Hansı dünya şöhrətli ədəbi mükafatın məbləği 10 Avrodur?

Hansı dünya şöhrətli ədəbi mükafatın məbləği 10 Avrodur?
16 may 2013
# 07:00

(“Heç bir ədəbi mükafatda obyektivlik tam gözlənilmir...”)

Bir vaxtlar ətrafında mif yaradılmış, çox böyük nüfuza malik ədəbi mükafatlardan biri də Buker mükafatıdır. Hər il Böyük Britaniya, İrlandiya və Britaniya birliyinə aid ölkələrdən olan ingilisdilli müəlliflərə verilən bu mükafat 22 aprel 1969-cu ildə təsis olunub və həmin il pul mükafatının məbləği 5min funt sterlinq təşkil edib. Bu ədəbi mükafat əvvəlki sponsoru “Booker” kompaniyalar qrupunun adını daşıyır. 2002-ci ildən etibarən isə sponsor maliyyə xidmətləri sahəsində böyük uğurlara imza atan “Men qrup” şirkəti oldu və elə o vaxtdan mükafatın rəsmi adı “The Man Booker Prize”dır.

Buker mükafatı laureatının müəyyənləşdirilməsi mexanizmi kifayət qədər mürəkkəbdir. Belə ki, naşir, ədəbi agent, kitab satışı üzrə mütəxəssislərdən ibarət hər il yenilənən komitə, kitabxanalar və Buker mükafatı fondu təxminən yüz kitabdan ibarət bir siyahı hazırlayır. Sonra komitə məşhur ədəbi tənqidçilər, yazarlar, ictimai xadim və alimlərdən ibarət beş nəfərlik münsiflər heyətini təsdiqləyir. Avqust ayında mükafatın 20-25 nəfərlik uzun siyahısı, sentyabr ayında isə 6 nəfərlik qısa siyahısı elan olunur. Və nəhayət, oktyabr ayında mükafatın laureatı ictimaiyyətə təqdim edilir.

Yeri gəlmişkən, 2012-ci ildə “Bring Up the Bodies” romanına görə bu mükafata layiq görülmüş Hilari Mantel iki dəfə “Buker” almış ilk xanım və ilk britaniyalı yazıçıdır. Ondan əvvəl iki dəfə Buker laureatı olmuş müəlliflər Con Maksvel Kutzye və Piter Keri olmuşdur. Ədəbi tənqidçi, onlarla roman müəllifi, ədəbiyyat sahəsində dəfələrlə mükafatların laureatı və nominantı olmuş xanım Mantelin bu romanı XVI əsr Böyük Britaniyasının siyasi xadimi olmuş Tomas Kromvel haqqında trilogiyasının II hissəsidir.

Buker mükafatı laureatları C.M.Kutzye, U.Holdinq, V.S.Naypol və N.Qordimer daha sonra Nobel mükafatına da layiq görülmüşlər. Maraqlıdır ki, qısa siyahıya düşən nominantlar arasında düz 6 dəfə mükafatın finalçısı olan Ayris Myordokun bu rekordunu hələ yeniləyən olmayıb.

Əsas Bukerə əlavə olaraq, 2005-ci ildən etibarən Beynəlxalq Buker mükafatı da təsis olunub və iki ildən bir təqdim olunur. Bu mükafat ingilisdilli yazarlarla yanaşı, əsərləri geniş şəkildə ingilis dilinə tərcümə edilən müəlliflərə də verilir. Beynəlxalq Buker konkret bir əsərə görə deyil, ümumiyyətlə, müəllifin “yaradıcı fəallığı, inkişafı və dünya ədəbiyyatına ümumi töhfəsinə” görə təqdim olunur. İlk Beynəlxalq Buker mükafatçısı alban şairi İsmayıl Kadar olub. Sonrakı laureatlar nigeriyalı Çinua Açebe (2007), kanadalı Elis Manro (2009) və amerikan ədəbiyyatının klassiki hesab olunan Filip Rot (2011) olublar.

Bu ilin qalibini təyin etmək üçün yanvar ayında Asiyanın ən böyük ədəbiyyat festivalı hesab olunan Hindistanın Caypur festivalında qısa siyahı elan olundu. Siyahıdakı 9 ölkəni təmsil edən 10 nominant arasında epatajlı romanlar müəllifi kimi tanınan rus yazıçısı Vladimir Sorokinin də adı da yer alırdı. Mütəxəssislərin fikrincə, onun qalibiyyət şansları böyük olsa da, Beynəlxalq Bukerin 5-ci laureatı Ukraynada doğulmuş İsrail vətəndaşı Aaron Appelfeld oldu.

Yeri gəlmişkən, bu il ilk dəfə olaraq, jürinin heyəti üç yox, beş nəfərdən ibarətdir. Münsiflər heyətinin sədri Kristofer Riksin sözlərinə görə, may ayının 22-də Londonun “Viktoriya və Albert” muzeyində təntənəli şam yeməyi zamanı laureat rəsmən elan olunacaq və 60 min funt sterlinq (97 min dollar) məbləğində pul mükafatı sahibinə təqdim ediləcək. Üstəlik, kitabın daha bir tərcüməsi üçün 15 min funt sterlinq də məbləğ əlavə olunacaq.

Buker mükafatının yaranmasının 25 illiyi münasibətilə 1993-cü, 40 illik yubileyi münasibətilə 2008-ci ildə komitənin qərarı ilə “Bukerlər Bukeri” (Booker of Bookers) mükafatı təsis olundu. Oxucular internet səsverməsi yolu ilə əvvəlki illərdə Buker laureatı olmuş müəlliflər arasında ən yaxşı hesab etdiklərini seçdilər. Hər iki dəfə də mükafatın qalibi Salman Rüşdi olub.

“Asiya Bukeri” ingilis dilində yazan asiyalı müəlliflər üçün 2007-ci ildən təsis olunmuş mükafatdır. Pul mükafatının məbləği 30 min dollar olan “Asiya Bukeri”nin ilk laureatı çinli yazar Tzyan Ronq (“Qurd totemi” romanına görə) olmuşdur. 2013-cü ilin qalibi isə malaziyalı yazıçı Tan Tvan Enq oldu.

Britaniya icmasının təşəbbüsü ilə 1992-ci ildə Rusiyada anoloji olaraq “Rus Bukeri” mükafatı təsis olundu. Bir neçə il sonra isə mükafat tamamilə rusların ixtiyarına verildi və 1999-cu ildən ona ədəbi tənqidçi İqor Şaytanov rəhbərlik edir. Hələ bu azmış kimi,

1995-ci ildə “Nezavisimaya qazeta” “Antibuker” mükafatı təsis etdi, üstəlik də ingilis Bukerindən fərqlənmək üçün mükafat məbləğini simvolik olaraq 1 dollar ondan artıq təyin etdi. 5 nominasiya üzrə təqdim olunan Antibukerin ömrü uzun olmadı, 2001-ci ildə fəaliyyətini dayandırdı. Göründüyü kimi, təsisçiləri bu ada cəlb edən əsas Buker mükafatının nüfuzlu adı, şöhrəti idi.

Bəs bu nüfuzu şərtləndirən səbəblər nə idi? Bir vaxtlar belə hesab olunurdu ki, onun bu uğurunu pul mükafatının məbləği təmin edir. Belə ki, əvvəllər Buker pul mükafatının həcmi kifayət qədər prestijli məbləğ hesab olunurdu. Lakin sonralar ona nisbətən xeyli artıq pul mükafatı təqdim edən ədəbi mükafatlar yaransa da, nüfuzu Bukerə çata bilmədi.

Mütəxəssislərin fikrincə, Bukerin nüfuzunun təminatçısı, həm də onun çox diqqətli şəkildə seçilən münsiflər heyətidir. Hətta yarandığı 10 il ərzində mətbuat Buker mükafatının münsiflər heyətinin həddindən artıq intellektual olduğunu, adi oxucunun tələblərindən çox uzaqlaşdığını yazırdı. Odur ki, koordinasiya komitəsi 1979-cu ildə bir yeniliyə əl atdı: “küçədən bir adam”ı münsiflər heyətinə əlavə etməyə qərar verdi.

Lakin bu da çox mübahisələrə səbəb oldu. Yoldan keçən birinin təxminən yüz kitabı oxuması, dəyərləndirməsi xeyli şübhəli məqam olduğundan münsiflər heyətinin tərkibinə ədəbiyyatdan uzaq bir nəfər olaraq ilk qatılan şəxs baş nazirin xanımı Meri Vilson oldu.

Təsis olunduğu gündən uzun müddət Buker mükafatının inzibatçısı olan Martin Qoff bu işdən uzaqlaşdıqdan sonra bəzi mətləblərə aydınlıq gətirmək məqsədilə bir məqalə yazmışdır. Bukerlə bağlı bəzi “mətbəx sirləri”nin açıqlandığı həmin məqalə ilk dəfə mükafatın 20 illiyi münasibətilə laureatların əsərlərinin toplandığı kitaba ön söz olaraq yerləşdirilmişdir.

Buker mükafatının əsas məqsədlərindən birinin kitab satışını stimullaşdırmaq olduğunu qeyd edən məqalə müəllifi yazır ki, təkcə laureatların deyil, adı mükafatın qısa siyahısına düşən yazıçıların əsərləri də çox böyük tirajlarla satılır. O yazır ki, ədəbi tənqidçilərin rəyi və jürinin seçimi ilə kitab naşirlərinin fikri heç də hər zaman üst-üstə düşmür: kitab satışı zəif olanda sonuncular münsiflər heyətinin seçiminin yanlış olduğunu iddia etməyə başlayırlar.

M.Qoff etiraf edir ki, heç bir ədəbi mükafatda obyektivlik tam gözlənilmir və Buker mükafatı da istisna deyil. Burada da müəyyən şəxsi maraqlar, dostluq əlaqələri, kitabın yüksək səviyyədə satılıb-satılmayacağı ilə bağlı proqnozlar böyük əhəmiyyət daşıyır.

Heç də bütün mükafatlar müəlliflərin ədəbi taleyində əsaslı dönüş yaratmağa müvəffəq olmur. Lakin əminliklə demək olar ki, Buker plankasını keçən müəllifin ulduzu parlayır, kitabları olduqca böyük tirajla satılır və yazara ağlasığmaz şöhrət gətirir. Məsələn, C.M.Kutzyenin adı müsabiqənin qısa siyahısında yer alana qədər “çox ağır oxunan” romanı 5910 nüsxə satılmışdısa, qalibiyyətdən sonra bu rəqəm 34 minə çatdı.

Anita Bruknerin qazancı isə daha artıq oldu; onun “Göl ətrafında mehmanxana” romanı qısa siyahıdan öncə 4 min, qalibiyyətdən sonra isə 50 min nüsxə satıldı. 1981-ci ildə Buker laureatı olan Salman Rüşdiyə “Gecəyarısı uşaqları” romanı dünya miqyaslı şöhrət qazandırdı.

Böyük Britaniyada təsis olunmuş maraqlı mükafatlardan biri də qadın nəsrinin nümayəndələri üçün geniş imkanlar açan “Portağal” mükafatıdır (Orange Prize). 1996-cı ildə yaradılmış bu mükafat ingilisdilli qadın yazarlar üçün nəzərdə tutulub. Qaliblərə 30 min funt sterlinq pul mükafatı ilə yanaşı, həm də Bessi adlı zərif bürünc heykəlcik təqdim olunur.

Qalib ola bilməyənlərin isə qadın prozasının anlaşılmamasından şikayətlənmək şansı yoxdur, çünki münsiflər heyəti də tamamilə qadınlardan ibarətdir. Hələ ki, sonuncu Portağal mükafatı laureatı “Axillin nəğməsi” romanının müəllifi amerikalı Madlen Millerdir. 2005-ci ildən isə mükafat fondu 10 min funt sterlinq təşkil edən ingilis dilində ən yaxşı debüt müəllifinə təqdim edilən Orange New Writers' Award mükafatı təsis olunub.

Əsas məqsədi gənc nəslin bədii ədəbiyyata marağını təmin etmək olan “Qrinsane Kavur” mükafatı 2001-ci ildə YUNESKO tərəfindən “beynəlxalq mədəniyyətin nümunəvi institutu” elan olundu. Qısa müddət fəaliyyətdə olmasına baxmayaraq, (1982-2009) o, Avropanın ən nüfuzlu mükafatlarından birinə çevrilə bilmişdi.

Burada münsiflər heyətinin tərkibinə tanınmış ədəbiyyat adamları ilə yanaşı, həm də məktəblilər daxil edilirdi. Mükafat uğrunda mübarizə aparan nominantlara Fransa, İtaliya, İspaniya, Almaniya, ABŞ, Çexiya, Kuba, Yaponiya və Belçikadan olan minlərlə yeniyetmə səs verirdi. Əgər bu səsvermədə yeniyetmələrin səsinin daha çox nəzərə alındığına inansaq, onda deyə bilərik ki, onlar ədəbi zövq məsələsində heç də böyüklərdən geri qalmırdılar. Belə ki, qaliblər sırasında Günter Qrass, Çeslav Miloş, Kendzaburo Oe, Don Delillo, Maria Varqas Lyosa və b. nüfuzlu imzalar yer alır.

Fransanın ən nüfuzlu ədəbi mükafatı isə 1896-cı ildə təsis olunmuş və 1902-ci ildən təqdim edilməyə başlamış Qonkur mükafatıdır – mütləq Fransada yaşayan fransızdilli müəllifə ən yaxşı roman və ya novellalar toplusuna görə verilir. Fransız klassikləri olan Edmon və Jül Qonkur qardaşlarının adını daşıyan mükafatın məbləği tamamilə simvolik anlam daşıyır və hazırda cəmi 10 avro təşkil etsə də, laureat olan müəllifin kitabları qısa zamanda böyük tirajlarla satılaraq ona yaxşı gəlir və şöhrət qazandırır.

Qonkur akademiyasına tamamilə simvolik məbləğə çalışan (ildə 60 frank) Fransanın 10 ən məşhur ədəbiyyatçısı daxildir. İki səs vermək imkanı olan akademiyanın prezidentindən fərqli olaraq, onların hərəsi bir səsə malikdir və hər il istədikləri bir müəllifin kitabına səs verə bilərlər.

İlk vaxtlar mükafat qeyri-adi istedad, forma və məzmunla bağlı yeni və cürətli axtarışlar müəllifi olan gənclər üçün nəzərdə tutulsa da, təsisçi Edmon Qonkurun bu arzusu çox tez unuduldu. Belə ki, bəzən mükafata elə əsərlər layiq görülür ki, orada istedad və yenilik adına heç bir şey tapmaq olmaz. Hərçənd laureatlar arasında dünya oxucusuna bəlli olmayan imzalarla yanaşı, Marsel

Prust (1919), Moris Dryuon (1948), Simon De Bovuar (1954), Paskal Lene (1974), Amin Maaluf (1993) kimi məşhur imzalar da var. 2012-ci ildəki son Qonkur mükafatı laureatı “Romanın süqutu haqqında moizə” romanı ilə Jerom Ferrari olmuşdur.

Renodo mükafatı 1925-ci ildə Qonkur mükafatının nəticələrinin bəlli olması üçün münsiflər heyətinin məşvərətini gözləməkdən yorulan jurnalistlər tərəfindən təsis olunub. Pul mükafatı təyin edilməsə də, Fransadakı nüfuzuna görə Qonkurdan sonra II yeri tutan bu mükafat elə birinci ilə eyni gündə təqdim edilir. Pul mükafatının əvəzinə, laureatın qalibiyyətini qeyd etmək üçün şən əhvali-ruhiyyədə keçən nahar təşkil olunur.

Əlbəttə, dünyadakı ən məşhur ədəbi mükafatlar haqqında xeyli ətraflı bəhs etmək mümkündür. Amma eyni mövzu ilə oxucunu yormamaq üçün onlardan bəzilərinin sadəcə adlarını çəkməklə bu mövzunu qapatmağı məqsədəuyğun sayıram: Elmi fantastik janrda, ingilis dilində yazılmış əsərlərə görə verilən Hüqo mükafatı; ispandilli ölkələrdə nüfuz baxımından heç də Nobel mükafatından geri qalmayan Servantes mükafatı; uşaq kitabları müəllifləri üçün nəzərdə tutulmuş Astrid Lindqren adına Beynəlxalq Ədəbi Mükafat; 1936-cı ildə yaranmış, münsiflər heyəti kitabxanaçılar assosiasiyasından təşkil olunan uşaq ədəbiyyatı mükafatı Carnegie Medal və s. və i. Dünya ölkələrində saysız-hesabsız ədəbi mükafatlar var və ətrafında nə qədər söz-söhbət, qalmaqal yaransa da, nəticə etibarilə, birbaşa və ya dolayısı ilə mükafatların bir məqsədi də ədəbiyyata xidmətdir. Arzu edək ki, ölkəmizdə təsis olunan ədəbi mükafatların da əsas məqsədi nə olursa olsun, bir tərəfdən də ədəbiyyata xidmət etmiş olsun.

# 2649 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #