Yazmağı bilmirdi, kilsədən qovdular, sahibkar oldu

Yazmağı bilmirdi, kilsədən qovdular, sahibkar oldu
2 aprel 2013
# 11:09

Somerset Moem

Kilsə xidmətçisi

Həmin gün nahardan sonra Nevill-skuerdəki müqəddəs Pyotr kilsəsində xaç suyuna salma mərasimi bitəndən sonra da kilsə xidmətçisi Albert Edvard Forman öz geyimini çıxarmadı. Dəbdəbəli və eyni zamanda kobud büzməli ibadət libasını, - o, sanki alpakadan tikilməmiş (lama yunundan yumşaq parça – red.), bürüncdən tökülmüşdü, - dəfn və nikah mərasimləri üçün (dəb ardınca qaçan kütlə, adətən, bu mərasimləri Nevill-skuerdəki müqəddəs Pyotr kilsəsində keçirməyə üstünlük verirdi) saxlayırdı, indisə əynində sadə geyim vardı.

Əslində bu geyimini dərin məmnunluq hissiylə daşıyırdı, belə ki, öz peşəsinə layiqli görürdü, hətta onsuz özünü bir qədər pis hiss edirdi, sanki yarıçılpaq idi. O, paltarını şəxsən qatlayır və ütüləyirdi. On altı illik xidməti ərzində çoxlu geyim toplamışdı, lakin yırtılmışları atmağa qərara gəlmirdi və onların hamısı səliqəli şəkildə yataq otağındakı dolaba qoyulmuşdu.

Xidmətçi kilsəni sahmana salmağa başladı: xaç suyu mərasimində istifadə edilən mərmər qabın taxta qapağını örtdü, qoca qadın üçün gətirilən stulu ortalıqdan götürdü, sonra vikarinin (yepiskop müavini – red.) işlərini sona çatdırmasını gözlədi, belədə o da rahat evə gedə bilərdi. Elə bu vaxt vikarinin mehraba yaxınlaşıb dizi üstə çökdüyünü gördü. O, hələ də cübbəsini soyunmamışdı. “Görəsən, niyə belə uzadır? – xidmətçi fikirləşdi. – Məgər bilmir ki, artıq çay içmək vaxtıdı?”

Yeni vəzifəyə qoyulmuş vikari qırmızı sifətli, qırx yaşlı, enerjili bir kişiydi. Albert Edvard hələ də onun sələfini, avazla moizə oxuyan, tez-tez adlı-sanlı ailələrdə nahar edən, köhnə məktəb keçmiş keşişi xatırlayırdı. Əvvəlki vikari kilsədə hər şeyi olduğu kimi xoşlayırdı, bu təzəsisə burnunu hara gəldi soxur, lazım gəldi-gəlmədi vurnuxurdu. Amma Albert Edvard səbirli adamdı.

Müqəddəs Pyotr kilsəsi çox yaxşı rayonda yerləşirdi və ora gələn adamlar yetərincə mötəbər zümrəyə aiddi. Yeni vikari bura İst-Enddən gəlmişdi və çətin ki, tezliklə bu zümrənin təmkinli davranışına uyğunlaşardı.

- Bura onun üçün çox qələbəlikdi, - Albert Edvard donquldandı, - eybi yox, zamanla öyrəşəcək.

Vikari skamyaların arasından keçib xidmətçiyə yaxınlaşdı və aşağı səslə dilləndi:

- Cübbələrin saxlandığı yerə gəlin, Forman.

- Baş üstə, cənab.

Vikari onun yaxınlaşmasını gözlədi və onlar birgə skamyaların arasıyla irəlilədilər.

- Cənab, icazənizlə çox xoş xaç suyuna çəkmə mərasimi keçirdiyinizi söyləyim. Maraqlıdır ki, uşağı əlinizə alan kimi səsini kəsdi.

- Hə, tez-tez belə olur, - vikari gülümsündü, - burda təəccüblü heç nə yoxdu, mənim təcrübəm böyükdü.

Vikari ürəyində ağlayan körpələri sakitləşdirmək bacarığıyla öyünürdü. Və o, kənardan özünü heyrətlə izləyən anaları, dayələri görməyə bilmirdi. Xidmətçisi öz növbəsində vikarinin tərifdən xoşlandığını bilirdi.

Vikari ilk olaraq cübbələr olan otağa girdi. Albert Edvard ondan sonra içəri daxil oldu və otaqda iki kilsə ağsaqqalını də görüb təəccübləndi. Onlar iltifatla başlarını tərpətdilər.

- Milord, günortanız xeyir, cənab, günortanız xeyir, - xidmətçi növbəylə otaqdakılarla salamlaşdı.

Bu iki qoca ağsaqqal elə Albert Edvard kilsədə çalışdığı dövrdən öz peşələrini vicdanla yerinə yetirirdilər. İndi onlar əvvəlki vikarinin illər öncə İtaliyadan gətirdiyi yemək masasının arxasında oturmuşdular. Vikari onların arasındakı boş kürsüyə əyləşdi. Albert Edvard qarşısındakıları narahatlıqla süzüb, nə baş verdiyini anlamağa çalışdı. O, kilsə orqançısının başına gələnləri və olayı ört-basdır etmək üçün çəkdikləri qayğıları hələ unutmamışdı. Nevill-skuerdəki müqəddəs Pyotr kimi kilsədə qalmaqala yol vermək olmazdı. Vikarinin qırmızı sifətindən mülayimlik yağırdı, amma yerdə qalan ikisi gərgin görünürdü.

“Olmaya onları təngə gətirib, - xidmətçi özlüyündə fikirləşdi. Yəqin nəsə etməyi tapşırıb, onlarınsa həvəsi yoxdu. Sözlərimi yadınızda saxlayın. Elə belə də olacaq”.

Ancaq Albert Edvardın narahat düşüncələri hamar təraş olunmuş, ləyaqətli üzündə heç bir vəchlə əks olunmurdu. O, ehtiramlı pozada dursa da, yaltaqlıqdan uzağıydı. Kilsədə xidmətə girməzdən öncə evlərdə nökərçilik etmişdi, amma yetərincə varlı ailələrdə. Əvvəlcə varlı bir tacirin çıraqçısı olmuş, sonra tədricən dördüncüdən birinci lakeyədək yüksəlmiş, sonra bir il ərzində perin (İngiltərədə zadəgan titulu - red) dul qadınının eşikağası vəzifəsində çalışmışdı. Nəhayət, Nevill-skuerdəki müqəddəs Pyotr kilsəsində boş vakansiya peyda olanadək sabiq səfirin eşikağası olmuş və əlinin altında iki nökər saxlamışdı. O, hündür, arıq, ciddi və heybətliydi. Hersoqa oxşamasa da, bu zadəgan rolunu məharətlə oynayan aktyoru xatırladırdı. O, ədəbli, qətiyyətli və özündən əminiydi. Etibarısa qüsursuzdu.

Vikari özünü gözlətmədi:

- Forman, sizə o qədər də ürəkaçan xəbər verməyəcəm. Burda uzun müddət xidmət etmisiniz, şübhə etmirəm ki, zati-aliləri və general da sizin öz öhdəliyinizi yetərincə yaxşı yerinə yetirmənizlə razılaşacaqlar.

Kilsə ağsaqqalları razılıq əlaməti kimi başlarını tərpətdilər.

- Lakin bu günlərdə çox qəribə bir şey öyrənmişəm və bu barədə ağsaqqallarla bölüşməyi özümə borc bildim. Demə, siz nə oxumağı, nə də yazmağı bacarırsınız.

Xidmətçinin üz ifadəsi dəyişmədi.

- Öncəki vikarinin bundan xəbəri vardı, - sakitcə cavab verdi. – Və bunun elə bir önəm kəsb etmədiyini söyləyirdi. Onun fikrincə, dünyada yetərincə oxumuş insan mövcuddu.

- Bu, həyatımda eşitdiyim ən heyrətamiz xəbərdi, - general ucadan səsləndi. – Demək istəyirsiniz ki, on altı ildi kilsə xidmətçisi işləyirsiniz və bu müddət ərzində nə yazmağı, nə də oxumağı öyrənməmisiniz?

- Cənab, on iki yaşımdan çalışıram. İlk iş yerimdə aşpaz mənə oxumağı öyrətməyə cəhd elədi, lakin belə çıxır, buna qabiliyyətim çatmayıb, əslində heç vaxt da yoxuydu. Ümumənsə, bu minusum heç vaxt mənə mane olmayıb. Zənnimcə, indi bir çox cavan faydalı iş görmək əvəzinə bu məşğuliyyətə boş vaxt sərf edirlər.

- Amma məgər dünyada baş verənlər sizə heç maraqlı deyil? – digər ağsaqqal soruşdu. – Ya da məktub yazmaq?

- Xeyr, milord, zənnimcə, bu bacarıqsız da yaxşı ötüşürəm. Son zamanlarsa qəzetlərdə o qədər şəkillər var ki, nə baş verdiyini rahat anlaya bilirəm. Arvadımsa oxumağı bacarır və məktub yazmaq lazım olanda, ona müraciət edirəm. Bukmekerlərlə mərc bağlayası olsaydım, bu başqa məsələ.

Ağsaqqallar narahat baxışlarını vikariyə zillədilər.

- Forman, mənə diqqətlə qulaq as, vəziyyətlə bağlı bu centelmenlərlə məsləhətləşdim və onlar da mənimlə tam razılaşdılar. Nevill-skuerdəki müqəddəs Pyotr kilsəsinə oxumağı-yazmağı bacarmayan xidmətçi lazım deyil.

Albert Edvardın arıq, solğun sifəti qıpqırmızı qızardı, o, ayağının birini qaldırıb, o birini qoydu, lakin heç nə cavab vermədi.

- Forman, məni başa düşün. Sizə qarşı heç bir narazılığım yoxdu. Öz öhdəliyinizi yetərincə vicdanla yerinə yetirirsiniz. Davranışınız və qabiliyyətiniz də qənaətbəxşdi. Lakin sizin təəssüfəlayiq nadanlığınız ucbatından baş verə biləcək hansısa bədbəxt hadisəyə yol verə bilmərik. Söhbət ehtiyat və prinsiplərdən gedir.

- Forman, bundan belə oxumağı öyrənə bilməzdinizmi? - general soruşdu.

- Xeyr, general, qorxuram ki, alınmasın. Artıq gecdi. Əgər cavan yaşlarında bunun öhdəsindən gələ bilməmişəmsə, indi heç ümid etmirəm.

- Forman, sizinlə sərt davranmaq istəməzdik, – vikari dilləndi, - lakin ağsaqqallar və mən qəti qərar qəbul eləmişik. Sizə üç ay vaxt veririk, əgər müddət bitənədək oxumağı-yazmağı öyrənməsəniz, işdən çıxmalı olacaqsınız.

Albert Edvard heç vaxt yeni vikarini xoşlamamışdı. Onun müqəddəs Pyotr kilsəsinə təyin edilməsini lap əvvəlindən səhv qərar sayırdı. Bu vikari kilsəyə gələn adlı-sanlı şəhər sakinlərinə yaraşmırdı. Forman qamətini düzəltdi. O öz qiymətini bilir və incidilməsinə yol verməz.

- Cənab, üzr istəyirəm, amma qorxuram bu, faydasızdı. Necə deyərlər, qoca itə yeni fokus öyrədə bilməzsən. Uzun illərdi yazmadan-oxumadan yaşamışam və bu qabiliyyətsizliyimlə öyünə bilmərəm, lakin işlədiyim bütün mötəbər yerlərdə layiqincə çalışmışam və əgər indi oxumaq kimi bir peşənin öhdəsindən gəlməyi bacarsaydım belə, çətin ki, bu məşğuliyyət ürəyimcə olsun.

- Belə olan halda, Forman, kilsəni tərk etmək məcburiyyətində qalacaqsınız.

- Cənab, sizi anlayıram. Mənə əvəz tapan kimi vəzifəmdən gedəcəm.

Albert Edvard özünə xas ədəblə vikarinin ardından qapını örtəndən sonra az əvvəlki etinasızlığı həyəcanla əvəzləndi, hətta dodaqları əsdi. O, ağır addımlarla cübbələr qoyulan otağa qayıtdı və xidməti paltarını qarmaqdan asdı. Dərindən ah çəkib, burda xidmət elədiyi illərdə baş tutan dəbdəbəli yas və toy mərasimlərini xatırladı.

Sonra ətrafı sahmanlayıb, paltosunu geyindi, əlində şlyapası qapıya tərəf getdi, küçəyə çıxıb bir fincan yaxşı dəmlənmiş qaynar çay içəcəyi evinə tərəf deyil, tamam başqa istiqamətdə addımladı. Az əvvəl eşitdiyi xəbər ürəyinə xəncər kimi saplanmışdı, indi nə edəcəyini bilmirdi. Yenidən evlərdə xidmət eləmək fikri üzərinə ağır yük kimi çökmüşdü. Axı uzun illərdi ki, özü özünün sahibiydi, - vikari və ağsaqqallar nə deyirlər-desinlər, kilsəni o, idarə edirdi, - bundan belə, aşağıya yuvarlana bilməzdi.

Hərçənd az-çox pul yığa bilmişdi, lakin ömrünün sonunadək işləmədən yaşamaqçün bəs etməzdi. Həyat da günü-gündən bahalaşırdı. O, heç vaxt bu cür suallar üzərində baş sındırmamışdı. Müqəddəs Pyotr kilsəsinin xidmətçiləri Roma papası sayağı ömür vəfa edənəcən qalxdıqları pillədən enmirdilər. Əvvəllər Edvard tez-tez vikarinin onun ölümündən sonra moizəsində qiymətli xidmətçinin adını hörmətlə çəkəcəyini təsəvvüründə canlandırardı.

O, dərindən ah çəkdi. Edvard nə içir, nə də çəkirdi. Ancaq yenə də hərdən pivə stəkanını dodaqlarına yaxınlaşdırar, lap çox yorulandasa siqaretə də əl atardı. İndi bir qullabın onu sakitləşdirəcəyini düşündü, heç vaxt cibində siqaret qutusu gəzdirmədiyindən, yaxınlıqda dükanın olub-olmadığını yoxlamaq üçün ətrafa boylandı. Gözünə bir şey dəymədiyindən, azacıq irəlilədi. Bu, müxtəlif mağazaların yerləşdiyi uzun bir küçəydi, lakin siqaret ala biləcəyi bir yerlə rastlaşmadı.

- Qəribədi, - Albert Edvard dilləndi.

Gəldiyi qənaəti bir daha yoxlamaq üçün küçə boyu geri qayıtdı. Yox, zənnində yanılmayıb. Ayaq saxlayıb fikrə daldı.

- Şübhəsiz ki, bu küçədə siqaret çəkmək istəyən tək mən deyiləm, - öz-özünə dedi. – Zənnimcə, balaca bir dükan burda olar. Tütün və şirniyyat, hə?!

Ağlına gələn fikir ürəyini tez-tez döyünməyə məcbur elədi.

- Əla ideyadı! – ucadan dilləndi. – Qəribədi, ideya özü heç onu gözləmədiyin anda beyninə hakim kəsilir.

O, sevincək geri dönüb evə tələsdi, orda onu bir fincan qaynar çay gözləyirdi.

- Albert, nəsə bu gün yaman sakitsən, - arvadı qeyd elədi.

- Mən fikirləşirəm, - cavabı qısa oldu.

O, beynindəki fikri çək-çevir edib, səhəri gün yenidən həmin küçəyə getdi və xoşbəxtlikdən yaxınlıqda icarəyə verilən balaca bir dükan tapdı. İyirmi dörd saat sonra bu dükanı icarəyə götürdü, bir ay sonra kilsəni tərk edəndəsə özünün tütün və qəzet işini qurdu.

Arvadı kilsə xidmətindən sonra bunu biabırçı iş sayırdı, lakin əri zamanla ayaqlaşmaq lazım olduğunu və kilsənin müasir tələblərə cavab vermədiyini söylədi. Tezliklə Albert Edvard işində o qədər irəlilədi ki, bir il sonra yeni dükan açıb, ora yeni müdir təyin etməyi qərara aldı. Daha bir tütün dükanı olmayan küçə tapıb uyğun məkan icarəyə götürdü və tezliklə oranı lazım olan malla doldurdu. Bu dükan da gəlir gətirməyə başladı. Sonra əgər iki dükanın öhdəsindən gəlirsə, daha çoxuna əl qoya biləcəyini fikirləşib, Londonda tütünə ehtiyac duyan küçələr axtarmağa başladı. Və hər dəfə bu cür küçəylə rastlaşanda orda yeni dükan açdı. Beləcə, on il ərzində onlarla belə dükana sahib çıxıb, xeyli sərvət topladı. O, şəxsən hər bazar ertəsi dükanları gəzib, mədaxili toplayır və banka aparırdı.

Bir dəfə səhər kassirə bir dəstə pul və ağır gümüş kisəsi uzadanda işçi bank müdirinin onu görmək istədiyini söylədi. Alberti kabinetə ötürdülər və müdir onunla ikiəlli salamlaşdı.

- Mister Forman, sizinlə bankımızda saxladığınız pullar barədə danışmaq istəyirdim. Ümumi məbləğdən xəbəriniz varmı?

- Tam dəqiqliklə, xeyr, cənab, amma təxmin edə bilərəm.

- Bu gün gətirdiyiniz məbləği saymasaq, sizin otuz mindən çox funt-sterlinqiniz var. Sadəcə bankda saxlanılması üçün bu, həddən çox məbləğdi. Kapitalınızı qiymətli kağız şəklində saxlamaq daha sərfəli olardı.

- Risk etmək istəməzdim, cənab. Bankın daha etibarlı olması mənə məlumdu.

- Narahatçılıq üçün heç bir əsasınız yoxdu. Sizin üçün olduqca etibarlı qiymətli kağızların siyahısını tuta bilərik. Onlardan bankımızdan qat-qat çox faiz ala bilərsiniz.

Mister Formanın ləyaqətli üzü narahat bir ifadə aldı.

- Kapital və aksiya kimi şeylərdən başım çıxmır və bütün bunları sizə etibar edəsi olacam.

Müdir gülümsündü:

- Narahat olmayın, özümüz hər şeyin qayğısına qalacağıq. Sizdən sadəcə bir şey tələb olunacaq – gələn səfərki gəlişinizdə transfertə (qiymətli kağızların digər şəxsə etibar edilməsini təsdiqləyən sənəd – red.) imza atmaq.

- Bunu öhdəsindən gələ bilərəm, - Albert söylədi, - amma məzmunundan necə xəbərim olsun?

- Zənnimcə, özünüzə əziyyət verib sənədi oxuyarsınız, - müdir azacıq rişxəndlə söylədi.

Mister Formanın üzündə təbəssüm oynadı.

- Məsələ burasındadı ki, cənab, nə qədər gülməli görünsə də, mən nə yazmağı, nə də oxumağı bacarıram. Qol çəkməyi isə biznesə qurşanandan sonra məcburən öyrənmişəm.

Müdir təəccübdən oturduğu yerdən durdu.

- Həyatımda bundan qeyri-adi heç nə eşitməmişəm!

- Cənab, bilirsiniz, yazıb-oxumağı öyrənməyə heç vaxtım olmayıb, ayılandasa artıq gec idi. Bir tərəfdən də inadkarlığım.

Müdir qarşısındakına qədimdən qalma nadir tapıntı tək baxırdı.

- Demək istəyirsiniz ki, otuz min funt sterlinq dəyərində sərvəti yazıb-oxumağı bacarmadan yığmısınız? İlahi, dostum, bəs bunu bacardığınız halda nə olardınız?

- Bunu dəqiq söyləyə bilərəm, cənab, - mister Forman mehribancasına gülümsəməkdə davam elədi. – Nevill-skuerdəki müqəddəs Pyotr kilsəsində xidmətçi olardım.

# 2392 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #