Azərbaycanlı qadınların zənci marağı

Azərbaycanlı qadınların zənci marağı
13 iyul 2013
# 07:45

Bir neçə ayın söhbətidir.

Dostlarımla Dənizkənarı Parkda gəzişirdik.

Bir az irəlidə diqqətimizi kiçik qələbəlik çəkdi.

Cavan və yaşlı qadınlar nəyəsə maraqla tamaşa edir, kimi fotoaparatı, kimi də mobil telefonu ilə həmin obyektin şəklini çəkirdi.

Maraq bizə güc gəldi. Qələbəliyə yaxınlaşanda əvvəlcə nə baş verdiyini tam anlamadıq.

Məsələni anlayanda isə heyrətləndik.

Qadınlar 20-25 yaşlarında bir zənci oğlanı dövrəyə almışdılar. Qaradərili oğlanın yanında müxtəlif pozalarda dayanıb şəkil çəkdirir, onu diqqətlə süzür, lağ intonasiyasında hırıldayır, şaqqanaq çəkirdilər.

Sanki bizim zənci Nuh əyyamından qalma eksponat idi, yaxud hansısa naməlum planetdən gəlmişdi, ya da meşədə yaşayan, elmə indiyə kimi məlum olmayan əcaib varlıqdı.

Hər halda qadınların ona münasibətindən buna bənzər şeylər oxudum.

Zavallı zənci oğlan bizim qadınların görməmiş, irqçi davranışından pərt olsa da dinməz-söyləməz onların obyektivinə güclə gülümsəyir, ona yönəlmiş diqqətdən sıxılır, sıxıldığından necə davranacağını bilmirdi.

“Qonaqpərvər” qadınlarımızın irqçi, tərbiyəsiz davranışdan özümüzü pis hiss etdik və ordan tələsik uzaqlaşdıq.

Və yadıma istər-istəməz Ulrich Seidlın “Cənnət” trilogiyasına daxil olan “Sevgi” filmi düşdü.

Bu, tək-tük filmlərdəndir ki, bəzi epizodlarına baxanda utanmışam, həmin hissələrin tez bitməsini istəmişəm.

Film Avstriyadan Keniyaya tətilə gedən 50 yaşlarında qadından bəhs edir.

Əri tərəfindən atılmış, tənha ağdərili qadın cavan zənci oğlanlarda Avstriya kişilərinin ona göstərmədiyi diqqəti, sevgini axtarır.

Qadın düşünür ki, o, ağdərili olduğuna görə zəncilərdən üstündür. Və qaradərili oğlan onun ağ dərili, guya ali irqdən olması səbəbindən əmrlərinə tabe olmalı, istənilən arzusunu yerinə yetirməlidir.

Məsələn, bir epizodda qadın oğlandan onun intim yerlərini öpməyi təkid edir. Oğlan isə imtina edir və onun bu imtinası ona əşya, seks oyuncağı kimi baxan qadına qəribə, gözlənilməz gəlir.

“Sevgi” müasir dövrün postmüstəmləkəçi problemlərini fərqli rakursdan araşdıran filmdir.

Filmdəki qadının davranışı, təfəkkürü ilə Dənizkənarı Parkda zəncini əyləncə hədəflərinə çevirən qadınların arasında heç bir fərq yoxdur.

# 11031 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #