Lermontov dueldə öldürülməyib - FAKT

Belə bir versiya səsləndirilir ki, rus şairi Mixail Yuryeviç Lermontov heç də dueldə öldürülməyib. Onu muzdlu qatil öldürüb.

 

Şairin ölümündən bu yana bu versiya müxtəlif vaxtlarda bir neçə dəfə səsləndirilsə də bu versiyanı səsləndirənlər təqiblərə məruz qalmış, vəzifələrindən azad ediliblər. Ancaq bu gün tarixçilərin, eləcə də tədqiqatçıların bir çoxu daha çox Lermontovun həqiqətən sifarişlə öldürülməsi variantının üstündə dayanırlar.

 

Lermontov elə sağlığındaca böyük şöhrət qazanmışdı. 1841-ci ildə faciəvi ölümündən qısa müddət sonra gimnaziyalarda tədris olunmağa başlanıldı. I Nikolayın arvadı imperatrisa Aleksandrovna Fyodorovna da onun pərəstişkarı idi. Belə ki, imperatrisa böyük qızını ərə verəndə toy hədiyyəsi kimi zinət əşyası deyil, şairin şeirlər kitabını vermişdi. Bununla yanaşı şairin ölümünün ictimai müzakirəsi barədə gizli qadağa da var idi. Rəsmi rəy isə onun dueldə öldürüldüyünü deyirdi.

 

“Ştab-həkim İvan Barklay de Tollinin məhkəmə tibbi rəyi ilə bu fikir heç də üst-üstə düşmür. Orda deyilir ki, Lermontovu öldürən güllə 12-ci qabırğanın aşağısından girib beş və altıncı qabırğaların arasından çıxıb. Güllə aşağıdan yuxarıya 45 dərəcə bucaq altında hərəkət edib”- bunları “Arqumentı və faktı” qəzetinə tibb elmləri namizədi, Lermontov haqqında kitabın müəllifi Georgiy Absava deyib.

 

Kimsə yerə uzanaraq gizləndiyi yerdən şairə atəş açıb. Başqa bir uyğunsuzluq isə Lermontovu öldürən güllənin onu dəlib keçməsidir ki, o dövrün tapançaları üçün bu olduqca böyük deşmə qabiliyyətidir. Belə xüsusiyyət yalnız o dövrün atıcı tüfənglərində var idi.

 

Bunlardan belə nəticəyə gəlmək olar ki, Lermontovu duel yerinin yaxınlığındakı sıx kolluqda gizlənmiş muzdlu qatil – killer öldürmüşdür. Snayper versiyasını hələ keçən əsrin 30-cu illərində Pyatiqorskda yerləşən “Lermontov evi” muzeyinin direktoru olmuş Stepan Korotkov səsləndirmişdi. Buna görə onu vəzifəsindən azad etmişdilər.

 

20 il sonra Lermontov haqqında povest yazmış Konstantin Paustovski də bu haqda demişdi: “Martınovun atəşi ilə eyni zamanda onun dayandığı sıldırımın aşağısındakı kolluqlardan bir atəş də açıldı”. Sovet ədəbiyyatşünası Yuri Tinyanov da əmin idi ki, Lermontovu qətl ediblər: “Qriboyedov, Puşkin, Lermontov - onlar ölməyiblər. Onları sadəcə aradan götürüblər.”

 

Absava deyir: “4 il ərzində iki böyük rus şairi həlak olub - Puşkin 1837-ci ildə, Lermantov 1841-ci ildə. Puşkinin ölümü ümumxalq matəminə çevrildi. Onunla vidalaşmağa 500 minlik Peterburqun 50 mini gəlmişdi. Puşkinin yaxın dostu, knyaz Pyotr Vyazemskiy yazırdı ki, evindəki aşbaz şagirdi belə ondan soruşub: “Axı biz Puşkinsiz nə edəcəyik? Bəs onun yerində kim olacaq?”. Onun yerinə isə Lermontov keçdi. Lermontovun “Şairin ölümü” şeiri əlyazma şəklində bir anda bütün ölkəyə yayıldı. O şeirin rəsmi olaraq 20 il sonra çap olunmasına baxmayaraq onu hamı əzbər bilirdi”.

 

“Şairin ölümünü təşkil etmiş boz kardinallar əvvəlcə onunla duelə çıxmaq üçün praporşik Lisaneviçi qızışdırsalar da, o bunu rədd etdi: “Mən belə bir adama əl qaldıra bilmərəm”. Belə alınanda onlar istefada olan mayor Martınovu bu işə təhrik etməyə başladılar. Yəqin ki, hələ killer məsələsi planda yox imiş.

 

Martınov bu böyük rüsvayçılığı gizlətmək üçün dəhşətli cinayəti öz üzərinə götürdü. O vaxt dvoryan cəmiyyətlərində təkbətək döyüşdə - dueldə - adam öldürənləri mühakimə etmirdilər.

 

Bir çox faktlar göstərir ki, qətlin təşkilatçısı Martınovun sekundantı knyaz Vasilçikov imiş. İşi araşdıran gizli polis bu barədə yəqin çara da məlumat veribmiş. Bəlkə elə buna görə də I Nikolay Martınova belə yüngül cəza – 3 ay hauptvaxt və kilsədə tövbə cəzası vermişdi.

 

Həqiqət isə gizli saxlanılırdı. Bundan başqa knyaz Vasilçikov Nazirlər Kabineti və Dövlət Şurasının sədri knyaz İllarion Vasilçikovun oğlu idi. Knyaz İllarion Vasilçikov isə I Nikolayın ən etibarlı adamı idi. Bu adam vicdanlı və dürüst bir məmur kimi tanınsa da oğlu qumarbazın yekəsi idi. Lermontovun düşmənləri Martınovun şöhrətpərəsliyini və oğul Vasilçikovun pula hərisliyini düzgün qiymətləndirmişdilər”.

 

Bir sıra tədqiqatçılar Puşkin və Lermontovun qətillərində I Nikolayı günahkar görürlər. Amma çarla Puşkinin pis münasibətlərinə baxmayaraq onlar bir çox məsələlərdə həmfikir idilər. Çar xüsusi məvacib kəsərək onu xidmətə götürmüş və “Puqaçov üsyanının tarixi”nin nəşri üçün maddi vəsaitlə təmin etmişdi. Puşkinin ölümündən sonra onun bütün borcları dövlət tərəfindən ödənildi, dul arvadı və uşaqları təminat aldılar, əsərləri isə çap edildi.

 

Absava əmindir ki, Qekkern-Dantes cütlüyünün əli ilə Puşkini aradan götürmüş adamlar şairin dövlətə təsirindən qorxurdular. Puşkin milli və provaslav dini dəyərlərini təbliğ edirdi və XIX əsrin o məşum 40-cı illərində yalnız onun poetik dühası rus cəmiyyətinin parçalanmasının qarşısını ala bilərdi. Bu isə sarayda lobbiləşmiş qərbpərəstlərdə Puşkinə qarşı nifrət oyadırdı.

 

Puşkin hələ ölümündən beş il əvvəl həmin rus liberalları haqqında demişdi ki, Rusiyada hökumətə deyil, Rusiyaya müxalif olan çoxlu adam var. Rusiyanın parçalanmasına təhlükə yaradan siyasi davalarda Puşkinin yerini başqa bir dahi Lermontov tutdu. Onun haqqında deyirdilər ki, o dəmir iradəli adamdır.

 

Lermontov Qafqazda müasir xüsusi təyinatlıların funksiyasını yerinə yetirən cəsur əsgərlərdən ibarət dəstəyə rəhbərlik edirdi. Bütün bu uğurlarına baxmayaraq şair hərbi karyera qurmaq niyyətində deyildi, o ordudan tərxis olmaq və yaradıcılıqla məşğul olmaq niyyətində idi.

 

I Nikolay şairin ölüm xəbərini alanda belə demişdi: “Puşkini əvəz edəcək böyük şair öldü”. Sanki o özü də bu fikri ilə bilərəkdən və ya bilməyərəkdən ölümün səbəbini səsləndirmişdi.

 

Təəssüf ki, bu vaxta qədər şairin təvəllüdü və vəfatı günləri layiqincə qeyd edilməyib. Şairin doğumunun 100 illiyində - 1914-cü ildə Birinci Dünya müharibəsi mane oldu. Vəfatının 100-cü il dönümündə isə - 1941-ci ildə - Böyük Vətən müharibəsi başladı.

1964-cü ildə doğumunun 150 illiyi ərəfəsində bu dəfə Xruşşov vəzifədən getdi.

 

Yəqin ki, şairin anadan olmasının 200 illiyi ərəfəsində biz heç olmaya onun ölümünü gizlədən sirr pərdəsinin bir azda olsa qaldırarıq. Əgər qətl versiyası doğru çıxarsa onda şairin ruhunun çoxdandı intizarında olduğu ölü duası böyük şair üçün də oxunar.

 

Mariya Pozdnyakova, “Arqumentı i faktı”

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017