Andrey Tarkovskinin sevmədiyi 30 film

Andrey Tarkovskinin sevmədiyi 30 film
20 aprel 2013
# 07:15

Rus saytlarında məşhur rus rejissoru Andrey Tarkovskinin sevmədiyi 30 filmin siyahısı yayımlanıb. Siyahıdakı filmlər arasında dünya kinosunda hadisə sayılan, ciddi ekran əsərlərinin də adı var. Bu, ölkənin kino aləmində birmənalı qarşılanmayıb.

Kinotənqidçi Anton Dolin “Facebook” statusunda məsələyə belə şərh verib: “Heç bir rejissora başqa rejissor haqda mülahizələrinə görə güvənmək olmaz. Heysiyyətinə toxunulmuş, incidilmiş, kompleksli sovet dahilərinə ikiqat etibar etmək olmaz (nə zövqlərinə, nə də fikirlərinin doğruluğuna tamamilə inanmaq olmaz). Həm də bu siyahıya onun məhz sevmədiyi filmləri daxil ediblər, çox filmləri isə o, bəyənirdi”.

Kulis.Az Andrey Tarkovskinin sevmədiyi filmlərin siyahısını təqdim edir.

1. “Möhtəşəm yeddilik”, rejissor: Con Sturges. “Möhtəşəm yeddilik” dağıdılması mümkün olmayan kanonlara görə qurulub. Artıq hər şey əvvəlcədən bəllidir. Tamaşaçı nəyin baş verəcəyini bilir, amma ona görə baxır ki, hər şey vestern janrının üslub qaydalarına uyğun olaraq əla həll olunub. Bu, sənət yox, kommersiya işidir. Nə qədər möhtəşəm ideyalar olsa da, hər şey saxta, qondarma, cəfəngdir.

2. “Lolita”, rejissor: Stenli Kubrik. Venesiyada “Lolita” filmini izlədim. O, 40 yaşlı adamla 12 yaşlı qızcığazın arasındakı sevgidən bəhs edir. Film əvvəldən sonadək boşdur, ona baxanda heç bir hiss keçirmədim. Məyusluq, dilxorçuluq və nifrətdən başqa. Gələcəyin kinosu mütləq boşluqdan yaxasını qurtarmalıdır.

3. “Öz həyatını yaşamaq”, rejissor: Jan Lyuk Qodar. İstedadlı fransız rejissoru Janl Lyuk Qodar “Son nəfəsdə” kimi möhtəşəm film çəkib. Bu dəfə isə İtaliyada anlamsız “yarımmodern” filmini göstərdi. Film yalnız sosial problemin görüntüsüdür, problemin özü isə nəinki həll olunmur, həm də qoyulmur: Qodar özünün formal nailiyyətlərindən imtina edir.

4. “Həyat, eşq, ölüm” rejissor: Klod Leluş. Bizdə Leluşu sevirlər. Bu, təsadüfi deyil. Çünki bayağılığı bizdə sevirlər. Film bayağılığına görə dözülməzdir. Söhbət burda edam cəzasına qarşı etirazdan gedir. Tamaşaçını bu problemlə maraqlandırmaq üçün, hansı vasitələrdən istifadə etmir! Seks də, əxlaqsızlıq da, sentimentallıq da. İstedadsız fransızcıq!

5. “Vaterloo”, rejissor: Sergey Bondarçuk. Bu gün Bondarçukun “Vaterloo” filminə baxdım. Zavallı Seryoja. Ona görə xəcalət çəkdim.

6. “Tristana”, rejissor: Luis Bunyuel. Çox pis filmdir; ayağı amputasiya edilmiş və bəzən yuxusunda kilsə zəngi əvəzinə ərinin-ögey atasının başını görən qadın haqdadır. Nəsə mənasız bayağılıq. Bunyuel bəzən özünə belə əhəmiyyətsizliyi ayıb bilmir.

7. “Qaçış”, rejissorlar: Aleksandr Alov, Vladimir Naumov. Alov və Naumovun “Qaçış” filmi dəhşətdir. Bütün ruslara, xarakterlərinə, zabitlərə rişxənddir

8. “Kosmik Odissey”, Stenli Kubrik. Baxdığım bütün elmi-fantastik filmlərin müəllifləri tamaşaçını gələcəyin maddi strukturunun detallarını gözdən keçirməyə məcbur edir. Hətta bəzən onlar (Kubrik kimi) öz filmlərini öncəgörmə adlandırırlar. “Kosmik Odissey” mənə tamamilə qeyri təbii gəlir; sanki texniki nailiyyətlərin nümayiş etdirildiyi muzeydir. Axı, incəsənət insandan, onun əxlaqi problemlərindən kənarda mövcud ola bilməz.

9. “Beş nömrəli sallaqxana”, rejissor: Corc Roy Hill. Film jürinin əsas mükafatını alıb. Bu, əla bir romanın pis ekranizasiyasıdır. Buna baxmayaraq jürinin mükafatı! İndi sadəcə belə adlandırılan siyasi kinematoqrafiyada yırtıcı bir konyunktura.

10. “May ayı idi”, rejissor: Marlen Xutsiev. Bilmirəm niyə, amma son vaxtlar Xutsiev məni çox qıcıqlandırmağa başlayıb. Özünün televiziyada isti yerindən dolayı çox dəyişib. Ehtiyatlı olub. Rejissor kimi tamamilə qeyri—peşəkardır. Onun bütün filmləri məni əsəbiləşdirir: Ola bilsin, axırıncı, müharibənin sonundan bəhs edən “May ayı idi” filmindən başqa. Amma burda da baş qəhrəman pisdir. Və həbs düşərgəsindən olan polyak xətti də sanki kirayəyə götürülmüş bir şeydir.

11. “İnsanı sevmək”, rejissor: Sergey Gerasimov. Sergey Gerasimov Lenin mükafatına can atır. Amma anlayır ki, “İnsanı sevmək”, tamamilə boşdur, o, bir “tetralogiya” uydurub və Lenin mükafatını heç olmasa özünün bu dörd zibil filminə görə istəyir.

12. “Xaç atası”, rejissor: Frensis Ford Koppola. Son vaxtlar “Xaç atası”nın tamaşaçısı çoxalsa da, mənə görə, bu, pis filmdir. Ümumilikdə film mənə darıxdırıcı, qeyri-orijinal, ifadə vasitələri baxımından son dərəcə ənənəvi gəldi. Mahiyyətcə sadəcə olaraq mürtəcedir – mafiyanın doğuluşuna və varlığına haqq qazandırmaqdır! Koppolanın Oskardan imtinası isə daha bir əlavə reklamdır. Və bütün bunlar müasir incəsənətin problemlərindən nə qədər uzaqdır!

13. “Son dalğa”, rejissor: Piter Uir. “Axşam “Son dalğa” fantastik filminə baxdım. Belə də... Sadəcə “tarix”.

14. “Zombi”, rejissor: Lucio Fulci. Franko ilə “Zombi” qorxu filminə baxdıq. Dəhşət-urəkbulandırıcı və istedadsız.

15. “Ay”, rejissor, Bernardo Bertoluççi. “Ay” boş və bayağıdır.

16. “Hamlet”, rejissor: Qriqoriy Kozintsev. Televizorda “Hamlet”ə baxdım. Zavallı Qriqoriy Maixayloviç! Görəsən, o, həqiqətən də inanır ki, dəyərli nəsə edib.

17. “Manhetten”, rejissor: Vudi Allen. Kinoteatrda Lora ilə Allenin “Manhetten” filminə baxmağa cəhd göstərdik. Birinci hissədən sonra getdim. Cansıxıcı, maraqsızdır və cazibəsi olmayan aktyor Allen valehedici görünmək istəyir.

18. “Apokalipsis bu gün”, rejisso: Frensis Ford Koppola. Baş roldakı qəhrəman çox zəif aktyordur, dramaturgiya səhvdir. Canlı komiks.

19. “Boşluğa tullanma”, rejissor: Marko Bellokkio. Soyuq və quru filmdir. Operator pis deyil.

20. “Qadınlar şəhəri”, rejissor: Federiko Fellini. Kann festivalı zamanı qəzetlərdə yazırdılar ki, Fellininin son filmi tamamilə fəlakətdir. Onun bu filmi doğrudan da dəyərsizdir.

21. “Çinli bukmeykerin qətli” rejissor: Con Kassavetis. Kassavetisə həddən artıq acıyıram. Mən yaxşılara acıyıram: Antonioniyə, Felliniyə və Roziyə, onlar, əlbəttə, tamamilə uzaqdan göründüyü kimi deyillər.

22. “Pirosmani”, rejissor: Georgiy Şengeleya. Şengeleya Pirosmani haqda çox pis film çəkib. Pirosmani istədiyi kimi yaşayıb və xoşbəxt adam olub. O orqanik insan idi. O, sozün sosioloji mənasında iztirab çəkmiş adam deyildi.

23. “Poçtalyon zəngi iki dəfə çalır”, rejissor: Bob Rafelson Bədbəxtlik gətirən sevgi və bir qətl dramı. Bu Cek Nikolsunu sevmirəm.

24. “Qonşu qadın“, rejissor: Fransua Tryüffo. Ortabab filmdir, amma yaxşı aktyorlar oynayıb.

25. “Divanə qadın”, Andrzey Zulavski. Murdar filmdir. Dəhşət, zorakılıq, detektiv filmlərinin, mümkün olan hər şeyin Amerika qarışımı. İyrəncidir. Pul, pul, pul, pul... Həqiqi nəsə yoxdur. Nə gözəllik, nə həqiqət, nə səmimiyyət, heç nə. Təki pul qazansınlar. Buna baxmaq mümkün deyil.

26. “Qadının identifikasiyası”, rejissor: Mikelancelo Antonioni. Filmə Andrea Crisantiyə (rəssam) görə baxdım. Hətta bu film ruhsuzluğun və boşluğun hekayətidirsə, müəllif ruhsuz və sevgidən məhrum olmamalıdır. Hələ De Palnanın (italyan kinooperatoru) istedadsız təsvirlərindən danışmıram. Aktyorlar, musiqi, dialoqlar - çox pisdir.

27. “Makedoniyalı İsgəndər” rejissor, Teo Angelopulos. Keçən il Venesiyada “Qızlı şir” almış bu filmə baxdım. Darıxdırıcı, uzun və boşdur. Çoxmənalı və anlamsızdır. Son dərəcə küt filmdir.

28. ”Şeytan” rejissor, Uilyam Fridkin. Rəzalətdir.

29. “Traviata”, rejissor, Franko Dzeffirelli. Eybəcər filmdir.

30. “Amadey”, rejissor, Miloş Forman. 8 Oskar və bu qədər istedadsız film. Ola bilsin, yalnız Salyeri pis deyildi, amma onun konsepsiyası qorxuncdur. Nəinki qorxunc, hətta o qədər insani deyil.

# 3594 dəfə oxunub

Oxşar xəbərlər

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #