58 yaşlı yazıçımız: “23 ildir kitabım çıxmır”

58 yaşlı yazıçımız: “23 ildir kitabım çıxmır”
19 iyul 2013
# 07:30

Kulis.az yazıçı Saday Budaqli ilə müsahibəni təqdim edir.

- Saday müəllim, ilk kitabınız “Uduş” Moskvada, Molodaya qvardiya” nəşriyyatında çap olunub. Bu kitaba görə M. Qorki adına Ümumittifaq mükafatına, hekayələrinizə görə isə “Drujba narodov” jurnalının, “Nedelya” həftəlik məcmuəsinin ilin ən yaxşı hekayəsi üçün təsis olunmuş mükafatına layiq görülmüsünüz. Bütün bunlar bir təsadüf idi, yoxsa...

- Mükafat almaq, əlbəttə, xoşdur. Özü də buna görə qapı-qapı düşməyəsən, ona-buna ağız açmayasan, bir də eşidəsən, sənə mükafat veriblər. Ancaq, təbii ki, bu, bir şans işidir. Dünyada o qədər nəhəng yazıçılar var, bircə mükafat da almayıblar. Özünü təriflədə-təriflədə, özü haqqında məqalələr yazdıra-yazdıra «yazıçı» olanlar da var. Bu da bizim günümüzün reallığıdır. Ancaq yaxşı ki, «əlyazmalar yanmır». Zaman hər şeyi yerinə qoyur. Əsl söz, meydanda özün yox, sözün qalanda deyiləcək. Əgər qalacaqsa…

- Son kitabınız “Çat” səhv etmirəmsə, 1987-ci ildə nəşr olunub. Ondan sonra uzun müddət susqunluq yarandı. Bu nəylə bağlı idi?

- İlk kitabım kimi son kitabım da Moskvada (1990) nəşr olunub. O vaxt müharibə gedirdi deyə, nəzər-diqqətdən kənarda qaldı. Ədəbiyyat yarımçıqlığı sevmir, ya özünü ona tam verməlisən, onunla nəfəs almalısan, ya da bir kənara çəkilməlisən. Müharibə, məmləkətdəki qarışıqlıq, itirilən torpaqlar, xəyanətlər – bunların hamısı bizim ömrümüzdən keçdi. Pəncərələri bağlayıb, heç nə olmayıbmış kimi sakitcə öz işinlə məşğul olmaq asan məsələ deyildi. Həmin dövrdə ədəbiyyatda yaranan susqunluq indi-indi aradan qalxır.

- Ömrünüzün xeyli hissəsini Azərbaycan radiosuna həsr etmisiniz. Radio bir yazıçı olaraq sizə nə verdi? Ordakı işiniz ürəyinizcə idimi?

- On altı il radioda işləmişəm – «ictimai-siyasi» redaksiyanın baş redaktoru. Yəni ədəbiyyata aidiyyəti olmayıb. Radio jurnalistləri həmişə bir şeydən gileylənirlər, deyirlər, siz yazdığınız qalır, biz isə havaya üfürürük uçub gedir. Ancaq mən belə deməzdim. Radionun dinləyiciləri çoxdur. Tarixlə, ayrıca Cümhuriyyət dövrünün tarixiylə, Güney Azərbaycanla, itirilən torpaqlarımızla bağlı silsilə verilişlər uçub getmirdi. Radioda çox gözəl jurnalistlər işləyib, indi də işləməkdədir. Onların adını çəkmirəm, çünki uzun bir siyahı alınardı. Radio ilə əməkdaşlıq eləyən, orada işləyən və işləmiş yazıçıları, şairləri siz də yaxşı tanıyırsınız. Keçmiş iş yoldaşlarımla indi də əlaqə saxlayıram və radioda işlədiyim o illəri xoş duyğularla xatırlayıram.

- Sizin ədəbiyyata gəldiyiniz dövrlə indiki mühit arasında hansı fərqlər var?

- O vaxtlar vur-tut iki-üç ədəbi jurnal, bir-iki qəzet varıydı. Bir hekayə, bir neçə şeirlə tanınırdın. Kitablar otuz min, bəzən yüz min tirajla nəşr olunurdu. Yazıçı, şair yaxşı qonorar alırdı. İndi kitablar cüzi tirajla çıxır, qonorar yoxdu, ancaq indi internet var, saytlar var, di gəl kitabı internetdən oxuyan azdı. Bir də o vaxt yazıçıdan yox, yazıdan danışırdılar, indi yazı qalır bir kənarda, yazıçının şəxsiyyəti danışıq mövzusuna çevrilir.

- Dünya ədəbiyyatında ən çox sevdiyiniz yazıçı kimdir?

- Sevdiyim yazıçılar, sevdiyim kitablar çoxdur. Mən o kitabı xoşlayıram ki, dönə-dönə ona qayıdırsan, söz səndən qaçanda, təzədən onu vərəqləyirsən, bu «möcüzənin» necə yarandığını anlamağa çalışırsan. Lev Tolstoy, Folkner, Marsel Prust, Kortosar, Akutaqava, Nazim Hikmət… Bu siyahını bir xeyli uzatmaq da olardı.

- Təcrübəli yazıçı kimi gənc yazarlara nələri məsləhət görərdiniz?

- Birinci oxumaq, ikinci yazmaq. Şairləri bilmirəm, ancaq nasirlər hər gün yazsa yaxşıdı. Hər gün yazmağa vərdiş eləyəndə, həmin vaxt söz səni çəkir, sözü hiss eləyirsən. Bir də yükün yüngülündən yapışmasınlar. Çox şey yazı prosesində üzə çıxır. Yükün ağırına girişəndə, öhdəsindən gəlməyə də bilərsən, ancaq öhdəsindən gələndə ortaya balaca şedevrlər çıxır. Hər yazıdan təzə bir yazı doğulur.

- Son dövrlər tərcüməçilik fəaliyyətiylə daha çox məşğul olursunuz. Bu gün tərcümə olunan əsərlərin səviyyəsi sizi qane edirmi?

- Tərcümə mənim indiki işimlə bağlıdı, həm də özün yaza bilməyəndə nəsə eləmək, sözdən uzaq düşmək istəmirsən. Bizdə yaxşı tərcümələr, yaxşı tərcüməçilər var. Ancaq biz bu işdə xeyli geriyik. 150 cildlik Dünya ədəbiyyatının nəşri yaxşı təşəbbüsdü, ancaq bu davam elətdirilməlidi. Orijinaldan çevirən tərcüməçilər yetişdirilməlidir. Azərbaycan oxucusu çağdaş dünya ədəbiyyatından xəbərsizdi. Gərək elə səviyyəyə gəlib çataq ki, beynəlxalq mükafatlar alan, haqqında danışılan əsərlər çox keçmədən dilimizdə nəşr olunsun. Tərcümə həm də dilimizin zənginləşməsinə xidmət edir. Hələ texniki ədəbiyyatın tərcüməsindən danışmıram. Bu iş lap yarıtmaz vəziyyətdədir. Bir sözlə, görüləsi işlər çoxdur.

- Yeni kitab nəşr etdirmək haqda düşünürsünüzmü?

- Çap olunmamış yazılarım var. İstəyirəm yığıb-yığışdırıb, axır ki, uzun aradan sonra bir kitab çap elətdirəm. Bu həm də latın qrafikası ilə çap olunan ilk kitabım olacaq.

# 1940 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #