Masajdan sonra Nizami Gəncəvi

Masajdan sonra Nizami Gəncəvi
4 mart 2013
# 08:30

Telefonu zəng çalanda o tosqun, kəsif tər qoxusu verən masajçı qadının əlindən canını təzə qurtarmışdı. Kürəyi yanmış kimi göynəyir, gözlərinin qabağı qaranlıq gətirirdi. Qadının məsləhəti ilə dəhlizdəki divana təzəcə çökmüşdü ki, həyat yoldaşı Xızır kimi yetişdi, yəni, yuxarıda bəhs etdiyimiz həmin zəng gəldi:

- Hələ çıxmırsan?

- Çıxıram.

- Gəl heykəlin yanına.

- Aha.

Telefonu çantaya qoyarkən düşündü ki, yaxşı oldu, heç olmasa evə avtobusla getməz. Dəhlizdən sürətlə keçib, ağır bayır qapısını açdı və bir göz qırpımında özünü geniş küçəyə atdı.

Klinika Hüsü Hacıyev küçəsində, Mərkəzi Univermaqdan bir az aşağıda yerləşirdi. Ağzını çevirib üzüaşaığı-Füzuli meydanına düşməyə başladı. Elə sürətlə gedirdi ki, sanki arxadan onu qovurdular. Hava tutqundu, amma elə də soyuq deyildi.

Bir azdan yenə zəng gəldi:

- Hardasan?

- Heykəlin yanında.

- Mən arxa tərəfdəyəm.

Telefon qulağında heykəlin arxasına keçdi. Amma burda nəinki onun həyat yoldaşı, heç bir ins-cins gözə dəymirdi. Yalnız bir göyərçin və onun dalınca qaçan uşağı nəzərə almasaq.

- Mən burdayam, amma sən yoxsan.

- Sən hansı heykəlin yanındasan?

- Füzulinin.

- Nə Füzuli? Mən Nizamini deyirdim ey.

İşə bax, axı doğrudan da, klinikadan bir az yuxarıda, elə burayla eyni məsafədə Nizaminin heykəli vardı. Amma bu heç ağlına gəlməmişdi. “Heykəl” sözünün beynində yaratdığı ilk təəssüratın arxasınca tələsik Füzulinin “yanına” qaçmışdı.

Çox axmaq vəziyyətdi. Müdafiə məqsədilə uşaq kimi bəhanə gətirdi:

- Axı sən demədin Nizami, eləcə dedin heykəl.

Sakitlik çökdü. Yəqin qarşı tərəf də özünə haqq qazandırmağa dəlil axtarırdı:

- Bəs sən bilmirsən ki, mən heykəl deyəndə Nizamini nəzərdə tutaram?

- Bəs sən bilmirsən ki, mən heykəl eşidəndə ağlıma Füzuli gələr?

Yenə sükut. O gülüşünü , qarşı tərəf isə çox güman ki, hirsini güclə boğurdu:

- İndi neyləyək? O tərəfə yol bağlıdı, avtobusla getməli olacaqsan.

- Eybi yox, Füzulini sevmək fədakarlıq tələb edir.

“Zövqlər dartışılmaz”. Telefonu söndürən kimi ilk ağlına gələn fikir bu oldu. Bəlkə hadisəyə bilavasitə dəxli yoxdu, amma dolayısı ilə əsl səbəbdi.

Bu barədə düşünə-düşünə Nizami metrosuna doğru irəliləməyə başladı. Fikrini dəyişmişdi, piyada gəzmək istəyirdi. Hava açılmışdı. Kürəyi daha göynəmirdi. İndi evə ictimai nəqliyyatla getmək o qədər də faciəvi görünmürdü.

Qarşıdan gələnlər qaşlarını çatıb dodaqlarını kipləşdirmiş bu qadının nəsə ciddi bir problemi olduğunu zənn edərdi. Hardan biləydilər ki, o sadəcə “hər cür müqayisənin yersiz olması” barədə fikirləşir və səsli düşünməkdən özünü zorla saxlayır.

“ Nitşe deyir ki,”- o düşünürdü, “ Zövqlər haqqında mübahisə etməzlər misalına baxmayaraq, həyat zövqlər haqqında mübahisələrdən ibarətdir”.

“Qəribə deyilmi?! Axı insan bəzən nəyi niyə sevdiyini, hara nə üçün getdiyini heç özünə də aydınlaşdıra bilmir. Sadəcə başını aşağı salıb gedir. Ayaqları apardığı yerə”.

Bu nəticəyə gəldiyi an o artıq Nizami metrosuna çatmışdı. Və təəssüflə düşünürdü ki, Füzulinin adına metro stansiyası yoxdu.

# 3675 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #