XVIII əsrdən danışan fəhlələr

XVIII əsrdən danışan fəhlələr
12 mart 2013
# 12:47

Səbuhi Məmmədli

- …Bir şamlular ona sədaqətli qalmışdalar. Ustaclılar da, əfşarlar da daha hökm edə bilmirdilər axı?..

- …Qızılbaşlıların əl-ayağını yığmasaydı, dövləti saxlaya bilməyəcəkdi...

- …İsfahana məcbur idi eee, paytaxtı köçürsün. Qəzvin də, Təbriz də Xudabəndin vaxtından osmanıların ayağının altında qalmışdı…

...Deyəsən çoxdan oturmuşdular. Çünki qarşılarındakı iki çaynik boşalmışdı, onlar ofisiantdan stolun üstünü yığışdırıb təzə dəm çaynik sifariş etdilər. Üzərində tikinti şirkətlərindən birinin loqosu yazılmış fəhlə paltarındaydılar. Böyürlərində də fəhlə kaskası.

Söhbətin mövzusu isə 17-ci əsr Azərbaycanı.

Anındaca telefonla feysbukda status yazdım: “3 fəhlə Şah Abbasın paytaxtı İsfahana köçürməsini müzakirə edir. Ağzım açıla qalmışam. Yaxınlaşıb tanış olacam”.

Nazir, Nadir, Gülməmməd. Sonuncu ikisi Azərbaycan Universitetini bitiriblər. Nazir isə Qərb Universitetini. Hər üçü tarixçi imiş. Bu şirkətə isə əvvəl Nadir gəlib. Sonra tələbə yoldaşı Gülməmmədi gətirib. Nazirin də tarixçi olması onların dostluğunun təməlini qoyub.

Bu uşaqlar nə rəngsazdırlar, nə suvaqçı. Nə qaynaq edirlər, nə də montaj. Heç məşhur kinoda deyilən kimi “qazmırlar” da. Hər üçü bəlkə də Azərbaycan üçün yeni olan bir işlə məşğuldurlar. Özləri demişkən, “promışlennıy alpinizmlə”. Hərfi tərcüməsi sənaye alpinizmidir. Amma sənayelik də burda heç nə yoxdur. Bu uşaqlar çoxmərtəbəli binaların damından üzüaşağı sallaşıb təmirlə məşğuldurlar.

- Müəllim işləyə bilərdim. Daha doğrusu işlədim də. Amma maaş az idi. Bir gün Nadir zəng elədi ki, neçə vaxtdır bu işlə məşğul olur, gəldim. Bir ay öyrəndim. Sonra yavaş-yavaş işləməyə başladım. Düzdür, əvvəl qorxurdum, ehtiyat edirdim. Amma sonra öyrəşdim.

Bunu Gülməmməd deyir. Və onu da deyir ki, zəhmətin, riskin müqabilində yaxşı da əməkhaqqı alırlar. Hər üçü yeni işlərindən razıdırlar. Amma hər üçü etiraf edir ki, nə vaxtsa öz ixtisasları üzrə işləyəcəklərinə də ümididirlər.

Nazir deyir ki, bu Şah Abbas müzakirəsi artıq bir həftədir gedir.

- Nə bilim, yadımda deyil, birinci kim başladı. Amma yalan olmasın bir həftədir “spor” edirik. Bu dee, Nadir kitab da gətirib bu gün özüylə.

“Azərbaycan Tarixi. I cild” (Ən qədim zamanlardan XX əsrədək) kitabıdır. Kitabın bir neçə yerində vərəqələr də qatlanıb. Hiss olunur ki, Nadir kitabı öz arqumentlərini əsaslandırmaq üçün gətirib.

Nadir deyir ki, tez-tez kitab mağazalarına gedir, tarixi kitablar alır.

- Bu yaxınlarda Niksonun xatirələrini almışam. Türkcədi. Bədbəxt prezident olub Nikson. Bəlkə də ABŞ tarixinin ən ağılsız prezidenti. Siz bilirsiz də Nikson ABŞ tarixində istefa vermiş yeganə prezidentdir.

- Hə, Uoterqeyt qalmaqalına görə.

O biri dərhal əlavə edir.

- Nikson həm də Vyetnam müharibəsinə son qoymuşdu. ABŞ, daha doğrusu NATO generaliteti isə müharibənin davam etdirilməsinin tərəfdarı idi. Bir tərəfdən də SSRİ və Çinlə əlaqələri də yaxşılaşdırırdı. Ona görə, Niksona torba tikdilər.

- Yox, burasını bilmirdim düzü.

- Hə, müəllim, elədir. Gedək biz, iki dənə “zakazımız” var. (Gülür Nadir)

Elə mən də dururam...

Feysbuk səhifəmə baxıram. Bir qədər əvvəl yazdığım statusun altında Hollandiyada yaşayan dostum Kamaldan bir rəy gəlib:

-Mütləq, taniş ol, bəlkə nəsə yeni bir şey öyrənə bildin:))

Kamal düz deyir, öyrəndim. Ən azı, Niksonla bağlı sonuncu məqamı.

İş yoldaşım Mübariz Aslanov isə yazır:

Onlar fəhlə deyiller yəqin, Səbuhi müellim, zamanın qurbanlarıdırlar...

Mübariz də düz deyir…

# 3101 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #