Yaxşı oğlanların araq söhbəti

Yaxşı oğlanların araq söhbəti
24 aprel 2013
# 13:20

Mərhumlardan Luici Pirandelloya, sağlardan Seymur Baycana.

Və əlbəttə ki, Vudi Allenə.

Qəhrəmanlarıma ad verməkdə çətinlik çəkirəm. Hansı adı seçirəmsə, o adın simvolikası beynimdə var-gəl etməyə başlayır və mən tezcə fikrimdən daşınıram. Məsələn, məndən olsa, bu hekayənin baş qəhrəmanın adını Aqil qoyardım, amma bu söz o saat yadıma ağıllı, kamallı, intizamlı olmağı salır. Halbuki mənim uşaqlıqdan tanıdığım bütün aqillər mənasızlıq abidəsi olublar. Bir ara fikirləşdim ki, yaxşısı qəhrəmanlarıma ad verməyim, onları eləcə hansısa hərflə işarələyim.

Məsələn, A. Amma sonra fikirləşdim ki, yox, olmaz, o saat üstümə düşəcəklər Kafkanın təsirindəsən, Bekketi çox oxumaqdandı. Bir-iki həftə davam edən fikir vurnuxmalarından sonra qərar qıldım ki, qəhrəmanlarımı hansısa adla yox, təsadüfi sözlər və rəqəmlərlə işarələyim. Bu tapdığım ideya məni hədsiz həyəcanlandırsa da, bilmirdim fikrimi necə reallaşdırım. Yaxşısı köhnə metodlara əl atmaq idi. Dadaistləri yad eləyib, çılğın, laübali bir fənd işlətdim.İki ağ vərəq götürdüm, birinə təsadüfi sözlər, o birinə təsadüfi rəqəmlər yazdım. Vərəqləri balaca hissələrə bölüb, iki ayrı balonun içində atdım.Balonu yaxşıca qarışdırdım. Əvvəlcə sözlər, sonra isə rəqəmlər olan balondan vərəqlər çıxartdım. Beləliklə, qəhrəmanlarımın adlarını taleyin, şansın ixtiyarına buraxmış oldum. Adları ilə böyüsünlər.

***

Telefonuna mesaj gəldiyi üçün sağ əlindəki qədəhi sol əlinə ötürüb bir anlıq pauza verən, sonra bığaltı gülümsəyən Eqo dilləndi : "Hə, harda qalmışdım?"

"Deyirdin ki, xamdılar hələ" - bunu da, 69 dedi.

Eqo qədəhi təzədən sağ əlinə ötürüb sözə başladı : "Ay sağ ol. Onu deyirdim axı, bunlar hələ çox xamdılar, ciddi söhbətləri bilmillər.Siz də məni bağışlayın, gıjdıllax hekayə yazıb, hekayənin əvvəlində izahat verib ki, qəhrəmanlarıma belə ad vermək istəyirdim filan. Yazıçı gərək mətndə görünməsin, yazıçının nə işi var əsərdə ?! Əsərdə həyat olmalıdı, vəssalam, yazıçı vızqırtmalıdı əsərdən. Nə isə,hələ gəncdilər,həyat görməyiblər, düzələr yəqin. İçək."

Hamı birağızdan "sağ olun" deyib qədəhi başına çəkdi, sonra 69, əvvəl bir dilim limon götürüb iylədi, dalınca üz-gözünü turşuda-turşuda həmin limonu sordu və belə dedi : "Dili də yaxşı bilmillər, qadası."

Eqo başda olmaqla hamı razılıqla başını yellətdi. Çünki məclisdəkilərin hamısı bilirdi ki, 69, dil məsələlərində çox həssasdır. Kimin bir axsaq cümləsini görsə, müəllifinə vedrə bağlayır.

69-un sözündən vəcdə gələn Zakuska tez bir dənə babat cümlə gubbuldatdı : "Gərilmə yoxdur e, gərilmə. Yazıçı gərək yaxşı gərilə bilsin."

Eqonun gözləri güldü. "Dəqiq e, çox dəqiq. Süzün görək, bir sağlıq demək istəyirəm." Qədəhlər araqla dolan kimi Eqo müdrik, həm də əzablı görkəm alıb danışmağa başladı : "Bizim kənddə bir kişi vardı, ayaqqabı tikən idi. Hər gecə o kişinin əlləri yuxuma girir. Atamın goruna and olsun deyirəm, bax, bu tam haqqı, (burda Eqo çörəkdən bir çimdik götürür ) nəzəriyyədi, Kafkadı, Ekodu zaddı, hamısı boş şeylərdi. O kişinin əllərini yazmaq lazımdı, onu yazsan başqa heç nəyə ehtiyac yoxdu. Bir dəfə yağış yağırdı, mən də asta-asta maşınımı sürüb evə tərəf gedirdim, gördüm o kişi yağışda evinə addımlayır, əlləri də cibində. Elə pis oldum ki. Başa düşdüm ki, o kişinin əlləri nə deməkdi. (Eqonun bu sözündən sonra Zakuska əllərini bir-birinə çırpıb "vay-vay"- dedi, 69 dərindən köks ötürdü.) Nə isə, uzatmaq istəmirəm, hələ arağımız var, danışacağıq, deməyim odur ki, gəlin içək o kişinin əllərini başa düşən oğlanların sağlığına, hamımızın sağlığına."

Qədəhlər cingildədi, hamı bir ağızdan "öz sağlığımıza"- dedi. Bayaqdan susub dillənməyən 07 birdən dilə gəldi : "Vabşey, yaxşı oğlan elə özümüzük."

***

07 uğursuzdur addır. O saat adamın yadına Yan Fleminq, Ceyms Bond, Şon Konneri, Pirs Brosnan, bir də Jiquli avtomobilləri düşür. Nəsə başqa şey tapmaq lazımdı. Eqonun dilindən yazdığım "gıjdıllax" sözü də etik deyil. Səhər kitab buraxası olsam, kitabı aparıb qohumlarıma necə verim ?! Məsələn, böyük əmim mühafizəkar adamdı, ayda-ildə bir dəfə metroda, marşrutda rastlaşırıq. Birdən kitab əlinə keçdi, metroda məni görüb başladı danlamağa. Yox, əşşi, başqa şeylər tapmalıyam. Ümumiyyətlə, bu səhnə yaxşı alınmayıb, ürəyim bulanır. İki yol var : ya gərək qəhrəmanların bütün cizgilərini lap qroteskləşdirim ki, özlərinə oxşamasınlar, ya da gərək daha mədəni tiplər yaradım.

***

Arağın biri də gəldi. Eqo qədəhinin dibindəki araqdan əlinə töküb, yağlanmış barmaqlarını təmizlədi. Sonra təzədən sözə başladı : "Mən nə yazdığımı yaxşı bilirəm, bu cavanlara həmişə deyirəm ki, əvvəl mən yazdığımı yazın, sonra danışarsız. Əsər gərək səmimi olsun, həyat olsun əsərdə. Mədənilik filan mənə girmir. Yazıda gərək enerji olsun, başa düşürsən ?"

Zakuska "çox yaxşı başa düşürəm" mənasında başını yellətdi.69 söhbətə kurs oldu : "Bu ölsün yalan deyirəmsə, ( burda 69 öz üzünə çıqqılı bir şilləcik vurdu) enerji məsələsi çox vacib məsələdi. Məsələn mənim üçün Niyammədin Musayevin enerjisi Vitni Xyustondan çoxdur."

Eqonun elə bil gözlərinə işıq gəldi, ayağa durub 69-un alnından öpdü. "Halal olsun sənə, dəqiq tutmusan."

69-un tərifləndiyi görən kimi 07 tez söhbətə girdi : "Dəqiqdir. Bir məsələ də var, yazıçı gərək bir cümləynən adamın xarakterini açsın. İndikilər ağızlarına nə gəlir yazırlar, ruh yoxdu indiki əsərlərdə. Həyat görməyiblər, ona görə də hamısı kitabdan gəlmədi, literaturşinadır, saxtadır. Əsər təbiət kimi olmalıdır, orda ürək döyünməlidi, qan axmalıdır, oksigen olmalıdır. Bir də lap vacib məqam... ( burda 07 bir balaca pauza verib, dərindən köks ötürdü ki, deyəcəyi söz daha dərin səslənsin )... lap vacib məqam odur ki, indiki yazıçılar özlərini yazmırlar..."

07-nin bu sözündən sonra Eqo lap cuşa gəldi : "Eşq olsun sənə ! Kəlsən sən, kişi adamsan, halal olsun sənə. Gəl, elə bunu sənin sağlığına içək."

Yenə əvvəlcə qədəhlər cingildədi, sonra isə sifətlər əcaib hala düşdü.

***

Tapdım !!! Ən yaxşısı özümü də mətnə qatmaqdı. Müəllif kimi mən özüm də yazdığım məclisdə iştirak etsəm, necə olar görən ?! Əla olar. Növbəti abzasa düşüb o məclisə getmək bir mərtəbə aşağı düşüb qonşuya getməkdən də asandır. Amma bir məsələ var ki, mən axı o məclisə dəvətli deyiləm. Çağrılmayan yerə getməzlər. Dərd deyil, onu da həll edərik.

***

07-nin bu sözündən sonra Eqo lap cuşa gəldi : "Eşq olsun sənə ! Kəlsən sən, kişi adamsan, halal olsun sənə. Gəl, elə bunu sənin sağlığına içək."

Yenə əvvəlcə qədəhlər cingildədi, sonra isə sifətlər əcaib hala düşdü.

Eqo ağzındakı zeytun tumunu külqabına atıb qəfil telefonunu götürdü : "Görək bu Qismət haralardadı..."

***

Deməli belə, dəvət məsələsini həll elədik, indi qalır bir içki alıb məclisə getmək. Nə alım görəsən ? Araqnan başlayıblarsa, yaxşısı bir dənə araq alıb aparmaqdı. Məndən olsa rakı içərdik, ya da tekila, viski, amma bunlarınkı araqdı. Rakını türkçülük rəmzi, tekilanı burjua meyllərinə təslim olmaq, viskini aristokratlığa xiffət, özünü xaricilərə oxşatmaq kimi başa düşürlər. Meyvə arağı tapsam, qalanı lap içərdən fəth etmiş olaram. Hə, ən yaxşısı meyvə arağıdı, milli dəyərlərə bağlılıq həmişə adama xal qazandırır. Telefonumun yaddaşına da bir-iki babat muğam, aşıq havası da yükləsəm, mənə ölüm yoxdur.

***

"Eşq olsun, gözləyirik, gəl, gəl, sənsiz məclis olmaz. Gəlir, əclafı çox istəyirəm də..." - duzlu xiyardan bir dişləm alan Eqo, stuluna yayxandı.

07 yenə "xoddandı" : "Əjlaf çox oxuyub, qənimət adamdı, gəlin o gələnə qədər onun sağlığına birini vuraq, gələndə birini də içərik."

Zakuska sözə qoşuldu : "Əla təklifdi, içək."

Mənim sağlığıma içiləndən 20 dəqiqə sonra mən də məclisə qoşuldum, içəri girəndə hamı əlindəki qədəhi stola qoyub üstümə cumdu. Başladılar məni duz kimi yalamağa, birtəhər salamlaşıb qurtardıq; əyləşdim, dedim ki, sağlığınız yarımçıq qaldı, davam eləyin, mən də yavaş-yavaş qoşulum sizə.

Eqo qayıtdı ki, əşşi boş şeydi, sözün sağlığına içirdik, vızqırdacaq söz, bunu elə sənin sağlığına içəcəyik. Sonra Eqo təşəbbüsü tam əla aldı, qədəh-mikrofonu götürüb mənim haqqımda belə bir tost dedi :

"Qardaş, sən sözü bilən adamsan. Kitab adam deyilsən, kitabxana adamsan. Nə vaxt sənin şəklini görürəm, eynəklərinin altındakı balaca gözlərinə baxıb kövrəlirəm. (Ürəyimdə dedim : xiyardı bu ) Başdan ayağa işıqsan, nursan, enerjisən. ( Elə bil azenerjidə işləyirəm) Sən həmişə ədəbiyyatın yanında olmusan, sözə xəyanət eləməmisən, sözün namusunu çəkmisən. ( Blin, nə vaxt içəcəyik ?) Sənin yazıların şəxsən məni həmişə titrədir. ( Bu nə gıjdıllax personajdı e mən yaratmışam ) Eşq olsun, sənin sağlığına."

Hazırlaşırdım ki, "çox sağ ol" - deyib arağı başıma çəkim, 69 qayıtdı ki, mənim əlavəm var. (Ay səni yazanın mən...) Çar-naçar qulaq asmalı oldum: "Sən dilimizə mükəmməl bilən adamsan. Sənin şeirlərində elə misralar var ki, mən şəxsən o misraları dünyanın şedevr romanlarına, məsələn, "Karamazov qardaşları"na, Pamukun "Qar" romanına epiqraf seçərdim. Həmişə uca olasan."

Bu dəfə gözləmədim, tez arağı başıma çəkdim.

Məclisin sonrası çox da fərqli olmadı, içdik, arabir kimin telefonda nə mahnı var ona qulaq asdıq, elə mahnılar oldu ki, otuz dəfə qulaq asdıq, mübahisə elədik. Məsələn, 07 dedi ki, bu havanı düz çalmırlar, bu havanı Ədalət yolu çalmaq lazımdı, Əmrah yolu burda işləmir, Zakuska hirsləndi ki, yox, məncə, Əmrah yolu düzdü. Mən bir-iki saat da dözüb, aradan çıxdım.

***

Yox əşşi, yaxşısı bu məclisin müəllifi olmaqdı, nəinki iştirakçısı. Dərd bu da deyil heç, dərd odur ki, hamımızın içində mötərizələr var. Məsələn, məclis boyu mən ürəyimdəki mötərizənin içində danışırdım və bilirəm ki, onların ürəyindəki mötərizələr mənimkindən çoxdur. Bunu hardanmı bilirəm ? Hardan biləcəm, axı onları mən yaratmışam. Çox təfərrüata varmaq istəmirəm, yoxsa onlarından içindən keçənləri yazardım, həm də buna lüzum yoxdur. Ayıbdı, adam adamın yanında söz danışar. İndi onlar mənim qəhrəmanlarımdı deyə gərək bütün paxırlarını açıb-töküm ?! Yaxşı oğlan elə şey eləməz.

# 5173 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #