Hörümçək bizim xanımlar haqda

Hörümçək bizim xanımlar haqda
2 mart 2013
# 08:30

Zəhləm əsas nədən gedir? Bayram günlərində arvadların ev-eşik yığışdırmağından. Əllərinə süpürgə alanda bilirəm ki, yenə qurduğum toru viran qoyacaq. Heyf, ta, yuxarılarda tor qura bilmirəm, ən dadlı milçəklər də əsasən yuxarılarda uçuşur. O milçəklərdən bircəciyini ovlayıb sümürəndə uzun müddət acmırdım. Xanım süpürgənin arxasına ağac taxanda məni titrətmə tutur, bilirəm ki, ən uzaq küncləri də fəth eləyəcək. Təmizkar çıxıb mənə! Gəlin vaxtı bir az nazik idi, indi evdə oturub o qədər yeyir, lap donuza dönüb. Yaxşı eləyirəm, donuz da deyərəm, hələ lap, begemot da! Əri zorla hamama göndərməsə, aylarla çimməz ha, indi mənə təmizkar olub. Bunlar belədi, gəlin gedəndə qapıdan içəri keçmək üçün nərmə-nazik olurlar, sonradan ər evində yeyib şişirlər ki, qovulası olsalar qapıdan sığmasınlar.

Bah-bah-bah! Guya bayrama hazırlaşır. Əslində oturub özünə yağlı yeməklər icad eləməklə məşğul olacaq. Dünəndən ərinə 5 kilo qoyun əti aldırıb. Dönə-dönə də tapşırıb ki, üstündə quyruğu çox olsun, haa! Uzanıb seriallara baxa-baxa şartaşart qoz-fındıq qırıb yeyir. Əri yatanda, ya da tualetə-zada gedəndə kişinin ciblərini yoxlamasa ürəyi partlayar. Ancaq insafla danışmaq lazımdı, uşaqlarına yaxşı baxır. Onları həmişə məktəbə səliqəli paltarla yola salır. Ancaq çox danışır, o bir şair var ee, danışanda cümlənin bütün həmcins üzvlərini sadalamamış əl çəkmir, bax, eynən onun kimi. “A bala, oxuyun, oxumayan nəyə lazımdı, oxuyun, bir sənətin qulpundan yapışın, görən də desin, bərəkallah, filankəs alimdi, həkimdi, injinerdi, prokurordu. Mən də sizə baxıb fərəhlənim. Oxumayandan nə çıxar, ya bazarda qaloş satacaq, ya çoban olacaq, ya da gedib Rusetdə canını soyuğa verib çürüdəcək. Kitabdan qaçma, oğul, o fidboldan heç nə çıxmaz!” Axırda uşaqlar dilə gəlib deyir, ay ana, bəsdi dəə, elə, atam düz deyir, sən adamı həvəsləndirmək əvəzinə bezdirirsən. O da dərhal uşağın üstünə bozarır: “Sən nə danışırsan, əə, anan səni bezdirir? Tfu, haram olsun sənə! Məni anam çağıranda qızılquş kimi yanında olurdum, bunu da anası bezdirib. Sən elə, axırda çoban olacaqsan!” Beləcə yaxşılıq elədiyi yerdə pislik alınır. Elə mənim torumu uçuranda da guya yaxşılıq eləmək istəyir. Bunu da deyim ki, heç vaxt bizləri öldürmür. Yay gəldi haa, başlayır mürəbbə bişirib banka bağlamağa. Neçə aydı şkafın arxasında toxuduğum tordan xəbərsizdi. Görsə, darmadağın eləyər. Ancaq burda ovum az olur. Hərdən xırda axmaq kəpənəklərdən gəlib düşür, onların da heç dadı yoxdu. Yayda qanlı ağcaqanadlar ləzzət eləyir, bir də milçəklər. Qışda yem olmur ki, çox vaxt həftələrlə ac yatırıq.

Mən bu xanıma həmişə balet eləyirəm. Düşük seriallara baxıb həyəcanlananda məni burda gülmək aparır. Əri bir söz soruşanda o qədər danışır, yazıq kişi ayırd eləyə bilmir, bu, “hə” dedi, yoxsa “yox”. Kişi də dəli olur: “Ay qız, səndən soruşmadım, kim rəhmətə gedib, kim boşanıb, deyirəm, həyətə soğan gətirmişdilər, ya yox? Bunu ikicə kəlmə ilə deyə bilmirsən?” O da o saat yerindən dik atılıb özünə tərəfkeş yığmaq üçün üzünü uşaqlarına tutub belə deyir: “Siz allah, ay uşaqlar, kim çox danışıb adamı bezdirir, bu, yoxsa mən?”

Ya da, nə ola, təsadüfən əlindən bir boşqab düşüb sına! Heç vaxt deməz ki, bilmədim, nəyisə səhv eləyib sındırdım. Mütləq kiminsə qarasınca danışıb deyinəcək ki, başımı qatdı, nə bilim, fikrimi dağıtdı.

Siz hələ onun boşalmış diş pastasını necə sıxmasını görəsiniz, ta ölürəm gülməkdən. İndicə əri işdən gələcək. Birinci kişinin əlinə baxır: görüm, əlində torba varmı, nə alıb? Kişiyə bir stəkan çay verincə on dənə sual verməsə bağrı partlayar. Hər dəfə belə olanda əri üzünü ciddiləşdirib təzə bir xəbər söyləyirmiş kimi: “Sosioloqlar ayırd eləyib ki, dünyada boşanmaların əsas səbəbi kişi evə gələrkən qadının dərhal onu suallara tutması və problemlərlə yükləməsidi! Yəni suallarını, problemlərini yenə yükləyə bilərsən, lakin dərhal yox!”- deyir.

Aha, deyəsən, tora bir cücü düşdü...

# 3948 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #