Zinanı halal elan edən din - ARAŞDIRMA

Zinanı halal elan edən din - ARAŞDIRMA
15 may 2013
# 07:45

Keçən əsrin ən qalmaqallı və maraqlı şəxsiyyətlərindən biri də, Eliya Məhəmməddir. Amerikalılar onu müsəlman, zəncilər xilaskar və peyğəmbər, müsəlmanlar isə kafir hesab edirdi.

“The Nation of islam”la başlayan məşhurluq

4 oktyabr 1897-ci ildə Corciya ştatında kasıb bir ailədə doğulan Eliya Pooule 1923-cü ildə atası və qardaşı ilə birlikdə iş axtarmaq üçün Detroyta köçür. 1930-cu ildə şəxsiyyəti haqqında dəqiq məlumat olmayan Vallace D. Fard adlı Amerika vətəndaşının qurduğu “The Nation of İslam” hərəkatına maraq göstərir. Fard ağdərili olsa da, qaradərililərin tərəfində idi və bəzi mənbələrdə onun Türkiyə casusu olduğunu qeyd edirlər. Atasının tövsiyəsi ilə Fardın köməkçisi Abdül Məhəmmədin vəzlərini dinləyir və 1931-ci ildə “The Nation of İslam” hərəkatına qoşulur. Sonralar Fardla yüksək səviyyədə münasibət quran Eliya, onun ən yaxın köməkçilərindən birinə çevrilir. Fardı, tanrı olaraq tanımağa, ona sitayiş etməyə başlayır.

Fard da öz növbəsində onu peyğəmbəri elan edir. 1931-ci ilin sonlarına yaxın Çikaqoya köçən Eliya Pooule “The Nation of İslam”ın ikinci məbədini qurur. 1933-cü ildə Fard həbs olunur və Detroytdan sürgün edilir. Həmin il mayın 4-də Eliya Pooule adını, Eliya Məhəmməd olaraq dəyişdirir və “The Nation of İslam” rəhbərliyini ələ keçirir. Qardaşının hərəkat üzvləri arasında yaratdığı ixtilaflar və polisin təzyiqi nəticəsində 1935-ci ildə Detroytdan köçür. Bəzi araşdırmaçılar Eliya Məhəmmədin Məhəmməd Rəsul adı altında Vaşinqtonda “The Nation of İslam”ın təlimlərini yaydığını desələr də, Eliya Məhəmməd təxminən 7 il inzivaya çəkilərək, insanlarla ünsiyyətdən imtina edir.

Malkolm X və “The Nation of İslam” inkişafı


1942-ci ildə yenidən Çikaqoda “zühur edən” Eliya, hərəkatı yenidən dirçəltməyə cəhd edir. Amma Amerikan polisi və kilsə ona mane olur. Eliya çox çalışsa da, hərəkat üçün ofis kirayələməyə, görüşlər keçirməyə nail ola bilmir. Üstəlik “The Nation of İslam”ın orduda xidmət etməkdən imtina edən üzvləri kütləvi şəkildə həbs edilir. Eliya Məhəmmədin özünü də ordudan yayınmaq üstündə həbs edən Amerika polisi, onu yalnız II dünya müharibəsi bitdikdən sonra azad edir.

Güclü natiq və siyasətçi olan Malkolm X 1952-ci ildə (Hacı Malik əl-Şahbaz) “The Nation of İslam” hərəkatına qatılır və hərəkat ciddi inkişaf yoluna qədəm qoyur. Onun alovlu nitqləri, Eliya

Məhəmmədin Amerikada zənci ştatını yaradacağını vəd etməsi hərəkatın nüfuzunu artırır. Ağların zülmündən bezən minlərlə zənci “The Nation of İslam”ın ətrafında birləşir. Əyalətlərdə ibadətxanalar açılır, Çikaqoda isə İslam Universiteti adlı təhsil mərkəzi yaradılır.

Hərəkat müxtəlif fabrik və zavodları satın almaqla zənciləri işlə təmin edir, onları islam adı altında öz ətrafında daha sıx birləşdirməyə nail olur. Getdikcə sağlamlığında problem yaradan Eliya 1959-cu ildə Phoenix şəhərinə köçür və öz fikirlərini təbliğ etmək üçün “Muhammad Speaks” adlı həftəlik qəzet nəşr etməyə başlayır. Qəzet qısa zamanda Amerikada qaradərililərin ən sevimli və tirajlı qəzetinə çevrilir. Hərəkət sürətlə inkişaf etdikcə iddialar da böyüyür. Eliya Məhəmmədlə Malkolm X-in arası dəyir.

Çikaqodan uzaqda olan Eliya Məhəmməd Malkolmun şöhrətinin artmasından narahat idi. Ancaq aradakı narazılığın başqa səbəbləri də var.

Öz katibəsi ilə sevgi macərası yaşayan, zina edən Eliya Malkolmun qəzəbinə tuş gəlir. Malkolm, Eliyanı bu məsələni yayacağı ilə təhdid edir.

Malkolm Amerika prezidenti Con Kennedinin öldürülməsini sevinclə qarşılayanda Eliya əlinə düşən fürsətdən istifadə edir və Malkolmu hərəkatdan uzaqlaşdırır. Malkolmun susdurulması Eliyanın yollarındakı əngəlləri təmizləyir.

Zinanı halal elan edən din

“The Nation of İslam”dan ayrıldıqdan sonra Malkolm Nyu-Yorka köçür və 8 mart 1964-cü ildə “Müslim Mosque” adında yeni islami cəmiyyət yaradır. Cəmiyyəti formalaşdırdıqdan sonra Malkolm Həcc ziyarətinə gedir və Hacı Malik Əl-Şahbaz adını qəbul edir. Ancaq Həcc ziyarətindən öncə qəti olaraq anlayır ki, Eliya Məhəmmədin hərəkatı islamdan tamamən uzaqdır və bu barədə tərəfdarlarına da fikirlərini bildirir.

Eliyanın Fardı tanrı kimi qəbul etməsi, axirət gününə inanmamağı, özünü peyğəmbər elan etməsi və islamı qaradərililərin dini olaraq tanıtması onun mövqelərinə zərbə vurur.

“The Nation of İslam” İslam dininə dəxli olmayan, xüsusi bir dinə çevrilir. Xristianların müqəddəs kitabını daim məqalələrində, kitablarında və çıxışlarında tənqid etsə də çıxışlarında daha çox məhz bu kitabdan sitat gətirir, Quranı isə öz bildiyi formada təhrif edir. Hərəkat üzvləri namaz qılmırdı. Eliya onlara iki ibadət tövsiyə edirdi: Ayaq üstə və ya oturaraq “Fatihə” surəsini ingiliscə oxumaq və dekabr ayında 30 gün oruc tutmaq. 1959-cu ildə “Ümrə həcci”nə gedən Eliya Türkiyə, Misir, Suriya, Sudan, Səudiyyə Ərəbistanı, Pakistan və İordaniyada olur. Getdiyi müsəlman ölkələrinin alimləri onu yanlış fikirlərdən, islamı təhrif etməkdən çəkindirməyə çalışsalar da, buna nail ola bilmirlər.

Qara dərililəri seçilmiş irq elan edən “Yeni İslam”

Eliya Məhəmməd 1972-ci ildə çıxışlarının birində bildirir ki, onun qurduğu yeni islam, ağ dərililərin qurduğu köhnə islama qalib gələcək.

O ağ irqi şeytan sayır, qaradərililərin seçilmişlər olduğunu iddia edirdi. Eyni zamanda özünü peyğəmbər elan etmişdi və onun dinində zina halal sayılırdı. Eliya Məhəmmədin şöhrət qazanmasının əsas səbəbi, ağ dərililərə qarşı kəskin fikirlər səsləndirilməsi idi. Həyat tərzi və fikirləri köhnə həmfikiri Malkolm X tərəfindən tənqid olunanda özündən çıxırdı. Onun qara dərililərdən və İslamdan öz xeyrinə istifadə etməsi Malkolmun əsas tənqid hədəfi idi. Eliya Məhəmmədi Malkolmun öldürülməsində ittiham edirlər.

1965-ci ildə sui-qəsd nəticəsində öldürülən Malkolmun qətlinin sifarişinin Eliya tərəfindən verilməsini iddia edənlərə onun cavabı konkret olur: “Malkolmun ölümündə mənim əlim yoxdur”.

Tərəfdarlarının peyğəmbər kimi qəbul etdiyi bu adam, 1975-ci ildə ölüb. 22 övladından demək olar ki, heç biri onun yaratdığı dini qəbul etmir. Oğlu Varis Məhəmməd (Warith Muhammad) isə “The Nation of İslam” hərəkatının üzvlərinə əsil islamı öyrətməyə çalışır. Müəyyən qədər buna nail olsa da, sonradan Malkolm X-in tərəfdarlarına qoşulur.

Olduqca təzadlı insan olan Eliya Məhəmmədi İslam alimlərinin böyük əksəriyyəti dindən kənar hesab edir. Amma nə qədər İslama qarşı olsa da, Amerikada İslamın populyarlaşmasının təməlini onun qoyduğunu əminliklə deyə bilərik.

# 4440 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #