- İldə 6 milyon yarım kinoya pul ayrılır. Bu pul yalnız filmlərin istehsalına xərclənir, yoxsa bu pula kinonun inkişafı ilə bağlı layihələr, məsələlər daxildir?

- Əlbəttə bu pul ümumiyyətlə kino ilə bağlı məsələlərə ayrılır. Yalnız bu pulun böyük bir hissəsi, təxminən 90 faizi filmlərin çəkilişinə ayrılır. Çünki film istehsalı böyük maliyyə tutumlu layihədir. Yerdə qalan məbləğ isə filmlərin təbliğinə, müxtəlif tədbirlərin keçirilməsinə, festivallara, ora adamların göndərilməsinə xərclənir. Bunlara o qədər də çox maliyyə tələb olunmur. Məbləğin əsas hissəsi filmlərin istehsalına xərclənir.

- Layihələrin qəbulu məsələsində ssenarilərin qiymətləndirməsi prosesində ekspertlər şurası var. Bu şurada kimlər var? Yalnız nazirlik işçiləridir?

- Yox, müstəqil kino adamları, peşəkar kinematoqraflar da var.

- Bu sabit heyətdir?

- Yox, vaxtaşırı dəyişir.

- Ssenarilərin qiymətləndirilməsi prosesində hansı amillər nəzərə alınır? Layihə verənlərdən biri ssenarilərdə qətl, intihar, ölüm hallarının olmaması şərtinin olduğunu və yaxud da həmin yerlərin senzuraya məruz qaldığını deyir.

- Amillər deyəndə arzuolunandır ki, dövlət sifarişi ilə çəkiləcək filmlərin pozitiv qüvvəsi olsun. Biz istəmirik ki, filmlər bədbin ruhlu olsun. Amma şərt deyil ki, orada hansısa bədbin intonasiyalar olmasın. Ümumi prinsip belədir. Senzura tamamən yersiz və əsassız sözdür. Senzuradan yox, redaktədən söhbət gedə bilər. Redaktor kinoda çox vacibdir. Filmin yaradıcılarına, xüsusən cavanlara elə gəlir ki, onların yazdığı Quran ayəsidir, ona toxunmaq və ya dəymək olmaz. Siz təsəvvür edə bilməzsiniz ki, biz nə qədər keyfiyyətsiz materialla rastlaşırıq. Əgər hansısa materialda iynə ucu boyda işıq varsa, filmə bənzər nəsə görürüksə, onda müəlliflərə deyirik ki, ssenarindən nəsə alına bilər və ya bu yerlərinə diqqət et. Düzəldə bildikdə qəbul olunur. Redaktor çox vacibdir.

İncəsənət Universitetinin professorları deyir ki, əgər bizim məzunlardan iyirmi nəfərin içindən biri kinematoqraf çıxsa çox sevinərik. Amma dindirsən, hamısı özünü Fellini sayır.

Mən o senzura haqqında danışan adamı, tənqidçini bir aylığa, yarım iliyə dövlət sifarişi ilə çəkiləcək filmləri seçən vəzifənin başında görmək istəyirəm. Baxaram ki, o nələr çəkir və necə böyük problemlərin həlli qarşısında qalır.

- Kinonun inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş işlərdən, bəndlərdən bir neçəsi icra olunmayıb. Bu barədə nə deyə bilərsiniz? Bu işlər icra olunacaqmı, yoxsa onların üstündən keçilib?

- Görülməyən işlərdən biri kinoteatrların bərpası ilə bağlı idi. Bənddə yazılmış tapşırıq belə idi ki, bölgələrdə kinoteatrların bərpasının layihə smetası müəyyən olunsun. İcra olunmayıb. Yalnız Nizami kinoteatrının bərpası və yenidənqurmasının göstərmək olar. İş burasındadır ki, kinoteatrlar dövlətin sərəncamında olanda onları işlətmək mümkün deyil. Təcrübə bunu göstərir. Məsələn Bakı təcrübəsi - Park Cinema, 28 Mall, Cinema Lux və başqa özəl müəssisələr uğurla işləyir. İnvestorlar nəhayət ki, bunu başa düşdülər. Gecikmiş olsa da bizdə də bunun konturları görünür. Gəncədən soraq var ki, orada da belə bir şey etmək istəyirlər. Demək, bölgələrdə də bu işə həvəs artır. Yəni bunu dövlət deyil, özəl investor etməlidir. Dövlətin vəzifəsi isə bunu nizamlamaq, şərait yaratmaq, lazım gələrsə vergi güzəştləri etmək və ya milli filmlərin repertuardakı kvotasını müəyyən etməkdir.

- Vaxtilə bölgə kinoteatrlarında, hətta kənd klublarında film nümayişləri vardı. İndi klublar dağılır, bu anlayış tamam itir. Bunu qorumaq mümkün olacaqmı?

- Kəndlərdə də nə vaxtsa kinoklublar olub. 70-ci illərdə kənd və şəhərlərdə ümumilikdə 2200 kinoqurğu, kino nümayişi üçün obyekt fəaliyyət göstərib. O zaman belə bir anlayış vardı: kinolaşdırma. Buna qədər radiolaşma, televiziyalaşma da olub. Dövlətin ideologiyasını yeritmək üçün bunlar önəmli idi. Mən də o dövrü görmüşəm. “Sovet Azərbaycanı” kinojurnalı, kolxoz həyatından filmlər göstərilirdi. Bir məqam gəldi ki, buna ehtiyac olmadı. Paralel olaraq video, kompüter, internet yarandı. İndilikdə bunu qeyd edim ki, avqustun 2-də Azərbaycanın 40-a yaxın rayon mərkəzində və kəndində, daha dəqiqi 61 kinoteatr və mədəniyyət evində “Dolu” filmi göstəriləcək. Artıq avadanlıq qurulub, plakatlarla təmin olunub. Avqustun 2-də filmin premyerası olacaq və daha sonra harada alınarsa orda davamlı seanslar göstəriləcək. Bilirsiniz bunu zorla etmək olmaz. Alınarsa az sonra ikinci filmi də göstərəcəyik. Çox güman ki bu, “Vəkil hanı?” filmi olacaq.

- Sözügedən Dövlət Proqramında vaxtında icra olunmayan bəndlər arasında “Azərbaycanfilm” kinostudiyasının təmiri və yüksək qurğularla təmini də var.

- Bu bənd icra olunmaq ərəfəsindədir. Fransız şirkəti ilə müqavilə bağlanıb. Mütəxəssislər gəlib işləyiblər və yenidənqurma layihəsi ilə bağlı təkliflər hazırlayırlar. Bu, böyük bir layihə olacaq. Layihə neçə nəsil Azərbaycan kinematoqrafçıların gözlədiyi layihədir. Əminik ki, olacaq.

- Avqustun 2-i “Dərvişin qeydləri” təqdim olunacaq. Daha hansı filmlər il ərzində təqdim olunacaq?

- Ayaz Salayevin “Ağ qara gecələr” filmi tamamlanır. Oqtay Mirqasımovun “Qisas almadan ölmə” filmi tamamlanmaq üzrədir, “Salnamə” studiyasında Samir Kərimoğlunun çəkdiyi “Mən evimə qayıdıram” filmi xeyli uzanmalardan sonra nəhayət demək olar ki, hazırdır. Və daha 7-8 film istehsalat prosesindədir.

- “Bu meydan bu ekran” layihəsinə nə üçün xitam verildi? Müsabiqə, layihələr davam edəcək?

- Bizə belə gəldi ki, “Bu meydan bu ekran” forması yekunlaşmağa doğru gedir. Bilirsiniz, seçim məxfi olurdu, münsiflər heyəti üstündə ad familiya olmayan, bağlı ssenariləri oxuyub seçirdi. Elə olurdu ki, qalib gələn layihənin müəllifi artıq bir dəfə, ya iki dəfə film çəkmiş olurdu. Ona görə də başqa bir formaya keçdik. “Motivlər” layihəsini çox bacarıqlı prodüser İradə Bağırzadə təqdim etdi və 6 gənc rejissor bu kinoalmanaxı çəkməyə başladı. Layihənin maliyyəsinin bir hissəsini müxtəlif prodüser mərkəzləri öz üzərinə götürdü. Ssenarilərini özüm oxumuşam, çox maraqlıdır. Artıq 6 filmdən biri Rüfət Həsənovun çəkdiyi film tamamlandı. Görək onlar bu kinoalmanaxda özlərini necə göstərəcəklər? Alınsa onlara böyük film də həvalə etmək olar.

# 2316 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #