O qız orda darıxır...

O qız orda darıxır...
6 iyun 2013
# 12:54

Dostlarla bir kafedə oturmuşduq. Mədəniyyətdən, kinodan söhbət edirdik. Kinoşünas Aygün Aslanlı Hanekedən Tarantinoya qədər gedib çıxmışdı. Elə oradan mili kinoya, yerli ədəbiyyata, dostlarımız olan yazarlara qayıdırdıq. Söhbət əsnasında dostumuz, “Fokus” jurnalının yazarı, Toğrul Abbasov yeni nəsil yazarlara “postmodern maarifçilər” deyib güldü. Sözdəki ironiyanı da anladım, bu iki sözü yan-yana yazanda sonda sual da qoymaq lazım gəlir, onu da bilirdim. Bilirdim ki, bu iki sözün arasında gülmək üçün, çox “izm”lərlə keçilməli uzun bir zaman var....

Amma o iki sözün arasında elə də gülməli olmayan bir acı da vardı. Biz o acı üzündən o gülüşə qoşula bilmirdik.

Bu acı elə üzdə idi ki, onu bir fotoşəkillə tutmaq olurdu. Bir gün o şəkil əlimə keçdi. Rakursdan başqa heç nəyi mən seçməmişdim. Amma şəkli sizə göstərmək istəmirəm. Qorxuram baxanda orada olsa-olsa “dağların lala vaxtı”nda ekzotik bir kənd mənzərəsini, ya da poetik bədii olmaq istəyən həvəskar foto görəsiniz. Oysa...

...Şəkil günbatan vaxt çəkilib. Günəş qəbiristanlıq olan təpənin arxasında batır. Onun şüaları üzündən şəklin tən ortasında pasport şəklindəki kimi dayanmış məscidin minarəsinin silueti azca qırmızımtıldır. Məsciddən sağdakı kəndin klubudur. Bilənlər bilir, qapısı seçkidən seçkiyə açılır. Sovet zamanında isə burada hind filmlərindən, Azərbaycan və türk filmlərindən tutmuş ciddi rus filmlərinədək müxtəlif filmlər göstərilib. Sanki klub seçkidən başqa həm də keçmişi haqda bu sözləri demək üçün dayanıb.

Şüşələrinin bəziləri sınıqdır. Şəklin mərkəzində orta ölçülü, amma şəklin böyük bir hissəsini tutan, təzə tikilmiş bir məscid var. İri həyəti məhəccərlə haşiyələnib. Məscidin solunda balaca bir otaq boyda birgözlü kitabxana. Yerlilərdən və yaşlılardan deyilsənsə, kitabxana olduğunu bilməzsən. Daha çox məscidin, üzdəniraq tualetinə oxşayır. Ona bitişik təxminən o boyda bərbərxana var.

Bu üç-dörd tikili qəbiristanlığın ətəyində sanki sıraya düzülüb. Təpədə 9-10 yaşlarında bir qız uşağı qaz otarır. Qızın arxadan görünüşü bu qız arxasını şəklə çevirib günbatana baxır və belə Tarkovskisayagı, Ceylanvari bədii fotolarda olduğu kimi axşamçağı tənhalığına bir qəribə kədər qatır.

Amma bu uydurma kədərdir. Qızın yalnızlığı kədərindən çoxdu. O arxasını kameraya və bu qəbiristanlığın ətəyindəki kəndə çevirib - bilir ki, kimsə ondan sormayacaq: sənin arzun xəyalın nədir? heç istəmir də soruşsunlar. Guya soruşsalar nə cavab verəcək?

Tədbirlərdə çıxışlarımızda “kitablar bizim xəyal gücümüzdü” deyir. O qızın oxuyacağı kitablar-xəyallar paslı qıfılın arxasında çox güman ki kiflənib. O qızın qaz otardığı yerdə xəyallar necədir? O yerdə ki, böyüklər var, onların qaydaları, yaşam şərtləri var...

Biz də indi burdayıq. Kitablar oxuya, film izləyə, internetdən istədiyimizi tapa bilirik. Hətta xəyal yox - plan qururuq. O qız orada darıxır... o qız orada elə bilir ki onu qaz otarmaq əzir, qəbiristanın arxasında batan günəş tərk edir. O elə bilir ki, həyat belədir. Amma biz onu tərk edirik. Onu kitabxananın və klubun boş interyeri darıxdırır. İnsanı-şəxsiyyəti, azadlığı əzən kitabsızlıqla daha da tüğyan edən mentalitet tapdayır. Və bir də.. O şəkildə susan bizik.

# 3233 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #