Oğlunun şəhid olması üçün qurban deyən ata

Oğlunun şəhid olması üçün qurban deyən ata
8 aprel 2013
# 17:27

Şifahi fakt

Vüsal Hacıyev

Vaxtilə eşitdiyim hadisə haqqında danışmaq istəyirəm. Amma gözünüzdə yalançı bir adam kimi qalmağımdan ehtiyat edirdim. Nə isə cəsarətim mənə “ehtiyatı əldən verə bilərsən” icazəsini söyləyir. Odur ki, bu qəhrəmanlığımı alqışlayacağınıza şübhə etmirəm. Əhvalat bu cür danışılırdı:

Tibb sahəsində əldə edilən nailiyyətlər, uğurlar Zakir kişinin oğluna əlac etməkdə hələ də aciz idi. Doğrusu, Malikin xəstəliyinə heç bir həkim ad qoya bilmirdi. Lakin atanın təkidlə oğlunun müalicəyə ehtiyacı olduğunu bildirməsi tibb işçilərini hərəkətə keçirmişdi. Bu xəstəliyin simptomlarını yalnız Zakir kişi izah edə bilirdi. Özü də tutarlı arqumentlərlə.

Malikin xəstəliyi bundan ibarət idi ki, o “vətəni sevə bilməmək” qüsuru ilə doğulmuşdur. Az qala buna görə lap körpəlikdən (dili açılandan) müalicə almağa başlamışdı. Zakir kişinin bu yolda çəkmədiyi əziyyət qalmamışdı; Xaricdə dəfələrlə olmuş müxtəlif mütəxəssislərin müalicə kurslarını keçsə də heç bir nəticə əldə olunmur ki, olunmurdu.

Bir ətək pul tökməsinə baxmayaraq yenə də istənilən məbləği ödəməyə hazır idi ki, təki oğlu sağalsın, o, doğma vətənini böyük məhəbbətlə sevə bilsin. Zakir kişi təkcə həkimlərlə kifayətlənmir, eyni zamanda ocaqlara, pirlərə də üz tutub Allahdan nicat diləyir, qurban kəsəcəyini niyyət edərdi.

Zakir kişinin özü ehtiyatda olan zabitdir. O, vətəni həqiqətən çox sevirdi. Bunu iştirak etdiyi saysız-hesabsız hərbi əməliyyatlarda sübut etmişdi. Onun körpəlikdən ən böyük arzusu hərbiçi olmaq idi. Hələ məktəb illərində könüllü orduya yazılmışdı. İndiki arzusu isə oğlunu yüksək rütbəli hərbiçi görmək idi. Zakir kişiyə Allah belə imkan yaratmış, bir oğlan övladı bəxş etmişdisə də onu vətənpərvərlik hissindən məhrum etmişdir. Günahı hərdən özündə görür, oğluna atasının adını verdiyindən gileylənər ona Əsgər adını vermədiyindən peşmançılıq çəkərdi.

Ata balaca Malikə həmişə hərbə aid oyuncaqlar alar, onunla dava-dava oynayar və sanki döyüşə hazırlayardı. Zorla da olsa himni ona əzbərlədə bilmişdi. Amma onun bu oyunları oynayarkən çox həvəssiz olduğunu, hərbi vətənpərvərlik şeirlərini əzbərləyərkən necə qəzəbləndiyini hiss edirdi.

Ona daha maraqlı gəlməsi üçün qonşuların hərbi xidmətdən dönmüş oğlanlarının yanına götürər və özü də onları həvəslə dinləyərdi. Bəzən bayram günlərində oğlunu hərbi hissələrə aparar, hətta orada gecələyərdilər. Lakin bu zaman da Malikin necə darıxdığını duyardı. Bütün gecə oğlu yata bilməz və sakitcə ağlayardı.

Özünü bədbəxt hiss edən ata Allaha yalvararaq dua edər oğlunun bu xəstəliyinin şəfasını diləyərdi. Atası onun üçün əsgər geyimləri alardı, Malik isə üstünü çirkləndirməyə çalışardı ki, bu paltarları onun əynindən tez çıxarsınlar.

Zakir kişinin canında artıq sevdiyi vətənində müharibə şəraiti hökm sürürdü. Hər an müharibə əmri ola bilərdi. Lakin bu an məsələsi uzandıqca uzanmış və düz 20 ilə çatmışdı. Malikin bu vaxt 23 yaşı var idi. Amma hələ də atası ondan razı deyil və sağalacağı ümidi ilə yaşayırdı.

Malik isə atasını sevindirə bilmək üçün əlindən gələni əskik etmirdi. O, təhsilində çoxlu nailiyyətlər qazanmış və ali məktəbi isə Rusiyada bitirmişdi. Orada peşəkar bir jurnalist kimi yetişən Malik ən yaxşı reportyorlardan hesab olunurdu. Ailəni demək olar ki, o dolandırırdı.

İyirmi ildən artıq müharibə şəraitində yaşayan ölkə artıq döyüşə hazırlanırdı. Müharibə elan edildi, hər kəs səfərbərliyə alındı. Zakir kişi 60 yaşına keçdiyindən onu döyüşə aparmadılar. Bu anı böyük səbirsizliklə gözləyən Zakir kişi indi hədsiz dərəcədə təəssüflənirdi. Oğlu Malik isə vətənə gəlmiş və döyüşün ən qaynar nöqtələrindən reportajlar hazırlamağa başlamışdı. Heç kəsin cürət edib gedə bilmədiyi bölgələrdə olur, ən gərəkli informasiyalar əldə edirdi. Elə bu cür əməliyyatların birində düşmən gülləsinə tuş gələn Malik vəfat edir.

Oğlunun şəhid olması xəbərini eşidən ata əvvəl sevinmək istəsə də sonra bunu bacara bilmir. Oğlu vətəni sevən gün qurban kəsəcəyini niyyət edən ata indi oğlunun vətən uğrunda qurban getdiyinə görə əhdini yerinə yetirməyə əli gəlmir. Vətəni sevə bilmədiyinə görə o ölumu başa düşməyən ata indi də özünü anlaya bilmirdi. Onun əvvəlki arzusunun yerinə yetməsi bu günün ən böyük faciəsi idi.

# 1957 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #