Salman Rüşdiyə peyğəmbəri təhqir etməyi kim tapşırdı?

Salman Rüşdiyə peyğəmbəri təhqir etməyi kim tapşırdı?
23 may 2013
# 07:45

Salman Rüşdinin «İblislər kampaniyası»

«Yeni hadisələrin ən böyüyü o oldu ki, «Tanrı öldü»… ancaq insanların təbiəti elədi ki, ola bilsin mağaralarda min illər boyu onun kölgəsini göstərəcəklər. Və biz hələ onun gölgəsinə də qalib gəlməliyik»

Fridrix Nisşe

«İnsan həyatının ziddiyyəti odur ki, onun yaradıcısı uydurmadır, amma buna baxmayaraq uydurma yaradıcının yaratdığı zənn edilən həyat tam təsdiqlənmiş faktdır».

Salman Rüşdi.

1989-cu il. İranın Ali dini lideri Ruhulla Müsəvi Xomeyni qəzəbini bütün dünyaya bəyan edir. İranın dini liderini bu qədər qəzəbləndirən şəxs isə Hindistan əsilli İngiltərə vətəndaşı bir müsəlman yazardı. Yazar müsəlmanların peyğəmbərini təhqir etmək kimi bir cəsarətdə bulunmuşdu. Onun yazdığı «Şeytan ayələri» adlı kitab dünyanın hər yerində müsəlmanları ayağa qaldırmışdı. İlk dəfəydi ki, bir yazar bütün müsəlmanlara qarşı əlcəyini tullamışdı və işin ziddiyyətli tərəfi həmin yazarın özünün müsəlman olmasıydı.

Yazarın müsəlmanlara atdığı əlcəyi ilk yerdən qaldıran isə Ayətullah Xomeyni oldu. İmam verdiyi fətva ilə yazarı və onun kitabını nəşr edən hər kəsi ölümə məhkum etdi:

«Bağışlayan və mehriban Allahın adı ilə. Hamımız tək Allahın dərgahına qayıdacağıq. Mən dünyanın bütün qorxusuz müsəlmanlarına bəyan edirəm ki, «Şeytan ayələri» kitabı islam dininə qarşı yazılıb və nəşr olunub. Həmin kitabı yazan və kitabın məzmunundan məlumatları olduğu halda nəşr edənlər ölümə məhkum olunur.

Mən dünyadakı bütün sadiq müsəlmanlardan onları tez bir zamanda edam etməyə çağırıram ki, bir daha heç kim islam prinsiplərini aşağılamağa cəsarət etməsin. Bu yolda ölən hər bir kəs islam əzabkeşi olaraq tanınacaq.

Bundan başqa kitabın müəllifini tanıyanlar və onun yerini bilənlər əgər onu edam eləmək üçün özlərində güc tapmırlarsa, o bu işi yerinə yetirə biləcək adamlara müəllifin yeri haqqında məlumat verməlidir.

Allahın xeyir-duası həmişə sizinlə olacaq.

Ruhulla Musəvi Xomeyni, İranın ruhani lideri».

«Oğurlanmış islam» və «iblislər kampaniyası»

2003-cü ildə «Miss World» müsabiqəsinin təşkilatçıları gözəllik yarışmasının final mərhələsini şəriət qanunları ilə idarə olunan müsəlman ölkəsi Nigeriyada keçirməyə qərar verdilər. Buna səbəb şəriət məhkəməsinin nigeriyalı bir qadını zina etdiyinə görə daşqalaq edilməyə məhkum etməsi olmuşdu.

Bundan sonra müsabiqənin bir neçə iştirakçısı məhz Nigeriyada qadına qarşı bu münasibətə qarşı çıxış etdilər və şəriət məhkəməsi öz qərarını dəyişməyəcəyi təqdirdə müsabiqədə iştirak etməyəcəkləri ilə bağlı bəyanatlar səsləndirməyə başladılar. Müsabiqə iştirakçılarının qaldırdıqları hay-küydən cəsarətlənən xristian inanclı İsiom Daniel adlı bir jurnalist qız öz qəzetində «Məhəmməd peyğəmbər sağ olsaydı, yəqin ki, yarıçılpaq müsabiqə gözəllərindən birini özünə seçərdi», adlı yazı yazır. Bu yazının üzərindən Nigeriya müsəlmanları küçələrə çıxaraq xristian məhəllələrini dağıtdılar.

Bu hadisə baş verdikdən bir neçə gün sonra 14 il müddətində Xomeyninin fətvasından gizlənən Salman Rüşdi ortaya çıxdı. İslam peyğəmbərini ilk dəfə təhqir etməsi ilə dünya şöhrəti qazanan Salman Rüşdi Fransanın «Liberasyon» qəzetində «Oğurlanmış islam» adlı bir məqalə ilə çıxış etdi.

Nigeriyada baş verənləri vandalizm nümunəsi olaraq təqdim edən ünlü «Şeytan ayələri»nin yazarı həmçinin İrandakı dini dözümsüzlüyə görə edam olunanları da gündəmə gətirmişdi. Salman Rüşdinin ortaya qoyduğu nəticə isə ondan ibarətdi ki, fanatik ruhanilər və onlara tapınan sıravi müsəlmanlar əsil islamı oğurlayıblar və onun əvəzinə insan hüquqlarını tanımayan, vəhşi və qaniçən bir din gətiriblər. Bu bəyanatı ilə Rüşdi əslində başqa bir hindistanlının, ünlü islam ideoloqu İqbalın fikirlərinə tapınmışdı. İqbalın fikrincə islamdakı qəbahətlər dinin gətirdiyi qaydalardan gəlmir, müsəlmanların nə qədər müsəlman ola bilməsindən qaynaqlanır.

14 il əvvəl ilk dəfə islam peyğəmbərini lağ hədəfi edən və bununla da islama qarşı olmadığını, amma islamdakı qəbahətləri islam dininin rəhbərlərinin ayağına bağlayan Rüşdi bununla da özünü təmizə çıxarmağa cəhd edirdi.

Özünün də artıq tək olmadığını dilə gətirən Ruşdi sevincini belə gizlətmirdi: «Çoxlu «Ruşdi»dən biri olmaq heç də pis deyil. Mən sadəcə şad deyiləm, həm də fəxr edirəm ki, bu «iblislər kampaniyasına» aidəm».

1989-cu ildə dəfələrlə tövbə etdiyini dilə gətirən, buna baxmayaraq bağışlanmayan və həyatının 9 ilini polis nəzarəti altında hər gün öldürüləcəyi qorxusu ilə yaşayan Rüşdi islam peyğəmbərinin təhqir edənlərinin sırasının günü-gündən artmasını xüsusi zövqlə seyr edir və bundan xoşhal olduğunu gizlətmirdi: «Bu gün islam dünyası əsir edilib. Yox, Qərbin əsiri deyil, islamı qalan dünyadan gizlədib onun qapısına qıfıl vuranların əsiridir. Bu qıfılı sındırmaq istəyən ancaq kiçik bir qrup var. Böyük çoxluq susmaqda davam edir. Ancaq bizim mübarizəmiz nə qədər ağır olsa da, biz inanırıq ki, bir gün zindanın qapısı sınacaq».

O özünü təmizə çıxarmaqla qalmır, həm də hücuma keçir. Buna baxmayaraq Salman Rüşdi hələ də içindəki qorxunu yenə bilmir. Bir il əvvəl «Şeytan ayələri»nin müəllifi Xomeyninin fətvasının sosial şəbəkələrdə yayılmasından dəhşətə gəldiyini bildirdi. 2012-ci ilin may ayında Berlində keçirdiyi mətbuat konfransında Ruşdi bu qorxusunu dilə gətirmişdi: «İndi imam Xomeyninin fətvası internetdə, «Fasebook» və «Twitter» kimi sosial şəbəkələrdə yayıldıqdan sonra mən əvvəlkindən daha çox təhlükə hiss edirəm».

Həmçinin həmin mətbuat konfransında Salman Rüşdi dinə qarşı tənqidin və zarafatın söz azadlığı prinsiplərinə aid olduğuna diqqət çəkmişdi.

Rüşdi niyə tabunu qırmaq ehtiyacı duymuşdu?

«Şeytan ayələri»nə qədər Salman Ruşdi 1981-ci ildə «Gecəyarısı uşaqları» romanına görə Buker ədəbiyyat mükafatına layiq görülmüşdü. O daha çox mistik yazar kimi tanınırdı və «Şeytan ayələrini»dərc etdirənə qədər orta səviyyəli çoxsaylı ingilis dilli yazarlardan biri idi. Onu bütün dünyada ünlü edən isə məhz Xomeyninin yazar haqqında verdiyi və hələ də icra olunmayan fətvası oldu.

Rüşdiyə qədər heç bir yazar və yaradıcı adam islam peyğəmbəri Məhəmmədi lağ obyekti etməyə cəsarət etməmişdi. Nə qədər qəribə də olsa, bunu qatı islamçı babasının yanında böyüyən və hələ də ona olan ehtiramını hər fürsətdə dilə gətirən bir müsəlman etdi. Bunun səbəbini Rüşdi söz azadlığı ilə əlaqələndir və hansısa tabuların yıxılması naminə islam peyğəmbərini lağ obyektinə çevirdiyini bildirir.

Onun 1988-ci ildə dərc etdirdiyi roman beynəlxalq böhran yaradan bir hadisə olur. Romanın qəhrəmanı pleyboy Cibril Farişta hind allahlarını canlandıran məşhur Bollivud aktyorudur və o, intihar edən sevgilisinin xəyaləti tərəfindən təqib olunur. Xəyalətdən qaçmaq üçün Londona gələn Cibril yuxularında mələk Cəbrayıla çevrilir.

Mələk olaraq zaman və məkan arasında gəzən Cibril Məkkəyə (romanda bu şəhər Cahiliyyə adlanır) gəlir və Məhəmməd peyğəmbərlə (romanda rəsul və Mahanud) görüşüb ona islamı təlqin edir. Epizodlardan birində Mahanud Cahillyənin liderlərinin təzyiqinə dözə bilmir və onların bir neçə tanrısını Allaha yaxın elan edir və onları Tanrılığını qəbul edir. Romanın ən qəzəb doğuran fəsli isə rəsulun dostu Baalın gizləndiyi bir bordeldə fahişələrin peyğəmbərin arvadlarının adı ilə adlandırılmasıydı.

Roman nəşr olunduqdan sonra bir çox müsəlman ölkələrində müsəlmanların etirazına səbəb olur və İranın dini lideri Ayətullah Xomeyni Rüşdi haqqında məlum fətvanı verir. Bu fətva üzündən Böyük Britaniya ilə İran arasında diplomatik gərginlik yaşanır. Rüşdi üzr istəyib tövbə etməyə hazır olduğunu bildirsə də, Xomeyni geri addım atmır.

Buna görə Böyük Britaniya ilə İran arasında diplomatik əlaqələr kəsilir və Rüşdi gizlənməyə məcbur olur. O hələ də bu günə qədər polis nəzarəti altında «şahidlərin qorunması proqramı» ilə qorunur. Amma son illər özünü daha rahat hiss edir.

Salman Rüşdinin əkdiyi toxumlar öz bəhrəsini verməyə başlayır

Rüşdinin bu addımından sonra 90-cı illərin sonlarından başlayaraq Avropada islam peyğəmbərinə qarşı hücumlar yenidən vüsət alır. Peyğəmbərin karikaturalarının yayımlanması ikinci beynəlxalq qalmaqala çevrilir. Bir neçə ildən sonra bir daha karikaturalar nəşr olunur və yenə də etirazlara səbəb olur. 2012-ci ildə isə Məhəmməd peyğəmbəri açıq şəkildə təhqir edən «Müsəlmanların məsumluğu» filminin reklam roliklərinin yayımlanmasından sonra Misirdə, Yəməndə, Sudanda, Banqladeşdə və Pakistanda böyük ölçüdə müsəlmanların etirazları keçirilir. Liviyaının paytaxtı Benqazidə isə etirazçılar

ABŞ səfirliynə hücum edib səfiri və daha üç nəfəri öldürürlər.

Bəs Rüşdinin islam peyğəmbərinin toxunulmazlıq çəmbərinin qırmağa nə vadar etmişdi? Bunun cavabını bir başa vermək mümkün deyil. Amma 2007-ci ildə Böyük Britaniyanın kraliçası onu ədəbiyyata göstərdiyi xidmətlərə görə «cəngavər» elan etdikdən sonra daşlar yerinə oturmağa başladı. Kraliçadan sonra Fransa Rüşdini ordenlə təltif etdi. Bundan əvvəl isə 2004-2006-cı illərdə Rüşdi beynəlxalq PEN klubun ABŞ Mərkəzinin rəhbəri seçilir. Rüşdi davamlı olaraq Qərb dövlətləri tərəfindən mükafatlara və ordenlərə layiq görülməkdə davam edir.

Rüşdi doğurdanmı idealları dağıtmağa çalışır?

Rüşdi peyğəmbəri lağ hədəfinə çevirməklə idealların müflis olduğunu göstərməyə çalışdı. «Şeytan ayələri»ni yazarkən yeni bir ideya ortaya qoymadı. Sadəcə zamana təslim olaraq tarixin dönüş anının gəlib çatdığını özünəməxsus şəkildə ortaya qoydu. Ona qədər bir çox mütəffəkkirlər - Hegel, Marks, Nisşe, Freyd və bir çox başqaları tarixin dönüş anını elan etmişdilər və Rüşdi həmin mütəffəkirlərlə eyni səviyyədə deyil. Rüşdi bəşəri bir ideya ortaya qoymadı, sadəcə bəşəri bir tabunu aşağılamaqla özünü məşhurlaşdırdı. Bu anlamda Rüşdi heçdə adi bir şou-biznes mənsubundan fərqlənmir…

Rüşdinin radikallığı öz dövrünün «qurbanlıq quzusu» olmaqdan o yana gedə bilmədi. Və apostol Pyotr «xoruz üç dəfə banlayana qədər» İsa Məsihə üç dəfə xəyanət etdiyi kimi, Rüşdi də Xomeyninin fətvasından sonra üç dəfə tövbə etməyə hazır olduğunu bildirdi. O hətta İsa Məsihi 30 gümüşə satdıqdan sonra özünü asan İuda belə ola bilmədi. Yəni «Şeytan ayələri»nin müəllifi vicdan əzabı belə çəkmir və yaşamaq istəyini hər imkanda ortaya qoyur. O «qurbanlıq quzu» olaraq özünü qoruyur və amma hələ də yaşayan «qurbanlıq quzu» olduğunun fərqindədir. O hər kəsdən yaxşı bilir ki, tarixin dönüş anının «qurbanlıq quzu»sudur.

Xomeyninin fətvası niyə icra olunmadı?

Xomeyninin fətvasına rəğmən Rüştinin hələ də yaşaması və artıq nisbətən normal həyat şəraitinə dönməsi İranın və müsəlmanların acizliyinin nümunəsi oldu. Söhbət heç də Rüşdinin qanının axıdılmasından getmir. Hər şeydən əvvəl ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın keçmiş müşaviri Li Hamiltonunun soyuq savaş bitdiyi zaman irəli sürdüyü məşhur kəlamı xatırlatmaq yerinə düşür: «Artıq düşmənimiz yoxdursa, onu yaratmağımız gərəkdir».

ABŞ-ın yeni strategiyasının müəlliflərindən biri olan Hamiltonun irəli sürdüyü bu konsepsiyadan sonra əksəriyyət müsəlman dövlətləri Vaşinqtonun müttəfiqləri olmasına baxmayaraq, islam dini ABŞ-ın bir nömrəli düşməni halına gətirildi. Rüşdinin «Şeytan ayələri»nin 1988-ci ildə nəşr olunduğunu nəzərə alarsaq, 1989-cu ildən başlayaraq İraq başda olmaqla ABŞ-ın müsəlman ölkələrinə qarşı hərbi əməliyyatlar keçirməsini də diqqətə alarsaq və elə həmin dönəmdə Reyqanın «şər imperiyası» adlandırdığı SSRİ-nin sürətlə iflas etməsini də buraya əlavə edərsək, o zaman Rüşdinin islam peyğəmbərini lağ obyektinə çevirməsinin və aşağılamasının siyasi yönləri ortaya çıxır. Yəni Rüşdi heç də idealları dağıtmaq və söz azadlığı mücadiləsini verən bir «kor təsadüf» deyildi. Rüşdi Qərbin «yeni düşmən» planını uyğulayan vintlərdən biri idi.

Rüşdini ona görə qorudular və ona görə qoruyurlar ki, ABŞ-ın «yeni düşmən» olaraq seçdiyi islam tabularını dağıtmaq üçün hazırladığı proqrama aid idi. Onun ölümü Qərbin islam dünyası qarşısında yenilik düşməsi anlamını verirdi və islam tabularının toxunulmazlığını bir daha isbat edirdi. Fətvanın icra olunması İranın və Xomeyninin ABŞ üzərində mənəvi qalibiyyətinin göstəricisi olacaqdı və bu üzdən də Rüşdinin yaşayan «qurbanlıq quzu» olması şərt oldu.

Rüşdinin müdrik hacı babası

Birdə hər kəsin marağını cəlb edən bir sual daha var. Rüşdi ateistdirmi? Onun verdiyi açıqlamalara görə deyil. Adam hələ də fanatik müsəlman babasını dünyanın ən müdrik adamı hesab edir.

Dalay-lama ilə belə görüşdüyünü dilə gətirən Rüşdi babasının müdrikliyini və mədəniyyətin daha yetkin hesab edir və son kitabını məhz babasına ithaf etdiyini bildirir: «Mənə Dalay-Lama ilə də görüşmək nəsib olub. Ancaq mənim taleyin mənə rast gətirdiyi tək müdrik adam mənim babamdır. Mən - hindli, ixtisasça həkim və mənə qətiyyən bənzəməyən ana babamdan bəhs edirəm.

O Məkkəyə ziyarətə getmişdi və hər gün beş dəfə dua edirdi. Nəvələri onu lağa qoyurdular ki, nə qədər dua eləmək olar? Ancaq onun dinə bağlılığı heç də dünyanın ən səbirli və dözümlü adamı olmağına mane olmurdu. Hətta ona demək olardı ki, mən Allaha inanmıram. O sənin qolundan tutacaq və yanında otuzduracaqdı: «Belə. Sən hər şeyi bir-bir anlat görüm…». Və səninlə tamilə ciddi şəkildə qəzəblənmədən söhbət edəcəkdi. Mən ona son romanımı ithaf etmişəm. Onu da deyim ki, biz nənəmizdən qorxardıq. O çox zabitəli qadındı».

Son müsahibələrində Rüşdi artıq ona dinə aid suallar verilməsindən bezdiyini bildirir: «Mən islam araşdırmaçısı deyiləm. Dindən də yazmıram. Bu suallar artıq məni cana gətirib». Rüşdi daxildə Allaha inanır, amma tam olaraq bunu etiraf edə bilmir. Elə «Oğurlanmış islam» yazısının adını seçərkən və ünlü ilahiyyatçı İqbaldan yol alıb məsələyə yanaşarkən o, ateist olmadığını və dinə fərqli baxışının olduğunu ortaya qoyur.

«Şeytan ayələri» müəllifinin həyat salnaməsi

Əhməd Salman Rüşdi 1947-ci ildə müsəlman ailəsində Bombeydə anadan olub. Rüşdinin ata babası urdu dilində yazan tanımış şair, atası isə biznesmen olub. Hindistan müstəqillik qazandıqdan sonra dini qarşıdurma səbəbi ilə ailə Pakistana köçür. 14 yaşında Salman təhsil almaq üçün Londona gəlir.

Kolleci bitirdikdən sonra Kembricdə tarix və inngilis ədəbiyyatını öyrənir. Təhsilini bitirdikdən Pakistana dönən Rüşdi televiziyada çalışmağa başlayır. Qısa müddətdən sonra Londona geri dönür və 1964-cü ildə Britaniya vətəndaşlığını alır. Elə o vaxtdan da Londonda yaşayır.

Həyatı boyu 4 dəfə evli olub. Sonuncu xanımı ondan 2007-ci ildə ayrılıb. 1989-cu ildən sonra polis nəzarəti altında yaşayır və tam 24 ildir ki, Xomeyninin fətvasının nə zaman icra olunacağını gözləyir.

# 5128 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #