Kosam niyə öldü?

Kosam niyə öldü?
20 mart 2014
# 08:45

Aliyə yazır...

Ağ dana, ay ağ dana

Ağ dana gedər qağdana

Qağdanı qar basıbdır

Bəs nə yesin ağ dana?

Səmənini hazır alan adamlarıq. Yazın gəlişinə bu şeri bədahətən deyən adam qədər sevinə bilmərik. Hərçənd qışın qaramatından, soyuğundan, yoxsulluğu açıb –ağardan qarından cəzana gələn adamların ümidi göyərir: Yaz gəlir!

Hələ xeyli qədimlərdə buralarda uzanan qışı qorxutmaq, təhqir edib qovmaq üçün tamaşa mərasimlər keçirirlərmiş.

«Kəvsəc» oyununda qışın mənfur obrazı bir təlxəyin simasında ümumiləşirmiş. Bu təlxəyə cır-cındır geyindirir, üz-gözünü kömürlə, unla gülməli vəziyyətə qoyur, ələ salır, qatıra tərsinə mindirib, əlinə tükü tökülmüş bir qarğa verib kəndləri gəzdirirmişlər. Yazağzı keçirilən “Kövsəc” oyunları qışa nifrətin, onu yola salmaqla yazı gözləmək, çağırmaq kimi mahiyyəti vardı.

Novruzun Torpaq çərşənbəsində keçirilən «Cütçü Şumu» mərasim şənliyi əkinçiliklə bağlı idi. Bu mərasimdə kəndin zəhmətkeş, namuslu adamlarından biri Cütçü baba seçilirmiş. Cütçü baba ilk cüt düzəldən, əkin əkməyi öyrədən insanın obrazı idi. O nəğmələr oxuyur, vəsfi-hallar söyləyirdi. Hətta öküzlə cütçünün deyişməsini təsvir edən tamaşalar da göstərilirmiş. Adamlar bu mərasim keçirilərsə ilin bərəkətli keçəcəyini düşünürdülər.

Kütləvi şənlik mərasimləri improvizə və zarafatlarla bol olurdu.

Borca getdim samana

Pislik qaldı yamana

Mart, gözüvə barmağım,

Yaza çıxdı oğlağım....

«Martla qarının deyişməsi»ndən seçilib. Qarının qışı qovub çıxara bilməyən martla deyişməsi Novruz Bayramında göstərilən tamaşalardan olub. Bu tamaşanın sözləri və dramaturgiyası olsa da improvizələr bol imiş.

A kosa, kosa, gəlsənə....

Novruz mərasiminin ən parlaq oyun tamaşası və günümüzdə ən məşhur olanı «Kosa –kosa» oyunudur. Bura kəndirbaz və hoqqaçı (gözbağlayıcı, tryuk göstərən) aktyorlar da aid idi. Kosa-kosa oyunlarında bu oyunların iki əsas personajı vardı. Kosa və keçəl. Qədimlərdə kosa obrazı şəri, pisliyi, səfaləti obrazlaşdırırdı. Sonralar isə Kosanın xeyirxah, gülərüz, zarafatcıl maskaları meydana çıxıb. Adətən uzun və arıq, donqar burunlu təsvir edilir.

Keçəlin iki maskası çox yayılıb-bu günədək də o iki cür təqdim olunur: lovğa, təkəbbürlü, qorxaq, heyvərə və cəsur, fəndgir, ağıllı. Bu günədək oynanılan «Kosa öldü», «Kosa ikicanlıdır», «Kosa keçi alır» və s. Xalqın sevdiyi, gözlədiyi oyun –süjet saxlanılmaqla məsxərə tamaşaları oynanılır. Bu tamaşalar da improvizələrlə dolğunlaşıb.

Bu gün müxtəlif bayram tədbirlərində, televiziyanın bayram proqramlarında oynanılan «Kosa-kosa» oyunları sanki o tamaşalardan bir iqtibasdır, Kosa və keçəl «qoruyub saxlamalı olduğumuz» eksponatdır, improvizələrə can atsalar da ona toxuna bilmirlər, o, dirilib bayram sevincinə qoşula bilmir, əksinə bu vurhavurun qarşısında başqa cür gülünc olur, bayağılaşır. Sanki bu «a kosa kosa gəlsənə» yox, «a kosa kosa, ölsənə...» oynayırıq. Niyə dirilik, yeni gün, həyat rəmzi olan obrazlar tamaşalar bu qədər rəngsiz, ölüdür? Kosa niyə bizdən küsdü?

Novruz Bayramı ilə əlaqədar oynanılan meydan tamaşaları özünəməxsus, maraqlı, orqanik və sərbəst keçirilirdi. Bu tamaşaların iki əsas cəhəti vardı - vəziyyətə uyğun improvizələr və tamaşaçı ilə - camaatla səmimi atmosferdə sözatma, zarafatlaşma. Bu sərbəstlik yoxsa, bəlkə kosanı da keçəli də rahat buraxaq?

# 8140 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #