O qızlar deyilik

O qızlar deyilik
22 aprel 2013
# 07:30

Səhər Əhməd

Onunla uzun illər sonra iş yerimin yaxınlığındakı avtobus dayanacağında qarşılaşdım.

Adətim üzrə dayanacaqdan bir az aralıda, avtobusun gələcəyi səmtə tərəf əsəbi addımlarla var-gəl edirdim, gözlədiyim marşrutun tez gəlməsindən başqa həyatdan bir umacağım yoxdu.

Sıradan bir iş gününün sonuydu, mən yorğundum, hava tutqun və qaşqabaqlıydı. Həyat heç nə vəd etməyəcək qədər, istəsəm belə, bir şey verə bilməyəcək qədər boz görünürdü.

Dayanacaqda bir qadın qəribə şəkildə hündürdən, təlaşlı və titrək bir səslə adamlardan ünvan soruşurdu. Bu həyəcanlı səs mənim laqeydliyimin divarlarını cırmaqlayaraq diqqətimi cəlb edirdi. Beynimdə Artur Rembonun misraları səslənirdi:

Nə yaxşı ki yazdı daha, yazdı,

Bir boylan bax sola-sağa, yazdı.

O göyərən otlara bax, Anna,

Otlayan ac atlara bax, Anna.

Bu misralarla o təlaşlı səs arasında nə əlaqə vardı, dözə bilməyib geri çevrildim. Qadının üzü yandan görünürdü, əlindəki hansısa ünvan yazılmış kağızı birinə göstərməklə məşğuldu. Bu yorğun görkəmli, orta yaşlı, dolu qadın sifəti mənə heç nə demirdi. Üzümü çevirdim. Qadın yenə danışmağa başladı. Səs yenə beynimi döyəcləməyə davam elədi.

Bu gün aclıq bayramıdı, gəl bəri…

Lənət şeytana, bir də geri çevrildim. Bu dəfə qadın başını qaldırdı, baxışlarımız rastlaşdı. O gülümsədi və nə baş verdiyini anlamağa macal vermədən boynuma sarıldı.

Əslində, gülümsədiyi an onu tanıdım. Bu təbəssüm möcüzə kimiydi, donuq sifət qəfildən işıqlandı, gözlər parıldadı, əvvəlcə iri dişlər, sonra yorğun mimikanın altından üzə çıxan zərif çillər gözümə dəydi. Və mən o yad qadının üzündə peyda olan tanış surəti-mələk üzlü, dovşandiş, cilli qızcığazı xatırladım.

- Xalidə!

Onu uzun illər rastlaşa biləcəyim hər yerdə axtarmışdım. O isə qarşıma indi-axtarmaqdan bezdiyim, əlimi üzüb, unutmağa başladığım vaxt çıxmışdı. Özü də burda-iş yerimin yanındakı avtobus dayanacağında.

Həyat, gerçəkdən qəribədi. Ondan evə gedəcəyin avtobusun tez gəlməsindən başqa heç bir umacağın olmayanda belə səni təəccübləndirməyi bacarır. Ən boz görünən vaxtında belə qarşına sürpriz çıxara bilir. Elə bil öz “xatirə muzeyində” saxladığın hansısa cansız eksponat, hansısa mumiya qəfildən canlanır. Heç bir ssenari insanı bu qədər heyrətləndirə bilməz.

O, xaricdəymiş, üç il Polşada, dörd il İrlandiyada yaşayıb, ailə qurub, iki qızı var. Bir neçə xarici dil öyrənib, ölkələr gəzib, amma doğulduğu şəhərin küçələri üçün çox darıxıb, dözə bilməyib geri dönüb, indi hər şeyi sıfırdan başlamaq üçün çaba göstərir və ən maraqlısı, Bakıya qayıdan kimi təsadüfən mənimlə rastlaşıb.

İnanmağım gəlmir, onun iki uşaq anası olmağına, gündəlik həyat qayğıları ilə yüklənməsinə, Bakı üçün darıxdığına görə azadlığı atıb gəlməsinə. O, dil boğaza qoymadan, ətrafdakıların diqqətini cəlb edəcək qədər ürəkdən danışır. Mən sözlərdən daha çox o həyəcanlı səsi dinləyir, o tanış jestləri seyr edirəm. Yadıma bu səsdə dinlədiyim şeirlər düşür.

Dəlixanada axşamdı,

Dəli Qabil yer süpürür.

İnsan hər yerdə insandı,

Ölməyibsə, ömür sürür.

(V. Səmədoğlu)

Bir-birimizə telefon nömrələrimizi verib ayrılırıq. İndi bizim heç birimiz bu şəhərin küçələrində külək kimi dolaşan o qızlar deyilik, indi bizim hərəmizin “öz marşrutu” var.

Ayrılarkən mənə ən çox maraqlı olan o sualı bir də verirəm:

- Necədi oralar?

Gedə-gedə özünəməxsus şəkildə inadla başını yelləyib ətrafdakıları vecinə almadan hündürdən dillənir:

- Acıdı, Səhər, inan mənə, hər şeyə rəğmən, acıdı…

Bunu o deyir, ən çox səmimiyyətini sevdiyim insan. Nəsə anlaşılmaz bir sevinc duyuram. Əgər bir vaxtlar sərhədlərə sığmayan, azad ruhlu Xalidə üçün də qürbət hər şeyə rəğmən acıdırsa, deməli bu vətəndə hələ də şirin nələrsə qalır.

Bunu, indi-havanın qaşqabaqlı, həyatın boz, canımın yorğun və laqeyd vaxtında düşünmək şəfa kimi gəlir. Daha avtobusun qabağına əsəbi addımlarla qaçmıram. O özü gəlib qarşımda dayanır. İçimdə “iş-ev marşrutuna” sığmayan bir azadlıq duyğusu var. Yadıma avtobusdan başqa çox şeylər gözlədiyim vaxtlar düşür. Bir də Xalidənin səsində dinlədiyim şeirlər. Bu dəfə onun öz şeirləri.

…Səni səstək tapacaqlar,

Döyəndə dost qapısını.

Və yaxud da :

…O səsin dalıyca gəlmişdim,

Küçələri qapı kimi açırdım,

O səs elə sən idin bəlkə də.

Çox qəribədi, biz keçmişi “gələcək” adlandırdığımız bu günümüzü yazmağa sərf edirik, bu günümüzü isə keçmişi oxumağa. Ona görə də indi mən sizə Xalidənin bu gündən bəhs edən keçmiş şeirlərini təqdim edirəm.

Səni səstək tapacaqlar

Səni səstək tapacaqlar

Döyəndə dost qapısını.

O ağ kölgən oxşayacaq

Bir ovuc qar topasına.

Qar bilib kürüyəcəklər

o səsi barmaqlarından.

Ürək kimi döyünəcək

nəfəsim barmaqlarında.

Küləksiz, qarsız, yağışsız

göylər darıxacaq yaman.

Gün doğacaq, istisini

udub gizlədəcək duman.

Dua elə, inan, inan,

Günəş ölmür gün batanda.

Qartopudu bəlkə duman,

göyün yeddinci qatında.

Xatirə

Yuxusuna ağac gələn səhrada

Bir cüt gözdən yaş axıb

bulud olsa…

O buludun yarpaq-yarpaq

gözləri

İlahi, bu gecə dolsa…

Ayağımın altındakı kətili

Bu yağış çəkib aparsa,

Gün yandırsa başımın

üstündəki kəndiri,

Göz yaşım axmayan üzümə

bir damla səhra yağışı

düşüb qalar.

Yuxusuna ağac gələn

səhra kimi

Sözlərim də dolar,

Dolar hər səhər.

İntihar

Dolu kimi yağacaq

külək-yağış kəsəndə.

Bir kölgə də dolanmır

Daha sənin səsində.

İndi nə nəğmə oxu,

nə lay-lay de ucadan.

Çıxır körpə yuxular

tüstü kimi bacadan.

Döyməyə qapı da yox,

döy başına, dizinə.

Görüb daş tullayarlar

o əlin kölgəsinə.

Əlindən tutmuş əldi,

indi tutub yaxandan.

Səsinə şükür elə,

boş çiyninə baxanda.

İki dirək arada

Kəndir-keçdiyin yoldu.

Çırpınan quş qanadı

bəlkə də kəsik qoldu.

Oyan, dərdli yuxular,

dolu kimi yağacaq.

Qollarımı basdırın,

Qanadlarım çıxacaq.

# 2961 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #