Azərbaycanın ilk seks kitabı - ARAŞDIRMA

Azərbaycanın ilk seks kitabı - ARAŞDIRMA
29 noyabr 2016
# 11:30

Kulis.az saytı “Ajiotaj” layihəsi çərçivəsində çap olunandan sonra böyük ajiotaj yaratmış, geniş oxucu kütləsi tərəfindən sevilmiş, müəllifinə böyük şöhrət qazandırmış əsərləri yenidən yada salır.

Seks haqqında ilk söhbətlər

Allahverdi Eminovun “Payıza qədər. Seks haqqında söhbət” kitabı Azərbaycan ədəbiyyatında yüksək tirajla çap olunan, əldən-ələ gəzən hələlik sonuncu kitabdır. Sovetlərin dağıldığı ərəfədə yazılmış, 1990-cı ildə işıq üzü görən bu əsər mühafizəkar sovet mühitində kifayət qədər səs-küy yarada bildi. Əsərin bədii keyfiyyəti, janrı, üslubu, dili mübahisə mövzusu ola bilər, amma birmənalı olaraq qeyd etmək lazımdır ki, bu, tabu hesab edilən mövzuda ilk kitab idi. Azərbaycan oxucusu bu kitab vasitəsi ilə qadağan olunmuş mövzuyla öz dilində tanışlıq imkanı qazandı.

SSRİ-də, xüsusilə də Azərbaycanda bu mövzuya aclıq vardı. Məşhur “Min bir gecə” nağıllarının əldən-ələ gəzdiyi, “Dekameron”un tapılmadığı sevgi romanlarında sentimental-kədərli sevgi səhnələrinin göz yaşartdığı bir dövrdə bu kitab böyük bir boşluğu doldurdu.

Pedaqoq Allahverdi Eminov “Payıza qədər. Seks haqqında söhbət” kitabı ilə, intim mövzular oxumaq “aclığı”nı, “ehtiyacı”nı təmin edə bildi.

Allahverdi Eminov kimdir?

Müasir oxucunu “Payıza qədər. Seks haqqında söhbət” tipli kitablar demək olar ki, maraqlandırmır. İnternetin inkişafı, müstəqillik dövründən sonra xarici ədəbiyyatın əlçatan olması oxucunun bu sahəyə olan marağını təmin edir. “Ölüm pornosu” kitab tərcümə olunub nəşr edilirsə, demək bu mövzu tabu hesab olunmur. Ona görə də çap olunduğu ilk illərdə kitabını yüz minlərlə insan oxusa da, Allahverdi Eminovu indi çox az adam tanıyır.

Allahverdi Eminov 1941-ci ildə Salyan rayonunda, dəmiryolçu ailəsində doğulub. 1971-ci ildə Azərbaycan ETPİ-nun aspiranturasına bitirib və dissertasiya müdafiə edərək, pedaqoji elmlər namizədi adını alıb. Dosentdir.


1974-76-cı illərdə “ Azərbaycan məktəbi” jurnalında, 1976-84-cü illərdə “Azərbaycan müəllimi” qəzetində çalışıb. 2001-2005-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının direktoru vəzifəsində çalışıb. Eyni zamanda AzTV-də bir neçə proqramın həmmüəllifi və aparıcısı olub

Əsərdə qadın-kişi münasibətləri, intim əhvalatlar, həbsxana həyatı və sair məsələlər bir az dağınıq, əlaqəsiz şəkildə qələmə alınıb.

Müəllifin qadın-kişi münasibətləri haqqında düşüncələri elmi-publisist janrda qələmə alınıb. Burada müəllifi seksual həyatın elmi aspektlərindən daha çox bu intim mühitin doğurduğu emosional ovqat maraqlandırıb.

Allahverdi Eminov 31 kitab müəllifi olsa da, onun ən çox populyar olan kitabı məhz “Payıza qədər. Seks haqqında söhbət” əsəridir.

Allahverdi Eminov əsər haqqında bunları deyir:

“Bu esse-romanı 1990-cı ildə, təxminən 20 günə qələmə almışam. Həmin dövrdə “Maarif” nəşriyyatının baş redaktoru və direktoru vəzifəsində çalışırdım. Eyni zamanda AzTV-də “Zəka” verilişinin həmmüəlliflərindən biri və aparıcısı idim. Əsər çap olunan kimi böyük səs-küy yaratdı. Qısa vaxt ərzində kitab haqqında dövri mətbuatda 80-dən artıq tənqidi məqalə yazıldı. Kitab “Maarif” nəşriyyatında 80 min tirajla çap olunsa da, tezliklə pirat yolla bir o qədər də satışa çıxarıldı. Pirat nəşrə nəzarət etmək mümkün deyildi, çünki kitaba tələbat güclü idi. Kitab haqqında yazılan məqalələrin beş-altısına cavab verdim. Amma sonradan dostlar başa saldı ki, tənqidlərə cavab vermək vaxt və enerji itkisidir. Kitab haqqında söz-söhbətlər Mərkəzi Komitəyə gedib çıxsa da, mənə ciddi təzyiq olmadı. Hətta Mərkəzi Komitənin özündə də “Payıza qədər. Seks haqqında söhbət” oxunurdu.

Həmin dövrdə Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri Rəşid Mahmudovla çox isti münasibətimiz vardı. Məni “Maarif” nəşriyyatındakı vəzifəyə də o təyin etmişdi. Eşitdim ki, kitabla bağlı kollegiya çağırmaq istəyir. Bir gün öncə qəbuluna getdim. Dedim “Rəşid müəllim, siz də gənc olmamısınızmı? Axı bu mənim yaradıcılığımdır, ədəbi fəaliyyətimdir. Əgər bu məsələ kollegiyaya çıxarılsa mən də mətbuatda bu barədə çıxış edəcəyəm”.

Allah rəhmət eləsin Rəşid müəllimə, məsələ kollegiyaya çıxarılmadı və mənə incə şəkildə irad bildirildi. Qəzetlər sensasiya xətrinə dalbadal tənqidi məqalələr çap edirdi.

“...bu kitab Azərbaycan nəsrində yenilikdir”

Qadın-kişi aləmində çox-çox mübhəm problemlər mövcuddur, biz yalnız onun bir qismindən xəbərdarıq. Şərqdə belə mövzulara qadağalar qoyulmuşdu. Mən Sovet dönəmində bu mövzuda ilk olaraq qalın bir kitab yazdım, cəsarət göstərdim. Eyni zamanda bu kitabımda fəlsəfi-maarifçilik var. Əsər yeddi rəng üstündə yazılıb. Məndən əvvəl bu mövzuya toxunan olmadığı kimi, məndən sonra da heç kəs bu mövzunu mənim kimi qələmə ala bilməyib. Bu əsəri yazanda hələ Freydi dərin oxumamışdım. Oxuduqdan sonra əmin oldum ki, doğru yoldayam və bu cür əsərlərə ehtiyac var. Bəli, bu kitab Azərbaycan nəsrində yenilikdir.

Əsər çap olunan dövrdə mətbuatda əsəri qiymətləndirən oxucular az deyildi... Sonralar, bəzi qəzet redaktorları ilə görüşdüm. Mənə dedilər ki: “Tənqidlə yanaşı müsbət məqalələr, anonim qadın zəngləri də redaksiyaya daxil olurdu. Amma tənqidi rəyləri verirdik ki, Mərkəzi Komitənin qəzəbinə gəlməyək”.

“Payıza qədər. Seks haqqında söhbət” romanının mənim yaradıcılığımda xüsusi yeri var və indi də bu əsəri lazımlı hesab edirəm. Sadəcə müstəqillik illərində əsərə qarşı fərqli münasibət oldu. Mənə məlumat vermədən, icazə almadan 2-3 dəfə kitabı gizli şəkildə çap elədilər. Həmin nəşrlər olduqca keyfiyyətsiz idi, ancaq mübarizə apara bilmədik. Nəhayət ki, bu yaxınlarda kitab yenidən və nəfis tərtibatda çap olunub. Ümid edirəm ki, müasir oxucular da bu kitabı maraqla qarşılayacaq”.

“Böyük tirajlar, böyük ədəbiyyat demək deyil”

Allahverdi Eminovu yaxından tanıyan şair, publisist Tofiq Abdin əsər haqqında fərqli düşüncədədir: Bu kitabın da zamanında böyük ajiotaj yaratmasını anlaya bilmirəm. Allahverdi yaxşı pedaqoq, yaxşı müəllim, yaxşı ziyalıdır. Ancaq Allahverdi Eminov adlı yazıçını indi gənclər tanımır. Görünür əsərdəki açıq-saçıqlıq o vaxt hansısa boşluğu doldurduğu üçün, diqqət çəkib. Dünya ədəbiyyatında belə əsərlərin minlərlə nümunəsi var. Ümumiyyətlə əsərin böyük tirajla çap olunması, səs-küy yaratması hələ onun ciddi əsər olmasından xəbər vermir.

Erotika, pornoqrafiya ciddi ədəbiyyat ola bilməz. İntim səhnələrin özündə də bir bədiilik, ədəbiyyat olmalıdır. İsmayıl Şıxlı “Ayrılan yollar” romanında yazır: “İmran Firəngizi qucaqlayıb çəmənliyə yıxdı, qız dillənmədi...” . Bu səhnəni də xırdalığı ilə yazmaq olar, amma belə daha gözəldir. Hər halda mən Allahverdi Eminovla bir məktəbdə oxumağıma, münasibətlərimizin yaxşı olmasına baxmayaraq “Payıza qədər. Seks haqqında söhbət” kitabı haqqında yüksək fikirdə deyiləm”.

Deyilənə görə, Əbülfəz Elçibəy prezident olanda ona bu kitabın qadağan olunması təklifini veriblər. Elçibəyin cavabı isə belə olub: “Yaxşı bilirəm ki, hamınız gizlində bu kitabı oxuyursuz, səmimi olun bir az”.

# 12086 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #