Susmağın ibrəti

Susmağın ibrəti
17 may 2011
# 08:00
Drayzer həmişə ictimai nəqliyyatla gəzərmiş. Bir dəfə ona sual veriblər ki, niyə basabasda, kütlə içində özünü bu qədər əziyyətə salırsan? Cavab verir ki, xalqın, insanların içində olmayan yazıçı onların həyatından inandırıcı, real hekayətlər yaza bilməz. Sadə insanların həyatına uzaq olduğun halda onu necə qələmə alsan da gerçək görünməyəcək, süni olacaq və oxunmayacaq.

Bu gün səhər ictimai nəqliyyatda şahidi olduqlarım da gündəlik həyatımızın bəsit reallığıdır, amma hələ də normal insanı təsirləndirən reallıqdır. Hərçənd, indi qeyri-normal olaylara təbii münasibətini gizlətməyən insanlar ətrafdakıların qınaq dolu baxışları ilə rastlaşır - yəni “nəyinə lazımdır?”, “başın xarabdır?” Amma nə olsun, yenə laqeyd qala bilmirsən...

Vaqif İbrahimoğlu kimi nadir şəxsiyyətini itirmiş Azərbaycan mədəniyyətinin yaşadığı kədərin üstünə dərhal “Eurovision”dan gələn qələbə xəbəri çiləndi. Hər iki olayı içimdən keçirdiyim üçün iş həftəsinə necə başlayacağım barədə düşünə-düşünə səhər avtobusamı, marşrut taksiyəmi, necə adlandırım, əlqərəz ictimai nəqliyyata mindim.

Həmişəki kimi, 20-25 yaşlarında cavan sürücü maqnitofona istədiyi qədər səs vermişdi. Müğənniciyəz də canı yanmış istedad dağarcığı, elə oxuyur ki, adamın tükləri biz-biz durur. Səhər-səhər avtobusun üstündə musiqinin təsir qüvvəsindən quş qanad saxlayır. Yuxarıda dediyim kimi, iç dünyamda bir-birinə qarışmış kədər və sevincin hər ikisindən bu marşrut taksisi təbii ki, bixəbər idi. Mənim dünyamın ona şəksiz dəxli yoxdur, amma ümumiyyətlə, adama elə gəlirdi ki, ani düşdüyün və tez bir zamanda tərk edəcəyin bu mühit indi bayırda qoyub gəldiyin hər şeydən uzaqdır. Onun qapısından içəri keçərkən tamam ayrı bir dünyaya düşürsən. Sürücünün dünyasına.

“Sarı, sarı güllərimə sarı çiçəyim” - deyə mənasız sözlərə yazılmış mənşəyi məlum olmayan musiqini sürücü elə eşqlə içinə çəkirdi ki, elə bil musiqidən aclıq keçirib. Yaxud hansısa yanğısını o mahnının üzərində ovundururdu. Özünə də elə gəlirdi ki, ətrafdakıların hamısına özü yaşadıqlarını yaşadır və bu “səxavətindən” çox məmnun ifadə vardı üzündə.

Avtobusa oturan hər kəsin simasında sürücünün damağındakı siqaretdən qıvrılıb ciyərlərimizə dolan tüstüdən, qışqıran “musiqidən”, üstəlik yüksək sürətdən sonrakı arabir əyləc “keyf”ndən zara gəlmiş ifadə vardı.

Yenə qəfil əyləci basması ilə qapıya yaxınlaşan yaşlı kişinin qapının aşağısındakı pilləkənin üstündə bənd alması bir oldu. Özü də ayaq üstündə deyil... Hamı heyrətlə və biixtiyar ayağa qalxdı. Tövrünü də pozmayan sürücü birdən qəhqəhə ilə gülüb, “day-day, özünü voleybol meydançasında hiss etdin? Deyəsən, cavanlığın yadına düşüb ha...” – dedi.

Kimsə kişinin əlindən düşən qovluqdan dağılan kağızlarını yığıb verdi, hamısı səhvləri qırmızı qələmlə işarələnmiş və qiymətləndirilmiş test vərəqləri idi. “Day-day”ın rəngi ağappaq ağarsa da, özünü itirməyib gediş haqqını da ödədi. Sonra da dinməz-söyləməz düşüb getdi...

O getdi, mənim də bugünkü dincliyimi əlimdən alıb özü ilə getdiyi sinif otağına daşıdı. Şəksiz o yaşlı kişi müəllim idi. Bütün görkəmi də bunu sübut edirdi. Müəllim niyə sürücüyə heç bir reaksiya vermədən düşüb sakitcə getdi, maraqlısı budur. Ya yazıq kişi şokdan ayıla bilmədi, ya deməyə söz tapmadı, ya da sadəcə nə isə deməyin mənasız olduğuna təcrübəsi ilə qənaət verib.

Bir qadın sürücünü qınadı:

- Ay, bala, atan yerində kişidir , bəlkə elə nə isə bir zədə alaydı, yavaş sür də...

- Heç nə olmaz, neyniyim e, çıxsın təqaüdə, otursun evində. Yaxşı ki, başı potpresə dəymədi.

- Ondan da pis yerə dəydi, Allah saxladı...

- Yox e, potpresə dəysəydi, xərcini özünə çəkdirərdim. Uşaqlardan yığıb pulunu verərdi.

Deməli, bu oğlan sərnişini tanıyır, tez-tez avtobusunda rastlaşıb. Deyəsən, danışdıqca hamı bu sürücünün hansı mərifətin sahibi olduğunun fərqinə varıb, heç nə demədi.

Mən də avtobusdan düşüb metroya girdim. Hələ də o müəllim fikrimdən çıxmır. Heç olmasa, sürücüyə bircə kəlmə desəydi mən bu qədər əzab çəkməzdim...

Düşünürəm ki, kaş, arxasınca qaçıb sürücünün yerinə mən ondan üzr istəyəydim. Deyəydim ki, müəllim, bağışlayın, nadanlardan xali deyilik. Bağışlayın ki, sizin kimi nəcib insanları belələrindən qoruya bilmirik. Nəticədə sizləri tez itiririk, ümumiyyətlə, itkilərimiz ona görə çox olur ki, o qəbil insanları cəzalandırmırıq, ictimai qınaq deyilən nəsnə də unudulub. Təsəvvür edirsiniz, elə olsaydı, müəllim də o təsirlə getməzdi, bəlkə içindən keçənləri danışıb, ürəyini boşaldardı.

Xəyalımdan çox sevdiyim müəllimlərim, onların ardınca Cəbiş müəllim, Mustafa müəllim, atam Cəfər müəllim gəlib keçir. Bəlkə ona görə bu qədər təsirləndim ki, atam da tez-tez belə sürücülərlə üz-göz olduğundan danışır. Yoxsa, sadəcə müəllimlərə qarşı hədsiz məhəbbətimdən irəli gəlir bu iç rahatsızlığı... Bəlkə də bu gecə ürək tutması keçirəcək. Sonra da deyəcəyik ki, yazıq, elə də yaşlı deyildi, niyə görəsən getdi?

Belə deyə-deyə, bir-birimizi ürək ağrılarına, hipertoniyaya, yüksək şəkərə sürükləyib... hara gedirik? Niyə edirik bunu?

Bilmirəm. Onu bilirəm ki, müəllim bu gün heç olmasa sinifdə şagirdlərinə o olayı danışacaq. Təsəllim odur ki, onun tərbiyəsindən çıxan uşaqlar sürücü də olsalar, ədəbli sürücü olacaqlar.

Şükür, eləsi də yox deyil...
# 3089 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #