Uşaq tamaşasında söyüş olarmı?

Uşaq tamaşasında söyüş olarmı?
22 aprel 2013
# 14:42

Nicat Kazımov- Rejissor, aktyor və tele aparıcı... Televiziya və teatr arasında qaçaqaçlar, çalışmalar... Buna hər adam razılaşmaz, heç tablamaz da. Gərək teatra nə qədər sevgin, ehtirasın olsun ki, yorulmayasan. Nicat Kazımov teatrın ən “məhsuldar” rejissoru sayıla bilər. Çoxlu tamaşa və arada bu sənətin amansızlığı barədə “Qoca kloun” sayağı kədər-yaşanmamış nostalji... Buna aysberqin görünən və görünməyən tərəfi də demək olar. Kulis.Az Nicat Kazımovun müsahibəsini təqdim edir.

- Repertuarda neçə tamaşanız var?

- 20 –ə yaxın.

- Hansı daha çox satılır?

- «Ələddinin sehrli çırağı», “Çəkməli Pişik», «Pişiyin evi», «Xeyir və Şər», böyüklər üçünsə «Pəri cadu».

- Repertuarda olan bir əsər hansı prinsiplərlə repertuardan çıxarılır? Burda zamanın rolu varmı? Məsələn «Ana qaz» daha oynanılmır...

- «Ana qaz» repertuardan çıxmayıb, sadəcə olaraq cari repertuara salınmır. Yəni aylıq plana salınmır. Onun tamaşaçısını yığmaq çətindir. Böyüklər elə bilir ki, bu uşaq tamaşasıdır, amma uşaqlar üçün bu qəddar tamaşadır. Bu tamaşa yalnız hansısa təşkilat, qurum tərəfindən sifariş olduqda oynanıla bilər. Amma festivallara aparılır.

- Teatr zövqünü ilk olaraq Gənc Tamaşaçılar Teatrında formalaşdıran məktəblilər çoxdur. Daha çox Gənc Tamaşaçılar Teatrında tamaşalar hazırlayan rejissor olaraq əsər seçərkən hansı prinsiplərlə yanaşırsınız?

- Əsərdən əsərə fərqli olaraq onun prinsipləri, ideoloji hədəfi dəyişir. Mənim prinsipim odur ki, tamaşa yaxşı olmalıdır. Fərqi yoxdur, tamaşaçı teatra ilk dəfə gəlir, ya onuncu dəfə. Müasirlik, günün tələblərinə uyğun olmaq. Əsas prinsiplər budur. Həm də teatrda bədii şuradan əlavə bir uşaq şurası yaradılıb və onların fikirləri nəzərə alınır.

- Mətbuatda Novruz bayramı münasibətilə son hazırladığınız «Şəngül, Şüngül, Məngül» tamaşası haqqında tənqidi bir məqalə çap olundu...

- Hə, sonradan aydınlaşdı məsələ ki, o məqaləni yazan jurnalist heç o tamaşaya özü baxmayıb. İki nəfər o tamaşadan narazı gedib. Mənə başqa tamaşaları misal gətirirlər. Bu gün uşaqlar «Şrek», «Ələddin» kimi cizgi filmlərinə, baxırlar. Və bunların hamısının içində yetərincə açıq-saçıqlıq var. Amma nə üçünsə tamaşada biz bunu cüzi şəkildə edəndə bunu qüsur kimi görürlər.

- Tamaşada sadalanan söyüşlər var idi?

- Yox. Yazıldığı qədər deyil. Tamaşada «Boyunu yerə soxum», «Ağciyər oğlu, ağciyər» kimi ifadələr var idi. Bu əsərin tələbidi. Mənfi personajlar bir-birinə «can» deməyəcək ki... O tamaşa repertuarda qalıb kim istəsə baxa bilər. O tamaşanı 1993-cü ildə oynamışıq. Əvvəl monotamaşa idi. Sonra onu Pantomima teatrında da oynamışıq. O zaman o tamaşada deyilən «açıq-saçıqlıq» daha çox idi. Bir də, pisləmək istəyən onsuz da pisləyəcək.

- Pisləməkdə məqsədi nə olsun ki?

- Bilmirəm. Mən özlüyümdə inciyib küsürəm ki, 20 ildir ki, teatrda, necə deyərlər, «can qoyuram», amma yaxşımı deyən yoxdur. Sentyabrda Çexiyada Avropa teatr festivalında jüri kimi iştirak etdim. Bir jurnalist maraqlanmadı, bu barədə söhbət edib, fikir öyrənmədi. Amma kiminləsə sözüm çəp gəlsə, onu o saat işıqlandıracaqlar.

Adımı internetdə axtarışa verəndə ancaq qalmaqallı yazılar çıxır. Mən reklam olunmaq üçün nəsə etmirəm. 21 ildir televiziyadayam və heç vaxt reklam olunmaq üçün nəsə etməmişəm. Mən ora maddi dəstək kimi baxıram. Yəni, buradan müəyyən məbləğ alım ki, ailəmi saxlayım və teatrla məşğul ola bilim. Mən bunu teatrla məşğul olmaqdan ötrü edirəm.

- Televiziyadan və teatrda eyni zamanda işləyirsiniz. Televiziya nə qədər yüngül, çevik, operativ və kütləvidirsə, teatr o qədər ağır yüklüdür. Siz hər iki sahədə işləyən insan kimi bunun səbəblərini nədə görürsünüz və necə etmək olar ki, teatr televiziya ilə rəqabətə girsin?

- Əvvəllər bir dövr var idi - aktyorların şöhrəti yüksək idi, çünki televiziya aktyorları təbliğ edirdi, tamaşaçı üçün onu canlı görmək həvəsi yaranırdı. Səyavuş Aslanı, Fuad Poladovu, Şəfiqə Məmmədovanı, Amaliya Pənahovanı və çoxlarını canlı görmək istəyirdilər. İndi isə televiziyada yalnız müğənnilər və estrada aktyorları tez-tez görünür. Teatr kölgədə qalıb. Yetişən nəsilsə televiziyadan Nicatı aparıcı kimi tanıdı. Onlar elə bilir ki, mənim əsas işim televiziyadı, teatr yox. Amma aktyor kimi, rejissor kimi tanınmaq çox xoşdur, sevinclidir.

«Şou qalib» telelayihəsinin efirdə getdiyi vaxtlarda qatarla Kuznetskə gedirdik. Sistem işçisindən biri məni tanıdı və öz minnətdarlığını ifadə etdi. Düşündüm ki, bu adam məni televiziyadan tanıyır, amma o «Ana qaz» tamaşasına görə öz ürək sözlərini dedi. Bu mənə televiziya fəaliyyətimdən yana eşitdiyim bütün təriflərdən daha üstün idi.

Bu gün teatr rəqabət apara da bilər, amma reklamı qurulmalıdır və tamaşalar da keyfiyyət ilə bu reklamı doğrultmalıdır. Tamaşaçı pis tamaşa görürsə daha gəlməyəcək, yaxşı tamaşa görsə, mütləq gəlmək istəyəcək.

Texniki ifadə vasitələrinə gəldikdə isə mən müasir texnikadan ən çox istifadə edən rejissoram. Fosfordan elə istifadə etmişəm ki, tamaşaçı elə bilib qaya üstünə gəlir. Bunlar da vacibdir əlbəttə.

- Teatrlar təmir və təchiz olunub. Bu texniki təchizat sizi qane edirmi? Yəni, rejissor kimi öz fantaziyanızı gerçəkləşdirmək istəyərkən texniki baxımdan maneələrlə rastlaşırsınızmı? Daha doğrusu fantaziyalarınızı qısmağa məcbur olursunuzmu?

- O qədər də yox. Hərdən o qədər də necə deyərlər, zilə çıxmağa ehtiyac olmur. Texniki problemlər çıxır, əlbəttə. Biz də ayağımızı yorğanımıza görə uzadırıq, necə deyərlər. İkincisi də lazım olan şeyləri, mümkün olanları edirlər. Məsələn, mənim «Pəri-cadu» tamaşamda lyuk lazım idi, xüsusi işıq ləvazimatı PRK aparatı yox idi, onları mənim üçün təşkil etdilər.

İstək və sevgi olandan sonra, hər şey yaratmaq olar. «Şəhzadeyi-Xəzər» tamaşasında kostyumların demək olar ki, hamısını özümüz tikdik. Teatrda dərzi var, amma özümüz etmək istədik. Müşfiq, Asiya, Zülfiyyə, Təhminə... Bu artıq sevgidi, həvəsdi, fantaziyadı. Barmağımın qabarı hələ də getməyib.

- Bir rejissorun tamaşa qoymaq istərkən, rastlaşdığı ən böyük problem nədir?

- Məndə son vaxtlar çətinlik dəqiq ansamblı tapmaqdır. Mənim üçün birinci məsələ budur. Təsəvvür edə bilirsinizmi ki, Ana qaz-ı Kəmalə yox, başqa aktrisa oynayır? Gərək yüz faizlik olsun.

- Bir rejissorun tamaşa hazırlayarkən qarşısına onunla yaradıcı mübahisə edəcək hansı fenomen çıxır - rəssam, aktyor, bəstəkar, ya direktor...

- Əsas məsələ inamdır. Aktyor, rəssam nə iləsə razı olmaya bilər. Rejissor izah etməyə, inandırmağa borcludur. Əgər aktyor daha optimal və daha maraqlı bir ideya verirsə onu qəbul edər. Amma bilirsiniz, rejissor bütün tamaşanı, konsepsiyanı düşünür. Rəssamlarla mübahisəm olur. Nəticə etibarilə rejissor deyən olur. Amma bu tərslikdən irəli gəlmir, dediyim kimi, bütün tamaşanı düşünməkdən irəli gəlir.

Həm də bilirsiniz, yaradıcı heyət arasında yaxşı münasibət olmalıdır. Əgər konfliktin varsa, təsadüfən nə isə yanlış olsa, «qəsdən etdi» deyə düşünəcəksən.

- Gürcülər «Maşa və Ayı» kimi məşhur cizgi filminin lisenziyasını alaraq onun səhnə variantını işləyiblər və çoxlu tamaşaçı qarşısında bunu göstərirlər. Axı belə bir qayda var: məşhur olmuş bir məhsul, və ya onun personajları başqa variasiyalarda - tamaşa, ekranlaşma, kitab, komiks, cizgi filmi, kompüter oyunu –təqdim olunur və keyfiyyətcə əla alınmasa belə bu, aktyora, teatra, layihə müəlliflərinə qazanc gətirir və ən əsası internet oyunları aludəçisini kitab oxucusu edir, kitab oxucusunu tamaşaçıya çevirir və s. Bizdə belə layihələrin olması nə qədər realdı?

- Bu personajlar adətən xarici bazardakı layihələrin personajlarıdır. Və tamaşa kimi onların bir bədii keyfiyyəti olmur. Hansısa qiyafəni geyinmiş adam o geyimin altında aktyorluq edə bilmir. Onun yerinə aktyor da ola bilər, qeyrisi də. Amma mən Türkiyədə festivalda «Kəloğlan» tamaşasına baxdım, bu, həqiqətən sənət hadisəsi idi. Burada personajların əlaməti olaraq yalnız böyük ölçüdə hazırlanmış başları istifadə olunurdu. Onun rejissoru Ülviyyə Karaca mənim dostumdur. Bu başqa şeydir. Amma bir də var məşhur bir cizgi filmini kopyalamaq. Bu kimə lazımdır?

- Aktyor kimi aclığınız varmı?

- Aktyorluq aclığım qalır. Özüm də rejissoram, amma özüm hazırlayıb özüm də oynaya bilmərəm, o riskə gedə bilmərəm. Çox istəyirəm ki, inandığım bir rejissor mənimlə «Riçard»ı, «Neron»u hazırlasın. Bu səpgili obrazları yaratmaq istəyirəm. Mən aktyorlarıma zarafatla deyirəm-mənim sizə verdiyim rolları heç kim mənə verməyib. «Qoca Kloun»u özüm üçün hazırladım. Qocalmış bir sənətçini oynamaq istədim.

- Aktyora nə vacibdir?

- Ən əsası çalışqan olmaqdır. Bəlkə istedaddan da vacibi odur. Çalışmaqla yaxşı nəticəni əldə etmək olar.

- Mütaliə edirsiniz?

- Daha çox pyeslər oxuyuram. Vaxtım çox az olur. Amma pyesləri çox oxuyuram və tərcümə üçün seçirəm.

- Hazırladığınız yeni tamaşadan danışın. Tamaşaçıları nə gözləyir?

- Akademik Milli Dram Teatrına tamaşa hazırlamaq üçün dəvət olunmuşam. Əsər öz seçimimdi. Gözəl bir komediyadır. «Kişi, qadın, pəncərə, meyit...» Rus dilindən tərcüməni də özüm etmişəm. Bu əsər Rus və Avropa teatrlarının əksəriyyətində oynanılır. Belə tamaşalar aktyorlar üçün treninq kimidir.

Lyubimovun bir sözü var, teatrda «Hamlet»dən sonra aktyorların «kapustnik» kimi bir tamaşaya ehtiyacı var ki, onlar özünə gəlsin. Bu çox dinamik və maraqlı bir komediyadı. İki aya yaxındır məşqlər gedir. Tamaşada Mehriban Xanlarova, Füzuli Hüseynov, Rövşən Kərimduxt, Aslan Şirinov, Kazım Abdullayev və başqa aktyorlar iştirak edəcək.

# 3574 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #