Ölü arxamca gəlirdi

Ölü arxamca gəlirdi
11 mart 2013
# 12:51

Murad Köhnəqala

Sizi bilmirəm, mən uşaq olan vaxtları bizim kənddə adam öləndə molla-zad olmazdı, cənazəni qəbiristanlığa qəmli musiqinin müşayiəti ilə aparardılar. Adətən, klarnetçi və ona züy tutan qarmonçu camaatın qarşısında gedərək qaboyçu Kamil Cəlilovun çaldığı qəmli bir havanı ifa eləyərdi. Klarnetin səsi kəndimizin üzərinə bir yas pərdəsi çəkərdi. Qəbiristanlığa tərəf yeriyən kənd əhlinin arasında ölənin doğmaları ağlaşa-ağlaşa gedərdi. Belə mənzərələrdən qorxsam da maraq məni boğar, pəncərənin pərdəsini aralayıb yola baxan böyük bacımın yanında izdihama nəzər salmaqdan özümü saxlaya bilməzdim. Çiyinlərdə gedən cənazəni görən kimi məni mifik bir vahimə basardı.

O vaxtın adamları yalnız qocalıb ölərdi. Bir gəncin ölməsi çox nadir hallarda baş verərdi. Bəzən subay ölən gəncin cənazəsi önündə anası, bacısı havalı kimi qol götürüb qəmli musiqiyə oynayardılar da. Yəni, toyunda oynamaq fürsətini əllərindən aldığına görə, tanrının acığına yasında oynayırdılar. Bu ayinə, “filankəs tərs oynadı” deyərdilər. Düzdü, mən bu ayini görməmişdim, ancaq dəfələrlə eşitmişdim ki, filankəsin dəfnində anası tərs oynayıb.

Mən nəinki yas yerlərinə gedər, hətta o həndəvərlərə yaxınlaşa bilmirdim. Çünki qadınların xorla ağlaşmasından ətim ürpəşir, tüküm biz-biz olardı. Nə vaxtsa məcburən qəbiristanlığın yanı ilə keçəsi olsaydım qorxudan qəbirlərə tərəf baxmazdım.

Hansı küçə ilə cənazə aparsaydılar, qaranlıq düşəndə həmin küçədə tək gəzə bilməzdim. Bu vahimə bəzən aylarla davam edərdi. Hətta gündüzlər məktəbə gedərkən yas yeri olmuş evin yanından keçəndə belə ürpənərdim. Gecələr bağ tərəfdə yerləşən tualetə təkcə gedə bilməzdim. Böyük qardaşım bu xəstəliyimi bildiyinə görə mənimlə həmişə məzələnərdi. Mən gecə çölə çıxan kimi kənddə təzəcə ölmüş adamların adını arxamca çəkib məni qorxudardı: “Ayə, qaç, Məsim kişi gəlir!” Belə hallarda mənə elə gəlirdi, doğrudan da ölmüş bir qoca kişi arxamca çathaçatdı. Düzdü, bilirdim, ölən adam yeriyə bilməz, basdırılan adam gələ bilməz, ancaq yenə də vahimədən az qalırdı bağrım partlasın.

Belə vaxtların birində, bizdən iki ev aralı olan dayımgilə getmişdim. Dayım təzə nərd almışdı. Mən onlara gedib dayım uşaqları ilə dalaşa-dalaşa nərd oynamağı öyrənirdim. Dayımoğlu Famil mənimlə 7-ci sinifdə oxuyurdu. Başımız qalmaqallı nərdə o qədər qarışdı ki, bir də baxdım, qaranlıq düşüb. Vay-vay-vay, bəs mən evə necə gedəcəm? Düşündüm, vahimələndiyimi Famil bilməsə yaxşıdı. Ona görə bizdən iki yaş kiçik olan dayıoğlum Nazimə dedim, gedək məni qapıdan ötür. Nazim durub mənimlə çöl qapısının ağzına gəldi. Mən maraqlı söhbət eləyib başını qataraq onu öz evimizə qədər aparmalı idim.

Nazim üçün maraqlı olan mövzudan, yəni qız istəməkdən danışa-danışa küçəyə çıxıb evimizə tərəf yön aldım. Mənimlə eyni sinifdə oxuyan Cəmiləni sevməyimdən basıb-bağladıqca Nazimin marağını çəkirdim. Biz artıq birinci evin yanından ötəndə Cəmiləyə sevgi məktubu göndərdiyimi ona söylədim.

Nazim dərhal maraqla soruşdu: “Bəs məktubu kiminlə göndərdin?”

Bildim ki, dayıoğlum sevdiyi qıza məktub göndərmək üçün təcrübə toplamaq istəyirdi. Dedim, məktubu yazıb Cəmilənin xalası qızı Elnarəyə verdim. Nazimi işıqlı bir maraq bürüdü: “Bəs qorxmursan, birdən Elnarə məktubu açıb oxuyar?” Dedim, oxusun daa, onsuz da onlar mənim məktubumu birgə oxuyurlar.

Nazim hər şeyi ətraflı bilmək istəyirdi: “Sən canın, məktubda nə yazmışdın?” Dedim, neynirsən nə yazmışdım, nəsə yazmışdım daa.

Nazim əl çəkmirdi: “Sən canın nə yazmışdın, qağamın canıyçün heç kimə demərəm, de görüm nə yazmışdın?” Dedim, yazmışam ki, Cəmilə, mən səni sevirəm, nə olar, icazə ver sabah sinifdə əlimi sənin əlinə vurum. İki dənə də yaxınlaşan ürək şəkli çəkmişəm. Nazimi təzədən maraq bürüdü: “Uy daa! Bəs sabah nə oldu, sən canın, əlini vura bildinmi?”

Artıq ikinci evi keçib bizim evə tərəf yaxınlaşırdıq. Dedim, hə. Nazim səbirsizliklə soruşdu: “Necə elədin, necə?” Dedim, tənəffüsdə ondan cəbr kitabını istədim, o da dərhal çantasından çıxarıb mənə uzatdı, mən də götürəndə kitabın altından əlimi əlinə vurdum, bir xeyli belə qaldıq. Nazim yenə soruşdu: “Bəs birinci əlini kim çəkdi?” Dedim, o çəkdi.

Artıq gəlib bizim çöl qapımızın ağzında dayanmışdıq. Nazim məni yenə suala tuturdu: “Demək, qız razıdı, həə, sənə? Əlindən tutanda utanırdı, mən ölüm, neynirdi? Özün necə olurdun, mən ölüm, nətəri oldu, danış daa bir az!” Dedim, hə, ikimiz də özümüzü itirmişdik. Sonra əlavə elədim ki, ta gecdi, sən qayıt evə, evdəkilər narahat olar, qalanını sonra danışaram.

Nazim qayıdıb mənə nə desə yaxşıdı? Dedi, sən nə danışırsan, tək evə qayıdamı bilərəm, qadan alım, məni geri evimizə qədər ötür. Gülüb dedim, a tanrısız, mən səndən də betərəm, bəs səni bunun üçün çağırmışdım daa. Bir az fikirləşib dedim, onda gəl, belə eləyək, səni yarıyola qədər ötürüm, sonra hərə öz tərəfinə qaça-qaça getsin. Nazim dedi, hə, belə yaxşı olar, həm də evə çatana qədər bir-birimizi çağırıb səs eləyərik.

Gəlib təxminən yolun yarısına çatdıqdan sonra qorxa-qorxa: “Davay, qaçdıq!”- deyərək hərəmiz öz evimizə tərəf götürüldük. Qaranlıqda yalnız ayaqlarımızın şappıltısı eşidilirdi. Bir az aralanmışdıq ki, Nazim qışqırdı: “Ay Murad, ordasanmı?” Mən qaça-qaça onun bu səsindən xeyli ürəkləndim. Əvəzində onu ürəkləndirmək üçün: “Ay Nazim, qorxma, burdayam!” deyə, qışqırdım. Bir az keçməmiş Nazim yenə səsləndi: “Ayə, mən çatdım evə!” Onun səsi qaranlıqda işıq saçırdı. Mən qapıdan girməmiş ona tərəf qışqırdım: “Mən də çatdım, ay Nazim, gecən xeyrə qalsın!”

# 2646 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #