Bizdə niyə cərəyanlar yarana bilməz?

Bizdə niyə cərəyanlar yarana bilməz?
19 iyun 2013
# 10:14

Ekspressionizm, dadaizm, kubizm, fovizm, neorealizm və s. izmlər...

Bu cərəyanların heç biri məsələn, Azərbaycan kimi modernist düşüncəyə qapalı, keçmişini, adət-ənənələrini fetişləşdirən, doqmatik, insanı ütülü, ölçülü-biçili görmək istəyən cəmiyyətlərdə yarana bilməzdi.

Çünki klassik qəlibləri dağıdan, fərqli düşüncə daşıyan cərəyanlar iqtisadi, siyasi, ictimai şərtlərdən, insanın daxili narahatlığından, özünü azad ifadə etmək, indini dəyişmək ehtiyacından, keçmişə, ənənəçiliyə qarşı dayanmasından, protestlərdən yarandı.

Cərəyanlardan bir neçəsinin meydana gəlmə səbəblərinə qısa ekskursiya edək.

XX əsrin ilk onilliyində yaranan ekspressionizm kapitalizmə, o dövrün siyasi durumuna reaksiyanın ifadəsi idi.

Dadaizm, yaradıcı adamın Birinci Dünya Müharibəsinin nəticələrinə kəskin münasibətindən qaynaqlanmışdı. Onlar müharibələrə səbəb olan rasionalizmi rədd edir, kanon və standartlara qarşı çıxırdılar.

Kubizim sadə formalar, modellər axtarırdı və əvvəlki ənənələri inkar edirdi.

Fovistlər də kanonlara qarşı idi. Bu cərəyanın lideri Anri Matiss naturanın surətini köçürməyə etiraz edir, predmetin interpretasiyasını önə çəkirdi.

İtalyan neorealizminin yaranmasının səbəblərindən biri film çəkmək üçün uyğun şərtlərin yoxluğu olub. Roberto Rosselini neorealizmin ilk mükəmməl nümunəsi olan “Roma açıq şəhərdi” filmini birbaşa şəhərin küçələrində çəkib. Çünki İkinci Dünya Müharibəsi zamanı “Cinecitta” kinostudiyasının pavilyonu yararsız hala düşmüşdü. Üstəlik, pulsuzluqdan Rosselini aşağı keyfiyyətli kinolentdən istifadə eləmişdi. Və bu da filmin realistliyini gücləndirmişdi.

Qısası, axınlar, cərəyanlar təbii şəkildə, bir qayda olaraq, dövrün tələbindən meydana çıxırdı, ictimai-siyasi ehkamlara, dominant düşüncə tərzinə qarşı dayanan kreativ azad düşüncənin məhsulu idi.

Təəssüf ki, Azərbaycanda sənət, cəmiyyət qərbin keçirdiyi kataklizmləri, başağrılarını yaşayıb durulmadı.

Üstəlik, 70 il monodüşüncəylə tərbiyələnmənin nəticəsi bu oldu ki, məsələn, indi AYB-də köhnə fikirli nəsil ona müxalif olan, ədəbiyyatdakı ekspansiv yenilikçilərə qarşı feodal münasibət göstərir, onların azad düşüncəsini, nələrisə dəyişmək cəhdini, ədəbi ənənələri rədd etməsini tərbiyəsizlik kimi qavrayır.

Çünki Azərbaycan mentallığında insana, həyat faktlarına, hətta sənətə belə münasibət alternativsizdir. Yəni 2+2 mütləq 4 etməli, hamının cavabı da məhz 4 olmalıdır.

Elə bu alternativ fikirlərə dözümsüzlüyə görə də Kamal Abdullanı Şah İsmayıl Xətaini fərqli rakursdan araşdıran “Hamı səni sevənlər burdadı” əsəri əsasında hazırlanmış “Şah və şair” tamaşasında Xətaini təhrif etməkdə, tarixi proseslərə müdaxilə etməkdə qınayırlar. Müəllifi qınayanlar yəqin məlumatsızdır ki, dünyada alternativ tarix janrı, tarixin dekonstruksiyası, metaprozası anlayışları var.

Amerika müəllif kinosunun az tanınan nümayəndələrindən biri Hel Hartli “The book of life” filmində İncil mətnlərini həddən artıq sərbəst traktovka edir. Müasir dövrdə İsa Məsih kostyumda, Məcdəlli Məryəm subkultura (panklar, hippilər) mədəniyyətini təmsil edənlərin qiyafətində peyda olur, İblis isə barda pivə içir. Film çox radikal, antixristian intonasiyasında çəkilib.

Qərb müqəddəs kitabının müəllif yozumlarına açıq ola bilir, amma biz bir hökmdarın, özü də Kamal Abdulla kimi intellektual bir yazıçının timsalında yozumuna dözümsüzük.

...Hartli Azərbaycanda doğulmadığına görə xoşbəxtdir.

# 3104 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #