Ay Eşşək, Amerikada səni bu qədər işlətməzlər

Ay Eşşək, Amerikada səni bu qədər işlətməzlər
24 iyun 2013
# 12:14

“Heyvanların söhbəti”-LAYİHƏ

Eşşəyin qarpız qonaqlığı

Dəmir kişi axşam üstü meşədən gətirdiyi iri odun şələsini Eşşəyin belindən düşürüb evə sarı getdi və qoltuğunda bir qarpız geri qayıtdı. Bıçağını çıxarıb qarpızı Eşşəyin qarşısında iki bölərək:

- Baax, söz verdiyim kimi, qarpızını da gətirdim, - dedi.

Qarpız paralarını görən Eşşək sevinərək sahibinə təşəkkür elədi. Dəmir kişi itin yalını verməyə qayıdanda Eşşək sahibini səslədi:

- Kişi, bu palanı belimdən götürsəydin qarpızımı ləzzətlə yeyərdim.

Dəmir kişi qarqarada hərlənən itin yalını qabağına qoyub Eşşəyin yanına gəldi və palanı onun belindən aça-aça:

- Yaman qocalmışam haa, əziz qardaşım, məni bağışla, başımda huş qalmayıb, hər dəfə arxamca çağırıb palanı götürməyi yadıma salanda xəcalət çəkirəm, - söylədi.

Eşşək qoca sahibinə ürək-dirək verdi:

- Narahat olma, əziz dost, istəyirsən indən belə səni bu iş üçün heç narahat eləməyim. Gecəni palan belimdə də yata bilərəm, ancaq görürsən ki, hava çox istidi.

Dəmir kişi:

- Yox-yox, sən nə danışırsan, istidə bununla yatmaqmı olar? – deyib, açdığı palanı çiyninə alaraq tövləyə getdi. Eşşəklə sahibinin mehriban söhbətinə paxıllıq edən İt ağzını isti yaldan çəkib mırıldadı:

- Nə yaman nazik olmusan, ay Eşşək, palan belində yatanda nə olardı ki? Belə şeylərdən ötəri kişini niyə incidirsən? Mən səhərdən axşama qarqarada bağlı qalıram, ancaq bunu nə yalımı bişirən qarının, nə də kişinin üzünə vururam. Bəsdi, yalandan özünü naza qoyma!

İtin sözlərini eşidən Dəmir kişi onun üstünə acıqlandı:

- Kəs səsini, avara! O yükü Eşşək hansı sıldırımlardan dartıb gətirdiyini görsəydin heç vaxt belə söhbət eləməzdin. Səni qarqaradan açan kimi gedib qonşu itlərlə yerli-yersiz boğuşursan. Paxıl olma!

Sahibinin danlağından utanan İt quyruğunu qısaraq sakitcə yalını içməyə başladı. Eşşək yal içən İtə mənalı bir nəzər salıb başını buladıqdan sonra qarşısındakı qarpızın bir parasını xımır-xımır yeməyə başladı. O, qarpızın parasını yeyib ikinci parasına girişdi. Bu zaman həyətə ispan rəqqasələrinin bəzəkli donuna bənzər qanadlarını çırparaq bir Şanapipik qondu. Quş yavaş-yavaş Eşşək tərəfə yeriyib mehriban bir səslə:

- Qarpızından mən də yeyə bilərəm? - soruşdu. Eşşək bəzəkli telləri olan quşa baxıb gülümsəyərək:

- Əlbəttə olar! – dedi və ona imkan yaratmaq üçün bir az yana çəkildi. Şanapipik nazik uzun dimdiyini qırmızı qarpıza batırıb qopardığı parçaları ləzzətlə udurdu.

- Çox dadlı qarpızdı! Hardan tapmısan bunu? – soruşdu. Eşşək xoşbəxtcəsinə dilləndi:

- Mən həmişə sahibimlə meşəyə odun gətirməyə gedirəm. Özü də sahibim heç vaxt yaşıl ağaca balta vurmur. Axşama qədər hərlənib quru budaqlardan özümüzə yük düzəldirik. Bilirsənmi, bu çox çətin işdi. Birdən elə sıldırımlardan keçirik ki! Bu dəfə yükümüz xeyli ağır olduğundan sahibim yolda söz verdi ki, evə çatan kimi mənə bir qarpız kəsib verəcək. Yəni arxayın ye, öz qazancımdı, səni də qonaq eləməyə tam ixtiyarım var.

Eşşəyin həyatı Şanapipiyə maraqlı gəldi:

- Demək, sən həmişə odun daşıyırsan.

- Şanapipiyin marağı Eşşəyi bu evdə gördüyü işlərdən danışmağa həvəsləndi: - Təkcə odun yox, həm də bulaqdan su daşıyıram. Düşəndə dəyirmana dən aparıb un gətirirəm. Belə dəə! Özün görürsən, dağ yeridi, mən getdiyim yerlərə maşın gedə bilməz.

- Belə dee! – Şanapipik qarpızdan yeyə-yeyə davam elədi. – Görürəm, işin çox ağırdı, sən çox zəhmətkeşsən! Ona görə deyirlər ee, filankəs Eşşək kimi işləyir. Yəqin meşəyə səhər tezdən gedirsiniz.

- Elədi! Sahibim qoca kişidi, axşamdan tapşırır ki, səhər açılana yaxın üç dəfə anqırıb onu oyadım. Səhər tezdən gəlib palanımı belimə qoyur və haydı, meşəyə! Axşam da evə dönürük.

Şanapipik:

- Aaa, demək, sahibin Xoruzun banına yox, sənin anqırtına oyanır, - deyib, tellərini qabartdı. Onun pipiyində şahzadə xanımların yelpiklərinə bənzər bəzəkli lələklər açılıb yığıldı. Şanapipiyin bəzəkli qanadlarından və pipiyinin gözəlliyindən vəcdə gələn Eşşək öz hekayətini davam elədi:

- Hə, əzizim, sahibim ağır eşitdiyindən yalnız mənim səsimə ayıla bilir. Buna görə Xoruzun məndən heç xoşu gəlmir. Deyir, sənin səsindən toyuq-cücə yata bilmir. Guya İnək, Qoyun və Çəpişlər də məndən narazıdı. Mən neyləməliyəm, sahibim belə tapşırıb daa! Düzdü, sən canın?

- Əlbəttə, əlbəttə! – Şanapipik Eşşəyi müdafiə elədi. – Bax, bizim ev sahibimiz-zadımız yoxdu, ancaq sizdə əsas ev sahibidi.

- Hə, dəə! Xoruza deyirəm, nə paxıllıq eləyirsən? Sən də banlayanda ev sahibinin qarısı oyanır daa.

- Ev sahibinin qarısı da var?

- Hə, evdə iki nəfərdilər. Qızları qonşu kənddə ərdədi, oğulları isə gənc vaxtlarından Rusiyaya qaçıb, hələ də gəlib çıxmır.

- Sən eşitmisən? – Şanapipik dimdiyinin ucunda tutduğu qarpız tumunu udaraq dilləndi, - Amerikada demokratların rəmzi eşşəkdi? Ora getsən yəqin səni bu qədər işlətməzlər.

- Amerika nədi? – Eşşək qulaqlarını şəklədi.

- Bilirsən? – Şanapipik bir az duruxdu, - necə izah edim, bilmirəm. Sakit Okeanın o üzündə böyük bir ölkə var, ona Amerika deyirlər.

- Okean nədi? – Eşşək təzədən soruşdu.

- Necə deyim? Okean dənizlərdən böyükdü, özü də dünyada dörd okean var.

- Bahooo! Şana, sən kəlləsənmiş! Bunları hardan bilirsən? – soruşan Eşşək Amerikanı görmək arzusu ilə qulaqlarını şəkləyərək başını qaldırıb uzaqlara baxdı.

- Şanapipik əda ilə:

- Oxumaq lazımdı, əzizim, oxumaq! – deyib, yüngülcə qanad açaraq daha dərinə dimdik çalmaq arzusu ilə içi oyulub boş kasaya dönmüş qarpız qabığının qırağına qondu. Quşun ağırlığından ağzı üstə çönən qarpız qabığı onu öz altına aldı. Qabığın altında çırpınan Şanapipik qışqırdı:

- Eşşək, əzizim, kömək elə burdan çıxım, kömək elə!

Heç nə başa düşməyən Eşşək ətrafa boylanaraq anqırdı:

- Şana, nə olub sənə Şana? Sən hardasan, Şana?

Şanapipik anladı ki, vəziyyəti ona dəqiq başa salmaq lazımdı. Qabığın altından qışqırdı:

- Mən burdayam, dostum, qabığın altında qalmışam, qarpız qabığının altındaaa!

- Eşşək cəld burnu ilə qabığı arxası üstə çevirib Şanapipiyi xilas elədi. Azadlığa çıxan Şanapipik dostuna minnətdarlıq etdikdən sonra:

- Yaxşı, əzizim, artıq gecdi, mən yuvama uçmalıyam, salamat qal! – deyib, uçmaq istəyəndə Eşşək ona:

- Yaxşı yollar, Şana! Qarpız olsa iki dəfə anqıracam, gələrsən, yenə birgə yeyərik! – söylədi.

Şanapipik göydə qanad çalaraq:

- Mütləq gələcəəəəm! – deyə, Eşşəyə səsləndi.

# 3288 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #