“Aktyorlar teatrla dolanmır”

“Aktyorlar teatrla dolanmır”
2 may 2013
# 16:07

Pərviz Məmmədrzayev. Onu sadiq tamaşaçılara xatırlatmağa lüzum yoxdur. “Dəli yığıncağı”ndan, daha sonra Dövlət Pantomim teatrından mükəmməl ifaları ilə yadda qalıb- “Gəldim ki, olam qəmin hərifi”, “Dulusçu”, Nağaraçılar”, “Muğam trio, dizlər”, “Kimdir müqəssir” kimi tamaşalardan bəlkə hər jestini, mimikasını xatırladığınız aktyordur. Üç il əvvəl Dövlət Pantomim Teatrından ayrılıb “Simsar” pantomima studiyasını yaratdı. Simsar studiyası üç il ərzində 10 nəfərlik truppa ilə məşqlər etdi, tamaşalar hazırladı və müxtəlif məkanlarda onu tamaşaçılara göstərdi. Pərviz Məmmədrzayevlə elə bu barədə danışdıq.

“Rejissor da, rəssam da, aktyor da özüm idim”

- “Simsar” teatr studiyasından danışın. Studiya məkan olaraq harda yerləşirdi? İndi studiyanin işi nə yerdədir?

- Bu sizin düşündüyünüz kimi yer deyildi. Şəxsi ev idi, kirayəyə götürmüşdük. Amma ordan bu yaxınlarda çıxdıq. Çünki yaşayış yeri idi, adamlar səs-küydən narahat olurdu, bir-birimizə mane olurduq. Çoxdan ordan çıxmaq istəyirdim. Qurban gəldi və yeni nəfəs gətirdi. Bir az da bununla çıxmağımızı ləngitdi. Üçüncü tamaşa az qala hazır idi. İkisi pantomim, biri isə klounada tamaşası idi.

İndi işləmək üçün iki yer nəzərdə tuturuq. Bunlardan biri Tədris teatrının binasıdır, o biri isə Həzi Aslanov metro stansiyası yaxınlığında bir yerdir, yaşayış yeri deyil.

Bir də, təsisçidən – “Simsar” MMC-dən ayrılmışıq, amma əlbəttə, studiya fəaliyyətini davam etdirəcək. Ola bilsin, adımızı dəyişəcəyik, amma başqa heç nə dəyişməyəcək.

- Pərviz müəllim, bir teatr studiyası yaratmaq və öz teatr ideyalarını, arzularını gerçəkləşdirmək, yəni, bir növ azad fəaliyyət göstərmək istəyən bir teatr adamının qarşısına çıxan ən böyük problemlər nədir?

- Studiya açmaq istəyən bir adamın qarşısına çıxan əsas problemlərə qaldıqda əsas maddi durum və o adama olan inamdır. İnam çox vacibdir. İnanmalıdırlar ki, insan nə dərəcədə bunu edə bilər. Amma inamsızdırlarsa, özün o inamı qazanmamısansa təzyiqlər çox olacaq. Şəxsən “Simsar” prodakşn mənə inandı və kömək etdi. Mənə dost və dayaq oldular. Onların mənə etdiklərini unuda bilmərəm.

- Bilirsiniz bu azadlıq, azad fəaliyyət göstərmək axı asan başa gələn şey deyil. Bu barədə teatr adamları ilə mübahisələrimiz olub. Bəhram Osmanov deyəndə ki, aktyor nədi, onun sözü ola, bir həmkarım bu sözün üstündən aktyorları məhdudluqda, qorxaqlıqda, köləlikdə ittiham etmişdi. İttiham etmək asandı, amma axı səbəblər var; aktyorlar bilir ki, bir çox faktorlardan asılıdırlar və azad fəaliyyət göstərə bilməyəcəklər. Amma siz bu nümunəni göstərdiniz...

- O rejissora hörmətim var. Amma fikir səhvdir. Mənə bunu bilmirdim. Mənə pis təsir etdi. Əgər rejissor düşünən beyindirsə belə, aktyorsuz o beyin də qıraqda qalmış bir kütlədi. Rejissor aktyorsuz silahsız əsgər kimidi. O da əvvəl-axır əsir düşəcək. Aktyor mənim üçün böyük məfhumdur. O rejissorla eyni cəbhədə, yəni eyni fikirdə olmasa rejissor uduzacaq. 30 dəqiqəlik bir tamaşa hazırlamışdım, rejissoru da, rəssamı da, aktyoru da mən idim. Bu o deməkdir ki, aktyor bir balaca özündə güc hiss etsə, heç kim qabağında dayana bilməz. Aktyor şəxsiyyətdir. İnsan ayrılıb gedirsə və özündə güc hiss edirsə o yaradacaq. Maddi çətinliklər olacaq, amma o öz boğazından kəsib onu edəcək. Bineyi-qədimdən belə olub və olacaq da. Tək mən deyiləm. Və mən kiməm ki?

- Teatr adamlarından, teatrlardan, həmkarlarınızdan dəstək olanlar oldumu?

- Aktyor aktyora həmişə dəstək olur. Qaldı teatrlara, Pantomim teatrından gedəndən sonra mənə dövlət teatrlarından işləmək təklifi gəldi. Kukla teatrına seçib ora getmək istəyirdim, amma alınmadı, nə isə.

“Mənə zəng edirlər ki...”

- Pərviz müəllim, dövlətdən asılı teatrlarda şərtlər başqadır. Onlar qismən dövlətdən aldıqları ianə ilə bəzi xərclərini ödəyir, amma artıq gəlir də əldə edə bilmirlər. Bunu da çox vaxt elə dövlət teatrı olmağa bağlayırlar. Yəni, “dövlətin şərtləri altında fəaliyyət göstərib tamaşaçının tələbələrini ödəmək çətindir” fikri yaranır. Bəs dövlətdən asılı olmayan, müstəqil studiya-teatr özü işləyib özünü saxlaya, öz xərclərini - kirayəsini, əmək haqqını, kommunal xərcini və s.- ödəyə bilərmi?

- Bilər, əlbəttə. Mümkündü. Bilirsiniz, mən sifarişi, kiminsə diktəsini sevməmişəm. Mənə hətta bir neçə dəfə deyiblər ki, bu tamaşada bu yer var, bunu çıxarın, sonra başınızı ağrıda bilər. Bunu necə çıxara bilərəm, hazırlamaya bilərəm? Bu mənim ləzzətimdi, zövqüm, ürəyimdi. Hazırlamışam da, heç bir problem də olmayıb. Özbaşınalıq başqa şeydi, azadlıq başqa. Beyində azad olmaq lazımdı. Mən bir marioneti, onun üsyanını göstərmək istəyirdim, onun ipləri necə qırdığını, əziyyətlə ayağa qalxdığını göstərmək istəyirdim. Göstərdim də. Bu insan problemidi, burada siyasi xətt axtarmaq lazım deyil. Axı hamı kiminsə tərəfindən idarə olunur. O tamaşalara baxan neçə adam yaxınlaşıb: “Bu mənim həyatım idi” - deyib. Zəng edib, “o tamaşaları yenə göstərin” deyirlər. İnşallah bina məsələsi həll olar, işlər yoluna düşər, biz də tamaşaçılarımızın arzusunu yerinə yetirərik.

Maddi təminat məsələsinə gəldikdə isə, əgər indiyə qədər acından ölməmişiksə, bu artıq nəyisə sübut edir. Bir də biz heç birimiz teatrdan dolanmırıq axı. Mən tələbələrimə filmə, seriala çəkilməyə, tədbirlərdən pul qazanmağa şərait yaradıram. Mən istəyirəm ki, aktyor dolanışıq baxımdan teatrdan asılı olmasın. Bir yerdə ki, aktyor teatrdan asılıdır, orada aktyor məndən asılı ola bilər. Mən bunu istəmirəm.

- Bir studiyanın rəhbəri olduğunuz üçün artıq siz də idarəçi olursunuz. Bayaq marionet haqqında hazırladığınız tamaşadan danışdınız. Bu idarəçilik sizdə də despotizm yarada bilər. Özünüzdə bunu, yəni despotizmi hiss edirsiniz?

- Gözəl sualdı. Mən gözü çıxmış canavarlardan görmüşəm ki, despotizmin axırı hara gedib çıxır. Mən insanların və aktyorun şəxsiyyət olaraq qalmasına həmişə üstünlük vermişəm. Əgər o bəyənmirsə, o çıxıb gedəcək. Onun gözünü qorxutmaq, “mənim yanımda sən nəsə bir şeysən” kimi münasibət göstərmək, əksinə olaraq onu uzaqlaşdırır. Uşaqlarımın hamısı deyə bilər ki, mən bir dəfə də onlarla elə davranmamışam. İntizam olmalıdır. Əxlaq normasında hər şey olar.

Mən o uşaqların ardında ona görə dayanmalıyam ki, onlar inkişaf etsin. Harasa gedəndə istəyirəm əzməsinlər, tapşırıram ki, mənim aktyorumdur. Axı cavandılar, pöhrə kimidirlər... Bir az ayaqları bərkiyən kimi çəkilib kənarda dayanacağam ki, tamam müstəqil olsunlar. Ən böyük istəyim onların şəxsiyyət kimi formalaşmasıdır. Mən istəyirəm ki, onların özlərinin marağı olsun. Ən böyük bağlantı da elə budu. Onlar mənə inanmasalar, mənimlə həmfikir olmasalar, onda despotluq yaranacaq. Vallah, əgər onlar nəsə maraqlı, ağıllı bir şey olduğunu iddia edib başımın üstündə dursalar, mən edəcəm. Bəlkə məndən çox bilir, daha yaxşı bir şey təklif edir? Mənim üçün əsas olan yoldu. Səndən qabaqda dayanım, ya arxada, bu vacib deyil. Əsas olan o yolu qət etmək, məqsədə çatmaqdir. Vəssalam.

“Aktyorlarımın musiqi bacarığı olmalıdır”

- Qabaqda festivallar var. Məxsusi tamaşalarla hazırlaşacaqsınızmı?

- Teatr Xadimləri İttifaqının “2+1” festivalı var, ora iştirak üçün hələ müraciət etməmişəm. Necə ki, döyüşdə iştirak etmək üçün silahlar və döyüşçülər hazır olmalıdır, bizdə də eynən hazırlıq vacibdiur. Heç olmasa qalib də gəlməsən, mənəvi və fiziki cəhətdən məhv olmayasan. Birinci növbədə mən “silah itiləməklə”, yəni aktyoru cilalamaqla məşğulam.

- İfadə vasitəsi imkanları kimi bədəndən başqa hansı vasitə sizə cazibədar gəlir?

- Mənim böyük istəyim aktyorlarımın musiqi bacarığının olmasıdır. İstəyirəm, vokal imkanlarını istifadə etsinlər. Bu hətta aktyordan tələbə çevrilib. Aktyorlarımdan biri üçün skripka da almışam. İki aktyorum gitara çala bilir, pianonu ifa edənlər var. Aktyorun içərisində baza olanda bu görünür. Həm də bu düz deyil ki, o rejissorun dediyini etsin. Aktyorun öz dünyası mənə çox maraqlıdır.

- Sizcə intellekt aktyora mane olur, yoxsa lazımdır?

- İntellekt aktyora çox lazımdır. Mən beynəlxalq festivallara gedəndə şahidi olmuşam ki, ordakı aktyorlar, hətta tələbələr sənət cərəyanlarını yüksək səviyyədə bilirlər. Mən bizi düşünəndə təəssüflənirəm. Artonu, Qrotovskini, Meyerxoldu dərindən bilmələri onlara təcrübi olaraq kömək edir.

- Yəni, onun işinə baxanda bu sadalananları görə bilirsən və intellektual tamaşaçı bundan həzz alır?

- Bəli. Tamamən elədir. O bildiyini göstərəcək. Məsələn, məndə muğama meyl güclüdü. Nə eləsəm də onu bəlli edirəm. Bu mənim canımdadı. Amma modern sənətlər, caz mənim marağımdı.

Aktyor var ki, səhnəyə çıxır, heç nə etmir, danışmır, amma ondan gözünü çəkə bilmirsən, aktyor da var, səhnəyə çıxanda qaçır, tullanır, danışır, qan-tərə batır, amma baxa bilmirsən, yorulursan.

Niyə? Çünki aktyor daxilən dolu olmalıdı, içi boş qab kimi olmamalıdı. Mən rejissorluqda oxumuşam. Əvvəl özumə sual verirdim ki, tutalım bir yazıçının bir əsərini hazırlamalı və ya oynamalıyam, niyə onun bütün yaradıcılığını həyatını bilməliyəm? Amma sonra gördüm ki, onun ideyalarını, üslubunu, narahat edən problemlərini bilmək üçün oxumalıyam.

“Don Kixot olmaq istəyirəm”

- Son vaxtlar hansı filmə çəkilirsiz?

- Hazırda ssenarisi Cəfər Cabbarlının “Aydın” pyesinin motivləri əsasında yazılmış bir seriala çəkilirəm. Əhvalat müasirləşdirilib, günümüzə uyğunlaşıb. Pyesdəki Dövlət bəyi, yəni serialdakı Cövdət bəyi oynayıram.

- “Hökmdarın taleyi” filmində Fətəli şahınız mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi. Özünüzü teatr adamı, yoxsa kino adamı hesab edirsiniz?

- Mən teatr adamıyam. Teatrda mən akvariumda balıq kimiyəm, mən onunla nəfəs alıram. Kinoya elə böyük yanğım yoxdu.

- Dramatik teatrda oynamaq istədiyiniz qəhrəman varmı?

- Teatrda Don Kixotu oynamaq böyük arzumdur. Məncə Don Kixot kino üçün deyil. O hissləri canlı ötürmək lazımdı.

- Bu Don Kixot arzudu, yoxsa, artıq beyninizdə tamamlanmış obrazdı, yəni sizin öz Don Kixotunuz varmı?

- Var. Hətta tamamlamışam da. Amma özüm hazırlamaqdan ehtiyat edirəm, birdən subyektivliyə qaçaram. Don Kixotu, o adamı çox sevirəm...

# 2824 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #