Yevlaxın Qaraçılar məhəlləsindən REPORTAJ

Yevlaxın Qaraçılar məhəlləsindən REPORTAJ
27 may 2013
# 10:49

Hər dəfə Gəncənin “bir addımlığında” yerləşən Yevlaxa yolum düşəndə “Qaraçılar məhəlləsi” haqqında yazı hazırlamaq fikrimdən keçirdi. Amma yazını heç cür yaza bilmirdim, o məhəlləni gedib gəzməyə imkan yaranmırdı. Bir neçə il bundan əvvəl Yevlaxda qolukəsik bir qarının evində günəmuzd bir gecəlik qalmışdım və o evdə başımıza gələn əhvalatı “Yağ kimi” romanında geniş təsvir etmişəm.

Bu dəfə məni Yevlaxın “El” televiziyasına dəvət etmişdilər. Düşündüm ki, Bakıdan erkən çıxım və qaraçıların “izinə düşməyə” gen-bol vaxtım olsun. Şəhərə çatan kimi “Avtovağzal”ın yaxınlığında salxım söyüdlərlə əhatələnmiş çayxanada Yevlax çayı ilə yol yorğunluğunu canımdan çıxardım və həm də “Qaraçılar məhəlləsi” haqda az-çox məlumat toplaya bildim. Mənə çay gətirən sütül oğlan dedi ki, onlar Dəmiryolu vağzalının o biri üzündə məskunlaşıblar. Taksilər ora 1 manata aparır.

Dəmiryolu vağzalına yollandım. O həndəvərdə kimdən soruşdumsa, dedilər ki, bu tərəflərdə Qaraçılar məhəlləsi yoxdu. Stansiyanın işçilərindən biri otağından çıxıb əliylə məni yanına çağırdı. Tosqun bədənli bu adam çox güman ki, qatar bələdçisiydi. Yaxınlaşıb salam verdim.

- Əleykümsalam. Qardaşoğlu, deyəsən nabələd adamsan,- deyə canıyananlıqla mənə köməyini təklif etdi,- de, bəlkə kömək edə bildim.

Ondan xahiş etdim ki, Qaraçılar məhəlləsinin yolunu mənə göstərsin. Jurnalist olduğum da xatırlatdım. Dedi, həə, bax, dəmiryolu xəttinin o üzünə keçib hündür binanın yanına qədər piyada getməlisən. Amma bunlar sənin üçün maraqsız olar. Yevlax-Gəncə yolunun sağ tərəfində də Qaraçılar məhəlləsi var, ora sənin işinə yarayar.

Stansiyanın qarşısında dayanmış taksilərdən bir QAZ-24 diqqətimi cəlb elədi. Yaxınlaşdım, maşının yiyəsi yaşlı adam idi. Ondan məni Qaraçılar məhəlləsinə aparmağı xahiş etdim. “Əyləş” dedi. Qara rəngli “Volqa” hələ də öz ceyran duruşunu qoruyub saxlayırdı. Maşına əyləşən kimi nostalji hisslər keçirdim, sovet dövründə “raykom” katiblərinin xidməti maşını olmuş bu maşınlar az sonra taksiyə çevrildi. İndi isə yük yerinə kartof-soğan, alma, badımcan, xiyar yüklənmiş qoca yabıya dönüb...

Heyi kəsilən atları güllələyirlər. Köhnə maşınlar tədricən çürüyüb sıradan çıxır, onları güllələməyə ehtiyac qalmır. Mənim əyləşdiyim maşının salonu öz qoxusuyla keçmişini hələ də hifz etməkdədir... Kommunizm ilğımıyla dolu o uzaq keçmişi xatırladım. Yeniyetməliyimin 80-ci illərini...

Ağsaqqal danışır ki, bu maşını 24 ildir sürürəm, hələ bir detalı da dəyişilməyib. Sən demə, vaxtilə Yevlax şəhər prokurorunu gəzdirirmiş. Dərindən ah çəkib “heyf o günlərimizdən, soveti yıxanın evini Allah yıxsın!” söylədi.

O, güzəranından da xeyli gileyləndi. Dedi ki, bütün günü burda dayanıram, gün ərzində bəzən heç on manat qazana bilmirəm. O, məni qatar bələdçisinin dediyi Qaraçılar məhəlləsinə gətirdi. Maşından düşəndə ətrafda dolaşan adamların maraq dolu baxışları mənə zilləndi. Düşündüm ki, bunlarla dil tapmaq çətin olacaq. Adətən, qaraçılar mətbuat adamından qaçırlar, sirlərini danışmırlar.

Məhəllənin içindən keçib o biri küçəyə adladım. Qaraçılar qapılarının ağzında xırda ticarətlə məşğul olurlar. Küçənin başında qaraçı uşaqları ayaqyalın futbol oynayırlar. Həyətlərin görkəmi olduqca səliqəsiz idi, qaraçıların pinti-pələş geyimi ilə bu səliqəsizlik üst-üstə düşürdü.

Yevlaxda yaşayan bir tanışım mənə demişdi ki, bu şəhərdə təxminən 2500 qaraçı yaşayır və onlar hardasa ötən əsrin ortalarından Yevlaxda məskunlaşmağa başlayıblar. Tarixən köçəri həyat tərzi keçirən qaraçılar çox maraqlıdır ki, Yevlaxdan heç yerə köçməyiblər. Onlar özlərini kürd adlandırır. Onların çox qəribə qanunları var, buna “qaraçı qanunları” deyirlər. Qaraçılar özgə tayfaya heç vaxt qız verməzlər, qızın ərə getdiyi oğlan da mütləq qaraçı olmalıdır. Onlar buna çox ciddi əhəmiyyət verirlər. Özü də uşaqları çox erkən, 12-14 yaşlarında evləndirirlər.

Orta boylu, üzü tüklü bir kişi yaxınlaşıb “sizə kim lazımdır?” deyə soruşdu. “Mətbuatdanam, sizin həyat tərzinizdən yazmaq istəyirəm” dedim. Sifətini turşudub əlini yellədi:

- Qoyun yaşayaq da. Bizdən çox yazıblar, qardaş. Sən nə yazacaqsan?

Bu kişi məni asfalt yola ötürmək istədi. Söhbət edə-edə Gəncəyə gedən yola çıxdıq. Qaraçı uşaqları bellərinə radio bağlayıb velosipedlə ora-bura şütüyürdülər. Fotolarını çəkmək istədim, xahiş etdi ki, çəkməyim.

Radioda səslənən mahnılar deyəsən kürd mahnıları idi. Mən belə zənn etdim.

Mənimlə söhbət edən kişi adının Ramiz olduğunu dedi. O, söhbət boyu maraqlı fikirlər səsləndirdi. Deyir ki, Hitler qaraçıları yəhudilər kimi yer üzündən silmək istəyirdi. Yaxşı ki, burda bizə dəyib-dolaşan yoxdu.

Onların qəribə adətləri var. Kişilər evdə oturmalı, qadınlar gedib pul qazanmalıdırlar. Onlar dilənçiliklə və falçılıqla pul qazanırlar. Qaraçıların yeganə gəlir mənbəyi dilənçilikdi. Bunu özlərinə ayıb bilməzlər. Dilənçilik onların həyat tərzidir.

Ramiz deyir ki, elə bilirsən dilənçilik asandır? Bizdə dilənçilik uşaqlıqdan başlayır, bu həyata uşaqlıqdan alışmaq lazımdır. Yoxsa pul qazanmaq mümkün olmaz. Bizdə namus hər şeydən üstündür, deyir. Bizim qadınlarımız heç vaxt namusunu satmaz. Kim bunu etsə, o qadını daş-qalaq edərlər.

Soruşuram ki, sizdə uşaqlar təhsil almır? Deyir yox, uşaqların hamısı pul qazanmaqla məşğuldur. Oxumaq bizim nəyimizə lazımdır?

Bundan artıq danışmaq istəmir. Deyir buralara çox yazan gəlir, amma bu yazılanların bizə xeyri nədir? Sən də get ayrı şeylərdən yaz. Bizimkilər sənə heç nə danışmaz. Bir də ki, bizim həyatımız göz qabağındadır da.

Asfalt yolda Ramizdən ayrılıb Gəncəyə gedən avtobusa mindim. Orda məni dostlar gözləyirdi...

Yevlax- Bakı

# 5483 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #