Cinsəllik qoxusu

Cinsəllik qoxusu
18 aprel 2013
# 07:15

Səhər Əhməd

I yazı

Postmodernizm yeni, daha təsirli resept təklif eləyirdi. Ədəbiyyat ondan soyumaqda olan oxucunun qarşısına yeni imicdə-daha çılpaq, daha seksual, daha real şəkildə çıxırdı. Bu metod işə yaramalıydı və yaradı da.

***

Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının kökləri qədim dövrə dayansa da, təkamül dövrü orta əsrlər hesab olunur. Bu mərhələnin sonunu həm də romantizm ədəbi cərəyanının kulminasiya nöqtəsi kimi qəbul edə bilərik.

Artıq romantizmin bütün imkanlarından çox böyük ustalıq və qəddarlıqla ( Məhəmməd Füzuli) istifadə olunmuş, sonrakı bir neçə ədəbi nəslə bu priyomları uğursuz şəkildə təkrarlamaqdan başqa çıxış yolu qalmamışdı. Bütün sirli nöqtələri kəşf olunmuş, zirvəsi zəbt edilmiş romantizmin “razvyazka”sı qaçılmaz idi.

Və on səkkizinci əsrdə-yeni dövr ədəbiyyatımızın birinci mərhələsində M. P. Vaqif tərəfindən realist poeziyanın əsasının qoyulması Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının çoxəsrlik hakimiyyətinə keçici olaraq, son verdi.

Bu dövr həm də on doqquzuncu yüzillik üçün zəmin rolunu oynadı. Artıq yeni dövrün ikinci mərhələsi maarifçiliyin, ictimai satiranın, realist bədii nəsrin təşəkkülü ilə tarixə düşdü. Bir də Zakir, Seyid Əzim, Axundzadə imzaları ilə.

Ədəbiyyatımız dünya ədəbiyyatı prosesinə qoşuldu, yeni janrlar-nəsrlə yazılmış müstəqil hekayə, dram, komediya, povest, daha sonra faciə və mənzum dram yarandı. Bu dövrdə romantik üslubda yazılmış az-az nümunələrə rast gəlinsə də ümumi mənzərəni realizm müəyyən edirdi.

İyirminci yüzilliyin əvvəlləri-yeni dövrün üçüncü mərhələsində realizm öz yeni şəklinə-tənqidi realizm formasına keçdi. Milli mətbuatın, teatrın, bütövlükdə mədəniyyətin önündə gedən ədəbiyyat ortaya “Molla Nəsrəddin” ədəbi məktəbini çıxardı.

Məhz bu vaxt romantizm yenidən, təzə formada meydana qayıtdı. “Molla Nəsrəddinçi”lərlə parallel “ Füyuzat”çılar fəaliyyətə başladılar. Bu iki ədəbi cərəyan arasında zamanla müxtəlif fikir ayrılıqları olmasına baxmayaraq, onlar heç zaman bir-birinin romantizminə və yaxud realizminə istehza etmədilər. Əgər o dövrdə realizm bizə Mirzə Cəlili, Sabiri, Haqverdiyevi qazandırdısa, romantizm də Hüseyn Cavidi, Abbas Səhəti, Abdulla Şaiqi bəxş elədi.

İyirminci yüzilliyin iyirminci illərindən başlayaraq, Sovet ədəbiyyatı bu gözəl, rəngarəng ədəbi dövrün üstündən xətt çəkdi, Azərbaycan ədəbiyyatını öz təbii inkişaf yolundan saxladı. Tənqidi realizm sosialist realizmi deyilən saxta bir metodla əvəzləndi. Romantizm, obrazlı şəkildə desək, Cavidlə bərabər sürgün edildi, Hadiylə birgə itkin düşdü, Müşfiqlə yanaşı güllələndi.

“Oqtay Eloğlu”, “Aydın” kimi gözəl, romantik pyeslər müəllifi olan Cəfər Cabbarlı sosialist realizminin tələbi ilə “Sevil”i, “Almaz”ı yazdı.

Bundan sonrakı ədəbi nəsil uzun illər bayağı, ideoloji əsərlər yazaraq öz istedadını öldürməklə məşğul oldu. Realizm ucuzlaşdı, bir daha heç vaxt Mirzə Cəlil səviyyəsinə qalxmadı, romantiklər “gülə, bülbülə şeir yazanlar” adı ilə damğalandı.

Və nəhayət, sovet ədəbiyyatının süqut mərhələsində artıq gülünc vəziyyətə düşmüş sosialist realizmi iflasa üz tutdu. İyirminci əsrin ikinci yarısından başlayaraq romantizm yavaş-yavaş cövlan etməyə başladı. Çox keçmədən, yəni yüzilliyin sonlarına doğru mövzularını tükədib, simvolizmlə, pafosla mümkün qədər yüklənərək orta əsrlərdən sonra ikinci dəfə kulminasiya nöqtəsinə çatdı.

***

Artıq dünya ədəbiyyatının açıq qapısından əvvəlcə modernizmin, sonra isə postmodernizmin bizim tərəfə keçməsi təbii idi.

Postmodernizm yeni, daha təsirli resept təklif eləyirdi. Ədəbiyyat ondan soyumaqda olan oxucunun qarşısına yeni imicdə-daha seksual, daha çılpaq, daha real şəkildə çıxırdı. Bu metod işə yaramalıydı və yaradı da.

Amma bir məsələni unutmayaq ki, bütün eksperimentlərin həyata keçməsində istedadlı adamların rolu nə qədər böyükdürsə, onun iflasa uğramasında istedadsızların xidməti də bir o qədər danılmazdı. Bütün dövrlərdə, ədəbi nəslin bir sıra layiqli nümayəndələri ilə yanaşı, ədəbiyyata bir sürü fırıldaqçı da daxil olur. Postmodernizm bu tip gənclərin ədəbiyyata axınını bir az da sürətləndirdi. Yaradıcılıqdan çox əllaməliyi bacaranlara geniş meydan verdi.

Beləliklə, ortaya həqiqi nümunələrlə yanaşı, çoxlu cızmaqaralar-tin söhbətlərindən fərqlənməyən vulqar bədii mətnlər çıxdı.

Bu dəfə realizm heç zaman olmadığı qədər istismar olundu. Gerçəkliyin qabığı son qatına kimi qeyri-təbii olaraq soyuldu. Və bir vaxtlar gözəlin qara gözlərindən zövq almaqdan bezmiş oxucu, artıq onun anadangəlmə, lüt-üryan halından iyrənməyə başladı.

***

İndi hərdən kimsə o lüt-üryan təsvirin üstünə maraqlı bir örtük salmaq istəyəndə (xüsusən də, yazmağa yenicə başlamış gəncdirsə) belə bir qınaqla-formalaşmış yaxud da formalaşmaqda olan münasibətlə üzləşir: “İyirimi birinci əsrdə bu nə romantikadır?”

Romantik sevgidən bəhs edən zəif bir şeir bayağı təsir bağışlayır, qəbul edirəm. Amma cinsəl sevgi qoxuyan uğursuz postmodernizm nümunəsi də bir o qədər iyrənc görünür.

Və yaxud da əksinə. Deməli, istedadla qələmə alınmış nümunənin hansı üslubda yazılması maraqlı olmamalıdır.

Axı bu dünyada zövqlər az qala insanların sayı qədər müxtəlifdir. Axı ədəbiyyat rəngarəngliyi sevir. Müxtəlifliyə qarşı çıxmaqla uzun müddət hakimiyyətdə qalmaq düz deyil, bu, qorxaqlıq əlamətidir. Axı qeyri-ənənəvilik də təkrarlandıqca ənənəyə çevrilir. Ona görə də inkarı inkar qanunun sonu elə əvvəldir.

Odur ki, mən yenicə yazmağa başlayan gənc yazara üzümü tuturam: Əzizim, komplekslərdən qurtul, içindəki enerjinin axarını sərbəst burax. Mövzu özü formanı müəyyən edəcək, onsuz da.

Formalaşmaqda olan və yaxud da artıq formalaşmış o münasibəti vecinə də alma. İçindən necə gəlirsə, elə də yaz. Kiminsə səni “romantik” adlandırmasından qorxmadan. Özünü dəbdə olan formaya (ya da formasızlığa) pərçim edib istedadını küsdürmədən. Eksperimentlər heç zaman tükənmir. Klassika heç bir vaxt dəyərdən düşmür. Alternativlər həmişə mövcuddur.

Və yaxud da postmodernizmin hər kəsə açıq qapısından içəri soxulmaq, yalnız həyasız cəsarət hesabına qeyri-qanuni şöhrət sahibi olmaq istəyən gənc , sən də unutma ki, bir gün qarşını kəsib kimlik istəyəntək istedad tələb edəcəklər. O zaman öz yerində olmadığını axır ki anlayacaqsan. Salam Sarvanın sözləriylə desək, “Postmodernizm elə bir qəlib deyil ki, onun içinə zir-zibil də tökəndə qızıl çıxsın”.

Bir sözlə, unutmayın, yazıçı üslubu yaradır, üslub yazıçını deyil.

# 3736 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #