Qatara xuliqan kimi mindim

Qatara xuliqan kimi mindim
21 may 2013
# 12:06

Layihə-“Mənim universitetim”

İnstitutda bizə, sistemli proqram əsasında rus və dünya ədəbiyyatından dərslər keçirdilər. Üstəlik, tələbələrə öz yaradıcılıq təcrübəsindən danışmaq üçün məşhur şair və yazıçılar da dəvət edilirdi.

Hərdən tədbirlərə, yaxud yeyib-içməyə getdiyimiz Yazıçılar Evinin sakit restoranında, kafelərində Yevtuşenko, Voznesenskiy, Çingiz Aytmatov, Oljas Süleymanov, Anatoliy Kim, Bella Axmadulina, Valentin Rasputin kimi məşhurlar da görünürdü.

İnstitutun binası şəhərin mərkəzində yerləşirdi. Biz yataqxanadan trolleybus, avtobusla gəlib Puşkin Meydanında düşür, oradan da piyada, üç dəqiqəyə instituta çatırdıq. İnstitutla Kremlin arasında 3-4 avtobus dayanacağı vardı. Bizi müxtəlif sərgilərə, muzeylərə, gəzintilərə, teatrlara aparsalar da, mənim hərdən başqa macəralar axtarmaq damarım tuturdu.

İkinci kursda oxuyanda şaxtalı bir payız günü tələbə yoldaşım Elxana dedim, bir dənə də “pijonluq” eləmək istəyirəm.

Nədənsə, qatara bilet almadan xuliqanlar kimi pulsuz başqa şəhərə getməyi çox sevirdim. Elxan məni bir xeyli dilə tutsa da fikrimdən dönmədim. Dedim, mənə yaxşılıq eləmək istəyirsənsə gedək məni vağzaldan yola sal. Elxan soruşdu ki, hansı şəhərə getmək istəyirsən? Dedim, hansı qatara minə bilsəm, ora gedəcəm.

O vaxtlar bilet almaq üçün pasport tələb olunmurdu. Qatar bələdçilərinə yalnız bileti göstərmək kifayət eləyirdi ki, vaqona daxil olasan.

Biz vağzala gəldik. Orada bir neçə istiqamət üzrə qatarlar dayanmışdı. Oyun belə idi, prinsipial olaraq qatara bilet almamalı, cibimə bir qəpik də pul qoymamalıyam.

İlk qarşımıza çıxan Moskva-Novosibirsk qatarı oldu. Mən bələdçilərdən birinə yanaşıb bir bəhanə ilə onun vaqonuna minməli idim. Bu yerdə adamdan yüksək artistlik istedadı tələb olunur.

Rastıma çıxan ilk qadın bələdçiyə dedim, mən tələbəyəm, biletim və pulum yoxdu, Novosibirskdə sevdiyim qız məni gözləyir, mütləq getməliyəm, teleqram almışam, ölüm-dirim məsələsidi.

Qadın tərs-tərs süzüb məni yanından qovdu. Lakin ruhdan düşmədim. İkinciyə, üçüncüyə yanaşdım, hərəsinə bir cür yalan quraşdırıb danışdım, yaxına buraxan olmadı. Axırda Elxana dedim, sən bunların birinin başını qat, mən vaqona girəcəm.

Elxan bir kişi bələdçiyə yaxınlaşıb onu uzun suallara tutunca mən arxasından xəlvəti vaqona mindim. İçəri keçib pəncərədən Elxana minnətdarlıqla əl elədim. O, kömür tüstüsünün iyi qarışmış bu şaxtalı havada ağzı buğlana-buğlana başını bulayaraq qatardan uzaqlaşdı.

Mindiyim vaqon “kupe” idi. Əlbəttə məni kupe vaqona biletsiz qoymazdılar. Bir neçə vaqon keçdikdən sonra gəlib “plaskart” vaqonlara çatdım. Baxdım ki, vaqonun bələdçisi iki qadındı. Keçib boş yerlərin birində oturdum. Yanımdakılar 40-45 yaşlarında ər-arvad və bir yaşlı kişi idi. Yəqin mənim oturduğum boş yerin sahibi növbəti stansiyaların birində minəcəkdi.

Qatar tərpənənə qədər ürəyimdə bələdçiyə söyləməyə ssenari hazırlayırdım. Çünki bir azdan biletləri təzədən yoxlamağa gələcəkdilər.

Nəhayət, qatar tərpəndi, ancaq mən biletsizliyimə bəraət kimi bələdçiyə söyləmək üçün beynimdə sürətlə quraşdırdığım “hekayət”lərin heç birini bəyənmirdim. Elə bir ucdan fikrimdə quraşdırdıqlarıma redaktələr edirdim. Bir də baxdım, bələdçilər biletləri yoxlaya-yoxlaya bizə yaxınlaşır. Mən yerimdən qalxıb siqaret çəkmək bəhanəsi ilə tambora getdim. Ancaq fikirləşdim, arxamca baxan bələdçilər yəqin gəlib məni tamborda yaxalayacaqlar. Uzun-uzadı bir siqaret çəksəm də arxamca gələn olmadı. Yəqin elə biliblər, qonşu vaqonun sərnişiniyəm, düşündüm. Orada bir az da vaxt öldürdükdən sonra bayaq oturduğum yerə qayıtdım. Baxdım ki, qoca kişi bir küncdə əyləşib dinməz-söyləməz pəncərədən çölə baxır, bayırda isə qar tozanaqlayır. Yan-yana əyləşən ər-arvad isə süfrə açıb şam yeməyinə hazırlaşırlar. Mən sakitcə qoca oturan tərəfdə əyləşdim. Bir azdan şam yeməyinə hazırlaşan kişi özümü şübhəli aparmağımdan şəklənərək nəzakətli və ehtiyatlı səslə məndən soruşdu:

- Sizin də biletiniz buradı?

Baxdım ki, onlar məndən xeyli şübhələniblər. Dedim:

- Bəli, sizinlə bir yerdə gedəcəm, ancaq mənim biletim yoxdu.

Ona qədər qoca kişi həm bizim söhbətə qarışmaq, həm də özünü təcrübəli göstərmək üçün:

- Əşi, biletin nə problemi var, pulunu verərsən, bələdçinin özü sənə yer ayırar, - deyə mızıldandı.

Qadın isə hər şeyin qanuni olması arzusuyla:

- Onda gedin, probleminizi bələdçilərə indi deyin, yoxsa yoxlanış gəlib sizi qatardan düşürə bilər, həm də görün, sizə dəqiq hansı yeri verəcəklər. Bəlkə bu yerin bileti növbəti stansiyada satılıb? – deyə, guya mənə canıyananlıq elədi.

Beləcə yığılıb mənim bilet məsələmi müzakirə eləyirdik ki, bələdçi qadının biri zəhmli səsi ilə üstümü kəsdi:

- Sizin biletiniz, yoldaş!

Səsindən hiss olunurdu ki, uzun yol təcrübəsi ona biletsiz adamları tanıtmaqda zəngin fəhm bağışlayıb.

Ayağa durub ona dedim ki, mənim biletim yoxdu.

Bələdçi qadın təəccüblə məni süzərək:

- Odu haaa! – deyə, qəribə bir səs çıxartdı. – Bəs vaqona necə girmisiniz? – soruşdu.

Dedim ki, başqa vaqondan girmişəm.

- Zəhmət çəkin, hansı vaqondan minmisiniz, ora da qayıdın! – səsini daha da kəskinləşdirdi.

Çox maraqlıdı, nəticəsi nə ilə bitəcəyi məlum olmayan vəziyyətin belə gərginləşməsi məni qətiyyən qorxutmurdu. Açığını desəm, əksinə, bu durumum mənə ləzzət eləyirdi. Ona görə bir az da soyuqqanlılıqla:

- Hansı vaqondan mindiyim yadımdan çıxıb, - deyərək, gülümsədim.

Əlacsız qalan qadın üzümə tərs-tərs baxıb:

- Gedək, pulunu ödə, heç olmasa, qarşıdakı stansiyalardan sənə bilet alaq. – dedi.

Mən acizanə gülümsəyərək yavaş-yavaş “kartımı” açmağa girişdim:

- Nə pul? – dedim, - mən tələbəyəm.

- İşimiz var da! – qadın əlini dizinə vurdu. - Mən neynim tələbəsən, gözüm aydın tələbəsən, pulun yoxdu, qatara niyə minirsən? – dedi.

- Bəs siz nə bilmişdiniz, tələbə olduğuma görə Novosibirskə piyada getməliyəm? – deyə, guya ona düşündürücü sual verdim.

- Mən hardan bilim, sən tələbəsən? Bəlkə oğrusan, xuliqansan?!

Əlbəttə, başa düşdüm ki, bələdçi qadın bu sualı tələbə biletimi yoxlamaq üçün verir.

Mən arasında bir neçə avtobus və trolleybus bileti olan tələbə biletimi çıxarıb ona uzatdım. Qadın bileti açıb başını bulayaraq yorğun və yumşaq səslə:

- Oy-yoy-yoy! – dedi, - bəs indi biz neyləyək? Mən sizə heç cür kömək eləyə bilmərəm, məcburam, barənizdə qatarın briqadirinə xəbər verəm. Ola bilsin, sizi yolda düşürələr. Cibinizdə də bir qəpik pul yox, hara gedəcəksiniz? Bilirsinizmi, Novosibirskə dörd sutka yol gedəcəyik? Neçə yaşınız var?

- 26 bu yaxında tamam oldu.

- Elə də deyirsiniz, guya məni sizin ad gününüz xüsusi maraqlandırır.

Bayaqdan kobud görünən bələdçinin bu ironiyası məni bir az da ürəkləndirdi. O, hər ehtimala qarşı tələbə biletimi özündə saxlayaraq:

- Gedək, görüm, - deyə, məni özü ilə vaqonun bələdçilər üçün olan kabinəsinə apardı. Kabinənin qapısını şaqqıltı ilə açıb içəridə uzanmış növbə yoldaşını “muştuluqlayaraq”:

- Oy, Zina, dur “qonağı” qarşıla! – deyə, məzəli bir səs çıxartdı.

Mən qapının ağzında dayanmışdım. Zina adlandırdığı gonbul qadın növbə yoldaşının səs tonundan mənim yaxşı sərnişin olmadığımı anlayaraq yerindən dikəlib üzümə ironik bir nəzər saldı və çönüb rəfiqəsindən soruşdu:

- Noolub? Oğurluq?

Oğurluq olsa nə vardı ki!

(arxası bu proyektin növbəti yazısında)

# 2131 dəfə oxunub

Oxşar xəbərlər

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

15:00 11 aprel 2024
# # #